Məhkəmə qərarları › İş №1(005)-188/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-188/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-188/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, pula ehtiyacı olduğundan icarəyə tikinti materialları verən yerə gedib icarə adı ilə tikinti materialları almaq və sonradan həmin tikinti materiallarını satmaqla maddi problemlərini həll etmək qərarına gəlmişdir. Buna görə xx.xx.2021-ci idə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yolunda yerləşən “Dərnəgül tikinti materialları” bazarına getmiş və orada sonradan adı ona məlum olan və əvvəllər tanımadığı Zərərçəkmiş şəxs adlı şəxsin icarəyə tikinti materialları verdiyini görmüşdür. xx.xx.2021-ci ildə Şahinlə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yolunda yerləşən bazardakı obyektdə görüşmüş və tikintidə istifadə edilən materiallara baxmışdır. Həmin tikinti materialları dəmir dirəklər, diklər və taxtalardan ibarət olmuş və həmin mallar tikintidə beton vurulması zamanı istifadə edilir. Həmin materialları 1 ay müddətinə 790 manata Şahindən icarəyə götürməyə razılaşmışdır. Şahin həmin materialları harada istifadə edəcəyini maraqlanmışdır. O da Şahinə Hökməli qəsəbəsində tikilən evin inşasında istifadə edəcəyini bildirmişdir. Həmin vaxtı o, Şahinlə razılaşdiğı üçün icarə pulu 790 manatı Şahinə vermiş və yerə baxdıqdan sonra malı götürəcəyini demişdir. Həmin gün Şahinlə Abşeron rayonu, Hökməli dairəsində görüşərək tikilən evə baxmağa getmişlər. Şahin tikilən evləri görəndən sonra malı verməyə razılıq vermişdir. O da Şahinin ona verdiyi yük maşının sürücüsünə zəng edərək malı doldurub Hökməli dairəsinə gətirməyini demişdir. O, Abşeron rayonu, Hökməli dairəsində yük maşınını qarşılamış və onları Hökməli qəsəbəsində tikinti işlərinin apardığı həyətə tökdürmüş, sürücüyə isə yol xərci olaraq 100 manat pul vermişdir. Malı boşaltdıqdan sonra həmin tikinti materiallarını internetdə satılması ilə bağlı elan qoymuşdur. Daha sonra əvvəllər tanımadığı Elşən adlı şəxs ona zəng edərək malı almaq istədiklərini bildirmişdir. Bu məqsədlə o, Elşənlə görüşmüş və həmin malları 4800 manat müqabilində sonuncuya satmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, o, ünvan 1 ünvanında yerləşən “Tikinti materialları” bazarında icarəyə yer götürərək tikinti materiallarını istifadə etmək məqsədi ilə müştərilərə icarəyə verir. İcarəyə verdiyi dəmir dirəklər, diklər və taxtalar tikintidə beton vurulması zamanı istifadə edilir. xx.xx.2021-ci il tarixdə əvvəllər tanımadığı, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs ona zəng edərək onda olan tikinti materiallarını 1 aylıq müddətə icarəyə götürmək istədiyini bildirmişdir. Buna görə 3 gün sonra, yəni xx.xx.2021-ci ildə Tehranla iş yerində görüşmüş və tehran tikintidə istifadə edilən materiallara baxmışdır. Tehran həmin materialları 1 ay müddətinə 790 manata ondan icarəyə götürməyə razılaşmışdır. O, Tehrandan həmin materialları harada istifadə edəcəyini soruşmuşdur. Tehran da ona həmin materialları Abşeron rayonu, Hökməli qəsəbəsində tikilən evin inşasında istifadə edəcəyini bildirmişdir. O, Tehrana tikinti materiallarını harada istifadə etməsini görmək istədiyini və gələcəkdə hər gün malı nəzarətdə saxlamaq üçün tikintiyə baş çəkəcəyini və yalnız bundan sonra həmin malları icarəyə verə biləcəyini söyləmişdir. Tehran həmin vaxtı ona aylıq 790 manat verərək çıxıb getmişdir. O, bazarda yük daşıma ilə məşğul olan şəxsə zəng vurub obyektə çağırmış və tikinti materiallarını yük maşınına doldurmağını və malı sifariş verən şəxsin ona zəng etdikdən sonra malı dediyi ünvana, yəni Hökməli qəsəbəsinə aparacağını sürücüyə demişdir. Tehranla Hökməli dairəsində görüşmüş və tikilən evə baxmağa getmişlər. Görmüşdür ki, həqiqətən də 2 həyət evi tikilməkdədir və ora beton tökülməsi üçün onun icarəyə verdiyi materiallara ehtiyac vardır. Tehranla Abşeron rayonu ərazisində yerləşən tikintidə razılaşdığı üçün sürücüyə zəng vurub problem olmadığını, Tehranın ona yığacağını bildirmişdir. Tehran da həmin sürücüyə zəng vurmuş və Hökməli dairəsinə gəlməyini demişdir. xx.xx.2021-ci il tarixdə o, Tehrana icarəyə verdiyi tikinti materiallarına baxmaq üçün Hökməli qəsəbəsindəki evə getmiş və tikinti materiallarının orada olmadığını görmüşdür. O, Tehranı işlədiyi obyektə çağırmış və artıq şübhələndiyi üçün Tehranla sorğu-sual edib ona icarəyə verdiyi malların Hökməli qəsəbəsindəki evdə olmadığını demişdir. Bu zaman Tehran ona etiraf etmişdir ki, icarəyə verdiyi tikinti materiallarını satıb pulunu ələ keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: - uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; - cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Məhkəmə qeyd edir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli qərarının 4-cü bəndi). Hazırki iş üzrə Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə yolu ələ keçirdiyi tikinti materiallarına dair sərəncam və ya ondan istifadə etmək hüququ həmin əmlakın ona təhvil verildiyi anda yaranmışdır. Yəni, onun tərəfindən törədilməsi ehtimal olunan dələduzluq əməli Zərərçəkmiş şəxs məxsus tikinti materiallarının ona təhvil verildiyi yerdə, Abşeron rayonunun Hökməli qəsəbəsində başa çatmışdır. Məhkəmə qeyd edir ki, məlum dövr ərzində fasiləsiz olaraq törədilən müəyyən kriminal əməl olan uzanan cinayət hər hansı kriminal hərəkətin (hərəkətsizliyin) törədildiyi andan başa çatmış hesab edilir. Uzanan cinayətin törədildiyi yer onun başa çatdığı yer hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ehtimal olunan dələduzluq əməli Abşeron rayonu ərazisində başa çatdığından hazırki cinayət işinə aidiyyəti üzrə həmin ərazinin aid olduğu birinci instansiya məhkəməsində, yəni Abşeron Rayon Məhkəməsində baxılmalıdır. CPM-in: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır; 300.1, 300.1.4-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar