Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-190/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X1 iştirakları ilə, X2 tərəfindən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 CM-in 147ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, 27.10.2021-ci il tarixdə Facebook sosial şəbəkəsində Azadlıq Qəzeti səhifəsinin xəbərlər bölməsində (https://www.facebook.com/azadliqqazeti/videos/**********76970),(https://www.facebook.co m/azadliqqazeti/videos/**********12962) onun haqqında dəfələrlə adını çəkməklə uydurma və açıq yalan olan məlumatları yaymaqla, şərəf və ləyaqətini ləkələmişdir. Daha sonra bilmişdir ki, həmin mətbuat qurumları və məlumatları tirajlayan şəxslər mütəmadi olaraq dövlətə və vətənə xain münasibət nümayiş etdirirlər. Belə ki, dünyada səmimi nüfuz və hörmət qazanmış dövlətimizin başçısının ləyaqətin ləkələyən məlumatları belə yaymaqdan çəkinməyən bu şəxslər həyasızcasına bu əməllərini davam etdirirlər. 02.12.2021-ci il tarixdə saat 12:07-də Qafqazinfo.az saytının xəbərlər bölməsində onun haqqında uydurma, heç bir əsası olmayan, tamamilə şər-böhtan xarakterli məlumatları təkrar olaraq yaymışdır. (https:// qafqazinfo.az/ news/detail/ memurun-ses-vazisi-oqlumun-qunahiolmadiqini-subut-edir-344698) (ünvan: ünvan 1kəsində yayımlanan Kanal 13-də (https://www.voutube.com/watch?v=vttlio2J1G4) X11 təkrar olaraq onun şərəf və ləyaqətini ləkəyən yalan məlumatları yaymışdır. X6 oğlu X7 törətdiyi cinayətlərə görə əməlləri ifşa olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqın gedişi zamanı istintaqa təzyiq etmək üsulu kimi mətbuat qurumlarında şantajlar etmək yolunu seçməklə, eyni zamanda mətbuatda çıxışlarında bilərəkdən, qərəzli olaraq və dəfələrlə onun haqqında sübutlarla tamamilə təkzib edilmiş ağır ittihamlar səsləndirmiş, hətta İcra Şöbəsinin, İcra Baş İdarəsinin rəisinin və digər şəxslərin haqqında şər-böhtan xarakterli, şərəf, ləyaqət və işgüzar nüfuza qəsd edən əməllərə yol vermişdir. Onun bu hərəkətləri qanunla qadağandır və heç bir hüquq müdafiə vasitəsi ilə mühafizə edilə bilən davranışlar deyil. Belə ki, X12 müraciət etmək, istintaqa sərbəst ifadə vermək hüquqlarından istifadə edə bilərdi və verdiyi ifadəyə görə bilə-bilə yalan xəbərçilik etmək, bilə-bilə yalan ifadə vermək və istintaq sirrinin yayılmasının yolverilməzliyi haqqında məsuliyyət daşıyacağı haqqında məlumatlandırılardı. Lakin o, göstərilən məsuliyyətdən yayınmaq üçün qanunda nəzərdə tutulmuş hüquqlarından istifadə etmək əvəzinə, ölkədəki mətbuat azadlığından sui-istifadə etmək yolunu seçmiş və bu üsulla istintaqın gedişinə təzyiq etmək, həmçinin şərböhtanları yaymaqla öz çirkin niyyətlərinə nail olmağa cəhd etmişdir. X5 Zamin Elbrus oğlu ilə əlbir olaraq dələduzluq yolu ilə əldə edilmiş pul vəsaitlərini xərcləməsindən şübhələnməyə kifayət qədər əsaslar olsa da, yaxın qohumların bir-birinə qarşı ifadə verməkdən imtina edə bilmək hüququnun mümkün nəticəsinə görə məsuliyyətdən yayınmağa nail olmuşdur. Oğlu ilə birlikdə taladığı pulları şantaj yolu ilə ondan və digər şəxslərən hədə-qorxu ilə tələb edərək, son dərəcə həyasızcasına ağıla və məntiqə sığışmayan cinayətkar üsullara əl atmaqla, oğlunun cinayət yolu ilə ələ keçirdiyi pulları rahat, heç nə olmamış kimi öz şəxsi məqsədləri üçün sərf edib başqa şəxsləri şərləməklə, öz ağılları ilə məsuliyyətdən yayınmağa çalışan bir qadının və onun oğlunun çirkin niyyətlərini ifşa etməyinə görə ona qarşı düşmənçilik etməkləri aşkardır və bu barədə qanuni tədbirlər görülməsi üçün daxili işlər orqanlarına məlumat vermişdir. Yuxarıda göstərdiklərini və ərizəsinə əlavə edilən sübutları nəzərə alıb, X8 haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət işinin başlanması və onun məsuliyyətə cəlb edilərək, cəzalandırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayət ərizəsində göstərilənləri müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1)şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs özü haqqında, yəni soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi barədə məlumatları şikayətində göstərməli olduğu halda, şikayət vermiş şəxs X2 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə özü haqqında məlumatları tam şəkildə qeyd etməməklə, məşğuliyyət növü və vəzifəsi barədə məlumatları göstərməmişdir. Bundan başqa, CPM-in 293.3.5-ci maddəsinə əsasən cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişin göstərilməli olması qeyd edilsə də, X2 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində X6 CM-in 147-ci maddəsinin hansı bəndinə görə cinayət məsuliyyətinə cəlb edilməsini konkret şəkildə göstərməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 şikayətdə xüsusi ittiham qaydasında şikayətin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə baxılmalı olmasına dair məlumatları, yəni “Azadlıq Qəzeti”, “Qafqazinfo.az” və “Kanal 13”ün hansı hüquqi şəxsə aid olması və onların hüquqi ünvanlarını təsdiq edəcək hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair qeyd edilmişdir ki: - Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Göründüyü kimi Plenum qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-in: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikasının CPM-i ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-190/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-190/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver