Məhkəmə qərarları › İş №1(005)-182/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-182/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-182/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxx 2004-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, X5 məşqçi işləyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu Vərməziyar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, mənzil 88-də yaşayan, barəsində ‘‘başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zərərçəkmiş şəxsə zor tətbiq olunmasl ilə müşaiyət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2024-cü il tarixdə saal 01:30 radələrində ictimai yer olan Bakı şəhəri, Nərimanov rayonu. Azadlıq prospekti 231A ünvanında yerləşən “Burju Baku” adlı restoranda müştəri qismində olarkən Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Təqsirləndirilən şəxs sifət və bədən nahiyəsinə yumruq və təpik zərbələri ilə vuraraq sonuncuya sağ əl barmaqlarının hərəkət məhdudluğu ilə müşayiət olunan hematoması, burun nahiyəsinin və sağ almacıq nahiyəsinin qançırları, sağ əlin arxa səthinin sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirib xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə rəfiqəsi Sevda ilə “Burju baku" restoranına getmişlər. İkinci mərtəbəyə qalxdıqdan sonra sol tərəfdən ikinci masada əyləşmişlər. Əyləşdikdən sonra spirtli içki olan viski sifariş etmişlər. O, bir az içdikdən sonra özünü pis hiss elədikdə Sevdaya bu barədə deyərək ayaq yoluna getmək istədiyini bildirmişdir. Sevda da onunla birlikdə ayaq yoluna getmişdir. O, özünü pis hiss etdiyindən orada qaytarmağa başlamışdır. Sevda həmin vaxt qapının ağzında durmuşdur. Sevdanın kiminlə isə mübahisə etdiyini eşitmişdir. Çölə çıxdıqdan sonra sonradan adını öyrəndiyi Kəmalədən hansı səbəbdən mübahisə etdiklərin soruşmuşdur. O ayaq üstə gücnən durmuşdur, dava etməyə halı olmamışdır. Bu zaman Kəmalə ona da əl atmış və onu təhqir edərək anasını söymüşdür. O da sırf anasını təhqir etməsinə görə Kəmaləyə yumruqla sifətindən bir dəfə vurmuşdur. Mübahisə ona görə olmuşdur ki, Sevda onlara “içəri girməyin, qızın vəziyyəti pisdir, qaytarır” demişdir. O artıq içəridən çölə çıxanda Kəmalə və onun bacısı onun rəfiqəsi Sevdanı döyürdülər. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Kəmaləni anasını söydüyünə görə bir dəfə vurmuşdur, hadisə baş verən günü saat 1-in yarısı olmuş, restoranda o özü, Sevda, Kənan və Kənanın dostu və restoranda kənar şəxslər olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. O ayaq yolunda olarkən çöldən rəfiqəsinin qışqırıq səsini eşitmişdir. O çölə çıxanda artıq rəfiqəsi Sevda yerə yıxılı vəziyyətdə olmuşdur. Çölə çıxanda davanı sakitləşdirməyə başlamış, həmin vaxt sərxoş olmuşdur. Bu zaman Kəmalə ona da əl atmış və onu təhqir edərək anasını söymüşdür. O da sırf anasını təhqir etməsinə görə Kəmaləyə bir dəfə üz nahiyyəsindən yumruqla vurmuşdur. O özü həmin vaxt xəsarət almamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayonu Xırdalan şəhərində yerləşən “X5" məşqçi işləyir. Şahid2 təxminən 3 aydır ki tanımışdır. Sevdanı tanışı Vüsalın vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Kəmalə ilə hər hansı bir ədavəti olmamışdır. Kənan adlı şəxslə qeyri-rəsmi münasibətdə olmuş, hazırda ayrılmışlar. xx.xx.2024-cü il tarixdə saat 23 radələri olmuşdur. Onlar Sevda ilə birlikdə evin təmizliyi ilə məşğul olmuşlar. Həmin vaxt Kənan ona zəng edib dostu ilə olduğunu və görüşmək istədiyini bildirmişdir. O bu barədə Sevdaya dedikdə sonuncu gedə biləcəyini demişdir. Onlar Kənanla razılaşmışlar. Təxminən yarım saat sonra Kənan idarə etdiyi “BMW” markalı avtomobili ilə onları götürmək üçün məhəlləyə gəlmişdir. Kənanın yanında adını xatırlamadığı 20-25 yaşlı dostu olmuşdur. O, Kənandan hara gedəcəklərini soruşduqda sonuncu tanışının işlətdiyi restorana gedəcəklərini bildirmişdir. Onlar Nərimanov rayonu Azadlıq prospekti 231A ünvanında yerləşən “Burju baku" restoranına getmişlər. İkinci mərtəbəyə qalxdıqdan sonra sol tərəfdən ikinci masada əyləşmişlər. Əyləşdikdən sonra spirtli içki olan viski sifariş etmişlər. O, bir az içdikdən sonra özünü pis hiss elədikdə Sevdaya bu barədə deyərək ayaq yoluna getmək istədiyini bildirmişdir. Sevda dərhal onunla birlikdə ayaq yoluna getmişdir. O, özünü pis hiss etdiyindən orada qaytarmağa başlamışdır. Sevda həmin vaxt qapının ağzında durmuşdur. Sevdanın kimimlə isə mübahisə etdiyini eşitmişdir. Çölə çıxdıqdan sonra sonradan adını öyrəndiyi Kəmalədən hansı səbəbdən mübahisə etdiklərini soruşmuşdur. O içəridənn çıxanda Sevda ilə Kəmalə bir-birlərinə nalayiq ifadələr işlətmişdir. Kəmalə buna məhəl qoymayaraq onunla kobud danışmağa başlamışdır. Bundan sonra aralarında mübahisə yaranmış və Kəmalə ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O. buna çox əsəbiləşərək Kəmalənin sifət nahiyəsindən yumruqla zərbə endirmişdir. Həmin vaxt əvvəllər tanımadığı şəxs Sevdanının baş nahiyəsindən vuraraq yerə yıxmışdır. O, həmin şəxsin Sevdanı hansı səbəbdən döyməsini başa düşməmişdir. Sevda yerə yıxıldıqdan sonra Kənan səs-küyü eşidib oraya gələrək onları ayırmışdır. Daha sonra, Kənan onun qolundan tutaraq oradan uzaqlaşdırmağa çalışmışdır. Sonra hadisə yerinə Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları gələrək onları şöbəyə aparmışlar. Hadisə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Nərimanov rayonu, Azadlıq prospekti 231A ünvanında yerləşən “Burju baku" restoranının ikinci mərtəbəsində aralarında yaranan mübahisə zəminində baş vermişdir. O, Kəmalənin sifət nahiyəsindən yumruqla bir zərbə endirmişdir. Zərərçəkmiş şəxs qeyd etdiyi zərbələri sonuncuya qarşı etməmişdir. Hadisəyə şahid həmin yerdə işləyən tanımadığı şəxslər və onunla gəlmiş olan Sevda, Kənan və adını xatırlamadığı Kənan adlı tanışı ilə gələn kişi olmuşdur. Hadisədən sonra polis gələrkən o, heç kimə müqavimət göstərməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində saat 18:00 olmuşdur. İşdən çıxıb taksi sifariş verib evə getmişdir. Yolda olarkən bacısı Nurlanaya zəng edib işdən gəldikdən sonra harasa gedib oturmaq istədiyini demişdir. Nurlana onunla razılaşaraq hazırlaşacağını və gələnə qədər hazır olacağını bildirmişdir. O, evə çatan kimi Nurlanayla birlikdə yola çıxmışlar. Taksi sifariş verməmişdən qabaq bacısından hara gedəcəklərini soruşduqda Nurlana artıq tanış restoranda yer rezerv etdiyini demişdir. Onlar birlikdə Nərimanov rayonu Azadqlıq prospekti 23la ünvanında yerləşən "Burju Baku" restoranına getmişlər. Həmin məkanın birinci mərtəbəsi “Dedi kodu” restoranı ikinci mərtəbəsi isə “Burju Baku” restoranıdır. Ora çatdıqdan sonra sol tərəfdə yerləşən masada əyləşmişlər. Sonradan adını öyrəndiyi Mircavad adlı ofisiant onların oldugu masaya yaxınlaşmış və onlar spirtli içki olan çaxır sifariş edərək içməyə başlamışlar. Həmin vaxt restoranda çoxsaylı müştərilər olmuşdur. Təxminən yarım saat sonra, o, ayaqyoluna getmişdir. İçəri daxil olmaq istədikdə əvvəllər tanımadığı xanım onu içəri qoymamışdır. O, ayaqyoluna gəldiyini və hansı səbəbdən onu içəri qoymadığını soruşsa da, sonuncu buna məhəl qoymayaraq ondan gözləməyini tələb etmişdir. O, çölə çıxıb təxminən 5 dəqiqə gözləmişdir. Artıq özünü pis hiss etdiyinə görə gözləyə bilməyərək yenə içəri girməyə cəhd göstərmişdir. Həmin vaxt xanım onu itələyərək nalayiq ifadələr işlətməyə başlamışdır. O nə qədər sakit durmağa çalışsa da sonradan adını öyrəndiyi Sevda xanım onunla kobud danışmağa davam etmişdir. Daha sonra içəridən sonradan adını öyrəndiyi Tülün adlı şəxs çıxaraq onun sifət nahiyəsinə zərbə vurmuşdur. O, yerə yıxılsa da həmin xanım təkrar olaraq qarın nahiyəsinə təpiklə vuraraq ona xəsarətlər yetirmişdir. O nə baş verdiyini başa düşməsə də həmin vaxt orada olan insanlar onları ayırmışdır. Bacısı Nurlana dərhal DİN-in 102 xidməti-zəng mərkəzinə zəng edib şikayət etmişdir. Daha sonra hadisə yerinə Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları gələrək onları şöbəyə aparmışlar. Hadisənin şahidi təxminən 15-20 nəfər olmuşdur. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı onun sifət nahiyəsindən iki yumruq zərbəsi endirmişdir. O, yerə yıxıldıqdan sonra Tülün qarın nahiyəsinə təpiklə vuraraq sağ əlini dişləmişdir. Baş vermiş hadisədən sonra aldığı müalicə ilə bağlı və işsiz qaldığı səbəbindən ona ümumilikdə 5000 (beş min) manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamış və ona qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, bacısı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Hazırda gözəllik salonunda saç qaynaqçı ustası işləyir. Hər gün saat 11:00-dan 18:00-dək işdə olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 18 radələri olmuşdr. O. həmin gün işdən icazə aldığına görə evdə olmuşdur. Bacısı ona zəng edib işdən sonra harasa getməyi təklif etmişdir. O, Kəmalə ilə razılaşmışdır. Kəmalə evə gələn kimi taksi sifarişi verib Nərimanov rayonu Azadlıq prospekti 231A ünvanında yerləşən ”Burju Baku" restoranına getmişlər. Ora çatdıqdan sonra ikinci mərtəbəyə qalxıb sol tərəfdə yerləşən masada əyləşmişlər. Masada əyləşəndən sonra Mircavad adlı ofisiant onlara yaxınlaşıb sifariş götürmüşdür. Onlar çaxır sifariş edib içməyə başlamışlar. Təxminən 20 dəqiqə sonra bacısı ilə birlikdə ayaq yoluna getmişlər. Kəmalə içəri daxil olmaq istədikdə əvvəllər tanımadığı xanım Kəmaləni içəri buraxmamış və aralarında mübahisə yaranmışdır. Həmin vaxt sonradan adını öyrəndiyi Tülün adlı şəxs içəridən çıxıb bacısını döyməyə başlamışdır. O, dərhal DİN-in 102 xidməti-zəng mərkəzinə müraciət etmişdir. Təxminən 2 dəqiqə sonra Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları hadisə yerinə gəlmişdir. Daha sonra polis əməkdaşları onları şöbəyə aparmışlar. Hadisə xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 231A ünvanında yerləşən “Burju Baku” restoranının ikinci mərtəbəsində yerləşən ayaq yolunda baş vermişdir. Hadisənin şahidi təxminən 15-20 nəfər olmuşdur. Təqsirləndirilən şəxs bacısının sifət nahiyəsinə yumruqla vuraraq yerə yıxmışdır. Daha sonra bacısının qarın nahiyəsindən təpiklə bir neçə dəfə zərbə endirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 231 A ünvanında yerləşən “Burju Baku” restoranında administrator işləyir. Təqsirləndirilən şəxsm təxminən 1 ildir ki sosial şəbəkəsindən tanımışdır. Tüklün ara-sıra sözü gedən restorana gedib-gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində evdən çıxıb işə getmişdir. İşə çatdıqdan sonra müştəri kimi restorana gəlmiş olan tanıdığı Kəmalə və Nurlana adlı xanımlar restorana gəlib sol tərəfdə yerləşən masada əyləşmişlər. Təxminən 10 dəqiqə sonra Tülün xanımda restorana daxil olmuşdur. O, bütün masalara nəzarət etmişdir. Kəmaləgilin masasına Mircavad adlı ofisiant baxmışdır. Təqsirləndirilən şəxs spirtli içki olan viski içmiş və yanında tanımadığı iki cavan oğlan olmuşdur. Birinin adı Kənan olmuşdur. Təxminən yarım saat sonra restoranın ayaq yolu tərəfindən səs- küy eşitmişdir. O, dərhal səs-küy olan yerə gedərək nə baş verdiyini öyrənməyə çalışmışdır. Görmüşdür ki, Kəmalə xanım yerə yıxılmış, üzü qandır, ətrafına başqa şəxslər toplaşmışdır. Həmin ətrafa toplaşmış müştəri olan şəxslər sonuncuları ayırmışdır. O da yerə yıxılan xanıma üzünün qanının dayanması üçün salfetka vermişdir. Təxminən 5 dəqiqə sonra Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları hadisə yerinə gələrək sonuncuları şöbəyə aparmışlar. Hadisə saat xx.xx.2024-cü il tarixdə. 01:00 radələrində Bakı şəhəri Nərimanov rayonu, Azadlıq prospekti 231A ünvanında yerləşən ünvanın ikinci mərtəbəsində yerləşən “Burju Baku” adlı restoranının ayaq yolunun qarşısında baş vermişdir. O. sonradan eşitdiyinə görə Tülün Kəmalənin sifət nahiyəsinə zərbə vurmuşdur. Lakin hadisənin birbaşa şahidi olmamışdır. Verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, 16-cı PŞ-nin əməkdaşları hadisə yerinə gələndən sonra onları şöbəyə aparmaq istədikdə Təqsirləndirilən şəxs sərxoş olduğundan qışqırırdı, aqessiya və müqavimət göstərirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə baş verəndə Bakı şəhəri Nərimanov rayonu, Azadlıq prospekti 231A ünvanın 2-ci mərtəbəsində yerləşən “Burju Baku” adlı restoranında ofisiant işləyib, hazırda işləmir. Kəmalə xanımı həmin restorana gələn müştəri kimi tanımışdır. Tülün xanımda müştəri kimi gəlmişdir. Hər gün saat 15:00- dan 00:00-dək işdə olmuşdur. xx.xx.2024-cü il tarixdə, təxminən saat 20 radələrində evdən çıxıb işə getmişdir. O, hər zaman olduğu kimi müştərilərə xidmət etmişdir. Kəmalə bir nəfər xanımla birlikdə ikinci mərtəbədə yerləşən masaların birində əyləşmişdir. Sonuncular spirtli içki olan çaxır sifariş vermişlər. Tülün xanımın isə yanında sonradan adını öyrəndiyi Sevda adlı şəxs və iki nəfər 20-25 yaşlı oğlanlar olmuşdur. Təxminən yarım saat sonra görmüşdür ki, Tülün çox içdiyindən özünü idarə edə bilmir. Sevda xanım isə ətrafdakı müştərilərlə kobud danışmışdır. Təxminən 10 dəqiqə sonra restoranın ayaq yolu tərəfindən səs-küy eşitmişdir. Ora getdikdən sonra görmüşdür ki, Tülün xanım digər masada əyləşən Kəmalə xanımı döymüşdür. Daha sonra, Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları hadisə yerinə gələrək sonuncuları şöbəyə aparmışdır. Polis əməkdaşları gəldikdən sonra Tülün xanım polislərə müqavimət göstərərək səs-küy salmışdır. Hadisə saat xx.xx.2024-cü il tarixdə, 01:00 radələrində “Burju Baku" adlı restoranının ayaq yolunun qarşısında baş vermişdir. Hadisənin şahidləri olmuşdur. Şahidlər işçilər və həmin vaxt restoranda olan müştərilər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Lighil club" adlı zalda məşq etdiyi zaman tanış olmuşdur. xx.xx.2024-cü il tarixdə, o, Tülün, Sevda və bir nəfər oğlan “Burju Baku” restoranına getmişlər. Biraz oturandan sonra Tülün və Sevda ayaqyoluna getmişlər. Bir neçə dəqiqə qayıtmadıqlarından o narahat qalıb onların arxasıycan getmişdir və görmüşdür ki, Sevda və Kəmalə arasında anlaşılmazlıq olub. Lakin kiminsə kimi vurmasını görməmişdir. Sevdadan soruşanda ki, nə baş verib, Sevda demişdir ki, Kəmalə Tülünə söydüyündən Tülün Kəmaləni vurmuşdur. O Kəmaləni əvvəldən tanımamışdır. Kəmalənin hadisədən sonra üzü gözündə qan görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, qeyri-rəsmi münasibətdə olduğu Vüsal adlı şəxslə birlikdə yaşayır. Heç bir yerdə işləməmişdir. Təqsirləndirilən şəxsm təxminən 3 aydır ki tanımışdır. Tülünlə Abşeron rayonunda yerləşən “Heydər Əliyev“ parkında tanış olmuşdur. Təqsirləndirilən şəxsm sosial şəbəkə olan “Tiktok" platformasından izləmiş və sonuncunu məşhur şəxs kimi tanımışdır. Tülünlə tanış olduqdan sonra birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evdə kirayədə yaşamışlar. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Tülünlə birlikdə yaşadıqları evdə olmuşdur. O hamama girib çıxdıqdan sonra görmüşdür ki, Tülün spirtli içki qəbul etmişdir. Oynini geyindikdən sonra Tülün ona təklif etmişdir ki, harasa getsinlər. O, Tülün ilə razılaşmışdır. Təxminən yarım saat sonra Nərimanov rayonunda yerləşən “Burju Bakir restoranına getmişlər. Həmin restorana daxil olduqdan sonra ikinci mərtəbəyə qalxmışlar və sol tərəfdə yerləşən masada əyləşmişlər. O daha sonra görmüşdür ki, həmin restorana sonradan adının Kənan adlı şəxs və adını bilmədiyi təxminən 20-25 yaşlı cavan oğlan gələrək onların yanında əyləşmişdir. Həmin şəxsləri Tülün dəvət etmişdir. Daha sonra onlar spirtli içki olan viski sifariş etmişlər. Bir qədər sonra Tülünü halı pisləşmiş və ona ayaqyoluna getmək istədiyini bildirmişdir. O, Tülüni ayaqyoluna apardıqdan sonra qapının qarşısında gözləmişdir. Həmin vaxt əvvəllər tanımadığı iki xanım qapını açaraq içəri daxil olmaq istədikdə o, sonunculara içəridə rəfiqəsinin olduğunu və bir az gözləmələrini xahiş etmişdir. Lakin xanım onunla razı olmayıb içəri girməyə cəhd göstərdikdə o, yenə də icazə verməmişdir. Həmin vaxt “Tülün çölə çıxaraq nə baş verdiyini soruşduqda həmin xanım Tülünə nalayiq ifadələr işlətməyə başlamışdır. Tülün buna dözməyib xanımın sifət nahiyəsindən yumruq zərbəsi endirib yerə yıxmışdır. Bundan sonra ətrafda olan insanlar Tülünü ayırmışlar. 'Təxminən 5-6 dəqiqə sonra restoranın işçiləri olan mühafizəçilər yaxınlaşıb onların qolundan tutaraq çölə çıxartmışlar. Daha sonra hadisə yerinə Nərimanov RPİ-nin 16-cı PŞ- nin əməkdaşları gələrək onları şöbəyə aparmşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş dava-dalaş hadisəsi Bakı şəhəri, Nərimanov rayonu. Azadlıq prospekti 231A ünvanında yerləşən “Burju Baku" restoranda olan sanitar qovşağının giriş hissəsində baş vermişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini barədə tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə orta dərəcıli sərxoş olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 1032 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağ əl barmaqlarının hərəkət məhdudluğu ilə müşayiət olunan hematoması, burun nahiyəsinin və sağ almacıq nahiyəsinin qançırları, sağ əlin arxa səthinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 13 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2024-cü il tarixdə saat 13:30da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin müvəqqəti saxlanıldığı yerdən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hazırda saxlanıldığı Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli məktububdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada narkoloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli məktububdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X4 ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli məktububdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2 X3 Mərkəzi” X4 ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli məktububdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsməhkumluğu olmayan şəxsdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011 -ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən ibarətdir, həmin şəxs ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən əməlini qismən etiraf etməsini, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (gün) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltlzam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Abşeron Rayon İcra və Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar