Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-193/2025 18.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Əli-Bayramlı (hazırda Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cərimə cəzasına, CM-in 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti, ev 31B-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özünün psixotrop maddəyə olan tələbatını ödəmək niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş 0,853 qram çəkidə, xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib özündə saxlamaqla 19 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 28 ünvanının qarşısına daşımış, 19 sentyabr 2024-cü il tarixdə Nərimanov RPİ-nin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları inzibati ərazidə xidməti gəzintidə olarkən saat 02:30-da ünvan 2 ünvanda yerləşən “Modern” məktəbin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və polis şöbəsinin inzibati binasında videoçəkilişlə üzərinə şəxsi-axtarış və götürmə keçirilən zaman əynindəki idman şalvarının sol yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,536 qram, 0,052 qram və 0,265 qram olmaqla, ümumi təmiz çəkisi 0,853 qram kustar üsulla hazırlanmış, kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə eynilik təşkil edən xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 5 ildir narkotik vasitələrdən arabir istifadə edir. Adətən narkotik maddəni üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslərdən almışdır. Narkotik maddəni aldığı şəxslər əksər hallarda “Whatsapp” proqramı vasitəsilə sosial şəbəkələrdə tanış olduğu xarici vətəndaşlar olmuşdur. Sonuncu dəfə, yəni xx.xx.2024-cü il saat 19:00 radələrində İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün 40 manat müqabilində 3 ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. O, həmin şəxslə “Whatsapp” vasitəsi ilə danışmış, pulu onun sonradan deyəcəyi bank kartına atacağı barədə razılaşmışdır. 19 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 28 ünvanında yerləşən “Modern” məktəbinin qarşısında olan zaman ona polis əməkdaşları yaxınlaşaraq narkotik vasitə daşımaqda şübhəli olduğuna görə 17-ci polis şöbəsinə dəvət etmişlər. O da həmin şəxslərlə polis şöbəsinə gəlmiş, dövlət hesabına müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilərkən 3 ədəd bükümdə olan metamfetamini əynindəki idman şalvarının sol yan cibindən çıxarıb polisə təqdim etmişdir. Həmin predmet iştirakı ilə qablaşdırılmış və ekspertizaya göndəriləcəyi barədə məlumat verilmişdir. Sonra üzərində olan “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, bank kartı təhqiqatçı tərəfindən aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı təzyiq və zor göstərilməmişdir. Aşkar edilmiş psixotrop maddəni öz şəxsi istifadəsi məqsədilə əldə etmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə heç bir zaman məşğul deyildir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 17-ci PŞ-nin əməliyyat müvəkkili X1 ibtidai istintaqa verdiyi ifadəsini təsdqi edərək bildirmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən patrul xidmətində olarkən saat 02:30 radələrində Nərimanov rayonu, Əliyar Əliyev küşəsi 28 ünvanda yerləşən “Modern” məktəbinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmiş şöbədə təhqiqatçısı Seymur Poladov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilindiyinə görə tutulmuş, dövlət hesabına müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarın sağ yan cibindən üzərində bir ədəd “Leo” banka aid bank kartı, bir ədəd qara rəngli “Samsung AİOS” markalı mobil telefon, bir ədəd ağ rəngli “Vinston” markalı siqaret, sol yan cibindən isə bir ədəd ağ rəngli sellofana bükülmüş büküm, bir ədəd bənövşəyi rəngli sellofan kəsiyinə bükülmüş büküm və bir ədəd sarı rəngli sellofan kəsiyinə bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin üç ədəd bükümlər açıldıqda içərisindən ağ kristalşəkilli maddələr aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək şübhəli şəxs, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bükümlərdəki maddələri şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini, saxlanılan və polisə gətirilən zaman ona qarşı psixi və fiziki zorakılıq tətbiq edilmədiyini demişdir. Məhkəmə iclasında iştirak etməyən şahidlər - Nərimanov RPİ-nin PPXB-nün polis nəfəri Şahid1 və Şahid2, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq orqanına verdikləri oxşar məzmunlu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd “Leo” banka aid bank kartı, bir ədəd qara rəngli “Samsung AİOS” markalı mobil telefon, bir ədəd ağ rəngli “Vinston” markalı siqaret, sol yan cibindən isə bir ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş büküm, bir ədəd bənövşəyi rəngli sellofana bükülmüş büküm və bir ədəd sarı rəngli sellofana bükülmüş bükümü könüllü olaraq çıxarıb masanın üzərinə qoymuş və həmin bükümlər açıldıqda içərisindən ağ rəngli kristalşəkilli maddələr aşkar olunmuş, üç ədəd büküm içərisi boş olan kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etmiş, saxlanılan zaman ona qarşı psixi və fiziki zor tətbiq olunmamışdır. (i.v. 25-27) DVD diskə baxış keçirilməsi haqqında 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, görüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeydə alınmışdır. Səxsi axtarış və götürmə aparılması haqqında 19 sentyabr 2024-cü il tarixli protokolun məzmunu həmin görüntülərlə eynilik təşkil edir. (i.v. 71) Məhkəmə-kimyəvi ekspertizasının 19 sentyabr 2024-cü il tarixli 6/4630 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 219” möhür əksi, “Müdafıəçi/imza/; Şahid3 /imza/; S.Hacaliyev /imza/; Ə.Elvin; tərtib etdi; /imza/ S.Poladov” yazılar olan zərfdəki 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,536 qram, 0,052 qram, 0,265 qram, ümumi təmiz çəkisi 0,853 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə və xarici görnüşlərinə görə öz aralarında eynilik təşkil edirlər. (i.v. 33- 37) Məhkəmə-narkoloji ekspertizasının 19 sentyabr 2024-cü il tarixli 6378 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. (i.v. 97-98) Məhkəmə-psixiatrik ekspertizasının 20 sentyabr 2024-cü il tarixli 2738 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunur. Onun hərəkətləri Azərbaycan Respublikası CMin 21-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 101-102) Sübutların qiymətləndirilməsi haqqında 5 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi çəkisi - 0,853 qram olan psixotrop maddə metamfetamin və şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra psixortop maddə metamfetaminin 0,793 qram qalığı saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş, 01 ədəd DV disk isə cinayət işinə əlavə edilmişdir. (i.v. 131-138) Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə, diskə baxış keçirilməsi haqqında, həmçinin digər istintaq hərəkətləri haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın “Psixotrop maddələr” adlı İİ siyahısına əsasən metamfetaminin aşağı həddi 0,15 qram olduqda xeyli, aşağı həddi 2 qram olduqda külli, aşağı həddi 400 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Şübhəli şəxsin tutulması haqqında 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 02:30-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə tutulmuşdur. (i.v. 3-20) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. (i.v. 46-47) Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlanıldığı MSY-dən azad edilmişdir. (i.v. 61-62) Qətimkan tədbirinin seçilməsi haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 63-65) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə cəzası təyin edilmiş, cəriməni ödəmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarı tətbiq edilərək cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən o məhkumluğu olmayan şəxsdir. (i.v. 86-87) Məhkəmə, Azərbaycan Respubikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qanunvericiliyin tələblərini, Avropa Məhkəməsinin tövsiyələrini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu müddət (iş materiallarından görünür ki, xx.xx.2024-cü il saat 02:30-da tutulmuş xx.xx.2024-cü il saat 11:00-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra Nərimanov rayon prokurorunun həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiəsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə tutulmadan azad edilmişdir. Qərarla şəxsin konkret olaraq hansı saatda azad olunması müəyyən olunmasa da, faktiki olaraq 24 saatdan artıq müddətdə azadlığı məhdudlaşdırıldığı üçün həmin müddət 2 gün kimi nəzərə alınır.) azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü ildən 20 sentyabr 2024-cü ilədək tutulduğu 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması” otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,793 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək hər iş saatına görə 6 (altı) manat hesablanmaqla 18 iş saatına görə 108 (yüz səkkiz) manat, xx.xx.2025-ci il tarixdən sonra hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla 16 iş saatına görə 176 (yüz yetmiş altı) manat olmaqla ümumilikdə 284 (iki yüz səksən dörd) manat məbləğində vəsait dövlət büdcəsindən “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №1(005)-193/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-193/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver