Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-18/2022 13.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X8, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 aprel 2015-ci il tarixdən başlayaraq 20 oktyabr 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən ounmaqla hər ay 150,00 manat və uşağın xəstəliklərinin müalicəsinə xərclənməsi üçün 100,00 manat, ümumilikdə 250,00 manat məbləğində pulun Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli, 2(004)-4896/ 2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 13 may 2020-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə həbs cəza növü təyin olunmasına və ona icra sənədindəki tələbi icra etməsi üçün 18 avqust 2020-ci il və 16 sentyabr 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verildiyi 11 noyabr 2020-ci il tarixədək şəxsi maraq niyyəti ilə ümumilikdə cəmi 12570,00 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun fərdi əməklə yəni ev təmiri tikinti işləri məşğul olaraq aylıq qazancı orta hesabla 500,00 - 600,00 manat müqabilində təşkil edir. O, 2007ci ilin may ayında Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 20 oktyabr 2010-cu il tarixdə Kamilla adlı bir qız övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində, sonuncu 2013-cü ilin noyabr ayında bir azyaşlı uşağını götürüb valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir neçə il keçəndən sonra Zərərçəkmiş şəxs 2015-ci ilin yay aylarında ondan bir azyaşlı uşağının saxlanılmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd olunan rayon məhkəməsi tərəfindən 28 aprel 2015-ci il tarixdən başlayaraq 20 oktyabr 2010-cu il tarixdə anadan olmuş Kamilla Həsənovanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 150,00 manat və uşağın xəstəliklərinin müalicəsinə xərclənməsi üçün 100,00 manat, ümumilikdə 250,00 manat məbləğində pulun ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dar qətnamə çıxarılmışdır. Məhkəmə qətnəməsindən sonra o, alimentə görə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 430,00 manat məbləğində ödəniş etmiş, 2020-ci ilin noyabr ayına qədər 12570,00 manat aliment borcu qalmışdır. Bütün bunlara baxmayaraq, aliment borcunu vaxtında tam olaraq ödəməməyinə səbəb işsiz olması ilə əlaqədardır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, himayəsində 3 (üç) azyaşlı övladlarının olduğunu, borclu olduğu məbləği yaxın müddət ərzində hissə-hissə ödəyəcəyini bildirərək bunların nəzərə alınmasını xahiş etmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən daxil olmuş, 06.04.2022-ci il tarixli məktubdan görünür ki, vət. Ş.Qurbanov küçəsi 1, mənzil 3 ünvanında dəfələrlə olsalar da və Zərərçəkmiş şəxs evdə müəyyən etmək mümkün olmasa da, onun mobil telefonu ilə əlaqə saxlanmış, o, qeyri adekvat cavablar verərək rayon məhkəməsinə getməkdən imtina etmişdir. Cinayət işinin 124-129-cu vərəqələrində olan Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsindən görünür ki, o, 2007-ci ilin may ayında Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 20 oktyabr 2010-cu il tarixdə Kamilla adlı bir qız övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində sonuncu bir azyaşlı övladının taleyi ilə maraqlanmadığına görə məcburiyyət qarşısında qalaraq 2013-cü ilin noyabr ayında ondan ayrılaraq azyaşlı uşağı ilə birlikdə validenylərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir neçə il keçəndən sonra uşağın böyüdülməsində və xəstəliyi ilə əlaqədar müalicəsinə görə maddi cəhətdən çətinlik çəkdiyi üçün 2015-ci ilin yay aylarında Təqsirləndirilən şəxs bir azyaşlı uşağın saxlanılmasından ötrü alimentin və xəstəliyi ilə əlaqədar müalicəsinə görə pulun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd olunan rayon məhkəməsi tərəfindən 28 aprel 2015-ci il tarixdən başlayaraq 20 oktyabr 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 150,00 manat və uşağın xəstəliklərinin müalicəsinə xərclənməsi üçün 100,00 manat, ümumilikdə 250,00 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 04 iyun 2015-ci il tarixli, 2(004)-4896/2015 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnəməsindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən rəsmi olaraq 430,00 manat məbləğində ödəniş etmiş və 2020-ci ilin noyabr ayı daxil olmaqla 12570,00 manat borcu olduğunu bildirərək qeyd olunan məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, icra sənədi 27 iyul 2015-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar tələbin könüllü icrası ilə bağlı bildirişlə borclu Təqsirləndirilən şəxs icra sənədində göstərilən ünvan 3 ünvanına göndərilmişdir. Daha sonra icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 9 ünvanına qeydiyyata düşdüyünə və faktiki olaraq Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19/3, mənzil 16 ünvanında yaşadığına görə Yasamal Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli icra vərəqəsi 27 aprel 2020-ci ildə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 24-cü maddələrinin tələblərinə əsasən ərazi aidiyyəti üzrə icra tədbirlərinin davam etdirilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra sənədi Şöbənin icraatına daxil olan zaman artıq borclu Təqsirləndirilən şəxs ödənilməmiş 11000,00 manat məbləğində aliment borcu mövcud olmuşdur. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra iş üzrə borclu Təqsirləndirilən şəxs 13 may 2020-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və nəticədə onun izahatı alınaraq barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 13 may 2020-ci il tarixli qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonra borclu Təqsirləndirilən şəxs 01 iyun 2020-ci, 11 iyun 2020-ci, 16 iyun 2020-ci, 18 avqust 2020-ci və 16 sentyabr 2020-ci il tarixlərdə icra sənədi üzrə yaranmış mövcud aliment borcunun onun tərəfindən icra olunması üçün xəbərdarlıq təqdim edilmiş, aliment borcunu ödənilmədiyi təqdirdə onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müvafiq təqdimatın Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. Müvafiq icra sənədi üzrə yaranmş aliment borcunu ödəyə bilmədiyinə görə borclu Təqsirləndirilən şəxs faktiki yaşadığı ünvan 6 ünvanına 16 iyun 2020-ci il tarixdə baxış keçirilmiş, bu zaman tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən Yasamal Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli icra sənədi Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icraatına daxil olduğu vaxtdan, yəni 27 aprel 2020-ci il tarixdən Zərərçəkmiş şəxs cəmi 430,00 manat məbləğində aliment ödənişi edilmişdir. Göründüyü kimi borclu Təqsirləndirilən şəxs barəsində görülmüş məcburi icra tədbirləri nəticə verməmiş və Yasamal Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs yaranmış 12570,00 manat məbləğində aliment borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyindən 11 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olmunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 10-12-ci vərəqələrində olan olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli, 2(004)-4896/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, cavabdeh Təqsirləndirilən şəxs 20.10.2010cu il təvəllüdlü X1 üçün cavabdeh Təqsirləndirilən şəxs sabit pul məbləğində hər ay 150 manat və uşağın xəstəliklərinin müalicəsinə xərclənməsi üçün 100 manat, cəmi 250 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, alimentin tutulmasının məhkəməyə müraciət edildiyi tarixdən, yəni 28.04.2015-ci il tarixdən hesablanması qət edilmişdir. Cinayət işinin 13-cü vərəqində olan olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli, 2(004)-4896/2015 nömrəli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 20.10.2010-cu il təvəllüdlü X1 üçün cavabdeh Təqsirləndirilən şəxs sabit pul məbləğində hər ay 150 manat və uşağın xəstəliklərinin müalicəsinə xərclənməsi üçün 100 manat, cəmi 250 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, alimentin tutulmasının məhkəməyə müraciət edildiyi tarixdən, yəni 28.04.2015-ci il tarixdən hesablanması qət edilmişdir. Cinayət işinin 14-cü vərəqində olan 6748 nömrəli, 27 iyul 2015-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli, 2(004)-4896/2015 nömrəli icra vərəqəsi üzrə icraata başlanılması qərara alınmışdır. Cinayət işinin 15-ci vərəqində olan 27 iyul 2015-ci il tarixli, 17/68-6748-3 nömrəli bildirişin surətindən görünür ki, 04 iyun 2015-ci il tarixli, 2(004)-4896/2015 nömrəli icra vərəqəsi üzrə tələbin dərhal icra edilməsi barədə borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir. Cinayət işinin 31-32-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1007/2020 nömrəli, 13 may 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Cinayət işinin 55-ci vərəqində olan Bakı şəhəri Nərimanov rayonu 30 saylı MKİS tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 69-cu vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 20 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 81-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulmasına dair” 27 fevral 2021-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri Nərimanov RPİ-nə gətirilmiş və saxlanılması üçün Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 106-cı vərəqində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 16 noyabr 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 404677 nömrəli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2020-ci il tarixdə vətəndaş X4 doğulmuş X9 atası hesab edilmişdir. Cinayət işinin 107-ci vərəqində olan Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 05 sentyabr 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 334790 nömrəli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2013-cü il tarixdə vətəndaş X4 doğulmuş X10 atası hesab edilmişdir. Cinayət işinin 108-ci vərəqində olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 19 sentyabr 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 175349 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 06 avqust 2013cü ildə Şəki şəhərində anadan olmuş X5 atası kimi Təqsirləndirilən şəxs, anası X11 qeyd olunmuşdur. Cinayət işinin 109-cu vərəqində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 16 noyabr 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 526043 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 03 noyabr 2020-ci ildə Bakı şəhərində anadan olmuş X6 atası kimi Təqsirləndirilən şəxs, anası X11 qeyd olunmuşdur. Cinayət işinin 110-111-ci vərəqələrində olan 01 mart 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 113-cü vərəqində olan “X7 azad edilməsi haqqında” 01 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal RPİ-nin X7 dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 184-185-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 1(005)-222/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs tutularkən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Cinayət işinin 195-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 21 avqust 2021-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2021-ci il tarixdə saat 17:00 radələrində yaşadığı evin yaxınlığında saxlanılaraq zəruri istintaq hərəkətlərinin aparılması üçün Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsüf olunmuş, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi cinayət işinin materialları və onun etirafı ilə sübuta yetirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, «CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.”. Sözü gedən qərarda həmçinin qeyd edilir ki, «CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» 18 dekabr 2014cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə— iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin ikinci abzasına görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını və himayəsində 3 (üç) azyaşlı uşaqlarının olmasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, məhkəmə istintaqı zamanı tutma altında saxlanıldığı 2 (iki) gün və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 8 (səkkiz) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 90 (doxsan) iş saatına görə cəmi 540 (beş yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 8 (səkkiz) ay 22 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (01 il 05 ay 18 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 90 (doxsan) iş saatına görə cəmi 540 (beş yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-18/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-18/2022
13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver