Məhkəmə qərarları › İş №1(005)-196/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-196/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-196/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində ‘‘başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 01 noyabr 2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,218 qram olan psixotrop maddə metamletamin əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 noyabr 2024-cü il tarixdə saat 21:52 dəqiqədə ünvan 3 ünvanın qarşısında saxlanılıb üstü yoxlanılarkən əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 0.218 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayından psixotrop maddə metamfetamin istifadə edir. 01 noyabr 2024-cü il tarixdə axşam saatlarında Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə piyada hərəkət edirmiş və adını “Mehman" kimi bildiyi şəxslə rastlaşmışdır. Mehmanın narkotik vasitə istifadəçisi olduğunu bilirmiş və Mehmandan ona narkotik vasitə verməsini istəmişdir. Mehman isə üzərində “patı" kimi tanınan psixotrop maddə metamfetamin olduğunu və bir bükümünü 20 manata satdığını bildirmişdir. O da Mehmana 20 manat verib ondan bir bükümdə “patı" kimi tanınan psixotrop maddə metamfetamin almış və əynindəki gödəkçənin sağ yan cibinə qoymuşdur. Bir qədər gəzişdikdən sonra 01 noyabr 2024-cü il tarixdə, saat təxminən 21:50 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Daha sonra ona üzərində olan qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan gödəkçəniıı sağ yan cibindən bir bükümdə olan “patı” kimi tanınan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Həmin büküm açılmış və ağ rəngli, kristal şəkilli kütlə olduğu aşkar olunmuşdur. Həmin zaman aşkar edilmiş bir ədəd bükümdə olan ağ rəngli, kristal şəkilli kütlə elektron tərəzidə çəkilmişdir. Həmin büküm və üzərindən aşkar edilmiş 5 manat nağd pul, 02 ədəd alışqan və 01 ədəd bank hesab kartı polis əməkdaşları tərəfindən götürülmüş və zərfə qoyulmuşdur. Verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra isə polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ- nin 17-ci PŞ-nə gətirilmiş və orada hüquqlarını izah edib, vəkil siyahısı təqdim etmişlər, o da təqdim olunmuş siyahıdan vəkil seçmişdir. Daha sonra isə şübhəli şəxs qismində tutulmuşdur. Narkotik istifadəçisidir, satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Saxlanılan zaman üzərində mobil telefonu olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili, Şahid1 ifadəsində göstərmişdir ki, 01 noyabr 2024-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddələrin əldə edilib saxlanılmasında şübhəli olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə müvafiq əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəhbərliyinə məruzə edilmiş, müvafiq icazə verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat qrupu yaradılmış və keçirilmiş ilkin tədbirlərlə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək 01 noyabr 2024-cü il tarixdə saat 21:45 radələrində ünvan 3 ünvanının qarşısı və ətraf ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə sonra, yəni 01 noyabr 2024-cü il tarixdə saat 21:52 radələrində zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər, sonradan isə sonuncunun olduğu müəyyən edilən şəxs piyada olaraq ünvan 3 ünvanının qarşısına gəlmişdir. Bu zaman ona yaxınlaşaraq özlərini təqdim edib anket məlumatlarını dəqiqləşdirmişlər və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. Üstü yoxlanılmazdan öncə Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara gödəkçənin sağ yan cibindən 1 (bir) büküm çıxardaraq təqdim etmişdir. Daha sonra həmin büküm açılmış və içərisində ağ rəngli, kristal şəkilli maddə olması aşkar olunmuşdur. Həmin zaman aşkar edilmiş bir ədəd bükümdə olan ağ rəngli, kristal şəkilli maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,34 qram olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin büküm əhəmiyyət kəsb etdiyi üçün götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman sonuncu əynində olan gödəkçənin sol iç cibindən 5 manatlıq pul əskinasını, mavi rəngli alışqanı, əynində olan şalvarının sağ arxa cibindən qırmızı rəngli alışqanı, əynindəki gödəkçəsiııin ön sağ cibindən plastik bank kartını təqdim etdiyindən 5 manatlıq pul əskinası onun özünə qaytarılsa da digər predmetlər 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən ‘'Samsung*' markalı videokamera vasitəsi ilə videoçəkiliş aparılmışdır. Daha sonra Təqsirləndirilən şəxs müvafiq araşdırma aparılması məqsədi ilə Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Nərimanov RPİ-nin 17-ci PŞ-ııə gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etmiş olduğu bükülünü qablaşdırdıqları zərf, alışqanlar və bank kartının olduğu zərf və sonuncunun üstü yoxlanılan zaman çəkilmiş videoçəkilişin əks olunduğu 01 ədəd diskə Nərimnaov RPİ- nin 17-ci PŞnin təhqiqatçısı tərəfindən baxış keçirilmiş və aşkar edilmiş predmetlər yenidən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılan zaman, eləcə də şöbədə olduğu zaman ona qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş oldugu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2024-cü il tarixdən saat 21:52 dəqiqədən tutulmuş hesab edilir. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 01 noyabr 2024- cü il tarixli istintaq hərəkətinin protokolundan və istintaq hərəkətinin videoçəkilişinin əks olunduğu 01 ədəd diskdən görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Mahmud Mirzəycv tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman aşkar edilərək götürülmüş predmetlərin qablaşdırıldığı 02 ədəd ağ rəngli zərfə və sonuncunun üstünün yoxlanılması zamanı çəkilmiş videoçəkilişiıı əks olunduğu 01 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı 02 ədəd zərfim birinin içərisində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə, digər zərfin içərisində isə 02 ədəd alışqan və 01 ədəd plastik bank kartı olduğu müəyyən edilmişdir. Təqdim edilən diskə baxış zamanı həmin diskdə Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman qeydə alınmış videoçəkilişin əks olunduğu müəyən edilmişdir. "Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 01 noyabr 2024-cü il tarixli protokoldan və qeyd edilən hərəkətlərin videoçəkilişi əks olunmuş 01 ədəd diskdən görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 iştirakı ilə barəsində əməliyyataxtarış tədbiri keçirilən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlamaqla istifadə etməsi və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 01 noyabr 2024-cü il tarixdə, saat 21:52 dəqiqədə ünvan 3 ünvanın qarşısında saxlanılmış, saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılmamışdan öncə sonuncuya paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara gödəkçənin sağ yan cibindən l(bir) büküm çıxardanıq təqdim etmişdir. Daha sonra həmin büküm açılmış və içərisində ağ rəngli, kristal şəkilli maddə olması aşkar olunmuşdur. Həmin zaman aşkar edilmiş bir ədəd bükümdə olan ağ rəngli, kristal şəkilli maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,34 qram olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin büküm əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüş və zərfə qoyulmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə eldiyini bildirmişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 noyabr 2024-cü il tarixli, 3-16-16/2-6/5104 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,218 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop madə - metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,218 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,168 qram. Ekspertiza tıdqiqatının dəyəri 81 manat. -“Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 03 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-in İstintaq Şöbəsinin müstəntiqi İsmayıl Həsənovun xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. -“Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 03 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. -“Telefon məlumatlarına baxış keçirilməsi haqqında” 30 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqlar və sms yazışmaları aparılması olsa da iş üzrə həmiyyət kəsb edən sms yazışmaları və danışların aparılması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin Ambulator X1 dair 10 mart 2025-ci il tarixli, 1424 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəsissəsində qeydiyyata alınması məsləhət görülür. -“Sübutların qiymətləndirilməsinə dair” 10 mart 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,218 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0,168 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, iş üzrə «əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» və «olunan əşyaya baxış keçirilməsi haqqında» protokolda video görüntünü əks etdirən 02 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,218 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra - 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1- 1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qismində” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 0,168 qram psixotrop maddə metamfetamin məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (gün) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 0,168 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz saksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar