Məhkəmə qərarları › İş №1(005)-195/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-195/2020

13.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-195/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və onun qanuni nümayəndəsi Şahid1, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Şahid2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 21:50 radələrində BC kateqoriyalı, AD 146436 seriyalı sürücülük vəsiqəsi ilə baş etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21063” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi ilə Ziya Bünyadov prospekti istiqamətində saatda 40 kilometr sürətlə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna riayət etməyərək M.Nərimanov küçəsi 1 ünvanında yerləşən “Dost dönərin” qarşısında avtomobil yolunu soldan sağa keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurmuş və nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alının sağ yarısının tüklü hissəsinin əzilmiş yarası, çanağın qapalı travması, oturaq sümüyünün, qasıq sümüyünün sirkə kasasının dibinə keçən və büzdüm sümüyünün yerdəyişmə ilə qapalı sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması, baş beyin əzilməsi, üz, boyun, döş qəfəsinin çoxsaylı sıyrıqları və qançırları, döş qəfəsinin küt travması ağciyərlərin əzilməsi kimi sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya, Zərərçəkmiş şəxs3 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bud sümüyünün orta üçdə birinin qapalı yerdəyişən sınığı, döş qəfəsinin sağ yarısında İV, V qabırğanın ön qoltuqaltı xətt üzrə qapalı sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmiş və müvafiq orqanlara xəbər vermədən və xəsarət alanlara yardım göstərmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da Təqsirləndirilən şəxs CM-in 263.1 və 264-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə CM-in 263-cü maddəsinin “Qeyd” hissənin 2-ci bəndinə əsasən cinayət işinin Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsinə xitam verilmiş və o, CM-in 263.1-ci maddəsi ilə məsuliyyətdən azad edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə 1990-cı il buraxılışlı, **-ND-*** dövlət qeydiyyat nişanlı,“Vaz-21063” markalı minik avtomobilini almış və yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz” metrostansiyasının qarşısında dayanaraq taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. xx.xx.2019-cu il tarixdə saat təxminən 21:50 radələrində yaşadığı ünvana getmək məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz” metrostansiyasının qarşısından avtomobili ilə M.Nərimanov küçəsindən Z.Bünyadov prospekti istiqamətində təxminən 30-40 km/saat sürətlə hərəkət etməyə başlamışdır. M.Nərimanov küçəsi ilə hərəkətdə olduğu zaman yolun sağ kənarında olan “Dost” dönərin qarşısından keçən zaman yolun ortasındakı su yığılmış çuxura düşməmək üçün avtomobili yolun sağına doğru istiqamətləndirmiş, yolun sağ kənarına təxminən 2 metr məsafə qalmış avtomobilin qabaq hissəsi ilə nəyisə vurduğunu eşitmiş və hiss etmişdir. Lakin hava qaranlıq və yağışlı olduğundan avtomobillə nəyi və kimi vurduğunu görməsə də avtomobilin arxa güzgüsünə baxdıqda bir qadının yerə yıxıldığını görmüşdür. Yıxılmış qadını idarə etdiyi avtomobillə vurduğunu başa düşərək avtomobili saxlamaqdan qorxaraq uzaqlaşıb qarşıdakı beton zavodun yaxınlığında saxlamışdır. Avtomobildən enərək qabaq hissəsinə baxdıqda qabaq kapotun orta və sağ hissəsinin və qabaq dövlət qeydiyyat nişanının əzildiyini görmüşdür. Həmin vaxt çox həyəcanlı olduğundan nə etdiyini bilməmiş, qorxudan əsməyə başlamış və sonra avtomobilin qabaq qeydiyyat nişanını çıxararaq əli ilə əzilmiş yerləri düzəldib yenidən öz yerinə bağlamışdır. Bundan sonra hadisə yerində nələrin baş verdiyi ilə maraqlanmaq üçün avtomobili betonzavodun yaxınlığında saxlayaraq piyada hadisə yerinə qayıtmışdır. Hadisə yerində Post Patrul Xidmətinə aid avtopatrul maşını və polis əməkdaşlarını, az əvvəl avtomobili ilə vurduğu qadının isə yolun kənarında yerdə uzanıqlı vəziyyətdə, iki azyaşlı uşaqların isə avtopatrul maşınında ağladıqlarının şahidi olmuş və qadından başqa daha iki nəfər azyaşlını da vurub xəsarət yetirdiyini görüb daha da həyəcanlanmış və qorxmuşdur. Azyaşlı oğlan və qızın yerləşdirildikləri avtopatrul maşınına tərəf yaxınlaşaraq onların yanında bir neçə dəqiqə dayanmış, hadisə yerinə toplaşanların danışıqlarına qulaq asmış və hadisənin onun tərəfindən törədildiyini görənin olmadığına əmin olduqdan sonra avtomobili saxladığı yerə, oradan isə yaşadığı ünvana getmişdir. Hadisə barədə heç kimə məlumat verməmiş, xəsarət alan şəxslərlə maraqlanmamış, idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olmağa davam etdirmişdir. Lakin xx xxxxxx 2019-cu il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞnin və DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-yə aparılmışdır. Hadisəni törədərkən hər hansı spirtli içki və sərxoşluğa səbəb olan maddə qəbul etməmiş, idarə etdiyi avtomobildə tək özü olmuş, avtomobil saz və işlək vəziyyətdə olmuş, hərəkətdə olduğu yol qaranlıq və hava yağışlı olduğundan piyadaların yolu keçmələrini görə bilməmiş və ehtiyatsızlıqdan onları vurmuşdur. Valideynlərinin hər ikisi əlildir və onlarla birlikdə yaşamaqla ailədə yeganə qazanc gətirən şəxs odur. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzləri ilə birlikdə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində xx.xx.2015-ci il təvəllüdlü azyaşlı oğlu Zərərçəkmiş şəxs2 və bacısı Şahid1 xx.xx.2014-cü il təvəllüdlü azyaşlı qızı Zərərçəkmiş şəxs3 əyləndirmək məqsədi ilə “Metro Park” əyləncə mərkəzinə aparmışdır. “Metro Park” əyləncə mərkəzinin uşaqlar üçün nəzərdə tutulmuş 6-cı mərtəbəsində azyaşlı oğlu və bacısının azyaşlı qızı təxminən 2-3 saat oynadıqdan sonra saat 21:30 radələrində “Metro Park”dan çıxaraq Nəriman Nərimanov metrostansiyasından metroya daxil olaraq qatarla “Ulduz” metrostansiyasından çıxmaqla M.Nərimanov küçəsi ilə piyada yaşadıqları ünvana doğru hərəkət etmişlər. M.Nərimanov küçəsi ilə hərəkətdə olarkən yolun sol kənarında yerləşən avtoyuyucunun yaxınlığında yolun əks tərəfinə keçmək qərarına gəlmiş və bu məqsədlə uşaqların əlindən tutaraq yolun bir hissəsini soldan sağa doğru keçib, 2-ci hissəsinə çatmalarına 2-3 metr məsafə qalmış gözlənilmədən H.Əliyev prospektindən Ziya Bünyadov prospekti istiqamətində hərəkət edən ağ və ya süd rəngli, Rusiya istehsalı olduğunu təxmin etdiyi avtomobil onlara çataraq ön hissəsi ilə hər üçünü vurub yerə yıxmış və dayanmadan hərəkətini davam etdirib hadisə yerindən qaçmışdır. Havanın qaranlıq olması və hadisənin gözlənilmədən baş verməsindən hadisəni törətmiş sürücünün idarə etdiyi avtomobilin markası və dövlət qeydiyyat nişanını görə bilməmişdir. Hadisə zamanı almış olduğu zərbənin nəticəsində huşunu itirmişdir. Daha sonra xəstəxanada gözlərini açarkən azyaşlı oğlu və bacısı qızının da xəstəxanaya gətirildiyini bilmişdir. Xəstanada həkimlər onların hər üçünü müayinə edib palataya yerləşdirdikdən sonra özünün çanaq sümüyünın sınığı, az yaşlı oğlu Amirin və bacısı qızı Emiliyanın isə kəllə beyin travması aldığını, sınıq xəsarətlərinin olduğunu bilmişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2014-cii il təvəllüdlü Zərərçəkmiş şəxs3 onun qızı, xx.xx.2015-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs2 isə onun bacısı Zərərçəkmiş şəxs1 oğludur. Bacısı Esmira ilə birlikdə ünvan 4 ünvanda qonşuluqda yaşayırlar. xx xxxxxx 2019-cu il tarixdə saat 18:00 radələrindən bacısı Esmira öz oğlu Zərərçəkmiş şəxs2la birlikdə onun qızı Zərərçəkmiş şəxs3 da “Metro Park” əyləncə mərkəzinə aparmışdır. Saat təxminən 22:00 radələrində yaşadığı evdə olarkən üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxs evin qapısını döyərək uşaqlarla bağlı hadisə baş verdiyini deyərək həyəcanla tez evdən çıxmağını bildirmiş və M.Nərimanov küçəsinə doğru qaçmağa başlamışdır. Bacısının əri Dmitriyin həmin vaxt evdə olduğunu bildiyindən tez ona da bu barədə məlumat verərək birlikdə küçəyə doğru qaçmışdılar. Yola çatdıqda yolun kənarında bir neçə nəfər adamın toplaşdığını, orada polislərin olduğunu və bacısı Esmiranın yolda xəsarət almış halda uzanmış vəziyyətdə olduğunu görmüşdür. Uşaqların orada olmadığını görərək Dmitriy polis əməkdaşlarına yaxınlaşıb onlardan uşaqları soruşmuş və polis əməkdaşları uşaqların onlara aid avtopatrul maşınında olduqlarını demişlər. Təxminən 10 dəqiqə müddətində hadisə yerinə X22 Stansiyasının briqadası gələrək bacısı Esmira və azyaşlı uşaqları xəstəxanaya aparmışlar. Xəstəxanada ona məlum olmuşdur ki, bacısı Zərərçəkmiş şəxs1 və uşaqları vuran avtomobilin sürücüsü hadisə yerindən qaçmışdır. Qızı Emiliya hadisədən sonra qorxduğu üçün həmin hadisə ilə bağlı heç nəyi xatırlamırlar və ifadə vermək iqtidarında deyillər. Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi Şahid1 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Şahid2 öz ifadəsində göstərmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 onun baldızı qızı, xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 isə onun öz oğludur. Onlar baldızı Şahid1 ilə birlikdə ünvan 3 ünvanda qonşuluqda yaşayırlar. xx xxxxxx 2019cu il tarixdə saat 18:00 radələrində arvadı Esmira oğlu Zərərçəkmiş şəxs2 və baldızı qızı Emiliya Baxliyevanı “Metro Park” əyləncə mərkəzinə aparmışdır. Saat təxminən 22:00 radələrində yaşadığı evdə olarkən baldızı Ellada həyəcanlı vəziyyətdə qışqıraraq onun evinin qapısını döyüb uşaqlarla bağlı hadisə baş verdiyini deməklə yaxınlıqdakı M.Nərimanov küçəsinə doğru qaçmağa başlamışdır. O, dərhal gödəkçəsini geyinərək tez Elladanın qaçdığı istiqamətə qaçmış və yola çatdıqda orada bir neçə şəxsin toplandığını, polis əməkdaşlarının gəldiyini, arvadı Esmiranın isə yolun kənarında uzanmış vəziyyətdə olduğunu görmüşdür. Uşaqların orada olmadığını görərək polis əməkdaşlarına yaxınlaşıb onların harada olduğunu soruşmuş və polis əməkdaşları uşaqların avtopatrul maşınına yerləşdirildiklərini bildirmişdir. Bundan sonra o, yol kənarında xəsarət almış halda uzadılmış vəziyyətdə olan arvadı Esmiraya yaxınlaşaraq nə baş verdiyini soruşmağa cəhd etsə də, sonuncunun şok vəziyyətində olmasından ondan hər hansı cavab ala bilməmişdir. Az sonra hadisə yerinə X22 Stansiyasının briqadası gələrək azyaşlılarla birlikdə arvadı Esmiranı xəstəxanaya aparmışlar. Sonradan ona məlum olmuşdur ki, arvadı Zərərçəkmiş şəxs1, azyaşlı oğlu Amir və baldızı qızı Emiliyanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçmışdır. Azyaşlı oğlu Zərərçəkmiş şəxs2 hadisədən sonra qorxu və həyəcan keçirdiyindən hadisə ilə bağlı heç nəyi xatırlamır və ifadə vermək iqtidarında deyil. Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Şahid2 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 20:00 radələrindən başlayaraq xidmət yoldaşı Nurlan İsayevlə birlikdə onlara təhkim olunmuş “Fiat Doblo” minik markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avlopatrul avtomobilində Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsində xidmətə başlamışlar. Saat 22 radələrində M.Nərimanov küçəsi 1 saylı ünvanın qarşısında bir neçə nəfər adamın toplandığını görərək həmin yerə yaxınlaşdıqda orada bir nəfər qadının və iki nəfər azyaşlının xəsarət almış vəziyyətdə yerə uzanmış vəziyyətdə olduqlarını görmüşlər. Nə baş verdiyini soruşduqda toplaşanlardan həmin şəxsləri avtomobil vurub hadisə yerindən qaçması barədə məlumat almışlar. Azyaşlıları yerdən qaldırıb avtopatrul maşınına əyləşdirmiş və həmin vaxt xəsarət alan şəxslərin doğma və yaxınları olduğunu ehtimal etdiyi şəxslər gələrək azyaşlılarla və yol kənarında uzanıqlı vəziyyətdə olan qadınla maraqlanaraq köməklik göstərmişlər. Dərhal hadisə barədə Nərimanov RPİ-nin növbətçi hissəsinə məlumat vermiş və hadisə yerinə TTY dəvət edilməsinin təmin olunmasını xahiş etmişdir. Az sonra hadisə yerinə TTYS-nin həkimləri gələrək 1 qız və 1 oğlan azyaşlı və oğlanın anası olduğunu bildiyi qadını X9 aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Qİİ tərəfindən xx.xx.2019-ci il tarixdə verilmiş AD seriyalı 146436 nömrəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, BC kateqoriyalı sürücülük vəsiqəsi Təqsirləndirilən şəxs məxsusdur; Sumqayıt RQİ və TBŞ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AD seriyalı 614655 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-ND-*** dövlət qeydiyyat nişanlı, “Vaz 21063” minik markalı nəqliyyat vasitəsinin sahibi X4r; “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X8 **-ND-*** dövlət qeydiyyat nişanlı, “Vaz 21063” minik markalı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək və sair səlahiyyətləri xx.xx.2020-ci il tarixinə kimi Təqsirləndirilən şəxs etibar etmişdir; “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X3, icraatında CM-in 263.1 və 264-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə nəqliyyat vasitəsinin sahibi - xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış və məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, ev 9/1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs, həmçinin X12 və X2 iştirakı ilə Təqsirləndirilən şəxs baş etibarnamə ilə idarə etdiyi “Vaz 21063” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı, 1990-cı il buraxılışlı, bej rəngli, ******* mühərrik nömrəli, sedan tipli XTA**********0639 ban nömrəli avtomobilə xx xxxxxx 2019-cu il tarixdə Nərimanov rayonu, M.Nərimanov küçəsi 1 ünvanda piyadaların vurulmasından sonra avtomobilin qabaq kapot, bufer, alın şüşəsi və digər nahiyələrində hər hansı əzik, zədə, rəngatma, hadisədən sonra təmir, yaxud hadisənin izlərini özündə əks etdirən əlamətlərin olub olmaması məqsədilə baxış keçirtmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus bej rəngli “Vaz 21063” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı, 1990-cı il buraxılışlı, ******* mühərrik nömrəli, sedan tipli XTA**********0639 ban nömrəli avtomobilin qabaq kapotunun sağ hissəsində toqquşmadan sonrakı batıq, kapotun orta hissəsinin rəng atması, qeydiyyat nömrə nişanın əzilməsi və yenidən kobud formada bərpa olunması əlamətləri aşkar olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs əzik və batıq yerləri göstərərək bildirdi ki, həmin yerlər hadisədən sonra yaranmış batıq və əziklərdir, qeydiyyat nömrə nişanını toqquşmadan sonra çıxarıb düzəldərək yenidən yerinə bərpa etmişdir. Avtomobilin ön və digər hissə və detallarında qanabənzər ləkələr və bulaşıqlar aşkar olunmadı; “İfadənin yerində yoxlanılması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov rayon X11 şöbəsinin müstəntiqi X3, icraatında CM-in 263.1 və 264cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs iş üzrə istintaqa verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə həmin ifadəni onun iştirakı ilə yerində yoxlamışdır. İstintaqda ifadə vermiş şahid Təqsirləndirilən şəxs əvvəllər haqqında ifadə verdiyi və hazırda ifadə verə biləcəyi şəraiti, yerləri göstərməsi təklif olundu. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra hadisənin baş verdiyi ünvan 6 ünvanda yerləşən “Dost” dönər evinin qarşısına gələrək bildirdi ki, xx.xx.2019-cu il tarixdə saat təxminən 21:50 radələrində yaşadığı ünvana getmək məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz” metrostansiyasının qarşısından özünə məxsus “Vaz 21063” markalı, **-ND-*** qeydiyyat qeydiyyat nişanlı avtomobillə həmin küçə ilə Z.Bünyadov prospekti istiqamətində təxminən 30-40 km/saat sürətlə hərəkət edərkən yolun ortasındakı su yığılmış çuxura düşməmək məqsədilə avtomobili yolun sağına doğru istiqamətləndirmiş və yolun sağ kənarına təxminən 2 metr məsafə qalmış avtomobilin qabaq hissəsi ilə nəyisə vurduğunu eşitmiş və hiss etmişdir. Lakin hava qaranlıq və yağışlı olduğundan avtomobillə nəyi və kimi vurduğunu görməsə də avtomobilin arxa güzgüsünə baxdıqda bir qadının yerə yıxıldığını görmüşdür. Yıxılmış qadını idarə etdiyi avtomobillə vurduğunu başa düşərək avtomobili saxlamaqdan qorxaraq uzaqlaşıb qarşıdakı betonzavodun yaxınlığında saxlamışdır. Avtomobildən enərək piyadanın vurulduğu avtomobilin qabaq hissəsinə baxdıqda qabaq kapotun orta və sağ hissəsinin və qabaq dövlət qeydiyyat nişanının əzildiyini görmüşdür. Həmin vaxt çox həyəcanlı olduğundan nə etdiyini bilməmiş, qorxudan əsməyə başlamış və sonra avtomobilin qabaq qeydiyyat nişanını çıxararaq əli ilə əzilmiş yerləri düzəldib yerinə bərpa etmişdir. Bundan sonra hadisə yerində nələrin baş verdiyi ilə maraqlanmaq üçün avtomobili betonzavodun yaxınlığında saxlayaraq piyada hadisə yerinə qayıtmış və orada Post Patrul Xidmətinə aid avtopatrul maşını və polis əməkdaşlarını, az əvvəl avtomobili ilə vurduğu qadının isə yolun kənarında yerdə uzanıqlı vəziyyətdə, iki azyaşlı uşaqların isə avtopatrul maşınında ağladıqlarının şahidi olmuş və qadından başqa daha iki nəfər azyaşlının da xəsarət aldıqlarını görüb daha da həyəcanlanmış və qorxmuş, hadisənin onun tərəfindən törədildiyini deməkdən ehtiyat edərək oradan uzaqlaşıb evinə getmişdir; X8 tərəfindən X6 İstintaq şöbəsinin müstəntiqi Nərminə Məmmədovaya ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, “Vaz 21063” Jiquli markalı, 1990-cı il buraxılışlı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuş, onu xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs adlı şəxsə 4.100 manata satmış və həmin avtomobilin qeydiyyat şəhadətnaməsi adına olsa da, o, pulunu tam aldığı üçün avtomobil Təqsirləndirilən şəxs mülkiyyətinə keçdiyindən, avtomobilin zədələnməsi ilə bağlı ona hər hansı ziyan dəyməmişdir. Ona görə də zərərçəkmiş qismində tanınmağını istəməməklə, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və ya yaxud tələbi yoxdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 32174 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri rəyindən görünür ki, “Vaz 21063” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra hadisə yerindən qaçdığından onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat təşkil edir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X16-Təcrübi və X19 hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli, 131 nömrəli sağlamlığa zərər vurmanın təyini (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alının sağ yarısının tüklü hissəsinin əzilmiş yarası, çanağın qapalı travması, oturaq sümüyünün, qasıq sümüyünün sirkə kasasının dibinə keçən və büzdüm sümüyünün yerdəyişmə ilə qapalı sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2019-cu il tarixdə, yol nəqliyyatı hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X16-Təcrübi və X19 hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli, 132 nömrəli sağlamlığa zərər vurmanın təyini (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin əzilməsi, üz, boyun, döş qəfəsinin çoxsaylı sıyrıqları və qançırları, döş qəfəsinin küt travması ağciyərlərin əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2019-cu il tarixdə, yol nəqliyyatı hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X16-Təcrübi və X19 hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli, 133 nömrəli sağlamlığa zərər vurmanın təyini (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bud sümüyünün orta üçdə birinin qapalı yerdəyişən sınığı, döş qəfəsinin sağ yarısında İV, V qabırğanın ön qoltuqaltı xətt üzrə qapalı sınıqları küt əşyanın (əşyalann) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2019-cu il tarixdə, yol nəqliyyatı hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir; “Qətimkan tədbirinin seçilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin tutulması barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün həmin tarixdə tutulmuşdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-397/2020 nömrəli, xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, CM-in 263.1 və 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir; “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Vaz 21063” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş üzrə yekun qərar qəbul olunanadək saxlanması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 264-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndələrinin və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). CM-in 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2012-ci il tarixli qərarına əsasən CM-in 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 32174 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra hadisə yerindən qaçdığından onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 37-ci maddəsinin İV hissəsinə əsaən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yolnəqliyyat hadisəsi zamanı: - nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; - zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “X22” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; - başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; - hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; - əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər; 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 264-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsini və əməlindən peşman olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxslərin qanuni nümayəndələri ilə barışmasını, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxslərin qanuni nümayəndələrinin ona qarşı şikayət və tələbinin olmamasını; yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Nərimanov rayon MKTB-nin 55 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamə); atası X5 İ qrup, anası X1 İİ qrup əlil olmasını (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən verilmiş 000417 və 000418 nömrəli vəsiqələrin surətləri); ailədə yeganə qazanc gətirən şəxs olmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, tutma altında saxlanıldığı 02 (iki) gün (30 mart-xx xxxxx 2020-ci il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - “VAZ-21063” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X14 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X17 tərəfindən təqdim edilmiş hesabatı iş materialları ilə qarşılıqlı surətdə nəzərdən keçirərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 40 (qırx) iş saatının sərf edilməsi ilə razılaşmayaraq həmin müddəti ağlabatan hesab etmir və bu müddətin 20 (iyirmi) iş saatı olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi X13 iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 02 (iki) gün (30 mart-xx xxxxx 2020-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - “VAZ-21063” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. X17 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar