Məhkəmə qərarları › İş №1(005)-182/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-182/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-182/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,294 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib üzərində saxlayaraq daşımış, 25.01.2021-ci il tarixdə saat 10:30 radələrində öz hərəkətlərində şübhə yaratdığından Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş, inzibati binada Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qırmızı rəngli gödəkçənin sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumi çəkisi 0,294 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddətdir narkotik vasitə heroindən istifadə edir. 25.01.2020-ci il tarixdə saat 10:30 radələrində ünvan 4 ünvanın qarşısı ilə piyada gedərkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmiş və ondan ad və soyadını soruşmuşlar. O, özünü təqdim etmiş, bundan sonra polis əməkdaşları ondan şübhələndiklərini bildirmiş və onlarla birlikdə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə getməli olduğunu demişlər. O, polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına getmişdir. Polis şöbəsinə gəldikdən sonra xidməti otaqlardan birində polis əməkdaşları ona bildirmişlər ki, onun üzərinə şəxsi axtarış keçiriləcəkdir. Bu məqsədlə polis əməkdaşları onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edib, hüquq və vəzifələrini izah etmişlər. Daha sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları ondan üzərində qanunsuz əşya olub-olmadığını soruşmuş və həmin əşyaları təqdim etməyi təklif etmişlər. Onun üzərində heroin bükümü olduğundan və həmin bükümü gizlətmək imkanı olmadığından əynində olan qırmızı rəngli gödəkçənin sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş. içərisində narkotik vasitə olan bükümü çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan heroindir, həmin heroini öz istifadəsi üçün 24.01.2021-ci il tarixdə “Əhmədli” metrostansiyasının yaxınlığında yalnız adını bildiyi “Vüsal” adlı şəxsdən 10 manata almışdır. Bundan başqa şəxsi axtarış zamanı o, əynində olan qırmızı rəngli gödəkçənin sağ yan cibibdən özünə məxsus digər əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Ondan aşkar edilərək götürülmüş, içərisində narkotik vasitə olan heroin bükümü zərfə qoyularaq üzəri möhürlənmiş, həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bununla bağlı protokol tərtib olunmuş, protokol o və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Nərimanov RPİ-nin 17-ci PŞ-də olarkən polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Əməlindən peşmandır, bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 25.01.2021 -ci il tarixdə saat 10:30 radələrində xidməti zərurətlə əlaqədar Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə işlədiyi polis şöbəsinin inzibati ərazisi olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26 ünvanın qarşısında olarkən bir nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları olduğuqlarını bildirmiş və həmin şəxslə söhbət edəndə onun narkotik vasitə və ya digər güclü təsiredici maddələrin təsiri altında olması onlarda şübhə doğurmuşdur. Bu səbəbdən həmin şəxsi Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxs heç bir etiraz etmədən onlarla birlikdə Nərimanov RPİ-yə gəlmişdir. Onlar həmin şəxsi Nərimanov RPİ-nin 17-ci PŞnə gətirdikdən sonra şöbə rəhbərliyinin adına bu barədə raport yazmış və raportun icrası Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Sarvan Rüstəmova həvalə olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflərindən Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilən şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğundan onun hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən “Samsung” markalı mobil telefonu, siqarət qutusunu, “BakıKart” kartını, alışqanı, həmin gödəkçənin sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində qəhvəyi rəngli maddə olan bükümü çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki narkotik vasitə olan heroindir, həmin heroini öz istifadəsi üçün 24.01.2021-ci il tarixdə “Əhmədli” metrostansiyasının yaxınlığında yalnız adını bildiyi “Vüsal” adlı şəxsdən 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərində başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində qəhvəyi rəngli maddə olan büküm zərfə qoyulub qablaşdırılmış, üzəri möhürlənmiş və həmin zərfin üzəri tərəflərindən imzalanmışdır. Bununla bağlı protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan və Nərimanov RPİ-nin 17-ci PŞ-yə gətirilən zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 Güləsən oğlu iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 25 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 03 may 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X1 RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və həmin şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X5 və Nərimanov RPİ-nin inspektor-kriminalisti, polis kapitanı Emil Yusubovun iştirakları ilə 25.01.2021-ci il tarixdə saat 11:45-də xidməti iş otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olundu ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçənin sağ cibindən 1 ədəd gümüşü rəngli SAMSUNG markalı mobil telefonunu, 1 ədəd qara rəngli KİNGSTON siqaret qutusunu, 1 ədəd BAKİ KART-ını və 1 ədəd bənövşəyi rəngli alışqanı, həmin gödəkçənin sol cibindən isə 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün narkotik maddə olan heroin olmasını və həmin bükümün ona məxsus olmasını bildirdi. Vət.Təqsirləndirilən şəxs həmin narkotik maddəni 24.01.2021-ci il tarixdə saat 20:00 radələrində Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında əvvəllər tanımadığı və hər hansı anket məlumatını bilmədiyi, yalnız adının Vüsal olmasını bildiyi şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün almasını bildirdi. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm özünün, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyaraq 219 №-li möhürlə möhürləndi. Vət.Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması Nərimanov RPİ-nin inspektor-kriminalisti, polis kapitanı Emil Yusubov tərəfindən “PANASONİC” markalı video kamera vasitəsilə qeydə alındı; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2021-ci il tarixli, 6/329 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, AR DİN “Zərflər üçün № 219” möhür əksi, “Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,294 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi - 0,294 qram, tədqiqata sərf edildi - 0,05 qr, qalıq 0,244 qram. Aparılmış tədqiqatın dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manatdır; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Rəşad Həsənovun 26.01.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 fevral 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; “Maddi sübut kimi tanınma haqqında” 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi çəkisi 0,294 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiiyndən maddi sübut kimi tanınmış və həmin heroinin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,244 qram hissəsi saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 10 fevral 2021-ci il tarixli, 399 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Diskə baxış keçirilməsi barədə” 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X6 icraatında olan ********* nömrəli cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə 25 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, diskin üzərində əlyazma ilə Təqsirləndirilən şəxs sözləri yazılmışdır. Diskdə olan video görüntüyə baxarkən müəyyən olundu ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan qırmızı rəngli gödəkçənin sağ yan cibindən “Samsung” markalı mobil telefonu, siqarət qutusunu, “BakıKart” kartını, alışqanı, həmin gödəkçənin sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş maddəni təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, onun təqdim etdiyi bükümdəki maddə narkotik vasitə olan heroindir və həmin heroini metronun “Əhmədli” stansiyasının yaxınlığında yalnız adını bildiyi “Vüsal” adlı şəxsdən 10 manata almışdır; “Sübutların qiymətləndirilməsi haqqında” 19 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün olduğu 01 ədəd DVD formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,294 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə saat 10:30 radələrində saxlanılmış və onun barəsində 26 yanvar 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-dək dindirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 26 yanvar 2021-ci il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 24 saatdan artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılmalıdır (həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş narkotik vasitə olan heroinin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün olduğu 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş və qalıq çəkisi 0,244 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün olduğu 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 109, 90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar