Məhkəmə qərarları › İş №1(005)-189/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-189/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-189/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş X1 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 müdafiəçisi X2, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi 1 ünvanında qeydiyyatda olan X6 tərəfindən qanunsuz yollarla onun işgüzar nüfuzuna zərər vuran təhqiramiz formada məlumatlar yaymağa başlamışdır. Quraşdırılma videolarla, onu nüfuzdan salmaq üçün həqiqətə uyğun olmayan məlumatlarla öz dələduzluğunu gizləmək məqdəsini güdmüşdür. “AzEstetik X4 rəhbəri Sevinc Cəlilova adlı şəxs həkim deyil, amma həkim kimi fəaliyyət göstərir. Sosial şəbəkələrdə özünü “Doktor” kimi təqdim edərək geniş istehlakçı kütləsinin aldadılmasına səbəb olmuşdur. S.Cəlilova özünün ona müraciət edən pasiyentlərə həkim olduğuna inandıraraq onlara kosmetoloji prosedurlar tətbiq edir ki, bu da öz növbəsində tibbi müdaxilə deməkdir və yalnız bu sahədə ixtisaslı mütəxəssis tərəfindən icra edilməlidir. Hətta lazer-kosmetik cihaz və avadanlıqların alıcılarına belə özünü həkim kimi göstərərək onları da aldatmağa çalışmışdır. Doktor/həkim adı altında işləyən S.Cəlilovanın isə, ümumiyyətlə, tibb təhsili yoxdur, hər bir tibb işçisi üçün zəruri olan sertifıkasiya prosesindən keçməmişdir. Mövcud qanunvericiliyimiz yalnız tibb təhsili olan və qaydalara uyğun sertifikasiyadan keçən şəxslərin tibbi fəaliyyətlə məşğul olmasına imkan verdiyindən və sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olması qadağan edildiyindən bu faktın aidiyyəti dövlət orqanları tərəfindən araşdırılması üçün bir vətəndaş kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə (Nazirlik) müraciət etdim. Müraciətim Nazirlik tərəfindən 25 iyul 2023-cü il tarixli 3-28/2-H- 58xx-xx-6359/2023 nömrəli məktubla cavablandırılmışdır. Həmin cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri”ndə X6 barədə məlumatlar mövcud deyildir və bu şəxs praktik tibb fəaliyyəti ilə məşğul olan tibb işçilərinin sertifikasiya prosesində hər hansı bir ixtisas üzrə iştirak etməmişdir. Nazirlikdən cavab əldə etdikdən və əmin olduqdan sonra aldadılan şəxsləri xəbərdar etmək məqsədilə sosial media üzərindən paylaşımlar etdim. Bundan qəzəblənən S.Cəlilova böhtan kompansiyasını işə salmış, onun barəsində xoşagəlməz məlumatların əks olunduğu video paylaşmağa başlamışdır. Həmin videoya nəzər saldıqda, açıq-aşkar məni ələ saldıqlarını və aiçatmaq istədiklərinin aydın şahidi olmaq olar. Belə ki, “Kreditle_cihazlar” adlı instagram hesabında paylaşılmış videonun əvvəlində “Xanımlara qənim kəsilən kimdir” adlı başlıq yerləşdirilməklə “AZCOSMETİCS” şirkətinin, Kənan Zeynalovun şirkətinə aldanmayın onun kimi” çağırış edilmişdir. Bu video ilə elə təəssürat formalaşdırılır ki, guya “AZCOSMETİCS” şirkətinin rəhbəri K.Zeynalovun öz dəstəsi ilə onlarla xanıma qarşı qanunazidd hərəkətlərə yol vermiş, insanları aldatmış, buna görə də həmin xanımların bir neçəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Videoda hər çıxış zamanı “Mütəşəkkil dəstə” adı altında “Məşhur Samirə” yazılaraq onun fotoşəkli yerləşdirilmişdir. Bu video ilə açıq-aşkar onu cinayətkar qrupun üzvü olaraq təqdim etməyə çalışılmışdır. Daha sonra Fatimə xanımın çıxışında da fotoşəklim göstərilmişdir. Tükəzban xanım tərəfindən söylənilən nitqdə isə onunla əlaqə saxlanılarkən kobud şəkildə cavab verdiyi bildirilmişdir. Aynur xanım isə onun adını çəkərək onu “maşennik” adlandırmış və guya onu çətin vəziyyətə saldığını iddia etmişdir. Daha sonra bu video kifayət etməzmiş kimi, həmin hesab üzərindən onun şəkli yerləşdirilərək “Mütəşəkkil dəstənin ən fəal üzvü” kimi “Məşhur Samirə” olaraq geniş əhali kütləsinə təqdim edilmişdir. Alçaldıcı informasiyanın əks olunduğu bu video internet informasiya ehtiyatında geniş surətdə yayılmışdır. Həmin videoda guya onun kimliyi ifşa olunmuş, yalançı, maşennik və cinayətkar qrupun üzvü olmağı barədə tamamilə əsassız şəkildə əhali kütləsinə çağırışlar edilmiş, bununla da onun haqqında yanlış təəssüratın yaranmasına səbəb olmuşlar. Aydındır ki, bu işin arxasında S.Cəlilovun birbaşa özü dayanır və o, öz qanunsuz əməllərini ört-basdır edilməsi üçün biznes etikasından kənar və qeyri-qanuni yollara əl atmaqdan çəkinməmişdir. Bir növ qisas almaq motivi ilə hücuma keçmişdir. Xüsusilə qeyd edilməlidir ki, S.Cəlilova bu və bənzər videoların yayılmasında intensiv iştirak etmiş, öz rəsmi “İnstagram” hesabında videolar paylaşaraq onun şərəf və ləyaqətilə bağlı neqativ fikrilər yaratmaqda xüsusi canfəşanlıq göstərmişdir. Bununla əslində S.Cəlilova özünə yönəlmiş mənfi oxları “AZCOSMETİCS”ə və onun əməkdaşı olduğu üçün ona çevirməyə cəhd göstərmişdir. Nəzərinizə çatdıraq ki, S.Cəlilova ictimai fiqur olmaqla vətəndaşlara təsir etmək qabiliyyəti olan geniş kütləyə - 70,000 izləyiciyə malikdir. İntsaqramda mavi ulduz da almışdır. Bu da ən azı 70,000 baxış deməkdir. Təsadüfi deyildir ki, sonralar bu videoaları görən əməkdaşları onunla əlaqə saxlayır, atılan böhtanların həqiqi olub-olmadığını, aldadıldıqlarını sorğulayırlar. Ailəsi, yaxınları və tanışları da bu quraşdırılmış videoları görmüşdür və onun kimi olduqca məyus olmuşlar. Ləyaqətlə və vicdanımla işimi yerinə yetirməyi, haqlı davranışı tamamilə təhrif olunmuş başqa bir formada ifadə edilmiş və bu çoxlarının ona qarşı etibarının yox olmasına səbəb olmuşdur. Onu tanıyan şəxslər videolardaki məlumatların saxta olduğunu bilsə də, tanımayanlara münasibətdə öz məqsədinə çata bilər. S.Cəlilova onun şəxsiyyətinə qarşı şübhə toxumunu əkərək onun daha da böyüməsinə nail olmaqdadır. Bu çıxışlar onun şəxsilə bağlı olan və onun müsbət imicinə, qazandığı etibara ciddi ziyan vuran məsələdir. Həmin məlumatlar cəmiyyət və yaxud ayrı-ayrı qruplar və ya şəxslər arasında onun barəsində mənfi rəy yaradaraq işgüzar nüfuzumuzu ləkələmiş, hüquqi məsuliyyətin yaranması üçün əsas kimi çıxış etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayət ərizəsində göstərilənləri müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət şikayət verilən X6 verilmiş şikayətin qanunsuz və əsassız olduğundan icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Bununla da, X1 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil. Belə ki, CPM-nin 293.3.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 barədə məlumatlar natamam göstərilmiş, onun doğulduğu il, məşğuliyyət növü və vəzifəsi şikayətdə əks olunmamışdır. Bundan başqa CPM-nin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərədə tutulmuş əməlin məhs həmin şəxs tərəfindən törədilməsi şikayətdə dəqiq müəyyən olunmamışdır. Həmçinin CPM-nin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) ətraflı və dəqiq qeyd edilməmidşir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələr ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikasının CPM-si ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar