Məhkəmə qərarları › İş №1(005)-194/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-194/2023

04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-194/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X1, zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabeh) - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini qərarı ilə həbs qətimkan tədbiri seçilməklə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü işgüzar və nüfuzlu şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun oğlu Şahid2 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində 10-cu dərəcəli elektrik mühəndisi vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün 19 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı notariat ofisində aralarında kredit müqaviləsi bağlanmasına nail olub 10000 (on min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs (mülki cavabeh) ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər dələduzluq cinayəti törətməyə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli hökmlərinə əsasən məhkum olunmuş, 27 iyun 2021-ci il tarixdə cəza müddətinin qurtarması ilə əlaqədar azadlığa buraxılmışdır. Şahid3 təxminən 10 ilə yaxındır tanıyır, birlikdə məhkumluq həyatları olmuşdur. Azadlığa çıxdıqdan sonra da Zenfira ilə münasibətləri davam etmişdir. Zərərçəkmiş şəxs və onun ailə üzvlərini, yəni arvadı Şahid1 və oğlu Şahid2 2021-ci ilin oktyabr ayından Zenfiranın vasitəsi ilə tanımışdır. Belə ki, 2021-ci ilin oktyabr ayının əvvəllərində Zenfira ilə görüşüb söhbət edərkən o, ailəvi dostunun oğlunun işsiz olduğunu, ali təhsilli olduğunu, “Socar”da işə düzəlmək istədiyini bildirmiş və ondan köməklik etməsini xahiş etmişdir. Həmin dövrdə müalicəsi ilə əlaqədar pula ehtiyacı olduğundan Zenfiraya demişdir ki, 10 min manat pul müqabilində onun tanışını SOCAR-da 10-cu dərəcəli elektrik mühəndisi vəzifəsinə işə düzəldə bilər. Zenfira onun dediklərini Zərərçəkmiş şəxs çatdırdıqdan və onlar bu pul müqabilində işə düzəlmə məsələsinin həll olunmasına razılıq verdikdən sonra işə düzəlmək istəyən şəxsin şəxsiyyət vəsiqəsinin və bakalavr diplomunun surətinin, habelə ailə tərkibi haqqında və məhkumluğunun olmamasına dair arayışın çatdırılmasını istəmişdir. 17 oktyabr 2021-ci il tarixdə Zenfira ona zəng edib sənədlərin hazır olduğunu bildirmiş və onlarla metronun “İnşaatçılar” stansiyasının yaxınlığında görüşmüşdür. Həmin vaxt Zenfiranın yanında əvvəllər tanımadığı, ilk dəfə orada gördüyüm Şahid2 da olmuşdur. Zenfira həmin şəxsi ona təqdim etmiş və bildirmişdir ki, işə düzəlmək istəyən şəxs Şahlardır. Görüş zamanı Şahlar tələb etdiyi sənədləri ona vermişdir. Elə həmin vaxt təklif etmişdir ki, pulu da qısa müddətdə çatdırsınlar. İnandırıcı olması üçün hətta özü təklif etmişdir ki, pulu mənə notarial qaydada versinlər. 19 oktyabr 2021-ci il tarixdə günortadan sonra Zenfira ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospektində yerləşən 9 saylı notariat ofisinin qarşısına getmiş, ofisin qarşısına çatdıqda Şahid2 ana və atası ilə onları orada gözlədiyini görmüşdür. Zərərçəkmiş şəxs və Şahid1 ilk dəfə orada görmüş, görüşdükdən sonra Fərmanla notariat ofisinə daxil olmuş, orada Fərmanla onun arasında kredit müqaviləsi bağlanmış, müqavilə bağlandıqdan sonra Fərman ona 10000 manat pul vermişdir. Notariat ofisindən çıxdıqdan sonra Fərman və Qiyafətlə söhbət edib onlara demişdir ki, bir ay müddətində Şahları Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) 10-cu dərəcəli elektrik mühəndisi vəzifəsinə işə qəbul etdirəcək, aylıq 800 manat əməkhaqqı alacaqdır. Fərman və Qiyafət ondan Şahları işə nə cür qəbul etdirəcəyini soruşduqda cavab vermişdir ki, Zöhrab adlı tanışı Socar-da yüksək vəzifədə işləyir, onun vasitəsi ilə Şahları işə qəbul etdirəcəkdir. Vəd etdiyi müddət gəlib çatdıqda Qiyafət və Fərman mütəmadi olaraq zəng edib oğlanlarının işə qəbul olunması məsələsinin yubanması ilə maraqlandıqda hər dəfə müxtəlif bəhanə gətirib işə qəbulun ondan asılı olmayan səbəbdən yubandığını deyib onları sakitləşdirməyə və əlavə vaxt qazanmağa çalışmışdır ki, şikayət etməsinlər. Müddət qazanmaqda məqsədi bu olmuşdur ki, kimdənsə borc pul alıb onların pulunu qaytarsın. Lakin pul tapa bilmədiyindən onların pulunu qaytara bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, Şahid2 işə qəbul etdirmək üçün heç bir planı olmamış, sadəcə olaraq onların pulunu ələ keçirmək üçün yalandan vəd etmişdir ki, Şahları işə qəbul etdirəcəkdir. Təqsirləndirilən şəxs, Zöhrab adlı, yaxub başqa bir adda Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində işləyən tanışı olmadığını, həmin adı özündən uydurduğunu, Zərərçəkmiş şəxs aldığı puldan Şahid3 hər hansı məbləğdə pul vermədiyini, Zərərçəkmiş şəxs aldadıb pulunu ələ keçirmək niyyəti barədə Zenfiranın heç bir məlumatı olmadığını göstərmişdir. Fərmandan pulu oğlunu işə qəbul etdirmək adı ilə alsa da həmin pulu şəxsi ehtiyaclarına, dərmanlarına və borclarını qaytarmağa xərcləmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki əməlindən peşmandır. Zərəçəkmiş şəxsə dəymiş maddi ziyanı qismən ödəməsini qalan borcunuda qısa zamanda ödəmək niyyətində olduğunu bildirərək, səhətində ciddi problemlər olduğunu barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2021-ci ilin oktyabr ayının əvvəllərində oğlu Şahlar evdə söhbət əsnasında dostunun anası Şahid3 nazirlikdə işləyən rəfiqəsi Şəlalə xanımın vasitəsilə onu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) işə düzəldəcəyini vəd etdiyini, həmçinin Zenfiranın deməsinə görə Şəlalə xanımın Zenfiranın oğlu İlkini və kürəkəni Afiqi də işə düzəltmək üzrə olduğunu bildirmişdir. Bu barədə arvadı Qiyafətlə danışıb müzakirə etdikdən sonra belə qərara gəlmişlər ki, Zenfira ilə görüşüb ətraflı söhbət etsinlər. Bu söhbətdən təxminən 1-2 gün sonra Zenfira arvadı Qiyafətin mobil telefonuna zəng vuraraq tanışlıq verdikdən sonra Şahların işi ilə əlaqədar Şəlalə ilə görüşüb danışdığını və Şəlalənin Şahları Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) 10-cu dərəcəli elektrik mühəndisi vəzifəsinə işə qəbul etdirəcəyini vəd etdiyini, bu məqsədlə 10000 (on min) manat pul istədiyini bildirmişdir. Zenfira həmçinin narahatçılığa heç bir əsas olmadığını söyləyib Şahların işə qəbul olunması üçün 10000 (on min) manat pulu Şəlalənin notarial qaydada borc müqaviləsi bağlamaqla alacağını söyləmişdir. Qiyafət bu barədə ona bildirdikdən sonra Zenfiranın rəfiqəsi Şəlalə adlı həmin qadının Şahları işə düzəltmək üçün pulu notarial qaydada müqavilə bağlamaqla alacağını düşünüb onların səmimiyyətinə heç bir şübhə etməmişdir. 17 oktyabr 2021-ci ildə səhər saatlarında Zenfira Qiyafətə zəng vuraraq Şahların işə düzəlməsi üçün şəxsiyyət vəsiqəsinin və bakalavr diplomunun surətini, habelə ailə tərkibi haqqında və məhkumluğunun olmamasına dair arayış əldə edib Şəlalə xanıma vermək lazım olduğunu demişdir. Elə həmin gün Şahlar bütün sənədləri toplayıb Zenfira ilə birlikdə apararaq «İnşaatçılar» metrostansiyasının yaxınlığında Şəlaləyə vermişdir. 19 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Zenfira yenidən Qiyafətə zəng vuraraq Şəlalə ilə görüşüb borc müqaviləsi bağlayaraq pulu vermək üçün onları Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı notariat ofisinə dəvət etmişdir. Notariat ofisində Təqsirləndirilən şəxs ilə borc müqaviləsi bağlayaraq ona 10000 (on min) manat pul vermiş, ofisdə sənədləşmə yekunlaşdıqdan sonra Şəlalə Zenfira ilə birgə onlarla iş barədə ətraflı danışaraq maksimum bir ay müddətində Şahları Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifədə işləyən Zöhrab adlı tanışının vasitəsilə orada 10-cu dərəcəli elektrik mühəndisi vəzifəsinə işə qəbul etdirəcəyini vəd etmişdir. Şəlalə həmçinin Şahların bir ay sonra işə çıxacağını və müntəzəm olaraq ayda 800 (səkkiz yüz) manat məbləğində əmək haqqı alacağını bildirmişdir. Daha sonra Şəlalə hər dəfə müxtəlif bəhanələr gətirib tezliklə Şahların işə qəbul edilməsi barədə əmrin imzalanacağını söyləyərək uzun müddət ərzində onları aldatmışdır. Son olaraq məhkəməni sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən ona vurulmuş maddi ziyanın 10000-dən 4000 manatı ödənimişdir. Qalan hissəsinin isə qısa zamanda ödənilməsi ilə bağlı razılıq əldə etmişdirlər, onun barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini və qalan 6000 manat pul hissəsində mülki iddalarının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2021-ci ilin oktyabr ayının əvvəllərində Şahlar evdə söhbət edərkən dostunun anası Şahid3 hansısa nazirlikdə işləyən rəfiqəsi Təqsirləndirilən şəxs vasitəsilə onu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) işə düzəldə biləcəyini söyləmiş, həmçinin Şəlalə xanımın Zenfiranın oğlu İlkini və kürəkəni Afiqi də işə düzəltmək üzrə olduğunu demişdir. Təxminən 1-2 gün sonra Zenfira onun mobil telefonuna zəng vuraraq tanışlıq verdikdən sonra Şahların işi ilə əlaqədar Şəlalə ilə görüşüb danışdığını və Şəlalənin Şahları Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) 10-cu dərəcəli elektrik mühəndisi vəzifəsinə işə qəbul etdirəcəyini vəd etdiyini, bu məqsədlə 10000 (on min) manat pul istədiyini demişdir. Zenfira onun tərəddüd etdiyini görüb narahatçılığa heç bir əsas olmadığını söyləmiş və Şahların işə qəbul olunması üçün 10000 (on min) manat pulu Şəlalənin notarial qaydada borc müqaviləsi bağlamaqla alacağını demişdir. O, bunu eşidib Zenfira və Şəlalənin səmimiyyətinə heç bir şübhə etməmiş və bu barədə əri Fərmana danışaraq Şahları işə düzəltmək üçün Şəlalənin 10000 (on min) manat pul istədiyini demişdir. 17 oktyabr 2021-ci ildə Zenfira ona zəng vuraraq Şahların işə düzəlməsi üçün şəxsiyyət vəsiqəsinin və bakalavr diplomunun surətini, habelə ailə tərkibi haqqında və məhkumluğunun olmamasına dair arayış əldə edib Şəlalə xanıma vermək lazım olduğunu demiş, o da Zenfiranın dediklərini Şahlara çatdırmışdır. Həmin gün Şahlar bütün sənədləri toplayıb Zenfira ilə görüşmüş və daha sonra onlar birlikdə «İnşaatçılar» metrostansiyasının yaxınlığına gedib orada sənədləri Şəlaləyə vermişlər. 19 oktyabr 2021ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı notariat ofisində Təqsirləndirilən şəxs ilə borc müqaviləsi bağlaynaraq ona 10000 (on min) manat pul vermişdirlər. Notariat ofisində sənədləşmə yekunlaşdıqdan sonra Şəlalə Zenfira ilə birgə onlarla iş barədə ətraflı danışaraq maksimum bir ay müddətində Şahları Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifədə işləyən Zöhrab adlı tanışının vasitəsilə orada 10-cu dərəcəli elektrik mühəndisi vəzifəsinə işə qəbul etdirəcəyini vəd etmişdir. Şəlalə həmçinin Şahların bir ay sonra işə çıxacağını və ayda 800 (səkkiz yüz) manat əmək haqqı alacağını bildirmişdir. Məhkəmə iclasında dindirlimiş Şahid2 ifadəsində bildirmişdir ki, 2019-cu ildə Azərbaycan Texniki Universitetinin elektrik mühəndisliyi fakültəsinin avtomobillərin elektronikası ixtisası üzrə bakalavr pilləsinin əyani şöbəsini bitirmiş, lakin həmin vaxtdan öz ixtisasına uyğun iş tapa bilməmişdir. Şahid3 2021-ci ilin yay aylarından tanıyır, Şahid3 oğlu İlkin, qızı Aysel və kürəkəni Afiqlə təxminən iki il olar ki, tanışlıq münasibətləri vardır. 2021-ci ilin oktyabr ayının əvvəllərində Şahid3 yaşadığı ünvanda onun övladı Aysellə kürəkəni Afiqin nişan mərasimində iştirak edən zaman uzun müddətdən bəri iş axtarmağından xəbərdar olan Zenfira ona yaxınlaşaraq hal-əhval tutduqdan sonra rəfiqəsi Təqsirləndirilən şəxs nazirlikdə işlədiyini və nüfuzlu şəxs olduğunu söyləyib Təqsirləndirilən şəxs onu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) işə düzəldə biləcəyini demişdir. Zenfira ona həm də demişdir ki, bir müddət əvvəl Şəlalədən oğlu İlkini və kürəkəni Afiqi də işə düzəltməyini xahiş etmiş və bu məqsədlə hətta onların sənədlərini Şəlaləyə vermişdir. Elə həmin gün evə qayıtdıqdan sonra bu barədə evdə valideynlərinə danışmışdır. Bu söhbətdən təxminən 1-2 gün sonra Zenfira onun anası Qiyafətə zəng vuraraq işi ilə əlaqədar Şəlalə xanımla görüşüb danışdığını və Şəlalənin 10000 (on min) manat müqabilində onu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) 10-cu dərəcəli elektrik mühəndisi vəzifəsinə işə qəbul etdirəcəyini vəd etdiyini bildirmişdir. Anası tərəddüd etdiyindən Zenfira narahatçılığa heç bir əsas olmadığını söyləyib işə qəbul olunmağı üçün 10000 (on min) manat pulu Şəlalənin notarial qaydada borc müqaviləsi bağlamaqla alacağını demişdir. Valideynləri evdə bu barədə həmin ərəfələrdə bir neçə gün danışıb müzakirə apardıqdan sonra onun işə düzəltməsi üçün Şəlalə xanıma 10000 (on min) manat verməyə razılaşmış və anası Zenfiraya zəng vuraraq bu barədə ona bildirmişdir. 17 oktyabr 2021-ci ildə səhər saatlarında Zenfira onun anası Qiyafətə zəng vuraraq işə düzəlməyi üçün şəxsiyyət vəsiqəsinin və bakalavr diplomumun surətini, habelə ailə tərkibi haqqında və məhkumluğunun olmamasına dair arayış əldə edib Şəlalə xanıma verməyi istəmişdir. Həmin gün bütün sənədləri toplayıb günortadan sonra Zenfira ilə zəngləşərək Nizami rayonu «Neftçilər» metrostansiyasında onunla görüşmüşdür. Zenfira Şəlalə xanımın «İnşaatçılar» metrostansiyasında onları gözlədiyini söyləmiş və Şəlalə ilə görüşmək üçün birlikdə «İnşaatçılar» metrostansiyasına getmişlər. «İnşaatçılar» metrostansiyasının yaxınlığında onları gözləyən Şəlalə ilə sənədləri vermişdir. Şəlalə tezliklə məsələni həll edəcəyini deyib getmişdir. 19 oktyabr 2021-ci il tarixdə Şəlalə ilə görüşüb borc müqaviləsi bağlayaraq pulu vermək üçün Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı notariat ofisinə dəvət etmişdir. Orada atası Fərman onu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) 10-cu dərəcəli elektrik mühəndisi vəzifəsinə işə düzəltməsi üçün Təqsirləndirilən şəxs ilə borc müqaviləsi bağlayaraq ona 10000 (on min) manat pul vermişdir. Sonradan dəfələrlə Şəlalə xanımla əlaqə saxlasalarda müxtəlif bəhanələr gətirdiyini qeyd etdi, nəticədə aldanıldıqlarını başa düşdülər. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs gənclik illərindən tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. Məhkəmə hökmü ilə həbs olunduqdan sonra bir müddət Şəlalə ilə eyni cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Şahid2 2021-ci ildən qonşuluqda yaşayan soyadını bilmədiyi Aydanın nişanlısı kimi tanıyır, bir-birinin xeyir-şər məclislərində iştirak etmişlər. Hətta 2021-ci ilin oktyabr ayında nişan mərasimində söhbət edərkən Şahlar işsiz olduğunu və «SOCAR»da işə düzəlmək istədiyini bildirib ondan köməklik istəmiş, o da köməklik edə biləcək adam olsa xəbər edəcəyini demişdir. Təqsirləndirilən şəxs ilə görüşüb söhbət edərkən bu barədə ona danışdıqda Şəlalə demişdir ki, onun Socar-da yüksək vəzifədə işləyən tanışları var, köməklik edə bilər. Şəlalə ondan Şahların təhsili barədə soruşduqda ali təhsilli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs, «Socar» -da işləyən yüksək vəzifəli tanışı vasitəsi ilə 10000 manat pul müqabilində Şahları mühəndis vəzifəsinə işə qəbul etdirə biləcəyini demişdir. Şahlar və ailə üzvləri ilə aralarında olan münasibətləri Şəlalənin diqqətinə çatdırıb ondan xahiş etmişdir ki, əgər həqiqətən də Şahların işini həll edə biləcəksə onları əlaqələndirsin. Şəlalə də and içib onu inandırmışdır ki, narahat olmasın, 100 faiz arxayın ola bilər. Şəlalə onu inandırdığından təklifini Şahlara çatdırmış, həm də özlərinin əlaqə saxlaması üçün Şəlalənin nömrəsini ona demişdir. Bundan sonrakı müddət ərzində Şahlar və anası Qiyafət özləri Şəlalə ilə danışıb söhbətləşmişdir. Sonradan bilmişdir ki, Şahlar iş üçün sənədlərini Şəlaləyə vermişdir. 19 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı notariat ofisində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə borc müqaviləsi bağlayaraq ona 10000 (on min) manat pul vermişdir. Notariat ofisində sənədləşmə yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs Fərmandan aldığı 10000 (on min) manatı götürüb getmiş, o özü isə Qiyafət, əri Fərman və oğlu Şahlarla birlikdə taksi avtomobili ilə yaşadığı ünvana qayıtmışdır. Təxminən 2021-ci ilin noyabr ayında Qiyafət ona zəng vurub Şəlalənin onun oğlunun işini hələ də həll etmədiyini bildirdiyindən Şəlaləyə zəng vurub ondan tələb etmişdir ki, ya qısa müddət ərzində Şahların iş məsələsini həll etsin, ya da aldığı pulları geri qaytarsın. Şəlalə ondan asılı olmayan səbəblərdən işin yubandığını bildirib ən qısa müddət ərzində həll edəcəyini vəd etmişdir. Məhkəmənin sualına cavab olaraq bildrimişdir ki, Şahların işsiz olduğunu bildiyindən və sırf onun iş tapa bilməsi üçün köməklik etmək istədiyindən onları əlaqələndirdiyini qeyd etmişdir. Şəlalə tərəfindən ona heç bir pul verilməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona qarşı dələduzluq cinayəti törətməsi faktı barədə şikayət etməsini bildirmişdir Məhkəmə baxışında tədqiq edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərrarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işini başlanmasının rədd edilməsi barədə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmmiş xx.xx.2022-ci il tarixli qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilmiş və material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə fakta görə cinayət işi başlanmışdır. Məhkəmə baxışında tədqiq edilmiş 19 oktyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərədinən 10000 manat məbləğində borc pul vermişdir. Məhkəmə baxışında tədqiq edilmiş Fləşkartda olan məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Qiyafət adlı şəxsin Təqsirləndirilən şəxs işin dəfələrlə düzəlib düzəlməyəcəyini soruşduğu hər səfərində isə Şəlaləni biraz daha səbrli olmasını və işin qısa zamanda həll olunacağı kimi danışıqlar öz əksini tapmışdır. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestrı publik hüquqi şəxsə ünvanlanmış sorğuya əsasın xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublikası Narkoloji X4 şəxsə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan ünvanda müalicədə olmamış və qeydiyyatda yoxdur. Məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarında 01 ədəd fləşkart və xx.xx.2021-ci il tarixli, 3M-1234№li kredit müqaviləsi iş üzrə sübut növü kimi qəbul edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qəraradan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmk haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsini xx.xx.2014-ci il tarixli, 1(101)-536/2014 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 06 il, 11 ay, 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsini xx.xx.2015-ci il tarixli 1(101)-125/2015 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310, 320.1-ci maddələrində nəzərədə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona qəti olaraq 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 7(011)-425/2018 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 1(101)-536/2014 saylı və xx.xx.2015-ci il tarixli, 1(101)-125/2015 saylı hökmləri ilə təyin edilmiş cəzalara Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanununun müddəalarına uyğunlaşdırılması məsələsinə baxılaraq Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx.xx.2014-cü il tarixdən hesablanmışdır. xx.xx.2021-ci il tarixdə cəza müddətinin bitməsi ilə cəzadan azad olunmuşdur. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(005)-194/2023 saylı qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs dəfələrlə məhkəmənin çağırışlarına gəlməmiş və məhkəmə istintaqından yayınmışdır. Buna görə də barəsində qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilmiş və qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə tapşırılmışdır. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfidən ünvanlamış məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədan görünür ki, təqsirlndirilən şəxsin ailə üzvləri tərəfindən ona vurulmuş maddi ziyandan 1500 manatı ödənilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli mülki iddia ilə bağlı ərizəsindan görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 10000 manat maddi ziyandan 1500 manat ödənilmişdir. Qalan 8500 manat məbləğdə pulu bugünədək ödəməmişdir. Qeyd olunanların nəzərə alınmasını və onu iş üzrə mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, həmçinin notairal qaydada təsdiq edilmiş eyni tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən ona vurulmuş 10000 manat maddi ziyandan ümumilikdə 4000 manatı ödənimişdir. Qalan hissəsi isə qısa zamanda ödənilməsi ilə bağlı razılıq əldə etmişdirlər. Həmçinin təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş AZ-İ №720873 saylı doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla iki övladı vardır. Məhkəmə baxışında tədqiq edilmiş AZ-İİ №720873 saylı ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs həyat yoldaşı 2020-ci il tarixdən digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozundan vəsaət etmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə, Təqsirləndirilən şəxs özünü işgüzar və nüfuzlu şəxs kimi təqdim etməklə zərərçəkmiş şəxsin (mülki iddiaçı) Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun oğlu Şahid2 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində 10-cu dərəcəli elektrik mühəndisi vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalandan vəd verib aldadaraq 10000 manat məbləğində pulun alınması müqabilində köməklik edəcəyinə dair vəd verməsi ilə bağlı irəli sürdüyü dəlillərə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında kifayət qədər sübutlarla təsdiq olunmuşdur. təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən ittiham olunan məbləğdə pulu tələb edərkən vəd verdiyi işi görmədiyi və işin görülməsi ilə bağlı öhdəliyi üzərinə götürüb bunun üçün pul almasına baxmayaraq həmin işləri görmək niyyətində olmadığı istintaq materialları ilə yanaşı həmçinin, şahid ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş tərəflər arasında danışıqların əsk olduğu fləşkart və digər sübutlarla müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmişə vurmuş olduğu maddi ziyanı qismən ödəməsini, digər qalan məbləği ödəmək niyyətinin olmasını həmçinin himayəsində azyaşlı övladının olması yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər eyni məzmunlu cinayət əməli törətməklə dəfələrlə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq onun yenidən eyni xarakterli cinayət əməli törətməsi, həmçinin məhkəmə çağırışlarına gəlməyərək istintaqdan yayınması onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 7(011)-425/2018 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 1(101)-536/2014 saylı hökmü ilə və xx.xx.2015-ci il tarixli, 1(101)-125/2015 saylı hökmü ilə təyin edilmiş cəzalara Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanununun müddəalarına uyğunlaşdırılması məsələsinə baxılaraq Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx.xx.2014-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzaçəkməsinin əvvəli isə xx.xx.2023-cü il tarixindən hesablanmalıdır. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən (mülki cavadeh) Təqsirləndirilən şəxs ümumilikdə Zərərçəkmiş şəxs 10000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin vurmuş olduğu maddi ziyandan ümumilikdə 4000 (dörd min) manat zərərçəkmiş (mülki cavabdehə) şəxsə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu maddi ziyanın ödənilməmiş qalan hissəsini və onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalı, zərərçəkmiş şəxs (mülki cavabdeh) Zərərçəkmiş şəxs maddi ziyana görə ödənilməmiş 6000 (altı min) manat məbləğində pulun təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki cavabdeh) Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair tələbi əsaslıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut 01 ədəd fləşkart və xx.xx.2021-ci il tarixli, 3M-1234№li kredit müqaviləsi iş üzrə sübut növü kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 (otuz altı) iş saatı üçün 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia qismən təmin edilsin. Maddi ziyana görə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs 6000 (altı min) manat məbləğin pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Cinayət işi materiallarında 01 ədəd fləşkart və xx.xx.2021-ci il tarixli, 3M-1234№li kredit müqaviləsi cinayət işi materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 36 (otuz altı) iş saatı üçün 216 (iki yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar