Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-186/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 10 avqust 1985-ci ildə Gürcüstan Respublikası, Bolnisi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Nərimanov rayonu, X5 ev 16, mənzil 8 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,277 qram, 0.270 qram, 0,295 qram, 0,601 qram, 2,807 qram, olmaqla ümumi təmiz çəkisi 4,250 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 0,262 qram olan bir bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşımış, 02.10.2021-ci il tarixdə, saat 23:50-də onun cinayətkar niyyətindən məlumatsız olan Şahid3 idarə etdiyi “Opel Astra” markalı, **-EC-*** qeydiyyat nişanlı avtomobildə sərnişin olaraq ünvan 2 ünvanın qarşısında olarkən, avtomobildə texniki nasazlıqlar olduğundan xidmətdə olan Nərimanov RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən, avtomobildən düşüb qaçdığından saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına aparılmış, PŞdə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibində olan 01 ədəd “Kent” markalı siqaret qutusundan beş bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində “Papanin” adlanan yerə gedərək şəxsi istifadəsi üçün “Qara” adı ilə tanıdığı kişidən 50 manata 05 büküm narktoik vasitə olan “kakos” və 10 manata 01 büküm psixotrop maddə “şüşə” almışdır. “Qara”yla söhbət zamanı ondan 50 manatlıq “kokos” deyilən heroin və 10 manatlıq “şüşə” deyilən metamfetamin istəmişdir. “Qara” isə bildirmişdir ki, onun üzərində olan narkotik vasitə heroinlər bükümlər halındadır və həmin bükümləri çəkilərinə uyğun olaraq hesablayıb qiymətləndirməklə ona satacaq. O, razılaşdığından “Qara” ona 05 büküm heroin və 01 büküm metamfetamin vermişdir. 05 büküm heroindən 04 bükümü xırda olmaqla bir dəfəlik istifadə həcmində olmuş, 01 büküm isə digərlərinə nisbətən daha çox olmuşdur. Həmin narkotik vasitələri daha sonra istifadə etmək üçün bir ədəd boş “Kent” markalı siqaret qutusuna qoyaraq, üzərində saxlamışdır. 02.10.2021-ci il tarixdə saat 23:00 radələrində məhəllədə olarkən əvvəllər tanıdığı Elşən adlı şəxsi təsadüfən yaşadığı ünvanın yaxınlığında görmüşdür. Elşən “Opel Astra” markalı avtomobili idarə edirmiş. Elşən ona avtomobilində nasazlıq olduğundan təmirə vermək istədiyini bildirərək, avtomobili təmirə verməmişdən əvvəl yuduzdurmaq istədiyini, lakin gecə vaxtı hansı avtoyuyucu yerinin işlədiyini bilmədiyini demişdir. O da Elşənə gecə işləyən avtoyuma yeri tanıdığını demişdir. Elşən ondan həmin avtoyuma yerini göstərməyini xahiş elmişdir. O, yaşadığı Fatimə adlı qadınla Nərimanov rayonunda yerləşən “Dədə Qorqud” adlanan parka gəzməyə getmək istədikləri və yol üstü onları da düşürtməyini xahiş etmişdir. Elşəndə bununla razılaşmış və onlar avtomobilə minmişlər. Elşənin idarə etdiyi həmin avtomobildə Nərimanov rayonu, Təbriz küçəsi ilə gedərkən, DYPŞ-nin əməkdaşları Elşənə avtomobili saxlaması üçün saxla işarəsi vermişlər. Elşən avtomobili sağa verib, yol kənarında saxlamışdır. DYPŞ-nin əməkdaşları Elşənin sərxoş olduğundan şübhələndiklərindən, onu sərxoşluğunu yoxlamaq üçün tibbi müayinə aparmaq istədiklərini bildirdiklərində, o, Fatimədən avtomobildən düşməsini istəmişdir. Onlar avtomobildən düşdükdən sonra, üzərində narkotik vasitə olduğu üçün həyəcanlanmış və avtomobildən düşdükdən sonra qaçmağa başlamışdır. Bu zaman polis əməkdaşları ardınca gələrək, onu saxlamışlar. Polis əməkdaşları onun narkotik vasitələrin təsiri altında olduğundan şübhələnib, onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra onu şöbənin xidməti otaqlarının birinə aparmışlar. Otaqda onun hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə video kamera ilə çəkiliş aparırmışdır. Tədqiqatçı ona narkotik vasitələrin qanunsuz olaraq əldə etməkdə şübhəli olduğundan 18-ci PŞ-nə gətirildiyi bildirilməklə, ona hüquq və vəzifələri izah etmişdir. Ona üzərində şəxsi axtarış aparılacağı bildirilməklə, şəxsi axtarış və götürmə prosessininin video çəkilişi aparılacağı bildirilmişdir. O, etiraz etməmişdir. Ondan narkotik vasitələrdən istifadə edib, etmədiyi soruşulduqda, təxminən 3 ay müddətində narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Sonra təhqiqatçı ondan üstündə hər hansı bir qanunsuz olaraq əldə edilmiş əşyanın, narkotikin olub-olmamasını soruşmuş və əgər varsa təqdim etməsini təklif etmişdir. O da əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli “Kent” markalı siqaret qutusunu, sol cibindən isə ümumilikdə 740 manat olan pulu çıxarıb masanın üstünə qoyaraq, “Kent” markalı siqaret qutusunun içərisində narkotik olduğunu demişdir. Bundan sonra təhqiqatçı onun masanın üstünə qoyduğu siqaret qutusunu açdıqda, içərisində 06 ədəd şəffaf politelen bükümü görünmüşdür. Sonra təhqiqatçı həmin büküləri açaraq, bir-bir içərisində olanlara baxmışdır. Beş ədəd bükümdə qəhvəyi rəngli toz halında kütlə və bir bükümdə ağ rəngli kristal halında kütlə görünmüşdür. Ondan həmin kütlələrin nə olduğu, haradan əldə etdiyi soruşulduqda o, beş ədəd bükümdəki toz halında kütlələrin “kokos” olduğunu, bir ədəd bükümdəki ağ rəngli, kristalların isə “şüşə” olduğunu, beş bükümdəki “kokos”ları cəmi 50 manata, “şüşə”ni isə 10 manata iki gün əvvəl “Papanin” deyilən yerdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı polis əməkdaşlarının, onun və müdafiəçisinin iştirakı ilə içərisində “kokos” olan beş ədəd bükümləri və içərisində “şüşə” olan bir ədəd bükümü zərlə qoyaraq möhürləmiş, o, və polis əməkdaşları həmin zərfin üzərini imzalamışlar. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin DYPŞ-nin YPX inspektoru Şahid1 ifadəsində göstərdi ki, 02 oktyabr 2021-ci il tarixdə, saat 23:50-də Nərimanov RPİ-nin DYPŞ-nin Patrul xidməti inspektoru Şahid2 ilə birlikdə **-YP-*** qeydiyyat nişanlı avtomobildə Nərimanov rayonu Təbriz küçəsində xidmətdə olarkən həmin küçədəki avtomobil yolunda “Opel Astra” markalı, **-EC-*** qeydiyyat nişanlı avtomobilin arxa “stop” işıqları yanmadan hərəkətdə olduğunu görüb, avtomobilin sürücüsünə “saxla" işarəsini vermişlər. Avtomobilin sürücüsü avtomobili Təbriz küçəsi 19 ünvanının qarşısında, yol kənarında saxlamışdır. Avtomobildən düşüb, avtomobilə yaxınlaşaraq, sürücüdən avtomobili arxa “stop” işıqlarının yanmamasının səbəbini soruşaraq, sürücülük vəsiqəsini təqdim etməsini istəmişdir. Həmin vaxtı sürücü avtomobildən düşüb ona yaxınlaşmışdır. Avtomobilə baxdıqda sürücüdən başqa bir nəfər kişi və bir nəfər qadın olmaqla iki nəfər sərnişinin olduğunu görmüşdür. Sürücü sürücülük vəsiqəsinin olmadığını bildirərək, şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Şəxsiyyət vəsiqəsinə baxdıqda həmin sürücünün Şahid3 olduğu müəyyən edilmişdir. Avtomobili nasaz vəziyyətdə və sürücülük hüququ olmadan idarə etdiyinə görə Şahid3 barəsində müvafiq inzibati protokol tərtib etmək istəyəndə avtomobildə oturmuş kişi sərnişin özünü şübhəli aparmağa başlamışdır. Sonra isə avtomobildən hər iki sərnişin düşüb, qaçmağa başlamışlar. O və polis baş serjantı Şahid2 kişi sərnişini təqib edərək, onu saxlamışlar. Ancaq “Opel Astra" markalı avtomobili saxladığı yerə qayıtdıqda, avtomobili və sürücünü görməmişdir. Bundan sonra saxladığı şəxsi Nərimanov RPİ-nin 18-ci PŞ-nə aparmaq istədikdə “Opel Astra" markalı avtomobilin yolun kənarında qapıları bağlı vəziyyətdə saxlanıldığını və sürücünün ətrafda olmadığını müəyyən eldiklərindən həmin vaxt xidmətdə olan əməkdaşlara bu barədə məlumat verib avtomobilin duracağa yerləşdirilməsini təmin etmişlər. Saxladıqları şəxsi Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirib PŞ-nin rəhbərliyinə bu barədə yazılı raportla məruzə etmişlər. Yoxlama zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən hüquqlarını müdafiə edilməsindən ötrü vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılması üçün şübhəli şəxs qismində tutularaq, şübhəli şəxsin hüquq və vəzifələri ona izah edilməklə, şəxsi axtarış və götürmənin video çəkilşə aparılacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik varsa könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sol yan cibindən bir büküm pul və sağ yan cibindən qara rəngli “Kent” markalı siqaret qulusu çıxarıb, masanın üstünə qoyaraq, siqaret qutusunda narkotik olduğunu bildirmişdir. Siqaret qutusu açılıb, içərisindəkilər masanın üstünə boşaldıqda 6 ədəd politelen büküm aşkar olunmuşdur. Həmin bükümlər təhqiqatçı tərəfindən açılıb, içərisinə baxıldıqda, beş ədədinin içərisində qəhvəyimtil rəngli toz halında kütlə, bir bükümdə isə ağ rəngli kristal şəklində kütlə olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, beş ədəd bükümdə olan kütlələr narkotik vasitə olan “kokos"-dur, bir ədəd bükümdə olan ağ rəngli kristal kütlə isə “şüşə"dir. Həmin narkotikləri o, iki gün əvvəl “Papanin" adlanan yerdən adını bilmədiyi şəxsdən cəmi 60 manat verməklə, özünün istifadəsi üçün almışdır. Şəxsi axtarış davam etdirildikdə Təqsirləndirilən şəxs üzərindən başqa əşya, predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 06 ədəd sellafan bükümlər bir ədəd zərlə qoyulmuşdur. Zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin DYPŞ-nin YPX inspektoru Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 25-26-cı vərəqəində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 27-28-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 03 oktybar 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ 18-ci PŞ-nin təhqiqatçısı X3 tərtib etmişdir həmin protokolu Azərbaycan Respublikası CPM-nin 51-ci, 246.2.1-ci və 247-ci maddələrinin tələbinə əsasən ondan ötrü ki, 02.10.2021-ci il tarixdə saat 23:50 radələrində Nərimanov RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektorları tərəfindən Nərimanov rayonu, Təbriz küçəsi 19 ünvanın qarşısında Opel Astra markalı, **-EC-*** dövlət nömrə nişanlı avtomaşında sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs saxlanılmış, sorğu-sual zamanı rabitəsiz danışdığı üçün və qaçdığı üçün şübhəli şəxs qismində 18-ci PŞ-nə gətirilmişdir. 18-ci PŞ-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. İştirakçıların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən üzərinə “Kent” yazılmış siqaret qutusunu, sol cibindən isə 740 manat pul əskinası aşkarlanmışdır. Siqaret qutusunun içərisindən 05 ədəd sellofan kağıza bükülmüş qəhvəyi rəngli, spesifik qoxuya malik maddələri və 01 ədəd gümüşü siqaret kağızına bükülmüş ağ rəngli, kristal şəkilli maddə aşkar edilmişdir. Bunlardan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və və ya maddə aşkar olunmamışdır. Bununla da, şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatmışdır, iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmamışdır. Cinayət işinin 36-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2021-ci il tarixli, 6/4358 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr” yazsısı olan zərfdəki 5 (beş) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,277 qr, 0,270 qr, 0,295 qr, 0,601 qr, 2,807 qr, ümumi təmiz çəkisi 4,250 qram qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,262 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 56-cı vərəqində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs bu qəbzi yazmışdır ondan ötrü ki, 03.10.2021-ci il tarixdə şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 740 manat pulu Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Səddam Hüseyndən təhvil almışdır. Cinayət işinin 96-100-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-991/2021 saylı, 04.10.2021-ci il tarixli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 04 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 03 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 128-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 08.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 137-138-ci vərəqələrində olan “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 09 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 05 (beş) ədəd bükümdə təmiz çəkisi 4,250 qram olan narkotik vasitə heroinin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,262 qram olan psixotrop maddə metamfetaminin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla ümumi təmiz çəkisi qalıq çəkisi 4,050 qram olan 05 ədəd bükümdə narkotik vasitə heroin və təmiz qalıq çəkisi 0,212 qram olan 01 ədəd bükümdə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 03 oktyabr 2021-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD-R” diskin üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işinin istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 160-cı vərəqində olan Bakı şəhəri Nərimanov RİH-nin MKİB-nin 37 saylı MKİS-i tərəfindən verilmiş 18.10.2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 234-235-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 23 noyabr 2021-ci il tarixli, 4642 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 245-258-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və törədilməsi müəyyən edilən cinayət əməlinin tövsif edilməsi haqqında” 19 yanvar 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibində olan 01 ədəd “Kent” markalı siqaret qutusundan beş bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetaminin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin və 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metafetaminin təmiz çəkisi müvafiq olaraq 4,250 qram və 0,262 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 23 (iyirmi üç) iş saatına görə 138 (yüz otuz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 03 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 4,050 qram olan narkotik vasitə heroin və 0,212 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 23 (iyirmi üç) iş saatına görə 138 (yüz otuz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-186/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-186/2022
18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver