Məhkəmə qərarları › İş №1(005)-184/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-184/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-184/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 16 avqust 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 dekabr 2022-ci il tarixdə saat 17 radələrində tanışları X3 və Şahid1 ilə birlikdə ünvan 2 ünvanda yerləşən “Kafe 021” adlanan kafeyə gəlib həmin kafedə yemək yedikdən sonra tanışı Şahid1 sifariş etdikləri yeməyin hesabını ödəmək məqsədilə Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış A seriyalı, 04805281 nömrəli, 100 nominal Azərbaycan manatı pul əskinasına oxşar ofset çap üsulu ilə hazırlanmış kağızı kafenin icarədarı Şahid3 təqdim etdikdə, sonuncu həmin pulun həqiqi pul əskinası olmadığına şübhə etdiyini bildirib dəyişdirilərək başqa həqiqi pul əskinası ilə əvəz olunmasını dedikdə, Təqsirləndirilən şəxs tanışı Şahid1 tərəfindən verilmiş həqiqi pulun sonradan Şahid3 tərəfindən dəyişdirildiyini deyib, sonuncunu haqsız günahlandıraraq səs-küy salıb mübahisə etdiyinə görə Şahid3 kafedə olan digər şəxslərin istirahətlərinin pozulmasının qarşısını almaq məqsədilə Təqsirləndirilən şəxs tanışları ilə birlikdə kafeni tərk etmələrini tələb etməsini və bunu görən Şahid3 tanışı Zərərçəkmiş şəxs da həmin tələbə dəstək olaraq mübahisəyə müdaxilə edib onlara yaxınlaşaraq kafeni tərk etmələri deməsini cüzi səbəb kimi bəhanə edərək alkoqol təsiri altında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı-insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını kobud şəkildə pozub, şəxsiyyətini başqalarının şəxsiyyəti fövqündə qoyaraq kafedə olan müştərilərin mənafelərinə açıqca hörmətsizlik göstərib üzərində olan təsərrüfat-məişət təyinatlı turist bıçağından silah qismində istifadə edərək Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir zərbə endirməklə şəxs üzərində zor tətbiq edərək ona qarının ön divarının sağ yarısının deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 04 dekabr 2022-ci il tarixdə saat təxminən 12 radələrində təxminən 10 ildir ki, tanıdığı tanışı Elvira Cabarova ilə birlikdə Nərimanov parkında gəzişərkən təsadüfən digər tanıdığı Şahid1la rastlaşıb birlikdə gəzişdikdən sonra “Ulduz” metrostansiyası yaxınlığında yerləşən “Kafe 021” adlanan yerə yemək üçün getmişlər. Həmin kafedə ayrıca otaqda təxminən 3 saat ərzində yemək yeyərkən spirtli içki də qəbul etmişlər. Belə ki, saat təxminən 17 radələrində hesabı verərkən Rafiq cibindən 100 manatlıq pul çıxardıb ofisianta vermişdir ki, pulu çıxsın. Ofisiant isə pulu götürüb getmiş və daha sonra pulun saxta olduğunu bildirərək geri qaytarmışdır. Həmin vaxt o demişdir ki, pulun saxta olmadığını bildirmişdir. Bu vaxt digər işçi adı sonradan Əmikişi kimi məlum olan şəxs gəlib pulun saxta olduğunu və başqa pul vermələrini demişdir. Bu səbəbdən mübahisə yaranmışdır. Daha sonra isə onlara orada olan şəxs, yəni bıçaqla vurduğu sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs də müdaxilə etmiş və kafedən çıxartmaq istəmişdir. Kafenin qapısından çıxardarkən Şamilin hərəkətindən əsəbiləşərək üzərində gəzdirdiyi bıçaqla onun qarın nahiyyəsindən vurmuşdur. Əslində o, həmin şəxsi vurmaq istəməmişdir. Məqsədi isə həmin bıçaqla özünü kəsmək olmuşdur. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, arabir tanışı Şahid3 işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, R.Əliyev küçəsi 5 ünvanında yerləşən “Kafe 021” adı ilə fəaliyyət göstərən yeməkxanaya gəlib gedir. Belə ki, 04 dekabr 2022-ci il tarixdə saat 17 radələrində özü tək həmin kafeyə gəldikdə görmüşdür ki, əvvəllər tanımadığı ikisi qadın olmaqla digəri kişi cinsindən olan şəxslər sərxoş halda mübahisə edirlər, təhqiredici sözlərdən istifadə edirlər. Orada olan digər müştərilərə və işçilərin iş rejiminə maneçilik törədirlər. Lakin o, mübahisənin səbəbini bilməmiş və sakitlik olmaqdan ötrü həmin şəxslərdən xahiş etmişdir ki, kafedən çöldə söhbət etsinlər. Bu an kafedən çıxarkən Nigar qəfildən gözləmədiyi anda cibindən bıçağı çıxardaraq onun qarın boşluğuna bir bıçaq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs dərhal onun əlindən tutmuşdur. Daha sonra orada olan tanımadığı şəxslər də hadisə yerinə yığışmışlar. Bundan sonra isə polis əməkdaşları gələrək həmin şəxsləri aparmış və o, almış olduğu xəsarətlə bağlı X7 müraciət etmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildir ki, ünvan 3 ünvanda yerləşən “Kafe 021” adı ilə fəaliyyət göstərən kafeni icarəyə götürərək işlədir. 04 dekabr 2022-ci il tarixdə saat təxminən 14 radələrində əvvəllər tanımadığı ikisi qadın olmaqla bir nəfər kişi cinsindən olan şəxslər kafeyə daxil olub yemək yeyəcəklərini bildirib kafenin ayrıca otağında əyləşmişlər. Onların sifarişləri əsasında tərəfindən yeməklər verilmiş və həmin şəxslər özləri ilə gətirmiş spirtli içkidə qəbul etmişlər. Onların ümumi hesabı 23 manat olmuşdur. Həmin gün saat təxminən 17 radələrində həmin şəxslər hesabı istədikdə kababçı Şahid4 oğlu kafeyə gəlmiş atasının işdən çıxmasını gözləyən Zamin əlində 100 manatlıq pul əskinası gətirmişdir ki, hesab həmin puldan çıxılsın. O, həmin pulu götürdükdə görmüşdür ki, pul saxtaya oxşayır və ona görə də o, həmin pulu aparıb bildirmişdir ki, bu pulu dəyişdirib başqa pul versinlər. Bu zaman Təqsirləndirilən şəxs pulu onların dəyişdiyini bildirmişdir. O isə öz növbəsində pulu heç kimin dəyişmədiyini bildirmişdir. Bu səbəbdən aralarında otağın içərisində mübahisə olmuş və Nigar onların ünvanına nalayiq sözlər deyib səs küy salaraq polis çağıracağını bildirmişdir. Həmçinin başqa pullarının olmamasını demişlər. O isə görmüşdür ki, mübahisə böyüyəcək, hesabı ödəmək istəmirlər və kafedə olan digər müştərilərin istirahətlərinə narahatçılıq yaranacaq. Ona görə də həmin şəxslərdən kafeni tərk etmələrini tələb etmişdir. Həmin şəxslər də stoldan durub kafeni tərk etmək istədikləri vaxt tanıdığı və kafedə həmişə yemək yeməyə gələn Zərərçəkmiş şəxs kafeyə gəlmişdir. Zərərçəkmiş şəxs onların sözlə mübahisə etdiyini və onun həmin şəxsləri kafedən çıxarmağını gördükdə ona kömək məqsədi ilə qadını sakitləşdirmək istəmişdir. Həmin şəxslər kafedən çıxarkən Şamil çıxmaları üçün qapını açmışdır. Bu vaxt o görmüşdür ki, Təqsirləndirilən şəxs ani olaraq cibindən bıçaq çıxarıb Şamilin qarın nahiyəsindən bir dəfə bıçaq zərbəsi vurmuşdur. Kafedə olan digər tanımadığı müştərilər də bundan sonra müdaxilə etmiş və daha sonra ora gəlmiş polis əməkdaşları həmin şəxsləri aparmışlar. Baş vermiş hadisəyə görə kafenin iş rejimi pozulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, Bakı şəhərinə gələrək Nərimanov rayonu, R.Əliyev küçəsində yerləşən “Kafe 021” adı ilə fəaliyyət göstərən yeməkxanada günü 20 manat olmaqla kababçı işləyib ailəsini dolandırır. Onun oğlu xx.xx.2008-ci il təvəllüdlü Zamin Cəfərli yaxın qohumunun toyu ilə əlaqədar toy mərasiminə getmək üçün özü tək 04 dekabr 2022-ci il tarixdə saat 15 radələrində iş yerinə gəlmişdir. Sonradan məlum olmuşdur ki, otaqda əyləşmiş, onun tanımadığı şəxslərdən kişi cinsindən olan şəxs özündə olan 100 manatlıq pulu oğlu Zaminə vermişdir ki, hesabı çıxsınlar. O da pulu kafenin icarədarı Əmikişiyə vermişdir. Həmin pulun isə saxtaya oxşarlığı olduğundan Əmikişi pulu geri qaytarmışdır ki, digər pul verilsin. Bu səbəbdən də Əmikişi ilə həmin şəxslər arasında sözlə mübahisə olsa da sonradan həmin şəxslərdən olan tanımadığı qadın Şamil adlı şəxsə bıçaqla vuraraq xəsarət yetirmişdir. Daha sonra polis əməkdaşları gəlmiş və o isə oğlu ilə birlikdə toy mərasiminə getmişdir. Qeyd etmişdir ki, həmin şəxsləri tanımır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X4 atası Şahid4 iştirakı ilə şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, atası Şahid4 ünvan 4 ünvanda yerləşən “Kafe 021” yeməkxanasında kababçı işləyir. O, tətil vaxtlarında və ya yay aylarında gəzmək səbəbindən Bakı şəhərinə gəldikdə arabir atasının işlədiyi yerə gəlir. Bu baxımdan da kafenin icarədarı Əmikişini də tanıyır. 04 dekabr 2022-ci il tarixdə bazar günü yaxın qohumlarının toyu ilə əlaqədar o, Bakı şəhərinə gələrək saat təxminən 15 radələrində atası ilə toya birlikdə getmələri üçün atasının iş yerinə getmişdir. Ona görə də atasının işdən çıxmasını gözləmişdir. Belə ki, saat 17 radələrində o, kafedə olarkən ayrıca otaq olan qapının önündən keçən zaman orada əyləşmiş, ikisi qadın biri isə kişi cinsindən olan şəxs hesab ödəyəcəklərini dedikdə Əmikişinin digər müştərilərə başı qarışıq olduğundan, o, otağa yaxınlaşıb həmin şəxslərdən, yəni kişi cinsindən olan şəxsin ona verdiyi 100 manatlıq pulu alaraq hesabın çıxılmasından ötrü Əmikişiyə vermişdir. Əmikişidə ondan pulu aldıqda demişdir ki, bu pul saxtaya oxşayır və bildirmişdir ki, pulu qaytarsın, digər pul versinlər. O da Əmikişinin sözünə əsasən həmin otağa qayıdıb, digər pulun verilməsini xahiş etmiş və Əmikişinin sözünə əsasən pulun saxtaya oxşadığını demişdir. Bu vaxt onunla pulu dəyişdiyini bildirərək mübahisə etmişlər. Həmçinin həmin vaxt Əmikişi otağa daxil olub həmin şəxslərdən xahiş etmişdir ki, 23 manat olan hesabın ödənilməsini digər pulla əvəz etsinlər. Daha sonra görmüşdür ki, Əmikişi həmin şəxsləri otaqdan çıxarır ki, çıxıb getsinlər. O isə kənardan müşahidə edib müdaxilə etməmişdir. Həmin şəxslər kafedən çıxarkən səs küylə və təhqiredici sözlərlə tərk etmişlər. O, orada atasının yanına getmiş və kənardan izləmişdir. Daha sonra ona məlum olmuşdur ki, tanımadığı şəxsi həmin qadınlardan biri bıçaqla vurmuşdur. Bundan sonra isə polis əməkdaşları hadisə yerinə gəlmiş,o isə atası ilə birlikdə toya getmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 və X1 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlər Şahid1 və X1 ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 dekabr 2022-ci il tarixdə saat 12 radələrində təsadüfən Nərimanov parkında gəzişərkən əvvəldən tanıdığı Nigarla rastlaşmış və onunla birlikdə isə Elvina kimi tanıdığı şəxsdə olmuşdur. Bir qədər parkda gəzişdikdən sonra birlikdə Ulduz metrostansiyası yaxınlığında yerləşən “Kafe 021” adlı kafeyə gedərək orada ayrıca kabinetdə oturub birlikdə yemək yemişlər. Həmin vaxt özləri ilə gətirdiyi spirtli içki də qəbul etmişlər. Həmin gün saat təxminən 17 radələrində Şahid1 hesabı verməkdən ötrü üzərində olan 100 manatlıq əskinası kafe işçilərinə təqdim etmişdir. Bir neçə dəqiqədən sonra kafenin müdiri sonradan adını bildiyi Əmikişi adlı şəxs otağa daxil olub bildirmişdir, bu pul saxtadır, pulu dəyişib başqasını versinlər. Həmin pulu da stolun üzərinə qoymuşdur. Bu vaxt Nigar pulu onların özlərinin dəyişdiyini bildirmişdir. Bu səbəbdən mübahisə olduqda Əmikişi onlara kafeni tərk etməyi demişdir. Onlar da bundan sonra kafedən çıxarkən sonradan adını bildiyi Şamil adlı şəxs Əmikişi ilə birlikdə onlara kafedən çıxmağı demişdir. Şahid1 qarşıda olmuş və səsküy yarandığını eşitmişdir. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs özündə olan bıçaqla Şamil adlı şəxsi vurmuşdur. Daha sonra polislər onları 17-ci PŞ-nə aparmışlar. Şahid1 qeyd etmişdir ki, o dəmir qırıntıları yığıb müxtəlif dəmir alınan yerlərdə satır. Təxminən bir aydır həmin 100 manatlıq əskinas ondadır. Həmin pulu da ona dəmir satarkən verilmişdir. Lakin həmin pulun harada və kimin tərəfindən ona verilməsini xatırlamır. Həmin pulun saxta olmasını bilməmişdir. Əgər saxta olduğunu bilsəydi üzərində gəzdirməzdi və təqdim etməzdi. Başqa onda saxta pulun olmadığını bildirmidir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 il olar ki, tanıyır. Belə ki, 04 dekabr 2022-ci il tarixdə saat təxminən 12 radələrində Nigarla ilə birlikdə Nərimanov parkında gəzişərkən təsadüfən əvvəldə tanıdığı, lakin münasibəti olmayan Şahid1la rastlaşıb birlikdə gəzişdikdən sonra üçü Ulduz metrostansiyası yaxınlığında yerləşən “Kafe 021” adlanan kafeyə yemək üçün getmişlər. Həmin kafedə ayrıca otaqda təxminən 3 saat ərzində yemək yemiş və həmin zaman spirtli içki də qəbul etmişlər. Belə ki, saat təxminən 17 radələrində 23 manat hesabı vermək üçün Rafiq cibindən 100 manatlıq pul çıxardıb ofisianta vermişdir. Ofisiant da pulu götürüb getmiş və pulun saxta olduğunu bildirərək geriyə qayıtmışdır. Nigar isə demişdir ki, pul saxta deyil. Sonra otağa digər işçi də gəlmişdir. Bu səbəbdən mübahisə yaranmışdır və Nigar 102 xidmətini yığıb polis çağırmaq istəmişdir. Sonra onlardan kafeni tərk etmələrini tələb etmişlər. Onlar birlikdə kafedən bayıra çıxmış və kafenin önündə dayanarkən məlum olmuşdur ki, Nigar bir nəfər şəxsi bıçaqla vurmuşdur. Daha sonra polis əməkdaşları gələrək onları 17-ci PŞ-nə gətirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:36-da alkoqol qəbulu faktı müəyyən edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 04 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən “Kafe 021” adı ilə fəaliyyət göstərən kafedir. Kafenin girişində həyəti vardır. Baxış zamanı kafenin önündə qan izləri olduğu aşkar edilmişdir. Kafenin icarədarı Şahid3 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Nigar adlı qadın üzərində olan bıçaqla Zərərçəkmiş şəxs zərbə vuraraq xəsarət yetirmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Könüllü təqdim edilən bıçağın götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq maddi sübut kimi götürülərək fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Könüllü təqdim edilən pul əskinasının götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi 01 ədəd A seriyalı, 04805281 nömrəli 100 nominal Azərbaycan manatı pul əskinasına oxşar ofset çap üsulu ilə hazırlanmış kağız maddi sübut kimi götürülərək fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yerləşən “Kafe 021” adı ilə fəaliyyət göstərən kafeyə gətirilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə tanışları Rafiq və Elvira ilə birgə yemək yemişlər və sonra Rafiq hesabı vermək üçün 100 manat vermişdir. Daha sonra ofisiant həmin pulun saxta olmasını bildirmişdir və aralarında mübahisə yaranmışdır. Kafeni tərk edən zaman üzərində olan bıçaqla bir nəfəri vurmuşdur. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)- 1317/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə bəraət verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-64/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-64/2021 nömrəli hökmündən verilmiş apellyasiya protesti təmin edilməmiş və hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 may 2022-ci il tarixli, 1(102)- 653/2022 nömrəli qərarından görünür ki, kassasiya protesti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 xx.xx.2022-ci il tarixli, 1308 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət – qarnın ön divarının sağ yarısının deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən törənib, müddəti qərardan göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 xx.xx.2023-cü il tarixli, 4845 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1740 nömrəli, 14 dekabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində dəyişiklik edilməmişdir. Soyuq silah hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/1580-5/1597 nömrəli, 26 dekabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş A seriyalı 04805281 nömrəli 100 nominal Azərbaycan manatı pul əskinasına oxşar tədqiqat obyektinin kağızının materialı fiziki xassələrinə və kimyəvi tərkibinə görə həqiqi pul əskinaslarının hazırlanmasında istifadə olunan kağız materialından fərqlənir. Həmin obyektin rəngləyici maddəsi kimyəvi tərkiblərinə görə pul nişanların çap olunmasında istifadə olunan rəngləyici maddələrə aid deyildir, mətbəə çap avadanlığında istifadə olunan poliqrafik boyalara uyğundur. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd bıçaq və Şahid1 təqdim etdiyi 01 ədəd A seriyalı, 04805281 nömrəli 100 nominal Azərbaycan manatı pul əskinasına oxşar ofset çap üsulu ilə hazırlanmış kağız maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 21-1/3-6630/7 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-159/2019 nömrəli hökmü ilə 01 il 11 ya 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(005)-21/2022 nömrəli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən məhkumun cəza müddəti 01 il azaldılmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün qismən etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Cəzaçəkmə müddətinin əvvəli – 04 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut - 01 ədəd A seriyalı, 04805281 nömrəli 100 nominal Azərbaycan manatı pul əskinasına oxşar ofset çap üsulu ilə hazırlanmış kağız hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda ekspertiza tədqiqatının ümumi dəyəri 214 (iki yüz on dörd) manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatına görə 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd A seriyalı, 04805281 nömrəli 100 nominal Azərbaycan manatı pul əskinasına oxşar ofset çap üsulu ilə hazırlanmış kağız hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 214 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar