Məhkəmə qərarları › İş №1(005)-183/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-183/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-183/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Şərur rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib “Changan” markalı avtomobili sonuncuya 14500 manat pulun müqabilində satıb adına sənədləşdirəcəyini yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs xx.xx.2020-ci ildə ünvan 2 ünvanında 1500 manat, həmin gün ünvan 3erləşən foto mağazasında isə 13000 manat pulu, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 14500 manat pulu ələ keçirib zərər çəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, hazırda adını xatırlamadığı şirkətlərdən birindən lizinq müqaviləsinə əsasən ağ rəngli “Changan” markalı, **-PG-*** dövlət nömrə nişanlı maşını götürüb idarə etməyə başlamışdır. Həmin maşına görə ilkin olaraq 3500 manat ödəniş etmiş və 4 il müddətinə hər ay 600 manat kredit ödəməli olmuşdur. Lakin, bir müddət sonra o, krediti ödəyə bilməmiş və pula ehtiyacı olduğu üçün maşını satmaq qərarına gəlmişdir. Həmin vaxtı maşını “Turbo.az” saytında təxminən 18000 manata satışa qoymuş və elanda ona məxsus ***-***-**-** mobil nömrəsini qeyd etmişdir. Həmin vaxtı ona Orxan adlı şəxs zəng vurub maşının qiymətini soruşmuş və o da maşın barədə məlumat vermişdir. Həmin şəxs onunla danışıb bir söz deyəcəyini bildirmişdir. Bundan sonra ona Toğrul adlı şəxs zəng vurub Orxanın qohumu olduğunu bildirib maşın barədə maraqlanmışdır. Həmin şəxslə telefonda danışan zaman yerlisi olduğunu bilmiş və Toğrul maşına görə ona 14500 manat vermək imkanın olduqlarını demişdir. O da bununla razılaşmışdır. Yenidən Orxan adlı şəxslə danışmış və maşına baxmaq üçün görüşmək barədə razılaşmışlar. Səhəri gün, yəni xx.xx.2020-ci ildə Orxan maşına baxmaq üçün onunla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüşmüşdür. Həmin görüşə Orxan yanında Sadiq adlı şəxslə gəlmişdir. Danışıq əsnasında onlara məlum olmuşdur ki, Orxan da Naxçıvanlıdır, hətta onunla uşaqlıqdan tanışlığı olduğu təsadüfən orada onlara məlum olmuşdur. Maşına Orxan baxıb bəyənmiş və razılığa gəlmişlər ki, 14500 manata maşını onlara satsın. Lakin, onun həmin vaxtı maşını satmaq fikri olmamış, istəmişdir ki. maşını satmaq adı ilə Orxanı aldadıb 14500 manatı alsın və maşın da özündə qalsın. Həmin yerdə xx.xx.2020-ci ildə Orxan ona ilkin olaraq 1500 manat beh pul vermiş və yerdə qalan 13000 manatı isə Nərimanov rayonunda pulu götürdükdən sonra verəcəyini demişdir. Buna görə Orxanla birlikdə ünvan 4 ünvanındakı foto mağazasında işləyən Orxanın tanışı olan Ziyad adlı şəxsin yanına gəlmişlər. Həmin vaxtı o, Ziyadın 14500 manat pulu saydığını görmüş və qərara gəlmişdir ki, maşını Orxana satıb adına sənədləşdirmək adı ilə yerdə qalan 13000 manatı alsın və oradan çıxdıqdan sonra Orxanı aldadıb pulla birlikdə çıxıb getsin. Belə ki, fikirləşmişdir ki, pulu alandan sonra Orxanla birlikdə Baş Dövlət Yol Polis İdarəsinə gedərlər və orada Orxanı harasa göndərdikdən sonra çıxıb gedər. Buna görə Orxana maşını sənədləşdirmək üçün birgə BDYPİ-nə gedəcəklərini bildirdiyi üçün Ziyaddan pulu ona verməyini istəmişdir. xx.xx.2020-ci il tarixdə həmin foto mağazasında o, Ziyaddan 14500 manat pulu almış və pulu sayıb götürmüş, həmin puldan 1500 manatı o, Orxana geri qaytarmış, çünki Orxan ona 1500 manatı əvvəlcədən vermişdir, 13000 manatı isə özündə saxlamışdır. O və Orxan oradan çıxıb birlikdə Xırdalan şəhərində yerləşən Baş Dövlət Yol Polis İdarəsinə gəlmişlər ki, guya maşını Orxanın adına keçirəcəkdir. Orada gözləyən zaman o, Orxanı azdırmaq üçün yalandan cərimələrini ödəməyə gedəcəyini bildirib həmin vaxtı maşının nömrəsini açmaq üçün Orxandan haradansa vintaçan tapmağını xahiş etmişdir. Orxan da onun sözünə əsasən vintaçan tapmaq üçün onun yanından uzaqlaşmışdır. Həmin vaxtı o, maşına əyləşib oradan uzaqlaşmışdır. Əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək onunla barışıq əldə etdiyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs İrşad oğlu ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayında o, “Turbo.az” maşın satışı saytında hazırda dövlət qeydiyyat nişanını xatırladığı **-PG-*** dövlət nömrə nişanlı, “Changan” markalı avtomobilin satılması barədə elanın olduğunu görmüşdür. Buna görə həmin elanda avtomobilin sahibi kimi qeyd edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb maşının qiyməti barədə maraqlanmışdır. Telefon danışıqları zamanı Ümid ona maşının 18500 manata satdığını, lakin bəyənərsə razılığa gələ biləcəklərini bildirmişdir. Bundan sonra o, bu barədə qohumu X1 bildirmiş və Toğrulun maşından anlayışı olduğu üçün Ümidlə danışmasını xahiş etmişdir. Toğrul Ümidlə danışdıqdan sonra maşını 14500 manata almaları barədə razılığa gəlmişlər. Toğrul ona zəng vurub bu barədə bildirmişdir. Onun həmin ərəfədə pulu olmadığı üçün Toğruldan ona borca 14500 manat göndərməsini xahiş etmişdir. Toğrul ona 14500 manatı göndərəcəyini bildirmişdir. O, Ümidlə danışdıqdan sonra səhəri gün maşına baxmaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüşmüşlər. Həmin görüşə Toğrulun bacısının yoldaşı Sadiq də gəlmişdir. Orada o və Sadiq Ümidlə tanış olmuşlar. Danışıq əsnasında onlara məlum olmuşdur ki, Ümid də Naxçıvanlıdır, hətta onunla uşaqlıqdan tanışlığı olduğu təsadüfən orada onlara məlum olmuşdur. Maşını o, baxıb bəyənmiş və razılığa gəlmişlər ki, gedib Toğrulun göndərdiyi pulu götürsünlər və oradan maşını sənədləşməyə aparsınlar. O, həmin vaxtı Toğrulla danışıb pulu haradan götürəcəyini soruşmuşdur. Toğrul isə ona ünvan 4 ünvanındakı foto mağazasında işləyən Ziyad adlı şəxsdən 14500 manatı götürməyini söyləmişdir. Orada Sadiq artıq Ümidlə avtomobili 14500 manata almaq barədə razılığa gəldiklərini görüb bundan sonra ona özü Ümidlə birlikdə maşını sənədləşməyə aparmağını bildirmişdir. Hətta həmin vaxtı, yəni xx.xx.2020-ci il tarixdə o, Sadiqin yanında Ümidin sözünə əsasən Ümidə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi 29C ünvanın qarşısında ilkin beh olaraq 1500 manat vermişdir. Bundan sonra o və Ümid sonuncunun ona satmalı olacağı ağ rəngli, 2018-ci il istehsallı “Changan” markalı maşına minib birbaşa Toğrulun ona dediyi ünvana gəlmişlər ki, yerdə qalan pulu oradan götürsünlər. O və Ümid həmin yerə gəlib Ziyadla görüşmüşlər. Ziyad ona Toğrulun sözünə əsasən 14500 manat verəcəyini bildirmişdir. Ziyad pulu sayan zaman Ümid Ziyadın yanına yaxınlaşıb pulu ona verməsini istəmişdir Belə ki, Ümid onsuzda buradan çıxıb maşını onun adına sənədləşdirmək üçün BDYPİ-nə gedəcəklərini bildirdiyi üçün Ziyaddan pulu ona verməyini istəmişdir. Buna görə də Ziyad xx.xx.2020-ci il tarixdə 14500 manatı onun yanında Ümidə vermişdir. Ümid pulu sayıb götürmüş və həmin puldan 1500 manatı ona geri qaytarmış, 13000 manatı isə özündə saxlamışdır. Çünki, o, Ümidə Sabunçu rayonunda ilkin beh olaraq 1500 manat vermişdi. O və Ümid oradan çıxıb birlikdə Xırdalan şəhərində yerləşən Baş Dövlət Yol Polis İdarəsinə gəlmişlər ki, Ümid maşını onun adına keçirsin. Orada gözləyən zaman Ümid maşının cərimələrini ödəməyə gedəcəyini bildirib həmin vaxtı maşının nömrəsini açmaq üçün onun haradansa vintaçan tapmağını xahiş etmişdir. O da Ümidin sözünə əsasən vintaçan tapmaq üçün Ümidin yanından uzaqlaşmışdır. Lakin, 5 dəqiqə sonra geri qayıdan zaman Ümidin və maşının orada olmadığını görmüşdür. O, Ümidə dəfələrlə istifadəsində olan telefon nömrəsinə zəng vursa da zənglərinə cavab verməmişdir. O, artıq Ümid tərəfindən aldadıldığını başa düşüb dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonda ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu, ona dəymiş ziyanın tam olaraq ödənildiyini bildirərək yekun məhkəmə qərarı çıxarılarkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, yoldaşının qardaşı X3 2020-ci ilin oktyabr ayının 16-da ona zəng vurub bildirmişdir ki, dayısı oğlu Orxan özünə maşın almaq istəyir və ondan xahiş etmişdir ki, Orxanla birlikdə həmin maşına baxsın və danışıqlarda iştirak etsin. Buna görə o, Orxanla əlaqə saxlamış və maşını satan şəxsin əlaqə telefonunu almışdır ki, həmin şəxslə danışıb görüş təyin etsin. O, öz telefonu ilə maşının sahibi olan Ümid adlı şəxsin istifadə etdiyi ***-***-**-** nömrəsinə yığmış və danışıq zamanı Orxanın qohumu olduğunu, satdığı maşına baxmaq üçün səhəri günü, yəni xx.xx.2020-ci ildə onun yaşadığı ünvanın qarşısına maşını gətirməyini və Orxanın da orada olacağını, maşında problem olmasa sabah Orxanın həmin maşını alacağını bildirmişdir. Həmin şəxs də buna etiraz etməmişdir. Bu səbəbdən xx.xx.2020-ci ildə ünvan 2 ünvanın qarşısında Orxan, o və həmin vaxtı tanıdığı Ümid adlı şəxslə görüşmüşlər. Orada olan zaman ona məlum ölmüşdür ki, Ümid də Naxçıvanlıdır və hətta Orxanla tanışlıqları əvvəlcədən olmuşdur. Ümid ora satdığı ağ rəngli “Changman” markalı avtomobillə gəlmişdir. Danışıq zamanı Ümid ona və Orxana həmin maşını 18500 satması barədə elan qoysa da, onlara 14500 manata satmağa razılaşdığını və maşında problem olmadığını bildirmişdir. O da maşından anlayışı olduğu üçün maşının motor və ehtiyat hissələrinə baxmış və problem olmadığını görmüşdür. Buna görə də Orxan həmin maşını Ümiddən 14500 manata almağa razılaşmış və həmin vaxtı, yəni xx.xx.2020-ci il tarixdə Orxan onun yanında Ümidin sözünə əsasən Ümidə ünvan 5 ünvanın qarşısında ilkin beh olaraq 1500 manat vermiş, yerdə qalan 13000 manatı isə səndləşmə olduqdan sonra verilməsi barədə razılaşmışlar. Onun yanında Orxan və Ümid maşının alğı-satqısı ilə bağlı şifahi razılaşdıqları və maşına görə ilkin beh verildiyi üçün o, Orxana bildirmişdir ki, özü maşını sənədləşməyə aparsın və orada pulunu versin. Bundan sonra onlar maşını sənədləşdirmək və maşının pulunu Orxan Ümidə vermək üçün çıxıb getmişlər. Sonradan isə ona məlum oldu ki, Orxan Nərimanov rayonunda Toğrulun tanışından 14500 manatı alaraq həmin puldan 13000 manatı Ümidə vermiş, oradan BDYPİ-nə getmişlər, lakin həmin yerdə Ümid Orxanı nəyinsə arxasınca göndərmiş və Ümid oradan aldığı pulla birlikdə maşını sürüb getmiş, Orxan geri qayıdan zaman isə Ümidin orada olmadığını görüb dəfələrlə zəng vursa da sonuncu zənglərə cavab verməmişdir. Orxan aldadıldığını başa düşüb bu barədə polisə məlumat vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış X2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 6000 (altı) min manat pulu xx.xx.2020-ci il tarixdə təhvil almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə AR CM-nin 221.2.1-ci maddəsi ilə qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 67.1, 68.1.3, 69.3-cü maddələri ilə təqsirli bilinib 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək 3500 manat cərimə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə AR CM-nin 178.2.4, 62, 67.1, 66.5-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay müddətə qazancının 20 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum edilmiş, AR Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarına əsasən islah işləri cəzasından azad edilmiş, xx.xx.2013-cü ildə 3500 manat cərimə cəzasını tam şəkildə ödəmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə CM-nin 73-cü maddəsinə əsasən xitam verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 126.1, 62.1-ci maddəsi ilə təqsirli bilinib (AR CM-nin 178.2.1-ci maddəsi ilə CM-nin 73.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş) 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2019-cu ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 03 ay 10 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020-ci il tarixli könüllü təqdim etmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa Təqsirləndirilən şəxs maşın satmaq adı ilə 14500 manat pulu almağını əks etdirən videogörüntülərin olduğu 01 ədəd CD diski təqdim etmiş və həmin CD diskə baxış keçirilən zaman həmin diskdəki görüntünün foto mağazasında qeydə alındığı və görüntüdəki videoda ağ zolaqlı, qara rəngli idman gödəkcəsi geyinmiş bir nəfər şəxsin vitrinin arxa tərəfində ayaq üstə dayandığı, vitrinin digər tərəfində, yəni komputerin arxa tərəfində əynində göy rəngli köynək geyinmiş şəxsin stulda əyləşərək əlində pul saydığı və həmin şəxsin yanında isə qara-boz rəngli jaket geyinmiş bir nəfər şəxsin stulda əyləşdiyi, göy rəngli köynək olan şəxs saydığı pulu yanındakı stulda əyləşmiş şəxsə verdiyi, həmin şəxsin isə pulu saymağa başladığı, əynində qara-boz rəngli jaket geyinmiş şəxsin əlindəki pulla birlikdə əynində ağ zolaqlı, qara rəngli idman gödəkcəsi geyinmiş şəxslə birlikdə mağazanı tərk etdiyi müəyyən edilmiş, baxış zamanı Zərərçəkmiş şəxs görüntüdə əynində ağ zolaqlı, qara rəngli idman gödəkcəsi olan şəxsin özü olduğunu, göy rəngli köynək geyinmiş və pulu verən şəxsin tanışı Ziyad olduğunu, əynində qara-boz rəngli jaket olan və pulu Ziyaddan alaraq foto mağazanı tərk edən şəxsin isə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. İttiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan olunmuş və tutularaq Nərimanov RPİ-nin İŞnə təhvil verilməsinin təmin edilməsi qərara alınmışdır. Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Siyəzən rayonu, Zarat postunda saxlanılaraq Nərimanov RPİ 16-cı PB-nə gətirilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Tutma haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(005)- 177/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbesetmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla xx xxxxx 2021-ci il tarixədək müddətə həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanınma haqqında xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə AR CMnin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs 14500 manat pulu almasını əks etdirən videogörüntülərin olduğu CD disk iş üzrə maddi sübut qismində tanınması və s. qərara alınmışdır. Zərərçəkmiş şəxs Nərimanov RPİ-nin İŞ-nə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluğu nəticəsində ona dəymiş olduğu 14500 manat maddi zərərin qalıq qalan 7500 manat hissəsini xx.xx.2021ci il tarixdə Təqsirləndirilən şəxs anası Rahilə Qafarova ona ödəmişdir. Bununla da ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Bu səbəblə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. AZE 10953871 və AZE 12734240 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 olmaqla iki azyaşlı övladı vardır. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd etməklə, yekun məhkəmə qərarı çıxarılarkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 10 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 (üç) ay 10 (on) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin həmin tarixdən etibarən altı il müddət keçməməsinə baxmayaraq hazırki cinayət əməlini (xx.xx.2020-ci il tarixdə) törətmişdir. Bununla da Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmış olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyu kimi Qanun işin müstəsna halları anlayışını müəyyən etmir, ona görə də belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edildiyindən, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalı, bu halı müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunu, yəni cinayətin motivi və məqsədi, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, təqsirkarın cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı yüngülləşdirici halları müstəsna hallar hesab etdiyindən, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə residiv nəzərə alınmadan onu cəmiyyətdən tam təcrid etmədən, onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı, 02 ay 10 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu cəmi 02 (iki) ay 10 (on) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi AZ-1008 ünvan 7 ünvanı: mailto:contact@narimanovcourt.gov.azElektron ünvan xx xxxx 2019-cu il № 1(005)- 240/2019 Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(005)- 240/2019 saylı hökmünün surəti məlumat üçün sizə göndərilir. Qoşma: Hökmün surəti. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar