Məhkəmə qərarları › İş №1(005)-188/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-188/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-188/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 17 noyabr 2021-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanının qarşısında olarkən, X17 Alayının əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı ona məxsus olan əynindəki göy rəngli godəkçənin sol yan cibindən bir ədəd üzərində “Tik-Tak” əmtəə yazısı olan şəffaf rəngli plastik qutunun içərisinə qoyulmuş 0,590 qram psixotrop maddə olan metamfetamin daxilində narkotik vasitə heroinın izləri olan 01 ədəd 2 ml-lik istifadə olunmuş boş şpris və 01 ədəd uc hissəsi sınmış şüşə dərman ampul aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində ünvan 4 ünvanın qarşısında duran zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər, söhbət zamanı ondan şübhələndiklərinə görə onu Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə gətirmişlər. Orada xidməti otaqda video kamera çəkilişinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd üzərində Tik-Tak əmtəə yazısı olan şəffaf rəngli plastik qutunun içərisinə qoyulmuş psixotrop maddə olan metamfetamini, bir ədəd şprisi (Tibbi iynəni) və bir ədəd baş tərəfi sındırılmş şüşə ampulanı könüllü olaraq təqdim etmişdir. O, bildirmişdir ki, həmin cibindən aşkar olunan psixotrop maddə metmafetamin və digər qeyd etdiyi əşyalar onundur və ona məxsusdur, onu xx.xx.2021-ci il tarixdə yaşadığı Binəqədi rayonu ərazisində yerləşən evin yaxınlığında yerdən tapmış, özü istifadə etmək üçün üzərində saxlamışdır. Təqdim etdiyi psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X17 Alayının 1-ci Patrul Bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 11:30 radələrində həmkarı ilə xidmətdə olan zaman Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanının qarşısında xidmət aparan zaman adını sonradan bildiyi “Məhəmməd” adlı şəxsi görmüşlər. Məhəmməd özünü şübhəli apardığına görə tərəfindən saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş, xidməti otaqda saxlanılan şəxsin şəxsiyyəti müəyyən edildi ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Xidməti otaqda video kamera çəkilişinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd üzərində Tik-Tak yazısı olan şəffaf rəngli plastik qutunun içərisinə qoyulmuş psixotrop maddə olan metamfetamini, bir ədəd şprisi (Tibbi iynəni) və bir ədəd baş tərəfi sındırılmş şüşə ampulanı könüllü olaraq təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən bir ədəd üzərində Tik- Tak əmtəə yazısı olan şəffaf rəngli plastik qutunun içərisinə qoyulmuş psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2021-ci il tarixdə yaşadığı Binəqədi rayonu ərazisində yerləşən evin yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X17 Alayının 1-ci Patrul Bölüyünün polis nəfəri X8 digər şahid X4 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Nərimanov rayon Polis idarəsinin 16-cı Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 17-18-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 17 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 24-25-ci vərəqələrində olan “Şübhəli şəxisn üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 17 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində ƏÇPA-nın 1-ci Patrul Bölüyünün polis nəfərləri, polis serjantları Şahid2, X11 tərəfindən Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində saat 12:00 radələrində 16-cı PB-nə gətirilmişdir. 16-cı PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olundu. ƏÇPA-nm 1-ci Patrul Bölüyünün polis nəfərləri Şahid2, X6, Nərimanov RPİ 16-cı PB-nin baş əməliyyat müvəkkili Şahid1 və vəkil X2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Arqo” markalı siqaret, 01 ədəd alışqan, gödəkçəsinin sol yan cibindən isə içərisində maye olan 01 ədəd tibbi iynə, 01 ədəd şüşə ampula və içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan, üzrərində “Tik-Tak” və “Çoca-cola” yazılı 01 ədəd plastmas qabı təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi qabın içərisindəki maddə “şüşə” adı ilə tanınan metamfetamindir. Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində yerdən taparaq əynindəki göy rəngli gödəkçəsinin sol yan cibində öz istifadəsi üçün saxlamışdır. Bu gün yəni xx.xx.2021-ci il tarixdə saat 11:30-da Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanında olduğu zaman orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Cinayət işinin 32-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2022-ci il tarixli, 6/5097 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 218” möhür əksi , “Şübhəli şəxs:..Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd üzərində “Tik-Tak” əmtəə yazısı olan plastik flakonda təmiz çəkisi 0,590 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd 2 ml-lik istifadə olunmuş boş şprisin və 01 ədəd uc hissəsi sınmış şüşə dərman ampulun daxilində narkotik vasitə heroinin izləri müəyyən edildi. Həmin predmetlərdə heroin iz şəklində olduğundan təmiz şəkilərinin məüyyən edilməsi mümkün olmadı. Cinayət işinin 76-78-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-1210/2021 saylı qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 17 noyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 90-92-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 104-cü vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” 27 dekabr 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,590 qram psixotrop maddə metamfemin, 01 ədəd 2 ml-lik istifadə olunmuş boş şpris və 01 ədəd uc hissəsi sınmış şüşə dərman ampulasının iş üzrə maddi sübut kimi tanınması, maddi sübut kimi tanınan və tədqiqatdan sonra qalan təmiz çəkisi 0,540 qram psixotrp maddə olan metamfetaminin Nərimanov Rayon Polis İdarəsinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 110-115-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-312/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 aprel 2020-ci il tarixdən 29 aprel 2020-ci il tarixədək və 28 avqust 2020-ci il tarixdən 29 avqust 2020-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə iki gün hesablanmaqla 6 (altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin 116-cı vərəqində olan Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin 21 dekabr 2021-ci il tarixli, 2134/10-7 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması barədə olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-312/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü xx.xx.2021-ci il tarixində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Belə ki, cəzanın icrası ilə bağlı məhkum Təqsirləndirilən şəxs gəlib qeydiyyata düşmədiyindən və məhkumun yeri məlum olmadığından Təqsirləndirilən şəxs barəsində Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən tutulma prosessual məcburiyyət tədbiri tətbiq edilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə məhkumun axtarılması barədə qərar qəbul olunaraq Şirvan şəhər Pols şöbəsinə göndərilmiş və polis şöbəsində axtarış işi açılmışdır. Odur ki, Təqsirləndirilən şəxs axtarışda olduğundan ona təyin edilən azadlığın əhdudlaşdırılması cəzası çəkilməmiş hesab edilmişdir. Cinayət işinin 117-118-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsinin Ambulator X1 dair xx.xx.2021-ci il tarixli, 5268 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 119-123-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd CD diskin maddi sübut kimi tanınması və saxlanılması üçün cnayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Şirvan Şəhər Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 7(032)- 100/2022 saylı qərarından görünür ki, təqdimatın təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs barəsində “08 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2022-ci il tarixli qərarının 5-ci hissəsinin tətbiq edilməklə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-312/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinin 01 il azaldılması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinin 30 iyun 2022ci il tarixli, 2134/10-7 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması barədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)312/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü xx.xx.2021-ci il tarixində Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinin icraatına daxil olmuş və məhkum cəzanı icra etməkdən boyun qaçırdığı üçün barəsində Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə tutulma prosessual məcburiyyət tədbiri tətbiq edilmişdir. Daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yeni cinayət törətmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı il barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 5 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinin təsiri altına düşdüyündən barəsində məhkəməyə təqdimat verilmiş və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun cəzası 01 il azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə qeydiyyata düşmədiyindən və axtarışda olduğundan ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş hesab edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd üzərində Tik-Tak yazısı olan şəffaf rəngli plastik qutunun içərisində psixotrop maddə metamfetamini təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,590 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun bu məhkumluğu (Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü) azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-312/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və Şirvan Şəhər Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 7(032)-100/2022 nömrəli qərarı ilə müddəti 01 il azaldılmış azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 5 (beş) ay 24 (iyirmi dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilərək X5 cəza təyin edilməli, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 7 (yeddi) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 41 (qırx bir) iş saatına görə 246 (iki yüz qırx altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-312/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və Şirvan Şəhər Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 7(032)-100/2022 nömrəli qərarı ilə müddəti 01 il azaldılmış azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 5 (beş) ay 24 (iyirmi dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 7 (yeddi) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (01 il 02 ay 26 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,540 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətlərinin aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 41 (qırx bir) iş saatına görə 246 (iki yüz qırx altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar