Məhkəmə qərarları › İş №1(005)-179/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-179/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-179/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq iki ədəd bükümdə təmiz çəkisi 27,33 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və “Pregabalin” göstəricisi olan konvolyut kəsiyində tərkiblərində güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,45 qram təşkil edən 03 ədəd həbləri əldə edib üzərində qanunsuz saxlayaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış massivi 19 ünvanının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 09 dekabr 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saat 00:30-da qeyd edilən ünvanda saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, orada saat 02:15-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki ağ rəngli idman gödəkçəsinin sol yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd şəffaf sellofan bükümdə tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 26,17 qram, 1,16 qram olmaqla, ümumi təmiz çəkisi 27,33 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd “Pregabalin” göstəricisi olan konvolyut kəsiyində tərkiblərində güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,45 qram təşkil edən 03 ədəd həblər aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı sürülmüş ittihamla ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Özünü narkotik vasitənin istifadəçisi kimi təqsirli bilir. Üzərindən aşkar edilmiş narkotik vasitəni internet vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından 200 manat müqabilində almışdır. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə bir dəfə məhkum olunmuşdur. O, polis əməkdaşları tərəfindən 09 dekabr 2023-cü il tarixdə o, yaşadığı ünvan 2 ünvanın yaxınlığında idarə etdiyi “Khazar” markalı avtomobilin yanında olarkən saxlanılmışdır. Polis əməkdaşları onu idarəyə gətirmişlər. İdarərdə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində olan narkotik vasitəni və psixotrop maddəni könüllü olaraq təqdim etmişdir. Avtomobilindən qanunsuz əşya aşkar edilməmişdir. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində bildirmişdir ki, 08 dekabr 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması və daşıması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmişdir və əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri qismində isə Baş idarənin əməliyyat müvəkkilləri polis leytenantı X4 və polis leytenantı X3 təyin edilmişlər. Beləliklə də, 09 dekabr 2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 00:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış massivi 19 ünvanının yaxınlığında idarə etdiyi “Khazar” markalı **-PN-*** nömrə nişanlı avtomobilin yanında olduğu zaman tərəflərindən saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmişlər. Həmin şəxsin şəxsiyyəti barədə sorğu etmişlər və həmin şəxs özünü onlara təqdim edərək adını və soyadını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirilmişdir. Həmin vaxt saxlanılmış şəxsin üzərinə şəxsi axtarış, habelə idarə etdiyi avtomobilə baxış aparılmasına yerində şərait olmadığına görə həmin şəxs idarə etdiyi avtomobillə birlikdə müşaiyətləri altında BMCMİ-nin İnzibati binasına gətirilmişdir. Saxlanılmış şəxsə Baş İdarənin təhqiqatçısı tərəfindən dövlət hesabına vəkil təyin edilməklə dəvət edilərək təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 09 dekabr 2023-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə üzərinə tutulmasında iştirak etmiş şəxslərin, yəni yaradılmış əməliyyat qrupunun üzvləri və dəvət edilmiş vəkilinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Videoçəkiliş “Sony” markalı videokamera vasitəsilə aparılırmış. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. İlk öncə Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində şəxsi istifadəsi üçün almış olduğu qurudulmuş marixuana var və əynində olan ağ rəngli idman gödəkçəsinin sol yan cibindən iki ədəd ölçülərinə görə fərqlənən bükümləri və bir ədəd dərman həblərinin saxlanıldığı konvalyutu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş əşyalara baxış keçirilmişdir. Beləliklə də, təqdim etmiş olduğu iki ədəd sellofan bükümlərə keçirilən baxış zamanı məlum olmuşdur ki, hər iki bükümün içərisində yaşıl rəngli qurudulmuş ota bənzər maddə kütlələri vardır. Bundan başqa, Təqsirləndirilən şəxs təqdim etdiyi dərman konvalyutuna keçirilən baxış zamanı məlum olmuşdur ki, həmin konvalyutda cəmi üç ədəd sarı-bənövşəyi rəngli dərman kapsulları var. Həmin konvalyutun üzərində “preqabalin” yazısı var imiş. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin maddələri 08 dekabr 2023-cü il tarixdə onlayn qaydada ödəniş etməklə şəxsi istifadəsi üçün tanımadığı İran İslam Respublikasının vətəndaşından əldə etmişdir. Bununla belə qeyd etmişdir ki, arada həmin maddələrdən öz dostlarına da hədiyyə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərlə dərman həbləri bir ədəd zərfdə qablaşdırılmışdır. Maddələrin qablaşdırıldığı zərf tərəflərindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan başqa əşyaları təqdim etməsi təklif edilmiş, həmin şəxs də əynində olan şalvarın sağ ya cibindən bir ədəd mobil telefonunu, maşına aid olan açarı və nağd pulu çıxarıb təqdim etmişdir. Üzərinə əlavə şəxsi axtarış keçirilmişdir, əlavə heç bir maddə və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyi ehtimalından götürülmüşdür, nağd pul isə avtomobil açarı ilə birlikdə özünə geri qaytarılmışdır. Qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra idarə etdiyi “Khazar” markalı avtomobilə özünün razılığı ilə videoçəkilişlə həmin tərkibdə baxış keçirilmişdir. Lakin iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya, premet və ya şübhəli maddə aşkar edilməmişdir. Bu barədə də ayrıca olaraq protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X3 Şahid ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış X2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahid X2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 09 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2023-cü il tarixdə saat 00:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkaşları tərəfindən 09 dekabr 2023-cü il tarixdə ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi “Khazar” markalı, **-PN-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq BMCMİ-də üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki ağ rəngli idman gödəkçəsinin sol yan cibindən iki ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 26,17qr və 1,16qr, ümumi təmiz çəkisi 27,33 qr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuana və tərkibində güclü təsir edən maddə preqabalinin təsir edən maddəsinin ümumi miqdarı 0,45 qram təşkil edən bir ədəd konvalyutda olan üç ədəd dərman həbləri aşkar edilərək götürülmüşdür. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 09 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış aparılarkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən qanunsuz hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2023-cü il tarixli, 6/6319 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözlər, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində “Pregabalin” göstəricisi olan bir ədəd konvalyut kəsiyində ümumilikdə üç ədəd kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,45 qram olduğu müəyyən edildi. Aparılmış ekpsertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli, 7/1671 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş v tədqiqata təqdim olunmuş 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 26,17 qram və 1,16 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustarü sulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi – 27,33 qramdır. Kağız paketdə 02 ədəd şəffaf sellofan bükümdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi – 27,33 qram, cəmi tədqiqata sərf edildi - 0,1 qram (hər 1-2 №-li obyektdən 0,05 qram götürüldü), qalıq – 27,23 qramdır. Aparılmış ekpsertiza tədqiqatının dəyəri 89 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1682/2023 nömrəli, 09 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 dekabr 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. “Maddi sübut hesab edilməsi haqqında” 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 27,23 qram qalmış narkotik vasitə qurudulmuş marixuanavə 02 ədəd preqabalin həbləri öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2021-ci ildə cəza müddəti başa çatmışdır. “Mobil telefon aparatına baxış keçirilməsi barədə” 08 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Redmi” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas-şüşə gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə adı kontaktlar siyahısında “Siruz” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarixdə “Qaqa 1 dene 10 luq pıtı götürde”, adı kontaktlar siyahısında qeyd olunmamış ***-***-**- ** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarixdə “Resad..qaqas..bir bas 2 bas varsa gelim götürüm...3 saatdı gözləyirəm”, adı kontaktlar siyahısında “Ayxan” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində Təqsirləndirilən şəxs həmin abunəçiyə 08 dekabr 2023-cü il tarixdə “men de çıxıram...bloka...beyaqdan...geldee...derman isteyirsen?...10 manatdır sene 5...qalx yuxarı” mesaj yollaması məlum olmuşdur. Bundan başqa, mobil telefonun daxili yaddaşına yüklənmiş fotogörüntülərin içərisində həmin cihazın fotoaparat funksiyası ilə çəkilmiş zahiri görünüşünə görə narkotik vasitə qurudulmuş marixuananın fotogörüntüləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi” markalı mobil telefona keçirilmiş baxış zamanı iş üzrə sübut əhəmiyyəti hallar aşkar edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Redmi” markalı mobil telefon cihazı iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün BMCMİ-nin NH-nə təhvil verilmişdir. “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, «Bakcell» ММC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli BKC/LGL-15888/23 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid 10 dekabr 2022-ci il tarixdən 10 dekabr 2023-cü il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs qəbul etdiyi qısa SMS-lərin içərisində onun istifadəsində olan GSM nömrəyə ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “Gaga 5 dene mümkündu?”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “Salam Ay qaqash, MEN 7 lazmdi sen hacan goture bilersen!...Menim qardashm sene demisem axi mene zeng catmaynda goture bilmeyende 1 dene shey qoy hemise bakn altna goturm pulu qoyum orada”, ***-***- **-** GSM nömrənin abunəçisinin xx.xx.2023-cü il tarixdə “Reshad qardaşım eğer imkanın varsa menim başım xarab olub birbaşa shey duz qosh ele”, ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2023-cü il tarixdə “gaga gor emele gelse bir kelme xeber edersen mene...yarı”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “qaqa birden ele bilersen kimse var yanimda sen ol temiz bawqa adam ucun gortururem...2 yeşik lazım olacaq sabaha nesə eləmək olmaz?...qaqa başıva dönüm 2 yarim sən canı bağışla...qaqa mənimkin adellni qoy başıva dönüm”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “Salam qardaw. Necəsən? Üzürlü say narahat edirem. Orxan dunen Kurs qoydu temani. Eger imkan olsa Sen canı bu gün meni yola vererdin qardaw kimi. Eger alınarsa Sen canı xeber verersen gelib deyim sene…Salam qardaw. Necəsən? 1 dene butov. Birdenede yari duzelde bilersen?...Qardaw 1 dene butov 1 denede yari…2 dene yarim”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “iki dene shey alinir qaqa 15e?... qaqa 200 verim temiz 15 ver men de sene 50e verirem qram plus da ki ozuve pay.olar bele bir shey?...emele geler ay qaqa bele bir shey?...qaqa pul istemirem.sheyi cheke bilmedim atamin cani.dushdu s***lmish elimnen unitasa.sen Allahin pul verme shey ver chekim yatim.yuxum gelmir yoxsa vallah”, ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “Qaqa bütöy lazımdı aç qadan alaram” mətnli qısa mesajların Təqsirləndirilən şəxs göndərmələri məlum olmuş olmuşdur. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolji X9 Şəxsi Ambulator X1 16 dekabr 2023-cü il tarixli, 8258 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 06 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk və telefon danışıq məlumatlarının əks olunduğu 01 ədəd CD disk və Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddələrinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddəni əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamın məhkəmə istintaqı zamanı tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 234.2 və 240.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən, yəni 09 dekabr 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-93.1.2), cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 27,23 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd preqabalin həbləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 154 (yüz əlli dörd) manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 27,23 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd preqabalin həbləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 154 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatı üçün cəmi 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar