Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-18/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 sentyabr 2021-ci il tarixdə, saat 17.30 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus «Kia Rio» minik markalı, Az **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Koroğlu metrostansiyası istiqamətindən 20 Yanvar dairəsi istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 13 ünvanında yerləşən “Akabe” inşaat materialları mağazasının qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyə texniki imkanı olduğu halda, bu qaydaya əməl etməyərək idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolu sağdan sola adi qaçışla keçən piyada X7 vuraraq, ehtiyatsızlıqdan zərərçəkmiş İ.Q.Həsənovun ölməsinə səbəb olan baş beyin toxumasına, qişalar altına, beyinciyə və yan mədəciklərə qansızma ilə müşayət olunan başın alın nahiyəsinin hematoması və səthi əzilmiş yarası, burun belinin, hər iki baldırın sıyrıqları, sol budun qançırları xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid olan bədən xəsarətləri yetirib, Zərərçəkmiş şəxs məxsus «Kia Rio» minik markalı, Az **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 670 manat maddi ziyan dəyməsi ilə nəticələnən yol hərəkət və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 26 sentyabr 2021-ci il tarixdə saat 17:00 radələrində idarə etdiyi «Kia Rio» markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qara Qarayev metrostansiyası ətrafından üç nəfər müştəri götürüb Biləcəri qəsəbəsinə getmək üçün Ziya Bünyadov küçəsi ilə 20 yanvar dairəsi istiqamətində hərəkət etməyə başlamışdır. Ziya Bünyadov küçəsi ilə yolun soldan 1-ci hərəkət zolağı ilə 70-80 km/saat sürətlə hərəkətdə olarkən təxminən 5-6 metr məsafədən bir piyada qaçaraq yolun sağ tərəfindəki avtomobillərin qarşısından qəflətən yoluna çıxmışdır. Piyadanı gördükdə piyada ani olaraq dayanmış və o, tez sükanı sola burub tormozdan istifadə etmişdir. Bu zaman piyada dayandığı yerdən qaçaraq yenidən hərəkətə başladıqda piyadanı avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Bundan sonra avtomobili saxlayıb vurduğu piyadaya yaxınlaşmış, ilk öncə təcili yardıma, daha sonra 102 xidmətinə zəng etmişdir. Sonda Təqsirləndirilən şəxs, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, hadisəsi nəticəsində ölmüş X10 onun atasıdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 17 radələrində atası ilə telefon vasitəsi ilə əlaqə saxlayarkən onun mobil telefonuna cavab verən şəxs özünü polis əməkdaşı kimi təqdim etdikdən sonra atasının yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almasını bildirmişdir. Bundan sonra o, 5 nömrəli xəstəxanaya yaxınlaşdıqda atasının hadisə nəticəsində ölməsini bilmişdir. Orada ona məlum olmuşdur ki, atası X10 həmin gün saat 17 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospektində yolu keçərkən Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi avtomobillə onu vurmuşdur. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi X9 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, **-VE-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtomobili xx.xx.2021-ci tarixdə baş etibarnamə ilə X1 almışdır. Baş etibarnaməyə əsasən həmin avtomobilə dair ona sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata satmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyyətlər verilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdən etibarən “Kia Rio” markalı avtomobil faktiki olaraq onun sahibliyindədir. Nəqliyyat vasitəsi idarə etmədiyindən sahibliyində olan **-VE-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtomobili xx.xx.2021-ci il tarixdən etibarən Təqsirləndirilən şəxs icarəyə vermişdir. Avtomobil onun sahibliyində olsa da avtomobilin texniki passportu Ruhid Mustafayevin adınadır. Buna görə də Təqsirləndirilən şəxs həmin avtomobilə dair etibarnamə Ruhid Mustafayev tərəfindən verilmişdir. xx.xx.2021-ci il tarixdən etibarən Təqsirləndirilən şəxs ona məxsus **-VE-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtomobili icarə əsasında idarə edir. 26 sentyabr 2021-ci il tarixdə saat təxminən 18 radələrində Taleh ona məlumat verərək idarə etdiyi, həmin avtomobillə Koroğlu metrostansiyası istiqamətindən 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən Nərimanov rayonu, Z.Bünyadov prospekti 13 ünvanında yerləşən “Akabe” inşaat materialları mağazasının qarşısında piyada vurduğunu, piyadanın hadisə yerində öldüyünü, hadisə zamanı avtomobilin müxtəlif hissələrinin zədələndiyini və avtomobilin durcağa yerləşdirildiyini bildirmişdir. Bir müddət sonra avtomobil təhvil verildikdə ona məlum olmuşdur ki, avtomobilin ön kapotu, ön sağ farası, ön sağ duman işığı, ön duman setkası, ön bamper və ön sağ qanadı zədələnmiş və həmin hissələr dəyişdirilməlidir. Qeyd etdiyi ehtiyat hissələrinin alınmasına 390 manat, dəyişdirilməsi üçün usta pulu kimi 280 manat olmaqla, ümumilikdə 670 manat pul xərcələmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş ekspert X12, onun tərəfindən verilmiş rəyi müdafiə etdiyini bildirmiş və qeyd etmişdir ki, tədqiqata təqdim olunmuş 1 ədəd “Foska” markalı DVD-R diskə yazılmış videoyazıya görə piyada avtomobillərin hərəkəti istiqamətində sağdan İİ və İİİ zolaqları ayıran bütöv ağ xətdən vurulana kimi 6,5 m məsafə qət etmiş, bu məsafəni qət etmək üçün t = 3,5 san vaxt sərf etmişdir. Videoyazıdakı görüntülərə görə piyadanın bu məsafəni qət edərkən neçə addım atmasını müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim olunmuş 1 ədəd “Foska” markalı DVD-R diskə yazılmış videoyazıya görə “Ria Kio” markalı nəqliyyat vasitəsinin tədqiqi hissədə göstərilən məsafədə orta sürəti 84,7 km/saat olmuşdur. Məhkəmə iclasında dindirilmiş ekspert X8, onun tərəfindən verilmiş rəyi müdafiə etdiyini bildirmiş və qeyd etmişdir ki, Kia Rio markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin İ cildinin 5-8-ci vərəqələrində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə Koroğlu metrostansiyası istiqamətindən 20 Yanvar dairəsi istiqamətinə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 13 ünvanında yerləşən “Akabe” inşaat materialları mağazasının qarşısına düşən yolun hərəkət zolağında baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə maksimum hərəkət surəti 90 km/saat nəzərdə tutulmuşdur. Hadisə yerində yol iki hərəkət istiqamətindən ibarətdir yolun hərəkət hissələrinin birbirindən beton örtüklü yol ayrıcısı ayırır. Hadisə yerində yol 5 hərəkət zolağından idarətdir, zolaqları bir-birindən ağ qırıq-qırıq xətt ayırır. Yolun asfalt örtüyü qurudur. Yolun hərəkət hissəsinin eni 15 metrdir. Hadisə yerində heç bir tormoz izi yoxdur. Hadisə yerində nəqliyyat vasitələrinin hərəkəti intensivdir. Yolun sağ və sol kənarında isə iaşə obyektləri vardır. Cinayət işinin İ cildinin 38-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 47-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X17 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 127 nömrəli rəydən görünür ki, X5 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı baş beyin toxumasına, qişalar altına, beyinciyə və yan mədəciklərə qansızma ilə müşayiət olunan başın alın nahiyəsinin hematoması və səthi əzilmiş yarası, burun belinin, hər iki baldırın sıyrıqları və sol budun qançırları xəsarətləri aşkar edilmişdir. Qeyd oluna xəsarətlər həyatı olub, İ.Q.Həsənovun ölmündən az əvvəl küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən şəraitə və müddətə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlmələri mümkündür, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərini daşıyırlar. X5 ölümünə səbəb baş beyin toxumasına, qişalar altına, beyinciyə və yan mədəciklərə baş vermiş qansızma olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvəl baş vermişdir. X5 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin İ cildinin 59-cu vərəqində olan “Videodiskə baxış keçirilməsi haqqında” 02 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, BNA NİİM-nin müşahidə kamerasında qeydə alınmış görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 13 ünvanının qarşısı, hər iki istiqamət üzrə hərəkət zolaqları 03 dəqiqə ərzində videodiskə köçürülmüşdür. Görüntünün 00.30-cu dəqiqəsində piyada bir nəfər şəxs Koroğlu metrostansiyası istiqamətindən 20 yanvar dairəsi istiqamətində düşən yolun hərəkət zolağında sağdan sola doğru yolu keçmək üçün hərəkətə başlayır. Görüntünün 00.39-cu dəqiqəsində həmin piyada 2-ci zolağı 3-cü zolaqdan ayıran ağ xəttin üzərində dayanır. 00.46-cı dəqiqədə qırmızı rəngli avtomobil həmin şəxsin qarşısında dayanaraq piyadaya yol verir. Daha sonra həmin avtomobilin arxa sol hissəsində qara rəngli avtomobil dayanaraq piyadaya yol verir. Piyada bu zaman hərəkətə başlayaraq yolu keçmək istəyərkən 00.50-ci dəqiqədə avtomobil yolunun soldan saga doğru 1-ci hərəkət zolağı ilə hərəkətdə olan qara rəngli avtomobil piyadanı avtomobilin sağ ön hissəsi ilə vuraraq yolun hərəkət zolağının soldan sağa 3-cü hərəkət zolağına atır. Bundan sonra avtomobil dayanır. Əynində qırmızı rəngli köynək olan sürücü avtomobildən enərək vurulmuş piyadaya doğru qaçır. Yerdə uzanmış vəziyyətdə olan piyadaya əyilərək baxdıqdan sonra öz avtomobilinə yaxınlaşır. Avtomobildən nəsə götürüb geri qayıdır. Ətrafına şəxslər toplaşır. Onların köməkliyi ilə piyadanı hərəkət zolağından zolaqları ayıran beton ayırıcının üzərinə daşıyaraq qoyurlar. Bundan sonra sürücü və ətrafdakı şəxslər piyadanın ətrafına toplaşır. Avtomobillərin sıxlığı görünür. Cinayət işinin İ cildinin 70-72-ci vərəqələrində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2021-ci il tarixli 8/3092 nömrəli ekspert rəyindən görünür ki, “Kia Rio” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbacan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin İ cildinin 95-ci vərəqində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 28 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 100-cü vərəqində olan X9 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Cinayət işinin İ cildinin 131-141-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs qanuni əsaslarla idarə etdiyi “KİA RİO” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən həmin avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq sahibinə qaytarılmasının nəzərə alınması, baş vermiş yol-nəqliyyat hadisəsinin BNA NİİM-nin müşahidə kamerası tərəfindən qeydə alınmış görüntüsünün əks olunduğu 01 ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 32-ci vərəqində olan zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin İİ cildinin 79-cu vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1 dekabr 2022-ci il tarixli 8/2326-4/1287 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 ədəd “Foska” markalı DVD-R diskə yazılmış “CCTV_59_3_Z_Bunyadov_pr_kechidin_yani 2021-09-26 17_19_59-” adlı videoyazıya görə piyada avtomobillərin hərəkəti istiqamətində sağdan İİ və İİİ zolaqları ayıran bütöv ağ xətdən vurulana kimi 6,5 m məsafə qət etmiş, bu məsafəni qət etmək üçün t = 3,5 san vaxt sərf etmişdir. Videoyazıdakı görüntülərə görə piyadanın bu məsafəni qət edərkən neçə addım atmasını müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim olunmuş 1 ədəd “Foska” markalı DVD-R diskə yazılmış “CCTV_59_3_Z_Bunyadov_pr_kechidin_yani 2021-09-26 17_19_59-“ adlı videoyazıya görə “Kia Rio” markalı nəqliyyat vasitəsinin tədqiqi hissədə göstərilən məsafədə orta sürəti V Kia Rio = 84,7 km/saat olmuşdur. Kia Rio markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 420 (dörd yüz iyirmi) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut – yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “KİA RİO” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut – baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüsünün əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “KİA RİO” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüsünün əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 420 (dörd yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-18/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-18/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver