Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-19/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf polietilen bükümün içərisində təmiz çəkisi - 0,930 qram narkotik vasitə olan heroin və 01 ədəd kağız bükümün içərisində təmiz çəkisi- 0,093 qram psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 14 dekabr 2021-ci il tarixdə saat 10:30 radələrində ünvan 2 ünvanın qarşısında olarkən Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitə və ya psixotrop maddə təsiri altında olmasında şübhəli bilindiyindən saxlanılaraq 17-ci Polis şöbəsinin inzibati binasına gətirilmiş, şöbənin inzibati binasının xidməti otaqlarının birində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümün içərisində təmiz çəkisi- 0,930 qram narkotik vasitə heroin və 01 ədəd kağız bükümün içərisində təmiz çəkisi- 0,093 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 dekabr 2021-ci il tarixdə günorta saatlarında Zabrat qəsəbəsi ərazisində, dəqiq ünvanı xatırlamadığı, əvvəllər tanımadığı ilk dəfə gördüyü İran İslam Respublikası vətəndaşı olduğunu ona dediyi, lakin ad, soyad və ata adı, eləcə də digər anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün ona 20 manat ödəməklə 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə psixotrop maddə hesab edilən metamfetamin almışdır. Daha sonra əldə etmiş olduğu həmin narkotik maddələri əynindəki cins şalvarın sol yan cibinə qoymuşdur ki, bədənində ağrılar olduqda istifadə etsin. O, həmin gün narkotik vasitə heroin və psixotrop maddə hesab edilən metamfetamini istifadə etmədiyindən həmin bükümlər şalvarının cibində qalmış və o, bu barədə unutmuşdur. Lakin, 14 dekabr 2021-ci il tarixdə səhər saatlarında həmin göy rəngli cins şalvarını əyninə geyinmiş və 09 dekabr 2021-ci il tarixdə əldə etdiyi 01 ədəd içərisində heroin olan sellofan büküm və 01 ədəd içərisində metamfetamin kağız bükümü aşkar etmişdir. Bundan sonra, o, yaşadığı ünvandan çıxıb şəxsi işləri üçün getmişdir. Həmin gün təxminən saat 10:30-da ünvan 4 ünvanında yerləşən “Şeş-beş” restoranının qarşısında olarkən əvəllər tanımadığı və mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib, Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin əməkdaşları olduqlarını ona bildirmişlər. Bundan sonra, polis əməkdaşları ona hərəkətlərindən narkotik vasitə və ya psixotrop maddə təsiri altında olduğundan şübhələndikləri üçün onlarla 17-ci polis şöbəsinin inzibati binasına getməyini xahiş etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə 17-ci polis şöbəsinin inzibati binasına getmişdir. Polis şöbəsinə çatdıqda xidməti otaqların birində ona hüquqları izah edilmiş, eləcə də hüquq və vəzifələrinin müdafiə edilməsi məqsədilə müdafiəçinin hüuququndan istifadə etmək hüququ barədə məlumat verilmişdir. O, polis əməkdaşlarına şəxsi vəsaiti hesabına müdafiəçi tuta bilməyəcəyini bildirdikdə onun hüquqlarının müdafiə edilməsi məqsədilə müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. O, da təqdim edilmiş müdafiəçiyə heç bir etirazının olmadığını, onun tərəfindən hüquq və vəzifələrinin müdafiə edilməsinə razı olduğunu bildirmişdir. Polis əməkdaşları onun üzərinə videoçəkilişlə şəxsi axtarışın aparılmasını bildirdikdə o, onların bu təklifinə heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra, xidməti otaqda müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarışa başlanılmazdan öncə üzərində qanunla qadağan olunmuş maddə və ya əşya olub-olmaması ondan soruşulmuş, o, da polis əməkdaşlarına əynindəki göy rəngli cins şalvarının sağ yan cibində 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirərək həmin bükümləri cibindən çıxarıb masanın üzərinə qoymaqla onlara təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş əlavə maddə və ya əşya aşkar edilməmişdir. Polis əməkdaşları psixotrop maddə və narkotik vasitəni haradan əldə etdiyini ondan soruşduqda o, onlara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və narkotik vasitə heroini 09 dekabr 2021-ci il tarixdə günorta saatlarında Zabrat qəsəbəsi ərazisində, dəqiq ünvan yadında olmayan, İran İslam Respublikası vətəndaşı olduğunu ona deyən, əvvəllər tanımadığı, ad, soyad və ata adı, eləcə də digər anket məlumatları və əlaqə nömrəsini bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata almışdır. Bundan sonra polis əməkdaşları ondan aşkar olunmuş 01 ədəd kağız bükümdəki psixotrop maddə metamfetamini və 01 ədəd sellofan bükümdəki narkotik vasitə heroini zərfə qoyaraq möhürləmişlər. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və düzgün tərtib olunduğu üçün iştirakçılarla birlikdə o, da protokolu imzalamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 14 dekabr 2021-ci il tarixdə saat 10:30-da 17-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Məmmədov Sənan Hicran oğlu ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 5 ünvanında yerləşən "Şeş-Beş” adlı kafenin qarşısında bir nəfər əvvəllər tanımadığı kişi cinsli şəxsin yerişindən və hərəkətlərindən özünü narkotik vasitənin təsiri altında olan şübhəli apardığını görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən onlarla 17-ci PŞ-nin inzibati binasına gəlməsini xahiş etmişlər və Təqsirləndirilən şəxs onlara etiraz etmədikdə birlikdə şöbəyə gəlmişlər. Polis şöbəsinin inzibati binasında həmin şəxsin şəxsiyyətini dəqiqləşdirdikdən sonra onlara məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis şöbəsinin xidməti otaqlarının birində ona hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçinin xidmətindən istifadə etmək hüququnun olması izah edilməklə onun hüquqlarını qorumaq üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdə sonuncu müdafiəçiyə etirazının olmadığını, onun tərəfindən hüquqlarının müdafiə edilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Polis şöbəsinin xidməti otağında tərəflərindən videoçəkilişlə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şəxsi axtarışa başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ yan cibində 01 ədəd kağız bükümdəki psixotrop maddə metamfetamini və 01 ədəd sellofan bükümdəki narkotik vasitə heroini könüllü olaraq ciblərindən heç bir kənar təzyiq olmadan çıxararaq təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış və onun üzərindən başqa qeyri-qanuni əşya, vasitə və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddə və narkotik vasitəni haradan əldə etməsi şifahi soruşulduqda o, cavab olaraq bildirmişdir ki, psixotrop maddə metamfetamini və narkotik vasitə heroini 09 dekabr 2021-ci il tarixdə Sabunçu rayonu Zabrat qəsəbəsindən əvvəllər tanımadığı şəxsdən ümumilikdə 20 manat pul ödəməklə şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd kağız bükümdəki psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdəki narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və düzgün tərtib olunduğu üçün iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs, onun müdafiəçisi protokolu imzalamışlar. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Məmmədov Sənan Hicran oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahid Məmmədov Sənan Hicran oğlunun ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 16-17-ci vərəqələrində olan “Tutma haqqında” 14 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 19-20-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 14 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində ünvan 6 ünvanında yerləşən “Şeş beş” restoranının yaxınlığında Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 17ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş 01 (bir) ədəd bükülü və 01 (bir) ədəd sellofana bükülmüş bükülünü təqdim etdi, siqaretin qara rəngli kağızına bükülmüş bükülünün metanfetamin, sellofana bükülmüş bükülünün isə narkotik vasitə heroin olduğunu bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və narkotik vasitə heroini 09 dekabr 2021-ci il tarixdə Zabrat qəsəbəsi ərazisində, adını bilmədiyi İran vətəndaşından 20 manata almış və öz şəxsi istifadəsi üçün saxlamışdır. Cinayət işinin 33-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2021-ci il tarixli, 6/5498 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində; “(imza) Abuzərov” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,930 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0, 093 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 69-cu vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” 15 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi - 0,930 qram narkotik vasitə olan heroin və təmiz çəkisi - 0,093 qram psixotrop maddə olan metamfetaminin maddi sübut kimi tanınması, tədqiqata sərf edildikdən sonra qalıq qalmış - 0,043 qram psixotrop maddə metamfetamin və qalıq qalmış 0,880 qram narkotik vasitə heroinin saxlanılması üçün Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 79-81-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə” 15 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Elnur Məmmədovun xx.xx.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlandığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 83-84-cü vərəqələrində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 15 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 93-94-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 95-102-ci vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(003)-101/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətin cəzadan çıxılması və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 24 dekabr 2021-ci il tarixli, 5276 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN, Kannobiodilərin və metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 108-ci vərəqində olan 26 sentyabr 2009-cu il tarixli, 285414 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 06 sentyabr 2009-cu il təvəllüdlü X4 atası kimi Təqsirləndirilən şəxs, anası kimi X7 qeyd edilmişdir. Cinayət işinin 112-118-ci vərəqələrində olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 25 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə aparılan şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(005)-192/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, xx/xx-5998 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 216489-21-1/3-4421-9 nömrəli məktubundan görünür ki, Xəzər Rayon Məhkəməsinin 1(003)-101/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Gunü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin təsiri altına düşdüyü üçün Xəzər Rayon Məhkəməsinin 7(003)-133/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cəza müddəti 1 il azaldılmış və cəza müddəti başa çatdığı üçün xx.xx.2022-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin və 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metafetaminin təmiz çəkisi müvafiq olaraq 0,930 qram və 0,093 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsi və himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da (Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(003)-101/2021 nömrəli hökmü), onun bu məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət (14 dekabr-15 dekabr 2021) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,880 qram olan narkotik vasitə heroin və 0,043 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-19/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-19/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver