Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-18/2024 08.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, müdafiəçi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeyiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 fevral 2023-cü il tarixdə saat 07 radərində Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 7 ünvanında olan “Yaşıl Bazar” ərazisində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi təndirxana sahəsinin giriş qapısından içəri qanunsuz daxil olaraq, sonuncunun başının işə qarışıq olmasından istifadə edərək dondurucunun üzərinə qoyulmuş dəyəri 10 manat olan pul kisəsini, onun içərisində olan 1300 manat məbləğində nağd pulu, dəyəri 450 manat olan 4 qram çəkidə bir ədəd qızıl boyunbağını, dəyəri 350 manat olan çəkisi 3,5 qram bir ədəd qızıl boyunbağını, dəyəri 5 manat olan “Kapital Bank” hesab kartını və dəyəri 5 manat olan təqaüd kartını, ümumilikdə 2.120 manat məbləğdə əmlakı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə ziyan vurmaqla oğurluq etimişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 fevral 2023-cü il tarixdə təxminən saat 04 radələrində yaşadığı Lökbatan qəsəbəsindəki evdən çıxmış, evində olan su qızdırıcısı xarab olduğu üçün onu satmaq məqsədi ilə marşurut avtobusuna minmiş və “Yaşıl bazar”a gəlmişdir. Bir iki şəxsə su qızdırıcısını almağı təklif etsə də heç kim qızdırıcını almamış və su qızdırıcısını bazarın girəcəyində bir yerdə qoymuşdur. Sonra ac olduğundan peraşki, yaxud qutab almaq istəmiş və bu niyyətlə bazarın içərisinə girmiş, orada qutab bişirilən təndirxanaya tərəfə yaxınlaşmışdır. Qutab bişirən qadın təndirxanada olmamışdır. O, təndirxananın qapısının girişində masanın üzərində bir ədəd qara rəngli pul kisəsi görmüş və heç kimin olmadığını yəqin etdikdən sonra xəlvəti olaraq əlini uzadıb pul kisəsini götürmüş, dərhal həmin yerdən uzaqlaşmış və bazarı tərk edərək əvvəlcə iri addımlarla, sonra isə qaçaraq bazardan uzaqlaşmışdır. Heç kim onun arxasınca gəlməmişdir. Yolda pul kisəsini açmış və onun içərisində 38 manat - 4 ədəd beşlik, 1 ədəd -onluq və 8 ədəd manatlıq pul, bir ədəd boyunbağı, iki ədəd kart götürmüşdür. Kartları və pul kisəsini tullamış, sonra təzə bazar tərəfə yollanmış, piyada təzə bazarın yanında yaşayan Anar adlı tanışının evinə getmiş və onu bayıra çağırmış, Anara onda boyunbağı olduğunu, onu satmaq istədiyini, pula ehtiyacı olduğunu bildirmişdir. Anarın ona inandığını və sonra ona birlikdə metro Əcəmiyə getməsini, orada qızıl dükanlarında boyunbağını yoxlamağını xahiş etmişdir. Sonra birlikdə həmin dükana getmişlər və orada zərgərə həmin boyunbağını yoxlatdırmış, boyunbağının qızıl olmadığı müəyyən edilmiş və sonra oradan təzə bazara tərəf qalxmışlar. Sonra həmin boyunbağı qızıl olmadığı üçün adi metal olduğu üçün onu Anara vermiş, bujiterya kimi satıb sonra görüşüb hesablaşmasını bildirmişdir. 38 manat pulu öz ehtiyacına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək bunun nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “Yaşıl Bazar”da təndirxana işlətmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 07 radələrində iş yerinə gəlmiş, təndirxana binasının qapısını açarla açmış və içəri daxil olub un məmulatları bişirmək üçün hazırlıq etməyə başlamışdır. O, qutab bişirmək üçün bir neçə dəstə göyərti amaq məqsədilə təndirxanadan çıxıb, qonşuluqdakı göyərti satılan yerə getmişdir. Təxminən iki dəqiqə sonra göyərti alıb geri qayıtmış və təndirxananın qapısının yanında əvvəllər görmədiyi və tanımadığı bir nəfər təxminən 25-30 yaşlarında kişinin olduğunu görmüşdür. Həmin şəxs ondan qutab varmı deyə soruşmuş və ona gözləməyi birazdan hazır olacağını bildirmişdir. Bundan sonra o, üstündə olan pul kisəsini çıxarıb təndirxananın içərisində olan soyuducunun üzərinə qoymuş, həmin şəxs təndirxananın bayır tərəfində dayanıb gözləmişdir. Bu zaman o, təndirin yanına keçmiş, işini görmüş və həmin vaxt arxası qapıya tərəf olmuş, qapı isə açıq qalmışdır. Geriyə dönüb qapı tərəfə baxdıqda həmin şəxsin sürətlə qaçaraq uzaqlaşdığını görmüşdür. Bundan sonra qapının yanındakı dondurucunun üstünə qoyduğu pul kisəsinin yerində olmadığı onun diqqətini cəlb etmiş və o, təndirxanada ətrafı yoxlamış, bəlkə yerə düşdüyünü fikirləşmişdir. Lakin, pul kisəsini tapmamışdır. Həmin şəxs sonradan adını bildiyi Təqsirləndirilən şəxs onun təndirxanada başının işə qarışdığından istifadə edərək təndirxananın içərisinə girdiyini və içərisində özünə məxsus 1.300 manat pul və iki ədəd nazik formalı 583 əyarlı qızıl boyunbağı, birinin dəyəri 350 manat, 4 qram çəkidə digərinin dəyəri isə 450 manat olan 3,5 qram çəkidə, dəyəri 10 manat olan, qəhvəyi rəngli pul kisəsini oğurladığını başa düşmüşdür. O, dərhal onun arxasınca iti yerişlə bazarın qapısından çıxıb Qarabağ küçəsi istiqamətində getsə də, ona çata bilməmiş, belə ki, həmin şəxs çox uzaqlaşmışdır. O, dərhal bazarın içinə qayıdıb mühafizəçilərə bu barədə desə də, özü DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Həmin şəxsin oğurluq etməsi nəticəsində ona ümumilikdə 2.120 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 6-7-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçrilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 7 ünvanında yerləşən “Yaşıl Bazar” ərazisində yerləşən təndirxanadır. Cinayət işinin 54-cü vərəqində olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 74-75-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi və MSYdən azad edilməsi barədə” 09 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 78-82-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 09 aprel 2023-cü il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X4, Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə 15 fevral 2023-cü il tarixdə saat 07 radələrində hadisə yerində video kamera vasitəsi ilə qeydə alınmış və 01 ədəd DVD-RW diskin yaddaşına köçürülmüş görüntülərə baxış keçirilmişdir. Daxil olmuş 01 ədəd DVD-RW diski HP markalı kompüterin disk oxuyucusuna daxil etdikdə diskin yaddaşında 04 ədəd faylın olduğu müəyyən edilmişdir. 01 ədəd WhatsApp Video 2023-04-09 at 11.41.48 (1) adlı fayla baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər şəxs yol kənan ilə iti addımlarla irəlləyib avtomaşınların sıxlıq yaratdığı yerdə isə asta qaçışla gözdən itdiyi əks olunmuşdur. 01 ədəd WhatsApp Video 2023-04-09 at 11.41.48 (2) adlı fayla baxış zamanı müəyyən edildi ki, bir nəfər şəxs bazar daxilində hərəkət edir. İlk öncə o, bir nəfər qadına yaxınlaşaraq ondan nəsə soruşur, daha sonra isə o, əlində olan əşya ilə birlikdə çıxıb gedir. Təqsirləndirilən şəxs görüntülərdə olan şəxsin onun özü olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Yaşıl bazara necə girdiyi, onun pul kisəsini götürdükdən sonra bazarı tərk edərək çıxıb getməsinin görüntüləri DVD diskindən fotoşəkil kimi çıxanş edilərək 4 vərəqdə protokola əlavə edilmişdir. Baxış prosessi başa çatdıqdan sonra təqdim edilmiş 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən materiala əlavə edilmişdir. Cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(010)- 97/2022 saylı cinayət işi Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatındadır. Cinayət işinin 105-112-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-97/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 01 (bir) gün müddəti, cəmi 01 (bir) ay 03 (üç) gün müddətinin Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) ay 06 (altı) günün ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin 114-119-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-282/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarxidə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-97/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 06 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, X3 Bakı Şəhər Probasiya İdarəsinə qeydiyyata düşmədiyi üçün cəzasından çəkməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da (Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-97/2022 nömrəli hökmü), onun bu məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə olduğundan Azərbaycan Respublikası CMnin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-97/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 1 (bir) il 6 (altı) ay 24 (iyirm dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 9 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək cəza təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,) barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-97/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 1 (bir) il 6 (altı) ay 24 (iyirm dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 9 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-18/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-18/2024
08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver