Məhkəmə qərarları › İş №1(005)-199/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-199/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-199/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Femida” Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, İsmayıllı rayonu, Mican kəndində qeydiyyatda olmaqla, barəsində “polisin nəzarəti altına vermə” qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən qohumları olan şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs xidmətdə buraxdığı nöqsanlara görə xidmətdən xaric edildiyi DİN-də müvafiq vəzifəyə bərpa etdirəcəyi barədə yalan vəd verib etibarından sui-istifadə etməklə onu aldadıb bu adla Zərərçəkmiş şəxs 22 aprel 2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “İmperial” şadlıq sarayının yaxınlığında 2.000 manat, eyni məqsədlə, Zərərçəkmiş şəxs 2022-ci ilin iyun ayının əvvəllərində elektron ödəmə terminalından Təqsirləndirilən şəxs bildirdiyi istintaqa məlum olmayan bank hesab nömrəsinə köçürdüyü 3.000 manat, daha sonra 2022-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs eyni məqsədlə ünvan 1 ünvanda yerləşən “İmperial” şadlıq sarayının yaxınlığında 8.000 manat və 2022-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, Atatürk parkında yerləşən “Cook Mood” restoranının qarşısında 2.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs qızma ümumilikdə 15.000 manat məbləğində olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4- cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, barəsində şikayət etmiş Zərərçəkmiş şəxs 2003-cü ildən etibarən tanıyır. Həmin vaxt o, Kürdəmirdə polis nəfəri kimi işləyirmiş, Cəmilə ilə də elə həmin ərəfədə təsadüfən tanış olmuşlar. Aralarında dosttanışlıq münasibəti olmuşdur. Sonradan elə olmuşdur ki, onlar Cəmilə ilə Bakı şəhərində yaxın binalarda yaşayaraq qonşu olmuşlar. Bir neçə ilə sonra Cəmilə özü də polisə xidmətə qəbul olunmuş, ilk əvvəl polis nəfəri kimi, daha sonra isə zabit kimi çalışırmış. Sonradan Cəmilənin işlədiyi polis bölməsində ona məlum olmayan problemlər yaşandığına görə sonuncu xidmətdən xaric olunmuşdur. O, özü də sonuncu iş yeri olan İsmayıllı RPŞ-də Pasport Qeydiyyat xidmətindən işdə buraxdığı nöqsanlara görə 2016-cı ildə orqandan xaric olunmuşdur. Beləliklə də, Cəmilə ilə söhbət zamanı o, Cəmiləyə bildirmişdir ki, müəyyən hallarda əməkdaşların xidmətə bərpa olunması mümkündür. Özünü də misal gətirib bildirmişdir ki, lazım olsa özü də bərpa olunmaq üçün müraciət edər, sadəcə olaraq səhhətində olan problemlərə görə və ürəyində keçirtdiyi açıq əməliyyatdan sonra bu məqsədəmüvafıq deyildir. Elə həmin vaxt Cəmilə ondan xahiş etmişdir ki, bu işdə köməklik etsin. O da bir qədər bu məsələ ətrafında soraqlaşıb məlumat topladıqdan sonra Cəmiləyə bildirmişdir ki, 12.000 manat pul müqabilində Cəmiləni xidmətə bərpa etdirə biləcək. Əslində öyrəmişdir ki, işə bərpa ilə bağlı müraciət edən keçmiş əməkdaşların əksəriyyətini yenidən işə qəbul edirlər, o ki qaldı qadın əməkdaşı. Ona görə də düşünmüşdür ki, Cəmilə müraciət etməklə müraciətini şübhəsiz nəzərə alıb sonuncunu sorğu-sualsız işə bərpa edəcəklər. O, bir neçə tanışının vasitəsilə Cəmilənin necə və hansı qaydada Daxili İşlər Nazirliyinə müraciət etməli olduğunu öyrənib Cəmiləni bu cür istiqamətləndirmişdir. Cəmiləyə demişdir ki, bu işə görə 12.000 manat pul lazımdır və Cəmilə razılaşdıqdan sonra sonuncudan həmin pulu hissə-hissə olaraq almışdır. Buna baxmayaraq Cəmilənin ətrafında sonradan aparılan araşdırmanın nəticəsində məlum olmuşdur ki, Cəmilə polisdə xidmətlə bir araya sığmayan X6 və Nizamnamənin müvafiq maddələri ilə xidmətdən xaric olunmuşdur. Bir sözlə Cəmilənin xidmətə bərpa olunması mümkünsüz imiş. Ona görə də Cəmiləyə bu barədə rəsmi cavab gəlmişdir. Bununla belə, o, Cəmilədən aldığı 12.000 manat pulu artıq öz ehtiyaclarına xərcləmiş, odur ki, geri qaytara bilməmişdir. O, Cəmilədən hissə-hissə cəmi 12.000 manat pul almışdır. Həmin pulu da 6000, 4000 və 2000 manat olmaqla həm bank kartı hesabına, həm də əlbəəl olaraq almışdır. Eyni zamanda təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, vurulmuş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2003-cü ildən etibarən tanıyır. Onlar Pərvizlə qonşu olub bir binada yaşamışlar və ailəvi olaraq tanışlıqları olmuşdur. Mahiyyəti üzrə qeyd etmiş ki, 2009-cu ildə o, polis nəfəri kimi X5 işə qəbul olunaraq ilk əvvəl sıravi və kiçik rəis heyəti hazırlayan məktəbdə operator vəzifəsində, daha sonra isə Bakı şəhəri Yasamal RPİ-nin dəftərxanasında inpektor vəzifəsində işləmişdir. Bir qədər sonra o, DİN-in Polis Akademiyasına qəbul olunaraq orada ikinci ali təhsil almış və buna görə də 2015-ci ildən Yasamal RPİ-nin 26-cı PB-də polis zabiti kimi yetkinlik yaşına çatayanların işləri üzrə inpektor vəzifəsində işləmişdir. 2019-cu ildə müəyyən səbəblərdən tutduğu vəzifədən azad olunmuş və barəsində aparılan araşdırmanın nəticəsində DİO-da xidmətdən xaric olunmuşdur. Pərviz də əvvəllər polisdə xidmət etmiş və ondan xeyli qabaq, təxminən 2016-cı ildə DİO-dan xaric olunmuşdur. Beləliklə də, Pərviz onun bu işlərindən xəbərdar olaraq aralarında olan söhbətlərin birində bildirmişdir ki, X8 rayonlarda aparılan görüşlərdə işə bərpa ilə bağlı əməkdaşları qəbul edir və onun da bu cür işə qəbul olunmasına şans vardır. Ona məsləhət görmüşdür ki, həmin qaydada qəbula getsin. Lakin o, Pərvizə bunun yolunu və necə etməli olduğunu bilmədiyini qeyd etmiş və Pərvizdən ona bu işdə kömək etməsini xahiş etmişdir. Pərviz də razılaşaraq bildirmişdir ki, bu işi həmin vaxt İsmayıllı Rayon Polis İdarəsinin rəis müavini vəzifəsində işləyən dayısı oğlu Namiqdən xahiş edə bilər, lakin bunun üçün müəyyən məbləğdə pul lazımdır. Belə ki, ilk əvvəl onu qəbula yazdırmaq üçün 3.000 manat pul lazım olduğunu demişdir. Deməsinə görə, həmin pulu Namiqə şirinlik kimi verirmiş ki, onun müraciətini tapşıraraq növbədən kənar qəbul olunmasına şərait yaratsın. O, Pərvizə həmin vaxt o qədər pulunun olmadığını bildirib 2.000 manat pulu Pərvizə Şamaxinka deyilən ərazidə əlbəəl olaraq 2022-ci ilin aprel ayının təxminən 22-də vermişdir. Bundan sonra da Pərvizin dediyi məbləğin çatışmayan 1000 manat hissəsini hazırda yadında qalmayan dediyi elektron hesaba ödəmə terminalı vasitəsilə ödəmişdir. Beləliklə, dediyi 3.000 manatı Pərvizə çatdırdıqdan sonra Pərvizin dediyi kimi müraciət etmişdir. Onu həqiqətən də DİN- ə çağırdılar və müraciətlə bağlı onu sorğu-sual edib bildirmişlər ki, onun barəsində hələ ki, araşdırma gedir və bu proses təxminən 2-3 ay çəkəcək. Bundan sonra o, Pərvizə bunu bildirmiş və Pərviz demişdir ki, onun işə bərpa olunması üçün ümumilikdə 15.000 min manat pul lazımdır, həmin pulun 3.000 manat olan hissəsi müraciətin qəbul edilməsi ilə bağlı, qalan 12.000 manat isə işə bərpa olunması ilə bağlı imiş. Bütün bu məsələlər həll olunub yoluna düşəndən sonra danışıqlarına uyğun olaraq Pərvizin özünə qızıl saat pay etməli imiş. Deməsinə görə, həmin pul tez bir zamanda Namiqə çatmalı imiş ki, işi müsbətə doğru həll olunsun. O da həmin ərəfədə qohumlarından borc edib ümumilikdə Pərvizə çatışmayan 12.000 manat pulu vermişdir. Pulu da Pərvizə hissə-hissə olmaqla 2022-ci ilin aprel ayının sonlarından iyun ayının əvvəllərinədək olan müddət ərzində 3 dəfəyə vermişdir. Beləliklə, bütün bunlara baxmayaraq onun həmin ilkin müraciətinin nəticəsində ona məktub gəlmişdir ki, DİN-də xidmətə bərpa olunması məqsədə müvafiq deyil. Bundan sonra o, həmin məktubu Pərvizə göndərmiş və sonuncunun söz verdiyi işin heç bir nəticəsinin olmadığını görüb pulunu geri tələb etməyə başlamışdır. Pərviz isə pulun Namiqdə olduğunu bildirərək ona bəhanələr gətirməyə başlamışdır. Buna baxmayaraq Pərviz ona hissə-hissə 50-100 manat olmaqla həmin vaxtdan etibarən bu neçə il ərzində təxminən 3.000 manat pulunu qaytarmışdır. Pərvizin barəsində şikayət etdikdən sonra isə sonuncu əlavə olaraq ona 3.000 manat pulunu özünə qaytarmışdı. Təqsirləndirilən şəxsla aralarında sosial şəbəkədə aparılan danışıqların hələ də telefonunda olduğunu və təqdim edəcəyini, bununla belə, Pərvizin ondan aldığı pulu heç vaxt boynundan atmadığını, sadəcə olaraq pulun özündə olmaması səbəbindən qaytara bilmədiyini bəhanə gətirdiyini, qeyd edilən məbləğdə olan pullardan ilkin 2000 manatı Şamaxinka deyilən ərazidə 2022-ci ilin aprel ayının təxminən 22-də, sonrakı məbləğlərdən: 1000 manat və 2000 manat pulu Pərvizin ona bildirdiyi elektron hesaba ödəmə terminalı vasitəsilə, 6000 və 2000 manat pulu Pərvizə Şamaxinka deyilən ərazidə həmin ilin iyun ayının ortalarınadək olan müddət ərzində əlbəə-əl olaraq özünə vermişdir. Qeyd etmişdir ki, sonuncu dəfə də həmin ilin iyun ayının sonlarında Pərvizə verdiyi 2000 manat pulu Atatürk parkında yerləşən “Cook Mood" kafesinin qarşısında özü ilə təklikdə görüşüb vermişdir. Təqsirləndirilən şəxs bildirdiyi müəyyən məbləğlərdə olan pulları göndərdiyi elektron hesabların yadında qalmadığını, kimə məxsus olmasını da bilmədiyini, həmin kartları hazırda xatırlamadığını, pulları terminal vasitəsilə hesablara ödədiyini bildirmişdir. Pulu Təqsirləndirilən şəxs rüşvət mənasında kiməsə çatdırması üçün vermədiyini, Pərvizin həmin pulu kiməsə vermədiyini əslində hiss etdiyini, sadəcə olaraq Pərvizin bu işi həvəslə görməsini və onun məqsədinə nail olaraq işinə bərpa olunması üçün bunu etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs qohumu Namiq adlı şəxslə heç vaxt özü görüşmədiyini və hər hansı əlaqəsinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə 15 aprel 2025-ci il tarixdə ərizə ilə müraciət edərək təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə tiraz etmədiyini bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəyən ziyanı ödəyərək sonuncunun ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə həmin hissədə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş: İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində AR CM-nin 178.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilərək o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə törətmiş olduğu dələduzluq əməli onun barəsində olan xx.xx.2023-cü il tarixli xitam qərarından əvvəl törədilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq; "xxxx" ASC-nin İsmayıllı rayonu filialının 16 iyul 2025-ci il tarixli, 12729 nömrəli qbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 dəymiş zərərin 25 faizi, yəni 3.770 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və ona vurulmuş ziyanı ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini (15000 manat-25 faizi 3.750 manat), prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Femida” Vəkil bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün cəmi 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. “Femida” Vəkil bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 20 (iyirmi) iş saatı üçün cəmi 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar