Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-198/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X2 nümayəndəsi və vəkili Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Məmmədov Ramiz Cəlal oğlunun, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək X4 CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, 07 iyul 2007-ci il tarixli əmrə əsasən 09 iyul 2007-ci il tarixdən başlayaraq Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3№ li internat məktəbində direktor vəzifəsində işləyir. Bir il ərzində gördüyü işlər öyrənilmiş və onun vəzifədə qalmağı məqsədəuyğun hesab edilmişdir. Həmin tarixdən başlayaraq bu günə qədər direktor vəzifəsində fasiləsiz olaraq işləməkdə davam edir. ünvan 1 ünvanda yaşayan X9 01.08.2007-ci il tarixdən həmin məktəbdə texniki işçi kimi işə qəbul olunmuş, 01.09.2012-ci il tarixdən məktəbin yeməkxanasına baş aşpaz vəzifəsinə keçirilmişdir. 29.09.2013-cü il tarixdən şagirdlərin isti yeməklə təmin olunması məktəblə Təhsil Nazirliyinin "xxxx" MMC arasinda bağlanmış müqaviləyə əsasən mərkəzləşdirilmiş qaydada həyata keçirildiyindən X4 məktəbin yeməkxanasında fəaliyyətinə xitam verilmiş və o, həmin tarixdən də "xxxx" MMC -nin işçi heyətinə baş aşbaz kimi qəbul olunmuş, lakin baş aşpaz kimi işini 3 №li internat məktəbdə icra etmişdir. X9 3 nömrəli internat məktəbin işçisi kimi 01.08.2007-ci il tarixdən 29.09.2013-cü il tarixə qədər əmək haqqını özü almışdır. Sonuncu tarixdən başlayaraq Musayev Turalın əmək münasibətlərinin, habelə buna görə əmək haqqı almasının 3№li internat məktəbinə heç bir aidiyyəti olmamışdır. 2020-ci ildə "xxxx" MMC tərəfindən işdən azad edilən X6 digər iş təklif edilmiş, lakin o təklif edilmiş işdən imtina edərək baş aşpaz kimi işə qayıdacağını bəyan etmiş və bundan sonra 3№li internat məktəbi, onun müdiriyyəti barədə yalan, həqiqətə uyğun olmayan məlumatları, səs yazılarını sosial şəbəkələrdə, kütləvi çıxışlarında yaymağa başlamış, hər vasitə ilə məktəb barədə ləkələyici məlumatları yaymağa üstünlük vermişdir. Hədə-qorxu ilə tələb etmə fəaliyyətini davam etdirərək Tural Musayev ona və həyat yoldaşına qarşı tələb irəli sürərək guya işdən çıxarıldığı üçün MMC-nin ona borcu olmuş və ona olan 5000 AZN borcu ödəməlidir. Bundan başqa Tural Musayev ikinci dəfə guya onun kartını vermədiyi üçün 2007-2013-ci illər ərzində ona 10.000 manatdan yuxarı, yaxud 12.000 manat pul verəcəyi olmuşdur. Ona görə o, ondan növbəti dəfə hədə-qorxu ilə, barəsində rüsvayedici məlumatları yayacağı hədəsilə pul tələb etdi. Bununla bağlı o, polis orqanına şikayət etmək məcburiyyətində qalmışdır. X9 2020-2021-ci il tarixlərdə Təhsil nazirliyinə, maliyyə nazirliyinə müraciət edərək onun guya nazirliyin əməkdaşları ilə məktəbi "dağıdaraq", "talan" etməyini göstərmiş, ona təhsil nazirliyinin işçiləri ilə birlikdə dağıdıcı fəaliyyət göstərməyi barədə böhtan atmış, bununla kifayətlənməyib, yenə onlarla birlikdə məktəbi "talan" etməkdə, yəni oğurluq etməkdə ittiham edərək böhtan atmışdır. Lakin bu bötanların heç bir əsası yoxdur. Tural Musayevdən izahat alınarkən o həqiqətə uyğun olmayan yalan məlumatları işdən çıxdığı və hirsli olduğu üçün yazdığını bildirmiş və ərizəsini geri istəmişdir. Nəticədə işlədiyi nazirlikdə onun şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzdan salan ən başlıcası həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır və ona böhtan atılmışdır. Bundan sonra Tural Musayev tarixi məlum olmayan ərizə ilə Təhsil Nazirliyinin əməkdaşı Eşqin Bağırova müraciət edərək özünə və həyat yoldaşına məxsus əmək haqqlarının alınmadığına istinad etmişdir. Göstərir ki, onlara əmək haqqı verməmiş, guya bunu onların işə düzəlmək barədə kartları olmadığı üçün pullarını mənimsəmişdir. Lakin ərizənin sonunda Tural Musayev Təhsil Nazirliyinin əməkdaşından əmək haqqı kartlarının kimlər tərəfindən mənimsəməsini üzə çıxarmasını və onların dövlətə təslim edilməsini xahiş edir. Tural Musayev ərizənin əvvəlində kartları onlara vermədiyi üçün əvvəlcə onu (məktəb direktorunu) onların pullarını mənimsəkdə ittiham edir, sonra isə bu əmək haqqlarının kimlər tərəfindən mənimsənilməsinin üzə çıxmasında və dövlətə təslim edilməsində kömək edilməsini xahiş etməklə özü-özünə ziddiyyət yaradır. Bu ərizənin məzmunu barəsində səslənən fikirlərdən bilinmir ki, əmək haqqlarını və kartları verməməkdə , habelə əmək haqqlarını mənimsəməkdə Tural Musayev qəti şəkildə onu təqsirləndirir və ya təqsirli şəxslərin dairəsini müəyyən etməkdə Təhsil nazirliyinin məsul işçisindən kömək istəyir. Yayılmış bu yalan məlumatla o, məktəb direktoru kimi növbəti dəfə ağır cinayəti törətməkdə ittiham olunmaqla böhtana məruz qalır. Tural Musayev 2020-2021-ci illər ərzində növbəti dəfə böhtan və təhqirlərlə dolu Azərbaycan Respublikasının Prezidentinə, 1-ci Vitse-Prezidentə, Baş Prokurora, Maliyyə Nazirinə, Təhsil nazirinə yazdığı tarixi məlum olmayan şikayətində onu dövlət büdcəsini dağıtmaqda, ona ziyan vurmaqda suçlayaraq böhtan atır. Fikrini davam etdirərək onu adını çəkmədiyi kimlərə isə rüşvət verməkdə, ağır cinayətləri törətməkdə ittiham edir. Onun barəsində nə istintaq, nə məhkəmə orqanının müvafiq ittihamla bağlı qərarı, hökmü olmamış, nə də keçirilmiş yoxlamalar belə bir faktı əməllərində müəyyən etməmişdir. Şagirdlərin sayının artırıbazaltmaq barədə məlumatların isə heç bir əsası yoxdur. Tural Musayevin göstərdikləri yalan məlumatlardır. Dəfələrlə keçirilmiş yoxlamalar zamanı 3№li internat məktəbin yüksək göstəricilərə malik olduğu sübuta yetmiş, habelə Tural Musayevin öz dedikləri ilə təsdiq olunmuşdur. Beləliklə yuxarıda iqtibas gətirdiyi mətnlərin yayılması onu heç bir faktiki və hüquqi əsas, konkret sübut və dəlil olmadan ağır cinayətlərdə ittiham etməklə böhtan atmaqla yanaşı, eləcə də də reputasiyasına ciddi xələl gətirib və bu onun, ailə üzvlərinin sağlamlığına ciddi təsir göstərib. Baş verənlər onun mütəmadi olaraq müxtəlif instansiyalara çağırılmağına, izahat verməyinə səbəb olmuş, əsassız ittihamların heç bir aidiyyətinin olmamasını sübuta yetirməyi mənəvi zərbə olub, sarsıntılar keçirməyimə səbəb olmuşdur. Şərəf və ləyaqətinə, habelə məni nüfuzdan salan məlumatların yayılması nəticəsində dəymiş zərəri, keçirtdiyi iztirablar, sarsıntılar, onu tanıyanların, ailənin, kollektivin, işlədiyi Təhsil nazirliyinin məsul şəxsləri qarşısında utanmağı, özünə haqq qazandırmaq üçün barəsində yayılanların böhtan olduğunu sübut etməyə çalışmağı, Tural Musayevin yazılarında özü-özünü təkzib edib ziddiyyətli mövqe tutmasının, üzr istəməsinin, böhtan atarkən hirsli olmasının nəticə verməməsini, qəsdin təkcə ona yox, ona yaxın adamlara qarşı yönəlməsini mənəvi zərər hesab edib və zərərin əvəzolunmaz və başa düşülən əzabların ədalətli təzminatı kimi 40.000 AZN məbləğində qiymətləndirir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X2 nümayəndəsi və vəkili X8 xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 şikayətin əsassız olduğunu bildirərək məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayətdən və iş materiallarından göründüyü kimi X1 Bahar Zənnum qızı barədə səsləndirdiyi fikirləri müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə göstərmişdir. Qanunvericliyin məzmunundan göründüyü kimi məlumatların bu tərzdə yayımlanması kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. CPM-in: 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunmaqla həmin şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-198/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-198/2022
16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver