Məhkəmə qərarları › İş №1(005)-190/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-190/2023

01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-190/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Zövlə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, özünün narkotik vasitəyə olan təlabatını ödəmək üçün istintaqa məlum olmayan mənbədən qanunsuz əldə etdiyi Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil olmuş kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 0,353 qram çəkidə narkotik vasitə heroini üzərində saxlayaraq daşımış və 17 noyabr 2022-ci il tarixdə saat 18-00 radələrində ünvan 1 ünvanının qarşısında Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmiş və orada xidməti otaqların birində onun üzərinə saat 20-00da video çəkilişlə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 0,353 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində üzdən tanıdığı və adını bilmədiyi şəxsdən “Papanin” adlanan yerdə 10 manat pul müqabilində bir bükümdə öz istifadəsi üçün “kakos” adı ilə tanınan heroin almışdır. 17 noyabr 2022-ci il tarixdə saat 18:00 radələrində o, həmin narkotik vasitəni qəbul etmək üçün münasib yer axtarmış və piyada olaraq ünvan 4 ünvanın qarşısına gəlib çatmış və bu zaman əvvəllər tanımadığı mülki geyimdə olan sonradan polis əməkdaşları olduqlarını bildiyi iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. O, özünü itirmiş və onların suallarına cavab verməkdən yayınmağa çalışmış və onlar onun narkotik vasitələrin aludəçisi olduğundan şübhələnmişlər. Bundan sonra Nərimanov RPİ-nin 16-cı PB-nə gəlmişlər, orada müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış başlanılmazdan əvvəl ona üzərində ola biləcək hər hansı qanunsuz saxlanılan əşya vardırsa onu könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. O, təklifi qəbul etmiş və əynindəki boz rəngli cins şalvarın sağ cibindən 01 ədəd içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmin maddə “kokos” adı ilə bilinən heroin olmuş, həmin narkotik vasitəni öz istifadəsi üçün əldə edib saxlamışdır. Şəxsi axtarış zamanı üzərində heroindən savayı başqa heç nə aşkar edilmədiyini, bükümün içərisinə baxış keçirildikdən sonra 01 ədəd bükümü boş zərfə qablaşdırıldığını, o da digər iştirakçılarla birlikdə zərfin üzərinə və protokola imza etdiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 17 noyabr 2021-ci il tarixdə saat 18-00 radələrində Nərimanov RPİ-nin 16-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibati ərazidə gəzintidə olarkən Nərimanov rayonu 2-ci Şimal Şitlliyi küçəsi 44 saylı ünvanının qarşısında əvvəllər tanımadığları bir nəfər şəxsin yerişi və hərəkətləri onların diqqətini cəlb etmiş və onun özünü şübhəli apardığından ona yaxınlaşaraq həmin şəxsə özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini təklif etmişlər və o, danışarkən suallardan yayınmağa və onlardan aralaşaraq uzaqlaşmağa çalışmışdır. Onlar həmin şəxsin rabitəsiz danışığından onun narkotik vasitə təsiri altında olmasını başa düşmüş və ona görə də onu Nərimanov RPİ-nin 16-cı PB-nə gətirmişlər. Sonra bu barədə raportla bölmənin rəhbərliyinə məruzə olunmuşdur. Bundan sonra, həmin şəxsin üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və müdafiəçinin və onların iştirakı ilə şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində olan əşyaların könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik bir büküm çıxardaraq təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, ona məxsus olmasını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümdən savayı onda başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin heroini 17 noyabr 2022-ci ildə saat 17 radələrində Papanin adlanan ərazidə tanımadığı şəxsdən özünün istifadəsi üçün aldığını bildirmişdir. Həmin narkotik vasitəyə bənzər maddə təhqiqatçı tərəfindən qablaşdırılıb, boş zərfə qoyularaq götürülmüş, bu barədə protokol tərtib olunmuş və hamı tərəfindən imzalanmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı PB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 12-13-cü vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 23-24-cü vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi 44 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq saat 18:30 radələrində şübhəli şəxs qismində 16-cı PBnə gətirilmişdir. 16-cı PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Nərimanov RPİ 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid2, Şahid1, vəkil X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli vasitə olan gümüşü rəngli kağıza bükülmüş 01 ədəd büküm təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 01 ədəd bükümün içərisindəki vasitə narkotik vasitə hesab olunan "kakos" adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan bükümü 10 manat pulun qarşılığında üzdən tanıdığı şəxsdən əldə edərək boz rəngli cins şalvarın sağ cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi 44 ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işinin 34-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2022-ci il tarixli, 6/6632 nömrəli rəyindən görünür ki, tədqiqata təcdim edilmiş üzərində “...iştirak etdi şübhəli şəxs Təqsirləndirilən şəxs ...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,353 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 64-65-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 19 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 101-ci vərəqində olan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının Zövlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri ürə mübət xarakterizə olunmuşdur. Cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilmiş Ambulator X1 dair xx.xx.2022-ci il tarixli, 7449 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorlann birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 108-115-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi barədə” 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə keçirilməsinə dair 01 ədəd video diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroinin iş üzrə maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra 0,303 qram çəkidə qalığın Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-190/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs yeri müəyyən edildikdə onun dərhal tutularaq Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 3-13-50-1/2-3164 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi digər cinayət əməli səbəbindən Nəsimi RPİ-nin İŞ-sı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi üzrə barəsində xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılmaqdadır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,353 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), onun hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə, həmçinin qeyd edir ki, hazırki iş üzrə cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı vaxtdan hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Nəsimi RPİ-nin İstintaq Şöbəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə həbsdədir. Lakin, ********* nömrəli cinayət işi üzrə icraatın hazırda davam etdirilməsi nəzərə alınaraq, onun həmin iş üzrə hesablanan həbsdə saxlanılma müddətinin hazırki iş üzrə təyin olunmuş cəza müddətinə daxil edilməsi mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətlərinin aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 01 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0.303 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar