Məhkəmə qərarları › İş №1(005)-196/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-196/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-196/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Kürdəmir rayonu, Bala Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Bala Kəngərli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə istintaqa məlum olmayan şəxs tərəfindən naməlum vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1, M” kateqoriyalı 99 02 512852 nömrəli sürücülük vəsiqəsini 2023-cü ilin sentyabr ayının əvvəllərində tanışı X3 göndərdiyi şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən ünvan 2 ünvanında yerləşən “Sonalar Sonası” şadlıq sarayının qarşısında əldə etmiş və həmin saxta sürücülük vəsiqəsini Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə 14 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 36 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Bakı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BB 043208” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildən etibarən kuryer kimi çalışmışdır. Həmin vaxta qədər sürücülük vəsiqəsi olmadan motosikleti idarə etmiş və heç bir problemi olmamışdır. 2019-cu ilin avqust ayında YPX əməkdaşı tərəfindən cərimə yazılmışdır. O 2023-cü ilin avqust ayında istifadə etdiyi 99-B-234 motosiklet ilə bağlı sürücülük vəsiqəsi almaq qərarına gəlmişdir. Dostu Şahid da xəbəri olmuşdur ki, o sürücülük vəsiqəsi almaq istəyir. İsmayıl özü təklif etmiş ki, xalası oğlu Vidadi Rusiya Federasiyasında sürücülük vəsiqələri düzəldir. İmsayıl ona bildirmiş ki, saxta sürücülük vəsiqəsi ilə bağlı 400 manat pul lazımdır ki, Vidadiyə çatsın. O da bununla razılaşmış, çünki heç bir orqana müraciət etmədən çox rahatlıqla bu məslə həll olunacaqdır. Vidadi ilə şəxsən danışığı olmasa da, İsmayıl bu məsələni özü həll etmişdir. İsmayıl puldan əlavə şəxsiyyət vəsiqəsinin fotoşəkilini, 3x4 fotoşəkil istəmişdir və bildirmişdir ki, 10 gün müddətində hazır olacaqdır. İsmayıl sentyabr ayının əvvəllərində Rusiya Federasiyasına məxsusluğu ilə seçilən saxta sürücülük vəsiqəsini Binəqədi rayonu, 9-cu mikorayon ərazisində yerləşən “Sonalar sonası” şadlıq sarayının qarşısında tanımadığı taksi sürücüsü vasitəsilə göndərmişdir. Həmin sürücülük vəsiqəsinə baxanda B, B1, C,C1, M kateqoriyaları olması və xx.xx.2021ci il tarixdə alındığının qeyd olunduğunu görmüşdür. İsmayıl həmçinin bildirmiş ki, Asan Xidmətə gedərək rahatlıqla Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi ilə dəyişə bilər. xx.xx.2023-cü ildə bu məqsədlə 1 saylı “Asan Xidmət” Mərkəzinə müraciət edərək həmin saxta rus sürücülük vəsiqəsini təqdim etmişdir. Orada ona sorğu əsasında 1 illik müvəqqəti və nömrəsi BB043208 olan sürücülük vəsiqəsi verilmişdir. Rusiya Federasiyasına məxsusluğu ilə seçilən saxta sürücülük vəsiqəsi ondan götürülmüş və 15- 20 gün müddətində gəlib götürə biləcəyini bildirmişlər. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 2023cü ilin avqust ayında Tərlan ona sürücülük vəsiqəsi almaq istədiyini, lakin imtahan vermək üçün zəruri biliklərinin olmadığını bildirmişdir. Ona Rusiya Federasiyasında yaşayan xalası oğlu X1 Rusiyada ayrı-ayrı şəxslərə Rusiya Federasiyasına aid sürücülük vəsiqəsi düzəltdirdiyini söyləmişdir. Həmin sürücülük vəsiqəsini isə Azərbaycan Respublikasında Asan Xidmətə təhvil verməklə Azərbaycan Respublikasına aid sürücülük vəsiqəsini əldə edə biləcəyini söyləmişdir. Ona bu məsələdə köməklik etməsini istəmişdir. O da Vidadi ilə əlaqə saxlamış və ona mövcud vəziyyəti danışaraq köməklik edə bilməsinin mümükünlüyünü soruşmuşdur. Vidadi 400 manat pul müqabilində Tərlana sürücülük vəsiqəsi düzəldə biləcəyini söyləmişdir. O bu barədə Tərlana deyən zaman Tərlan 400 manat müqabilində bu işin görülməsinə razı olduğunu bildirmişdir. Vidadinin tələbi ilə Tərlandan sürücülük vəsiqəsi üçün zəruri olan 3 ədəd 3x4 ölçüdə şəkili, şəxsiyyət vəsiqəsinin şəklini və xidmət haqqı kimi 400 manat pulu alaraq Vidadiyə göndərmişdir. Təxminən 1 ay sonra Vidadi sürücülük vəsiqəsini hazırlayaraq Rusiyadan Azərbaycana gələn şəxslərdən biri ilə göndərdiyini söyləmişdir. O həmin şəxsin əlaqə nömrəsini götürərək Tərlana vermişdir. Tərlan onunla danışaraq sürücülük vəsiqəsini götürdüyünü ona bildirmişdir. Tərlanın verdiyi 400 manat puldan özünə heç nə götürmədən Vidadinin kartına göndərmişdir. Cinayət işinin 4-8-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 18 sentyabr 2023-cü il tarixli müraciətinə əlavə etdiyi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdə BDPYİ-nin Qeydiyyat İmtahan şöbəsinin 1 Saylı “ASAN xidmət” mərkəzindəki məntəqəsinə sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət etmiş və ona “BB 043208” nömrəli sürücülük vəsiqəsi verilmişdir. Rusiya Federasiyasında aparılmış yoxlamanın nəticəsi barədə məlumatdan görünür ki, sorğu əsasında Rusiya Federasiyasına aid 99 02 512852 nömrəli sürücülük vəsiqəsi barədə yoxlama aparılmış, lakin qeyd edilən sürücülük vəsiqəsi barədə məlumat aşkar edilməmişdir. Cinayət işinin 24-26-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli, 5/1469 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına 99 02 512852 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına 99 02 512852 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. Cinayət işinin 29-cu vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 40-cı vərəqində olan “DİN-in X7 Sisteminə baxış keçirilməsi haqqında” 22 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ümumvətəndaş pasportunun olmadığı, heç vaxt ölkə hüdudlarını tərk etmədiyi müəyyən edilmişdir. Cinayət işinin 50-56-cı vərəqələrində olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxta olduğunu bilə-bilə istifadə etdiyi Rusiya Federasiyasının “99 02 512852” nömrəli saxta sürücülük vəsiqəsi və Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikasının “BB 043208” nömrəli həqiqi sürücülük vəsiqəsi öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilməsi və iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 82-ci vərəqində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin olunmalı, cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs saxta olduğunu bilə-bilə istifadə etdiyi Rusiya Federasiyasının “B, B1, C, C1, M” kateqoriyalı 99 02 512852 nömrəli sürücülük vəsiqəsi və ona verilmiş Azərbaycan Respublikasının “BB 043208” nömrəli həqiqi sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 13 mart 2024-cü il – 22 may 2024-cü il tarixlərdə keçirilmiş 7 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 25 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs saxta olduğunu bilə-bilə istifadə etdiyi Rusiya Federasiyasının “B, B1, C, C1, M” kateqoriyalı 99 02 512852 nömrəli sürücülük vəsiqəsi və ona verilmiş Azərbaycan Respublikasının “BB 043208” nömrəli həqiqi sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22) hesaba keçirilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar