Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-195/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X4 oglunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Əzizalı oğlunun və onun müdafiəçisi 16 Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Astara rayonu, Kijəbə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Astara rayonu, Kijəbə kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Əzizalı oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əzizalı oğlu qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 dekabr 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 146 ünvanında yerləşən “Vəfa-X” moda evində qayınanası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində, yəni Zərərçəkmiş şəxs qızı Samirə Əhmədovanın ondan boşanmaq üçün məhkəməyə müraciət edərək aliment tələb etməsi ilə bağlı yaranmış mübahisə zamanı sonuncu əlində olan mobil telefonla Zərərçəkmiş şəxs göz nahiyəsindən bir dəfə qəsdən vuraraq ona qapalı kəllə beyin travması, sağ göz ətrafının şişkinli hematoması ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Əzizalı oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Astara rayonu, Kijəbə qəsəbəsində qeydiyyatda olsa da, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində fərdi tikilmiş evdə tək olaraq kirayə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” adlanan bazarda arabaçı kimi işləyir. X2 onun arvadıdır. 2011-ci ildə rəsmi olaraq Samirə ilə nikaha daxil olaraq ailə həyatı qurmuş və həmin nikahdan iki azyaşlı övladı dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs onun qaynanasıdır. Samirə ilə ilk vaxtlar münasibəti normal olsa da, son zamanla tez-tez aralarında ailədaxili mübahisələr baş verməyə başlamışdır. Buna görə də, Samirə boşanmaqla bağlı Xətai rayon məhkəməsinə ərizə ilə müraciət etmişdir. Qaynanası Pərihan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 146 ünvanında yerləşən “Vəfa-X” modalar evində dərzi kimi işləmişdir. Qaynanasının onun ailəsini dagıtmaması və müdaxilə etməməsi üçün onunla söhbət etmək qərarına gəlmiş və 12 dekabr 2022-ci il tarixdə sat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 146 ünvanında yerləşən “Vəfa-X” modalar evinə gedərək Pərihanla bu mövzuda söhbət edərək sonuncudan onun ailəsini dagıtmamasını xahiş etmiş, bu zaman aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı Pərihan onunla kobud danışdığı üçün o, əsəbiləşərək əlində olan mobil telefonla bir dəfə sonuncunun sifət nahiyəsindən vuraraq çıxıb getmişdir. Daha sonra polis əməkdaşları onunla əlaqə saxlayan zaman Pərihanın barəsində Nərimanov RPİ-nin 16-cı PB-nə şikayət etdiyini öyrənmişdir. Baş vermiş hadisə zamanı Pərihan onunla kobud danışdığı üçün o, əsəbiləşib bir dəfə əlində olan mobil telefonla sonuncunun sağ göz nahiyəsindən vurmuşdur. Həmin vaxt orada o, Pərihan və tanımadığı 2-3 nəfər xanım olmuşdur. Dava-dalaş sözlü mübahisə ilə birlikdə təxminən 3-4 dəqiqə davam etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 146 ünvanında yerləşən “Vəfa-X” modalar evində dərzi kimi işləmişdir. Təqsirləndirilən şəxs qızı Samirənin əridir. Sonuncular 2011-ci ildə rəsmi olaraq nikaha daxil olaraq ailə həyatı qurmuşlar və birgə nikahından iki azyaşlı övladları dünyaya gəlmişdir. Qızının ailəsində mütəmadi olaraq mübahisələr, eyni zamanda Cavid tez-tez Samirəni döyməsinə görə Samirə Caviddən ayrılmaq qərarına gəlmişdir. Buna görə də, Samirə Caviddən boşanmaq üçün Xətai rayon məhkəməsinə ərizə ilə müraciət etmişdir. 12 dekabr 2022-ci il tarixdə saat 15 radələrində dərzi işlədiyi “Vəfa-X” modalar evində olan zaman kürəkəni Cavid gələrək onunla mübahisə etməyə başlamışdır. Cavid onun ailəsini dağıtmağa çalışdığını deyərək onunla mübahisə etməyə başlamışdır. O da qızı Samirə ilə onu ayırmaq istəmədiyini, Cavidə özünün ailəsinə baxmadığını, tez-tez qızını döydüyü üçün Samirənin özünün artıq boşanmaq istədiyini bildirmişdir. Həmin vaxt Cavid onun ünvanına nalayiq ifadələr işlədib onunla mübahisə etməyə davam etmişdir. Həmin vaxt müdirəsi Xuraman da onların yanında olmuş və sonuncu da Cavidi sakitləşdirməyə çalışmışdır. Buna baxmayaraq Cavid onunla mübahisə etməyə davam etmiş və mübahisə zamanı gözləmədiyi halda Cavid əlində olan mobil telefonu ilə bir dəfə onun sağ göz nahiyəsindən vurmuşdur. O, tez oturduğu dərzi stolundan durub Cavidə yaxınlaşmaq istəyən zaman Xuraman araya girib onu Cavidə yaxınlaşmağa qoymamış və Cavid moda evindən çıxıb getmişdir. Bundan sonra o, Nərimanov RPİ-nin 16-cı PB-nə gedərək baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə zamanı Cavid əlində olan mobil telefonla bir dəfə onun sağ göz nahiyəsindən vurmuşdur. Həmin vaxt orada o, Cavid, Xuraman, Pərvanə xanım və tanımadığı müştərilər olmuşdur. Dava-dalaş sözlü mübahisə ilə birlikdə təxminən 3-4 dəqiqə davam etmişdir. Hazırda şikayətçi deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixdə baş vermiş hadisənin görüntüləri köçürülmüş 01 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş və baxış zamanı xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 146 ünvanında yerləşən “Vəfa-X” moda evində olan tikiş maşının arxa hissəsində əyləşərək tikiş tikməsi, saat 13:45:46-da əynində gön rəngli şalvar, qara rəngli gödəkcə, başında qara rəngli qapaq və əlində mobil telefon olan şəxsin moda evinə daxil olaraq Zərərçəkmiş şəxs yaxınlaşaraq əli ilə danışıb mübahisə etməsi, saat 13:47:36-da əynində gön rəngli şalvar və qara rəngli gödəkcə olan kişi cinsindən olan şəxsin mübahisə zamanı əlində olan mobil telefonla Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq moda evini tərk edib getməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs oğlu xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 146 ünvanında yerləşən “Vəfa-X” moda evinə gələn, əynində gön rəngli şalvar, qara rəngli gödəkcə, başında qara rəngli qapaq və əlində mobil telefon olan şəxsin özü olmasını, qayınanası Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu əlində olan mobil telefonla bir dəfə sifət nahiyəsindən vuraraq oranı tərk edib çıxıb getdiyini bildirmişdir. İş üzrə xx.xx.2022-ci il tarixdə baş vermiş hadisənin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Nərimanov rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2022-ci il tarixli 1328 saylı rəyində göstərilmişdir ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Nurədddin qızının almış olduğu xəsarətlərqapalı kəllə beyin travması, sağ göz ərtafının şişkinli hematoması küt əşyanın təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin özü-özünə yetirmə nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. “Qətimkan tədbirinin seçilməsinə dair” 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Əzizalı oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin qərarı ilə 01 ay 03 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-487/2021 saylı qərarəndan görünür ki, Təqsirləndirilən şəxs Əzizalı oğlunun barəsində AR CM-nin 73.2-ci maddəsi tətbiq edilmiş, o cinayət məsuliyyətindən azad edilmiş, AR CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Əzizalı oğlu tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Əzizalı oğlunun əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Əzizalı oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Əzizalı oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib səmimi peşman olmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Əzizalı oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Əzizalı oğlunun cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Əzizalı oğlu CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs Əzizalı oğlunun üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Əzizalı oğlunun CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Əzizalı oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 16 Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil X6 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs Əzizalı oğluna göstərilmiş hüquqi xidmətə görə 16 Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 16 Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Əzizalı oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Əzizalı oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Əzizalı oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Əzizalı oğlunun üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs Əzizalı oğlunun yaşayış yeri üzrə Astara rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Maddi sübut - hadisənin görüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. 16 Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs Əzizalı oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 16 Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-195/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-195/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver