Məhkəmə qərarları › İş №1(005)-180/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-180/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-180/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X1 oglunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “De Fendo” vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Ağcabədi rayonu Şərəfxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu Şərəfxanlı kəndində qeydiyyatda olan, Suraxanı RPİ-nin İŞ-də barəsində Azərbaycan Respublikası CM-nin 133.2.6- cı maddəsilə istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə 31 yanvar 2025-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 avqust 2024-cü il tarixdə saat 14:15 radələrində ünvan 1 ünvanında yerləşən təkər təmiri sexində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunu üzərində gəzdirdiyi istintaqa məlum olmayan dəmir parçası ilə vuraraq ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bazu oynağı bağlarının gərilməsi, sağ bazunun sıyrığı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid1 əvvəllər onun həyat yoldaşı olub. Ayşənlə birgə nigahlarından üç azyaşlı övladı vardır. Ayşənlə xx.xx.2024-cü il tarixdə rəsmi olaraq boşanmışlar, lakin hazırda bir evdə yaşayırlar. Uzun müddətdir ki, namaz qılır. Ayşənin dediyi kimi heç bir vaxt ona Suriyada gedən döyüşlərdə cihad etmək üçün Suriyaya getməyi təklif etməmişdir. Ayşənlə ayrılmaqlarının səbəbi onun bacısı Aynur və sonuncunun həyat yoldaşı Vüqar olmuşdur. Belə ki, onlar mütəmadi olaraq onun ailə məsələlərinə müdaxilələr edirlər. Bu səbəbdən dəfələrlə Vüqara xəbərdarlıq etmişdir ki, həyat yoldaşı ilə birlikdə onun ailə məsələlərinə müdaxilə etməsinlər. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Vüqarın işlədiyi ünvan 2 ünvanında yerləşən təkər təmiri sexinə getmişdir ki, Vüqarla söhbət etsin. Orada Vüqarla söhbət zamanı ona bildirmişdir ki, özü və həyat yoldaşı bir müddət Ayşənlə əlaqələrini kəssinlər. Bunun üstündə Vüqarla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Vüqarla biri-birilərilə tutaşıb dartışmağa başlamışlar. Həmin zaman Vüqar yerə yıxılmış və başı sexdə yadında qalmayan bir yerə dəyməsi nəticəsində xəsarət almışdır. Bundan sonra sexdən çıxıb getmişdir. Həmin vaxt əlində noutbuk çantası olmuşdur, həmin çantanın içərisində də, paltarları olubdur. Çantanın içərisində hər hansı bir dəmir parçası olmamış, həmçinin hadisə zamanı hər hansı bir dəmir parçası ilə Vüqarı vurmamışdır. Hadisə zamanı orada yalnız Vüqarla özü olmuşdur. Heç bir səs küy olmadığından, kənar heç kəs toplaşmamışdır. Vüqarı səs yazıları ilə şantaj edib pul tələb etməmişdir. Vüqar ona bir dəfə 50 manat pul göndərmişdir. Belə ki, yaşadığı evin sənədini axtarıb tapa bilmədiyi üçün şübhələnmişdir ki, Ayşən sənədi götürüb aparıb bacısıgilə verib. Bu barədə Vüqara bildirdikdə sonuncu sənədin onlarda olmadığını, əgər istəsə gedib həmin sənədin yenidən surətini çıxarıb ala biləcəyini, xərcini isə özü çəkəcəyini demişdir. Bunun üçün Vüqar ona 50 manat pul təklif etmiş, özü də etiraz etməmişdir. Həmin 50 manat pulu Vüqar ona sənədə görə öz könüllü razılığı ilə göndərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacanağı olubdur. Şükür öz həyat yoldaşı Ayşənlə bir neçə aydır ki, boşanıblar. Lakin, hazırda bir evdə yaşayırlar. Şükür əvvəllər Ayşəni döydüyü üçün Suraxanı RPİ-nin İŞ-də cinayət işi üzrə istintaq aparılır. Ayşənlə Şükür boşandıqdan sonra mütəmadi olaraq onunla sözlə mübahisə edir. Belə ki, Şükür bildirir ki, o və həyat yoldaşı Ayşənlə əlaqə saxlamasınlar, onların ailəsinə müdaxilə etməsinlər. Lakin özü və həyat yoldaşı Ayşən boşandığı üçün hərdən ona və azyaşlı uşaqlarının təhsili ilə bağlı maddi köməkliklər göstərir, Şükür də, bunu onun ailəsinə müdaxilə kimi qiymətləndirir. Həmçinin Şükür ondan tələb edir ki, Ayşəngil döyülməyi ilə bağlı onun barəsində etdikləri şikayəti geri götürsünlər. xx.xx.2024-cü il tarixdə saat 14:15 radələrində işlədiyi ünvan 1 ünvanında yerləşən sexdə işdə olan zaman Şükür tək sexə gəlmişdir. Həmin zaman Şükür ona bildirmişdir ki, onun həyat yoldaşı Ayşənlə telefonla danışıb əlaqə saxlamasın. Həmçinin Şükür bildirmişdir ki, Ayşən onun tərəfindən döyülməyi ilə bağlı şikayətini geri götürsün. Bunun üstündə Şükürlə aralarında sözlə mübahisə baş vermişdir. Həmin zaman Şükür əlində olan çantanın içərisindən təxminən 25 sm uzunluğunda dəmir parçası çıxarıb sexin giriş hissəsində onun baş nahiyəsindən və sağ qolundan vurmuşdur. Zərbələrdən yerə yıxılmış, bu zaman Şükür təpiklə sol ayağından vurmuşdur. Bundan sonra Şükür sexə girib sexdə olan təkərləri dağıdıb getmişdir. Hadisənin baş verməsinə səbəb Şükürlə Ayşənin aralarında olan ailə münaqişəsi ilə bağlı mütəmadi olaraq Şükürün onunla sözlə mübahisələr etməsi və hadisədən əvvəl də, həmin zəmində Şükürlə mübahisə etmələri olmuşdur. Hadisə zamanı orada yalnız Şükürlə özü olmuşdur. Aralarında mübahisə bir neçə dəqiqə çəkmiş, lakin Şükürün onu vurmağı bir neçə saniyə ərzində baş verib qurtarmışdır. Hadisədən sonra Şükür ondan şifahi və ərizələrinə qoşma olaraq təqdim etdiyi CD diskdə olan 02 ədəd “whatsapp” səs yazıları əsasında onu şantaj edib pul tələb etmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı olubdur. Şükürlə birgə nigahlarından üç azyaşlı övladı vardır. Şükürlə xx.xx.2024-cü il tarixdə rəsmi olaraq boşanmışlar. Lakin, hazırda yaşayış evi olmadığı üçün Şükürlə bir evdə yaşayırlar. Şükür əvvəllər “Vahabi” təriqəti üzrə namaz qılır və həmin təriqət üzrə yaşayırdı. Təxminən 4 il əvvəl Şükür ona bildirmişdir ki, Suriyada olan döyüşlərlə bağlı cihad etmək üçün Suriyaya getmək istəyir. Sərhədi keçmək üçün onunla birlikdə Suriyaya getməyi təklif etdikdə ona getmək istəmədiyini bildirmişdir. Bundan sonra Şükür ona bildirmişdir ki, Suriyaya getmək üçün başqa bir qadınla ailə həyatı quracaqdır. Bir müddət sonra Şükürün mobil telefonunda başqa bir qadınla danışdığını və əlaqə saxladığını görmüşdür. Sonra həmin qadına zəng vurmuş, həmin qadın ona Şükürlə aralarında olan münasibəti təsdiqləmiş və yaxın vaxt ərzində ailə quracaqlarını demişdir. Bundan sonra Şükürlə aralarında mübahisələr yaranmağa başlamış və mütəmadi olaraq Şükür onu yaşadıqları evdə döymüşdür. Artıq bezdiyi üçün ondan boşanmaq qərarına gəlmiş, boşandıqdan sonra da, yaşamağa evi olmadığı üçün bir evdə yaşamağa başlamışlar. Lakin, Şükür yenə də, onu evdə döyməyə başlamış, buna görə də, onun barəsində Suraxanı rayon polis idarəsinə şikayət etmiş və Şükürün barəsində cinayət işi başlanılaraq istintaq aparılır. Həmin vaxtdan sonra Şükür ona təzyiqlər edərək şikayətini geri götürməyi tələb etməyə başlamış, həmçinin bacısı Aynur və onun həyat yoldaşı Vüqar maddi çətinlikləri olduğu üçün ona köməklik göstərirlər. Şükür də, onların maddi dəstək olmasını onun ailəsinə müdaxilə kimi qiymətləndirir və onlarla əlaqə saxlamamağmı tələb edərək, Vüqarla bunun üstündə bir neçə dəfə sözlü mübahisələr etmişdir. xx.xx.2024-cü il tarixdə evdə olan zaman Şükürün azyaşlı uşağı ilə söhbət zamanı danışıqlarından eşitmişdir ki, Şükür həmin günü dəmir parçası ilə Vüqarın baş nahiyəsindən vurub ona xəsarət yetirib. Bundan sonra Vüqarla əlaqə saxlayıb bu barədə maraqlandıqda sonuncu ona bildirmişdir ki, Şükür onun işlədiyi sexə gedibdir. Həmin zaman Şükür ona bildiribdir ki, onlar telefonla danışıb əlaqə saxlamasınlar və onun tərəfindən döyülməyi ilə bağlı şikayətini geri götürsün. Bunun üstündə Şükürlə Vüqarın aralarında mübahisə baş vermiş və mübahisə zamanı Şükür əlində olan çantanın içərisindən dəmir parçası çıxarıb Vüqarın baş nahiyəsindən və sağ qolundan vurub ona xəsarətlər yetirmişdir. Bundan sonra Şükür sexdə olan təkərləri dağıdıb gedibdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əvvəllər Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşamış, həmçinin Vüqarın işlədiyi təkər təmiri sexi onun yaşadığı evin yaxınlığında yerləşirdi. 2024-cü ilin noyabr ayında yaşadığı ev söküldüyü üçün Ramana qəsəbəsində yerləşən sosial evlərə köçmüş və hazırda orada yaşayır. Əvvəllər Vüqarla bir qonşu kimi aralarında normal münasibət olmuşdur. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, Şükürü hadisə günü Vüqarın yanında görmüşdür. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 14:20 radələrində Vüqarın təkər təmiri sexinin yanından keçəndə səs küy olduğunu eşitmiş, tez sexə tərəf gedib nə olduğuna baxdıqda görmüşdür ki, Vüqarın baş nahiyəsində və sağ qolundan qan axır. Həmin vaxt sonradan adını bildiyi Şükür adlı şəxs də Vüqarın yanında idi. Lakin, hadisə yerinə yaxınlaşanda artıq hər hansı dava-dalaş yox idi. Vüqardan nə baş verdiyini soruşduqda Vüqar demişdir ki, Şükür onun keçmiş bacanağıdır və aralarındakı məsələ ailə məsələsidir. Həmçinin Vüqar bildirmişdir ki, Şükürlə aralarında baş vermiş mübahisə zamanı Şükür əlindəki dəmir parçası ilə onun baş nahiyəsindən və sağ qolundan vurub xəsarət yetirmişdir. Həmin zaman Şükür adlı şəxs Vüqarı hədələyib ona demişdir ki, “başına oyun açacam!” Vüqara təklif etmişdir ki, 102 xidmətinə zəng edib polisə məlumat versin, hətta özü polisə zəng etmək istəmiş, lakin Vüqar qarışmamağmı istəmiş və bildirmişdir ki, özü polisə məlumat verəcəkdir. Onların məsələsi ailə məsələsi olduğu üçün çox müdaxilə etməmiş və çıxıb getmişdir. Sabahı gün Vüqarı görəndə ondan hadisə barədə yenidən maraqlanmış, Vüqar isə bildirmişdir ki, ona xəsarət yetirən Şükür onun baldızının keçmiş həyat yoldaşıdır. Vüqar demişdir ki, baldızı boşandığı üçün ona və uşaqlarına maddi köməklik etmiş, Şükür isə bunu qəbul etməyib onun iş yerinə gələrək onun ailə işlərinə qarışmamasmı tələb etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 18 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında ünvan 1 ünvanında yerləşən təkər təmiri sexində baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının alınmış 06 sentyabr 2024-cü il tarixli 974 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bazu oynağı bağlarının gərilməsi, sağ bazunun sıyrığı, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə, ilk məlumata əsasən demək olar ki, həmin xəsarətləri şəxsin özü - özünə yetirə bilməsi inandırıcı deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 133.2.6- cı maddəsilə istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə 31 yanvar 2025-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi özü etiraf etməsə də, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 18 avqust 2024-cü il tarixdə saat 14:15 radələrində ünvan 1 ünvanında yerləşən təkər təmiri sexində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunu üzərində gəzdirdiyi istintaqa məlum olmayan dəmir parçası ilə vuraraq ona qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi, başın sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bazu oynağı bağlarının gərilməsi, sağ bazunun sıyrığı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət törətməsini. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzaçəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində hazırki iş üzrə “həbs” qətimkan tədbiri seçilməli, seçilmiş həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun Suraxanı rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qərarı ilə həbsdə olması nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri De Fendo Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri De Fendo Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə “həbs” qətimkan tədbiri seçilsin və seçilmiş həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın . Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. Bakı şəhəri De Fendo Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri De Fendo Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar