Məhkəmə qərarları › İş №1(005)-185/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-185/2022

29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-185/2022 29.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhərində daimi yaşayış yeri olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Təqsirləndirilən şəxs 19 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində “TAP.AZ” elan sayıtı vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs ilə "xxxx" QSC-nin “Gənclik” stansiyasında görüşüb sonuncunun etibarından sui istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus dəyəri 700 manat olan “Xbox” markalı oyun aparatını guya 1 günü 20 manata sonuncudan icarəyə götürmək adı ilə alıb onu aldadaraq ələ keçirməklə zərərçəkmiş şəxsə 700 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə “TAP.AZ” saytında əvvəllər tanımadığı bir nəfər şəxsin “XBOX” markalı oyun kompüterini icarəyə verməsi barədə həmin sayta yerləşdirdiyi elanı görmüşdür. Həmin şəxs elanda istifadəsində olan mobil nömrəni yazmışdır. O, həmin mobil nömrə ilə əlaqə saxlamışdır. Telefona cavab verən şəxslə danışmışdır. Həmin şəxs özünü ona Ayxan kimi təqdim etmişdir. O, həmin şəxsdən “XBOX” markalı oyun kompüterini bir günü neçə manata icarəyə verdiyini soruşmuşdur. Həmin şəxs ona “XBOX” markalı oyun kompüterini bir günü 20 manat icarəyə verdiyini bildirmişdir. Həmin şəxslə aralarında razılığa gələrək metronun “Gənclik” stansiyasında görüşmüşlər. Onlar görüşən zaman o, Ayxana “XBOX” markalı oyun kompüterini 2 günlük icarəyə götürəcəyini demişdir. Ayxanı inandırmaqdan ötrü o, Ayxana 40 manat pul və özünə məxsus olan sürücülük vəsiqəsinin surətini vermişdir. “XBOX” markalı oyun kompüterini icarəyə götürdüyü gündən 2 gün keçdikdən sonra Ayxan onunla telefon əlaqəsi saxlamışdır. O, Ayxana “XBOX” markalı oyun kompüterini əlavə olaraq 2 gün onda qalmasını istədiyini və kompüteri qaytaracağı gün əlavə 40 manat da verəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə Ayxan yenidən onunla telefon əlaqəsi saxlamışdır. O, Ayxandan kompüteri əlavə 2 gün onda qalmasını xahiş edib Ayxana xx.xx.2021-ci il tarixdə 80 manat pul və kompüteri qataracağını demişdir. Ayxan onunla razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Ayxan onunla yenidən telefon əlaqəsi saxlamışdır. Lakin o, Ayxanın zənginə cavab verməmişdir. xx.xx.2021-ci il tarixdə Ayxan yenidən onunla telefon əlaqəsi saxlamışdır. O, Ayxana şəxsi işləri ilə bağlı Qəbələ rayonunda olduğunu deyib, xx.xx.2021-ci il tarixdə Bakı şəhərinə gələcəyini və həmin vaxt kompüteri Ayxana qaytaracağını demişdir. xx.xx.2021-ci il tarixdə Ayxan onunla yenidən əlaqə saxlamış və o, Ayxanın telefon zəngələrinə cavab verməmişdir. Ayxan ona “WhatsAPP” proqramı vasitəsi ilə smslər yazmağa başlamışdır. O, “WhatsAPP” proqramı vasitəsi ilə Ayxanı aldadaraq ona müxtəlif bəhanələr gətirərək kompüteri qaytarcağını bildirmişdir. Sonra o, Ayxana yalanadan pula ehtiyacı olduğu üçün kompüteri girov qoyaraq əvəzində 280 manat pul götürdüyünü demişdir. Sonradan isə Ayxanın nə zənglərinə nə də ki, “WhatsAPP" proqramı vasitəsi ilə yazdığı smslərə cavab verməmişdir. O, Ayxandan icarəyə götürdüyü “XBOX” markalı oyun kompüterini Abşeron rayonu Xırdalan şəhərində əvvəllər tanımadığı şəxsə 300 manat satmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci tarixdə özünə məxsus olan “XBOX” markalı oyun kompüterini bir günü 20 manata icarəyə verməkdən ötrü şəkillərini çəkərək “TAP.AZ” saytına elan yerləşdirmişdir. Həmin elana istifadəsində olan mobil nömrəni yerləşdirmişdir. xx.xx.2021-ci il tarixdə ona ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir. Ona zəng edən şəxs özünü Səxavət kimi təqdim etmişdir. Sonra Səxavət ona yerləşdirdiyi elanla əlaqədar zəng etdiyini demişdir. Səxavət ondan “XBOX” markalı oyun aparatını 1 günü neçəyə icarəyə verdiyini soruşmuşdur. O, “XBOX” markalı oyun aparatını bir günü 20 manata icarəyə verdiyini demişdir. Səxavət onunla telefonda razılaşmışdır. Sonra onlar razılığa gəlmişdirlər ki, telefonla danışdıqları gün metronun “Gənclik" stansiyasında saat 16 radələrində görüşsünlər. Telefonda danışdıqları gün saat 16 radələrində o, Səxavətlə metronun “Gənclik” stansiyasında görüşmüşdür. Səxavət ona “XBOX” oyun aparatını ondan 2 günlük icarəyə götürmək istədiyini bildirmişdir. Səxavət oyun aparatına baxdıqdan sonra ona 2 gün icarə pulu, yəni 40 manat və özünə məxsus olan sürücülük vəsiqəsini vermişdir. 2 gündən sonra yəni xx.xx.2021-ci il tarixdə o, Səxavətlə telefon əlaqəsi saxlamışdır. Səxavət ona həmin oyun aparatını əlavə olaraq 2 gün icarəyə götürmək istədiyini və kompüteri qaytardığı gün ona əlavə olaraq 40 manat pul verəcəyini demişdir. O, Səxavətlə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə yenidən Səxavətlə telefon əlaqəsi saxlamışdır. Səxavət əlavə olaraq 2 gündə “XBOX” markalı oyun aparatının onda qalmasını xahiş edərək kompüteri qaytardığı gün ona 80 manat pul verəcəyini demişdir. O, Səxavətə inanadığı üçün onunla razılaşmışdır. xx.xx.2021-ci il tarixdə o, Səxavətlə telefon əlaqəsi saxlamışdır. Lakin Səxavət onun zənglərinə cavab verməmişdir. Səhəri gün yəni xx.xx.2021-ci il tarixdə Səxavət onunla telefon əlaqəsi saxlamışdır. Səxavət ona hazırda Qəbələ rayonunda olduğunu demişdir. Səxavət xx.xx.2021-ci il tarixdə Bakı şəhərinə gələcəyini və həmin vaxt onunla görüşüb ona 80 manat pul və ona icarəyə verdiyi “XBOX” markalı kompüteri geri qaytaracağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə o, yenidən Səxavətlə telefon əlaqəsi saxlamış, lakin Səxavət onun telefon zənglərinə cavab verməmişdir. Sonra o, Səxavətə “WhatsApp” proqramı vasitəsi ilə sms göndərərək 80 manat pulu və icarəyə verdiyi “XBOX” markalı oyun aparatını geri tələb etmişdir. O, Səxavətə sms yazdıqdan sonra Səxavət onunla telefon əlaqəsi saxlamışdır. Səxavət ona icarəyə götürdüyü “XBOX” oyun aparatını lombarda girov qoyaraq 280 manat pul götürdüyünü bildirmişdir. Səxavət ona Lombardın pulu ödədikdən sonra oyun aparatını girovdan geri götürə biləcəyini demişdir. Səxavətin onu aldatdığını görüb polisə müraciət edəcəyini demişdir. Səxavət ona get hara istəyirsən şikayət elə demişdir. O, Səxavətin oyun aparatını ona geri qaytarmayacağını görüb xx.xx.2021-ci il tarixdə DİN-nin “102 xidməti zəng mərkəzinə” müraciət etmişdir. Sonra o, hadisə barədə Bakı Metropolitenində Polis Şöbəsinə gələrək ərizə ilə müraciət edib Səxavətin ona verdiyi sürücülük vəsiqəsinin surətini və aralarında olan “WhatsApp” proqramı vasitəsi ilə yazışmaları təqdim etmişdir. Bundan başqa ona “XBOX” markalı oyun aparatını X3 yaşayan Maykıl adlı tanışı alıb hədiyə göndərdiyini, X3 yaşayan Maykıl adlı dostu həmin oyun aparatını 390 ABŞ dollarına aldığını, hazır ki, məzənnə ilə 390 ABŞ dolları 663 manat etdiyini, lakin Azərbaycan Respublikasının hüdudları çərçivəsində həmin oyun aparatının təzəsinin satışının 1050 manat olduğunu, işlənmişinin isə 600 manat civarında olduğunu bildirmişdir. Sonda Zərərçəkmiş şəxs barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Cinayət işinin 12-14-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 29 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər BPİ-nin PŞ-nin təhqiqatçısı X9 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 236-cı maddələrini rəhbər tutaraq əməliyat müvəkkili X2, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu: xx.xx.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə daxil olan məlumat əsasında aparılan araşdırma zamanı vətəndaş Zərərçəkmiş şəxs ərizə ilə Metropolitendə PŞ-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə metronun “Gənclik” stansiyasında dəyəri 700 manat olan “XBOX” oyun kompüterini günü 20 manat olmaqla Təqsirləndirilən şəxs 2 günlük 40 manat müqabilində icarəyə vermiş, lakin Təqsirləndirilən şəxs daha sonra Zərərçəkmiş şəxs qeyd etdiyi oyun kompüterini geri qaytarmayaraq ələ keçirmişdir. Vətəndaş Zərərçəkmiş şəxs oyun kompüterini Təqsirləndirilən şəxs verdiyi yeri təhqiqata göstərmişdir. Belə ki, hadisə yerinə baxan zaman hadisə yeri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən metronun “Gənclik” stansiyasının yaxınlığındadır. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 66-cı vərəqində olan “Təqdim edilmiş predmetə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis X6 baş müstəntiqi X7 icraatında olan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi “WhatsApp” proqramında olan sms yazışmalara və audio səs yazısına iş üzrə Təqsirləndirilən şəxs və müdafiəçi X4 iştirakı ilə baxış keçirtmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim edilmiş “WhatsApp” proqramında olan sms yazışmalarını oxuyaraq və audio səs yazısına qulaq asaraq sms yazışmalarının və audio səs yazısının ona məxsus olduğunu bildirmişdir. Baxış saat 13:55-də başlamış, saat 14:05-də başa çatmışdır. Tərtib olunmuş protokol ucadan oxunmuş, protokolun tərtibi ilə əlaqədar iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil olmamış, doğruluğu imzalarla təsdiq olunmuşdur. Cinayət işinin 67-ci vərəqində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 72-74-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə o, Azərbaycan Respublikası CM-nin 178.2.2, 69.3, 67.1, 68.1.1-1 maddəsi ilə təqsirli bilinib Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən qəti olaraq 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 02 il 02 aya endirilmişdir. Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qanun tətbiq edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. xx.xx.2021-ci il tarixli Yasamal rayon Məhkəməsinin qərarı ilə Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilib 02 ay 16 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin 75-83-cü vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-70/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 oktyabr 2018-ci il tarixdən 13 oktyabr 2018-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq onun qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 12 iyun 2019-cu il tarixə çəkilməmiş qalan 11 ay 11 gün hissəsinin azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla əvəz edilmiş 5 (beş) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə onun qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 12 iyun 2019-cu il tarixdən hesab edilməsi hökm edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-185/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli xx/xx-5793 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulan zərər tam ödənilib və onlar barışmışlar. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(003)-966/2020 nömrəli qərarından görünür ki, ərizənin təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 01 may 2020-ci il tarixli Qanununun tətbiq edilməsi, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi, onun həmin maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsinə dair müddəa və CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəanın xaric olunması, Təqsirləndirilən şəxs üzərində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 12 iyun 2019-cu il tarixə çəkilməmiş qalan 11 ay 11 gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması və onun cəzasının çəkilməmiş hissəsini çəkməsi, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzaçəkməkdən azad edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(004)-41/2021 nömrəli qərarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-966/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 12 iyun 2019-cu il tarixə çəkilməmiş qalan 11 ay 11 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırda çəkilməmiş 5 (beş) ay 3 (üç) günü, Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzası bir gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla 2 (iki) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 4(103)-265/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 1 (bir) ay 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 1 (bir) ay 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (02 ay 02 gün) çıxılsın və üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar