Məhkəmə qərarları › İş №1(005)-181/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-181/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-181/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1, Müdafiəçi – Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1996-cı ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmayan, işləməyən, Ağstafa rayonunun Dağ Kəsəmənli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının 8-də saat 09:00 radələrində nişanlısı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X4 ev 1B saylı ünvanın qonaq otağında olarkən aralarında baş vermiş şəxsi münasibətlər zəminində onun baş nahiyəsindən bir dəfə yumruq ilə qəsdən vuraraq Zərərçəkmiş şəxs ənsə nahiyyəsinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayət olunan hematoması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 1 ilə yaxın nişanlı olmuşlar. Əvvəllər nişanlısı İlkanə ilə münasibətlərinin yaxşı olmuş, sonradan isə münasibətləri pisləşmişdir. xx.xx.2024-cü ildə səhər saat 09:00 radələrində İlkanənin yaşadığı Nərimanov rayonu, X4 1 В saylı ünvana gəlmiş və evin qonaq otağında İlkanə ilə söhbət edən zaman İlkanə ona vaxt ayırmamağını əsas gətirərək onunla mübahisə etməyə başlamışdır. Bu zaman o, əsəblərini cilovlaya bilməyərək yumruq ilə 1 dəfə İlkanənin baş nahiyyəsinə vurmuşdur. Daha sonra o, İlkanənin yaşadığı evdən çıxıb getmişdir. Əməlindən peşmandır. Sonra barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 1 ilə yaxın müddətdə nişanlı olmuşlar. xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində Cümşüd onun yaşadığı evə gəlmiş, evdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Cümşüd onun ünvanına nalayiq ifadələr işlətmiş və onu təhqir etmişdir. Daha sonra isə yumruqla onun baş nahiyyəsindən vurmuşdur. Daha sonra o, hadisə barədə polisə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Törədilmiş və ya hazırlanan cinayət barədə məlumatların şifahi qəbulu haqqında 08 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə 2024-cü ilin fevral ayının 8-də saat 09:00 radələrində nişanlısı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X4 ev 1B saylı ünvanın qonaq otağında olarkən aralarında ailə-məişət münasibətləri zəmnində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən sonuncunun baş nahiyəsindən bir dəfə yumruq ilə vurmuşdur və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinin təhqiqatçısına şifahi formada məlumat vermişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, X4 ev 1B saylı ünvandır. Ev birmərtəbəlidir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertiza və X2 Publik Hüquqi şəxsinin Nərimanov rayon şöbəsinin 08 fevral 2024-cü il tarixli, 112 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – ənsə nahiyəsinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan hematoması küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarətləri şəxsin özü-özünə yetirə bilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir. “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat işinin başlanması haqqında” 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, 381xx/xx/2024 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 ay müddətə azadlığın məhdudlaşdırılması təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar