Məhkəmə qərarları › İş №1(005)-197/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-197/2022

28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-197/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1, xüsusi ittiham qaydasında şikayət vermiş X2 iştirakları ilə, X4 tərəfindən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, 08.12.2021 və 27.12.2021-ci il tarixlərdə saat 13:30 radələrində nəvəsi X5 tərəfindən telefon vasitəsi ilə nalayiq söyüşlərlə təhqir olunmuşdur. Belə ki, qızı Lalənin oğlu X11 adlı xanımla evlənmişdir. Son zamanlar aralarında olan münasibətlər kəskin pozulmuşdur. Hətta 21.12.2021-ci il tarixdə qızı Lalə Cavadova öz gəlinini işdən sonra evə qayıdanda yaşadığı evə buraxmamışdır. Bundan sonra Sevilin anası Sevda xanım onunla əlaqə saxlayaraq ona kömək etməyini xahiş etdi. O da Sevili öz evinə gətirərək lazımi köməklik etmişdir. Bu hadisədən sonra nəvəsi Sarvan Cavadov öz istifadəsində olan 050 ***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuma zəng edərək ünvanına iyrənc, biədəb, ağlasığmaz, saysız-hesabsız, tərbiyəsiz və hisslərinə toxunan ifadələr işlətmişdir. Eyni məzmunlu təhqiredici ifadələri barəsində nəvəsi Sarvan Cavadov öz qaynanası ilə əlaqə saxlayaraq Sevda xanıma da bildirmişdir. Bütün baş verənlərin şahidi X7 olmuşdur. Bu kimi təhqir və böhtan xarakterli məlumatları yaymaqla onun şərəf və ləyaqətini qəsdən alçatmış, nəticədə ona mənəvi zərər vurulmuşdur. Hesab edir ki, Sarvan Cavadov ona qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd edilənlərə nəzərə alaraq, X1 Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və maddələrin sansiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayət ərizəsində göstərilənləri müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 izahat verərək barəsində verilmiş şikayətin qanunsuz və əsassız olduğundan icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1)şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin, ümumiyyətlə şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı sübutlarla təsdiq edildiyi göstərilməlidir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 öz şikayətində X5 tərəfindən CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsini qeyd etsə də, cinayətin törədilmə hallarını təsdiq edən müvafiq sübutları göstərməmişdir. Bundan başqa, CPM-in 293.3.5-ci maddəsinə əsasən cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişin göstərilməli olması qeyd edilsə də, X4 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində X1 CM-in 147-ci maddəsinin hansı bəndinə görə cinayət məsuliyyətinə cəlb edilməsini konkret şəkildə göstərməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-in: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikasının CPM-i ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar