Məhkəmə qərarları › İş №1(005)-198/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-198/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-198/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, kuryer fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 12:30 radələrində X7 Alayının 1-ci patrul bölüyünün əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4rimanov Rayon Polis İdarəsinin 16-cı Polis bölməsinə gətirilmiş, bölmənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş satış məqsədi olmadan daşıdığı təmiz çəkisi 6,997 qram təşkil edən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, “Wolt” şirkətində kuryerlik etməklə məşğul olur, arada “nəşə” kimi tanınan narkotik vasitə sayılan marixuana çəkir. xx.xx.2022-ci il tarixdə də “nəşə” çəkmək üçün “instagram” sosial şəbəkəsində danışdığı, hazırda adını xatırlamadığı səhifədən ona nəşə təşkil etməsini istəmiş, həmin şəxsin “instagram” vasitəsi ilə ona göndərdiyi kart hesabına 80 manat pul köçürmüşdür. Təxminən saat 21 radələrində həmin şəxs ona “instagram” vasitəsi ilə şəkil göndərərək marixuananı “Ayna Sultanova” heykəlinin yaxınlığında, körpünün altına qoyduğunu bildirmişdir və bundan sonra o, həmin yerə gedib siqaret qutusunun içərisində olan marixuananı oradan götürüb xalasıgilə getmişdir. xx.xx.2022-ci il tarixdə, saat 12:30 radələrində xalasıgildən çıxarkən polis əməkdaşları ona yaxınlaşaraq ondan özünü təqdim etməsini xahiş etmişlər. Onun üzərində narkotik vasitə olan “marixuana” olduğu üçün o, həyəcanlanaraq özünü təqdim etməyərək söhbətdən yayınmaq və oradan uzaqlaşmaq istəmişdir. Lakin polis əməkdaşları onu saxlayaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis bölməsinə aparmışlar. Polis ölməsində onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üzərində gəzdirdiyi narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Sonda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in X7 X4 polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində ekipaj yoldaşı Şahid2lə birlikdə ünvan 6 ünvanın qarşısında xidmətdə olarkən bir nəfər şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli apardığını görmüş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək ƏÇPA-nın 1 -ci patrul bölüyünün əməkdaşları olduqlarını bildirmiş və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs özünü təqdim etmək istəməyərək suallardan yayınmağa və oradan uzaqlaşmağa çalışmış, onun rabitəsiz danışığından narkotik vasitənin və ya psixotrop maddənin təsiri altında olmasından və üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamasından şübhələnmişlər. Buna görə də həmin şəxsi saxlayaraq Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətirmiş, bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 16-cı Polis bölməsinə gətirilməsi barədə raportla bölmə rəhbərliyinə məruzə etmiş, raportun icrası bölmənin təhqiqatçısına həvalə edilmişdir. Bundan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə axtarış keçirilmiş, axtarış zamanı o, üzərində gəzdirdiyi narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitə olan “nəşə”, yəni qurudulmuş marixuanadır, həmin maddəni 01 dekabr 2022-ci il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsi əldə etmişdir. Daha sonra aşkar edilmiş maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə şahid DİN-in X7 X4 polis nəfəri Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 02 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 02 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs özünü təqdim edərək, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində spesifik qoxuya malik, yaşıl rəngli, ot şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə barədə soruşduqda bir ədəd bükümdə olan maddənin narkotik vasitə olan “nəşə” adı ilə tanıdığı marixuana olmasını və xx.xx.2022-ci il tarixdə “Ayna Sultanova” heykəlinin yaxınlığında üzdən tanımadığı şəxsdən özü istifadə etmək məqsədi ilə bükümü 80 manata alıb üzərində saxlayaraq daşımasını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və X2 iştirakı ilə qablaşdırılmış və 218 nömrəli möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 dekabr 2022-ci il tarixli, 7/1370 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs...Tuhumov.E.” yazılar və imzalar zərfdə 01 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 6,997 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 04 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Fuad Babayev tərəfindən verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 04 dekabr 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 04 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən “Gənclik” metrostansiyasının “Atatürk” parkı tərəfindən girişini təqdim edərək narkotik vasitə olan qurudulmuş marixuana almaq üçün “İnstagram” sosial şəbəkəsində danışdığı tanımadığı şəxsin kart hesabına pul köçürmək üçün xx.xx.2022-ci il tarixdə “Gənclik” metrostansiyasının həmin girişindən metroya daxil olmuşdur. Metrostansiyasının içərisində olan ödəmə terminalından 80 manat narkotik vasitə üçün həmin şəxsin kart hesabına atmışdır. Daha sonra ödəniş etdikdən sonra narkotik vasitəni Gənclik metrostansiyasının ərazisindən götürmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Diskə baxış keçirilməsi haqqında” 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 01 ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibindən içərisində spesifik qoxuya malik, yaşıl rəngli, ot şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə barədə soruşduqda bir ədəd bükümdə olan maddənin narkotik vasitə olan “nəşə” adı ilə tanıdığı marixuana olmasını və xx.xx.2022-ci il tarixdə “Ayna Sultanova” heykəlinin yaxınlığında tanımadığı şəxsdən özü istifadə etmək məqsədi ilə bükümü 80 manata alıb üzərində saxlayaraq daşımasını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra aşkar olunmuş maddə zərfə qoyulub qablaşdırılaraq möhürlənir, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunur və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 07 dekabr 2022-ci il tarixli, 7426 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 02 fevral 2023-cü il tarixli, 239 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. “Sübutların qiymətləndirilməsi haqqında” 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilmiş narkotik vasitə ilə bağlı videolentə alınmış görüntülərin əks edildiyi 01 ədəd CD disk və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 6,997 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Qurudulmuş marixuananın aparılmış tədqiqatlardan sonra qalıq qalmış 6,977 qram hissəsi saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 02 dekabr 2022-ci il tarixdən 04 dekabr 2022-ci il tarixədək tutulduğu, cəmi 02 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqıdan iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 72,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 6,977 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “ARBİTRİUM” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdən 04 dekabr 2022-ci il tarixədək tutulduğu, cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 6,977 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatı üçün cəmi 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “ARBİTRİUM” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar