Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-183/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmiş, daşımış, gəzdirmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan C-02588 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş, 12 kalibrli İJ-58 MA modelli, çaxmaqsız, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş bir ədəd odlu yivsiz ov tüfənginin kəsiyini qanunsuz olaraq əldə edib gəzdirməklə mülkiyyətində olan idarə etdiyi AZ seriyalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtomobilinin arxa saxlanc yerində saxlayıb Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov 22 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə saat 11:45-də yuxarıda qeyd edilən ünvanda idarə etdiyi AZ seriyalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtomobilin yanında saxlanılaraq avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin gün saat 14:25-dən etibarən özünün iştirakı və razılığı ilə avtomobilə baxış keçirilən zaman avtomobilin arxa saxlanc yerindən bir ədəd qara rəngli sellofan torbada texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan C-02588 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş, 12 kalibrli İJ-58 MA modelli, çaxmaqsız, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş bir ədəd odlu yivsiz ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 17 yanvar 2023-cü il saat 11:45-də ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi **-TJ-*** qeydiyyat nişanlı "Chevrolet Cruze" markalı avtomobilin yanında olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Sonra ondan özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla onu tanış etmiş, daha sonra Baş İdarəyə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş İdarǝyǝ avtomobillə birlikdə getmiş, orada müdafiəçi ilə təmin edilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunsuz əşya və predmet aşkar edilməmişdir. Daha sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilindən lüləsi kəsilmiş ov tüfəngi aşkar edilərək götürülmüşdür. Son olaraq əməlindən peşmançılıq çəkməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 17 yanvar 2023-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq özü, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 17 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində olması müəyyən edilmiş və əməliyyat qrupunun digər üzvü ilə birlikdə ünvan 5 ünvanına gedərək, orada əməliyyat mövqeyi seçmişlər. Həmin ünvanda olduqları zaman, yəni 17 yanvar 2023-cü il tarixdə saat 11:45-də Təqsirləndirilən şəxs məxsus Az**- TJ-*** qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilin yol kənarında dayandığını, zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin həmin avtomobilin yanında olduğunu görmüş, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu DİN-in BMCMİ-yə dəvət etmiş və həmin şəxs buna etiraz etməmişdir. Odur ki, həmin şəxsin istifadəsində olan Az**-TJ-*** qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobil ilə BMCMİ-yə gəlmişlər. İdarənin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və həmin şəxsin şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək, ona hüquq və vəzifələri izah edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs buna heç bir etirazını bildirməmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər-hansı əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda üzərində odlu silah, döyüş sursatları olmasa da hazırda Baş İdarənin inzibati binasının həyətində saxlanılan idarə etdiyi **-TJ-*** qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobildə 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngi saxladığını və həmin avtomobilə baxış keçirələcəyi təqdirdə lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngini təqdim edə biləcəyini və bununla bağlı idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış başa çatmış və onlar Baş İdarənin həyətində Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilməsi məqsədi ilə həmin avtomobilin yanına getmişlər. Baxış keçirilməsindən öncə Təqsirləndirilən şəxs baxışın video çəkilişdən istifadə edilməklə həyata keçirilməsi barədə məlumat verilmiş və Təqsirləndirilən şəxs buna heç bir etirazı olmadığını demişdir. Baxış başlanmış və təhqiqatçı tərəfindən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs baxış iştirakçılarına etiraz etmədiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi **-TJ-*** qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobildə odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə lülə və qundaq hissəsi kəsilmiş odlu silah ov tüfəngi saxladığını bildirmiş və avtomobili açaraq baxışa təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs arxa saxlanc hissədən sellofan paketi göstərib paketin içərisində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah ov tüfəngi olduğunu qeyd edərək baxışa təqdim etmişdir. Həmin sellofan paket açılarkən sellofan paketin içərisindən 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah ov tüfənginə oxşar predmet aşkar edilmişdir. Daha sonra **-TJ-*** qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilin yük yerindən Təqsirləndirilən şəxs məxsus 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah ov tüfənginə oxşar predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd sellofan paketdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən digər əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs lülə və qundaq hissəsi kəsilmiş odlu silah ov tüfəngini bir həftə öncə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Duz Gölü”nün yaxınlığında yerdən tapdığını və avtomobildə saxladığını hər hansı məqsədlər üçün istifadə etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid1 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən qanunla olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməsə də, Təqsirləndirilən şəxs ilk dəfə olaraq məhz həmin istintaq hərəkəti zamanı avtomobilində qanunsuz olaraq odlu silah olduğunu etiraf etmiş və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə aparılmasına dair protokol tərtib edilmiş, həmin protokol iştirakçıların tərəfindən imzalarla təsdiq edilmişdir. “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə onun idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobildə qanunsuz hər hansısa əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngi olduğunu bildirib avtomobili açıb arxa saxlanc yerində olan 01 ədəd sellofan paketi və həmin sellofan paketin içərisində parçaya bükülmüş 01 ədəd predmeti təqdim etmişdir. Həmin predmetə baxış keçirilərkən 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş vəziyyətdə olan ov tüfənginə oxşar predmet olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs İdarə etdiyi “Chevrolet Cruze” markalı, **-TJ-*** qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş vəziyyətdə olan ov tüfənginə oxşar predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd sellofan torbada qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş, həmin protokol iştirakçıların tərəfindən imzalarla təsdiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 17 yanvar 2023-cü il tarixli, 23/26 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş C- 02588 №li silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş, 12 kalibrli İJ-58 MA modelli, çaxmaqsız, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 4(005)- 68/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Mobil telefona baxış keçirilməsi haqqında” 04 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış istintaq hərəkətinin keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk və baxış keçirilməsi və əşyaların götürülməsi istintaq hərəkətinin keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan avtomobildən aşkar edilərək götürülmüş 12 kalibrli İJ-58 MA modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş odlu silah olan 01 ədəd ov tüfənginin kəsiyi maddi sübut kimi tanınmış və saxlanılması üçün BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 17 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 12 kalibrli İJ-58 MA modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş odlu silah olan 01 ədəd ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 17 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 12 kalibrli İJ-58 MA modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş odlu silah olan 01 ədəd ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-183/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-183/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver