Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-20/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunda Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Cəbrayıl rayonu, Şahvəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi şosesi, “Söyüdlər məhəlləsi”ndə fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs1, bacısı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 16 avqust 2020-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyatzadə küçəsi 10 saylı evin qarşısında, çoxlu sayda adamın gözləri qarşısında ümumi birgə davranış qaydalarına zidd olaraq Zərərçəkmiş şəxs heç bir səbəb olmadan yerə yıxıb təpiklə qəsdən zərbələr endirib Zərərçəkmiş şəxs hər iki bazunun, sağ süd vəzisinin, hər iki budun qançırları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tədbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri 6 dəqiqə ərzində davam etdirərək ətrafda olan və yoldan keçən digər şəxslərin rahatlıqlarını, dincliklərini pozmaqla xuliqanlıq etmişdir. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs2, qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 16 avqust 2020-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyatzadə küçəsi 10 saylı evin qarşısında, çoxlu sayda adamın gözləri qarşısında ümumi birgə davranış qaydalarına zidd olaraq Zərərçəkmiş şəxs heç bir səbəb olmadan yerə yıxıb təpiklə qəsdən zərbələr endirib Zərərçəkmiş şəxs hər iki bazunun, sağ süd vəzisinin, hər iki budun qançırları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tədbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri 6 dəqiqə ərzində davam etdirərək ətrafda olan və yoldan keçən digər şəxslərin rahatlıqlarını, dincliklərini pozmaqla xuliqanlıq etmişdir. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2020-ci ilin mart ayında əmisi oğlu Məmmədəli Turabov bacısı Təqsirləndirilən şəxs2 döydüyü üçün 18-ci PŞ-nə müraciət etmişlər. Şöbədə araşdırma aparılaraq material Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. Bundan sonra Məmmədəli və arvadı Lamiə onunla və ailəsilə qərəzli münasibətdə olmağa başlamışlar, onlardan şikayət edəcəklərini bildirirmişlər. Lamiənin qaynı arvadının təkidi ilə Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 10, mənzil 10 ünvanında yerləşən evlərinin zirzəmisində olan əşyaları yığmaq üçün 16.08.2020-ci il tarixdə saat 12 radələrində bacısı Zərif və anası ilə həmin evə gəlmişdir. Həmin gün bacısı Zərif iş yoldaşının ad günü yığıncağına gedəcəyi üçün əynindəki təmiz paltarı çirkləndirməmək üçün zirzəmiyə girmədən təxminən 20-30 dəqiqə orada olmuş, sonra bacısı Zərifi iş yoldaşı ilə görüşəcəyi üçün Montinə aparmış və daha sonra qayıdıb gəlmişdir. Bacısı ümumiyyətlə həmin ünvanda qısa müddət olmuşdur. Həmin gün Lamiəni və şahid qismində çıxış edən qadınları ümumiyətlə görməmişdir. Həmin gün nə Lamiə ilə, nə də Məhəmmədəli ilə heç bir mübahisə yaşamayıb. Əlavə olaraq qeyd etmişdir ki, onlar həmin vaxtı orada yaşamamışdırlar, sadəcə Lamiənin qaynının yoldaşı təkidlə onlardan gəlib zirzəmini açmağı xahiş etdiyinə görə oraya gəlmişlər. Buna görə də hadisənin qabaqcadan Lamiə tərəfindən planlaşdırıldığını düşünür. Eyni zamanda bildirmişdir ki, orada yaşayan qonşularla əlaqələrindən ona məlum olmuşdur ki, məhkəmədə şahid qismində ifadə vermiş Fəridə və Güldanə adlı qadınlar 16.08.2020-ci il tarixdən əvvəl həmin ərazidən köçmüşlər, hadisə baş verən gün orada yaşamamışlar. O, həmin gün ərazidə həmin qadınları görməmişdir. Onların heç biri ilə düşmənçilik və ya ədavəti olmayıb, lakin onlarla Lamiənin aralarında yaxın münasibət olmuşdur. O, zirzəmini təmizləyib bitirdikdən sonra çıxıb getmiş, bir neçə saat sonra polis bölməsindən ona zəng vurub hadisə ilə bağlı bölməyə dəvət etmişlər. Bu məsələdən həmin vaxt xəbərdar olmuşdur. Sonda Təqsirləndirilən şəxs1 zərərçəkmişə qarşı heç bir cinayət törətmədiyini, həmin gün ümumiyyətlə onu görmədiyini qeyd edərək bunların nəzərə alınmasını və Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2020-ci ilin mart ayında yaşadığı ünvanda əmisi oğlu Məmmədəli Turabov onu döydüyü üçün 18-ci PŞ-nə müraciət etmişdir. Şöbədə araşdırma aparılaraq material Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. Bundan sonra Məmmədəli və arvadı Lamiə onunla və ailəsilə qərəzli münasibətdə olmağa başlamışlar. Həmin mübahisədən sonra Xırdalan şəhərində yaşamağa davam etmişlər. Daha sonra, Lamiənin qaynı arvadının uzun müddət davam edən xahiş və tələbi ilə Ü.Bünyadzadə küçəsi, ev 10, mənzil 10 ünvanında yerləşən evlərinin zirzəmisində olan əşyaları yığmaq üçün 16.08.2020-ci il tarixdə saat 12 radələrində qardaşı Elçin və anası ilə birlikdə həmin evə gəlmişdir. Təxminən 20-30 dəqiqə evdə olmuş, sonra isə iş yoldaşının ad günü yığıncağında iştirak etmək məqsədilə qardaşı Elçin onu Montinə aparmış, sonra isə oradan Hövsan qəsəbəsinə getmişdir. Ü.Bünyadzadə küçəsi, ev 10, mənzil 10 ünvanında olduğu qısa müddətdə Məmmədəlini və Lamiəni görməmişdir. Bildirmişdir ki, onların əvvəllər aralarında olmuş mübahisəyə səbəb Lamiənin yoldaşının onu vurması olmuş, həmin vaxt barışıq olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, istintaqda araşdırma aparılarkən yazdığı 16.09.2020ci il tarixli ərizədə qeyd olunanlar, həqiqəti əks etdirmir. Belə ki, məsələnin uzanmaması və işin tezliklə bitməsi üçün müstəntiqin təkidi ilə belə bir həqiqətə uyğun olmayan ərizə yazmışdır. Həm də şirkətdə işlədiyi üçün bu cür söz-söhbətin tez yekunlaşmağını istəmişdir. Qeyd etmişdir ki, həmin gün nə Lamiə ilə, nə də Məmmədəli ilə heç bir mübahisə yaşamayıb. O, həmin gün ümumiyyətlə, Lamiəni, Məmmədəlini, Fəridə və Güldanəni görməmişdir. Onun Fəridə və Güldanə ilə heç bir düşmənçilik və ya ədavəti olmayıb, lakin onlarla Lamiənin aralarında yaxın münasibət olmuşdur. Eyni zamanda, bildirmişdir ki, orada yaşayan qonşularla əlaqələrindən ona məlum olmuşdur ki, məhkəmədə şahid qismində ifadə vermiş Fəridə və Güldanə adlı qadınlar 16.08.2020-ci il tarixdən əvvəl həmin ərazidən köçmüşlər, hadisə baş verən gün orada yaşamamışlar. Sonda Təqsirləndirilən şəxs2 zərərçəkmişə qarşı heç bir cinayət törətmədiyini, həmin gün ümumiyyətlə onu görmədiyini qeyd edərək bunların nəzərə alınmasını və Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 avqust 2020-ci il tarixdə saat 13:00 radələrində yaşadığı evdən çıxıb mağazaya gedən zaman, yaşadığı evin qarşısında, küçədə əri Məmmədəlinin əmisi qızı Təqsirləndirilən şəxs2 və onun qardaşı ilə rastlaşmışdır. Zərif onu görən kimi yaxınlaşıb qəflətən saçından tutaraq yolmağa başlamışdır. O, özünü müdafiə etmək üçün əl-qol atmağa başlamışdır. Lakin Zərif saçını buraxmamış və onu yerə yıxmışdır. O, yerə yıxılandan sonra Zərif və qardaşı Elçin yerdə ona təpik zərbələri vurmağa başlamışlar. Elçin təpiklə sol qolunun yuxarı hissəsindən, sağ döşündən və sol ayağının yuxarı hissəsindən zərbələr endirmişdi. Zərif isə təpiklə sağ qolunun yuxarı hissəsindən və sağ ayağınının yuxarı hissəsindən zərbələr vurmuşdur. Zərbələr nəticəsində o, özündən getmişdir. Birdə ayılmış ki, evdədir. Təcili yardım gəlib həkimlər tibbi yardım göstərirlər. Həkimlər tibbi yardım göstərdikdən sonra hadisə barədə polisə məlumat vermişdir. Hadisənin baş verməsinə səbəb kimi hadisədən bir neçə ay öncə qonşulardan birinin onun yoldaşına Zərifin gecə saatlarında evə kənar bir şəxs gətirməsi barədə məlumat verməsi olmuşdur. Bundan sonra, yoldaşı məsələni aydınlaşdırmaq üçün Zəriflə danışmış, həmin hadisədən sonra onlarla Zərif arasında mübahisə yaranmışdır. Zərif onları bu hadisəni qohumlar arasında yaymaqda ittiham etmişdir. Həmçinin, bundan əvvəl həyat yoldaşı Məhəmmədəli Zərifə 200 manat borc pul vermiş, daha sonra Zərif həmin pulu qaytarmadığı üçün onlar arasında nifaq olmuşdur. Sonuncu dəfə yəni 16.08.2020-ci il tarixdə saat 13:00 radələrində küçədə olarkən Zərif onu görən kimi yaxınlaşıb elə bil ondan acığını çıxırmış kimi saçından tutub dartıb yerə yıxmışdır. Bundan sonra Zərif və qardaşı Elçin onu yerdə ayaq zərbələri ilə vurub döymüşlər. Həmçinin göstərmişdir ki, hadisə yaşadığı Nərimanov rayonu, Ü.Bünyatzadə küçəsi 10 saylı evin qarşısında küçədə baş vermişdir. Hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. Həmin vaxt küçədə çoxlu adam olmuşdur. Hadisəni həmçinin Fəridə və Güldanə adında iki qonşusu da görmüşdür. Eyni zamanda məhkəmə iclasında ona ünvanlanan suala cavab olaraq göstərmişdir ki, hadisə vaxtı o yerə yıxıldıqdan sonra Zərifin anası da oraya gələrək öz övladlarına “vurun, öldürün onu” demişdir. Həmçinin göstərmişdir ki, onu Təqsirləndirilən şəxs2 saçından tutub yerə yıxmışdır. Bundan sonra Zərif və qardaşı Elçin ayaq zərbələri ilə onu vurub döyüblər. Elçin təpiklə sol qolunun yuxarı hissəsindən, sağ döşündən və sol ayağının yuxarı hissəsindən zərbələr endirmişdir. Zərif isə təpiklə sağ qolunun yuxarı hissəsindən və sağ ayağınının yuxarı hissəsindən zərbələr vurmuşdur. Bundan sonra özündən getmiş, birdə evdə özünə gəlmişdir. Eşitdiyinə görə X9ynının yoldaşı çağırmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs2 və Elçin Quliyevin əlində heç bir şey olmamış, əlləri boş olubdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, müstəntiq Gündüz müəllim tərəfindən araşdırma aparılarkən Zəriflə barışdığına dair ərizə yazsa da, ona heç bir pul ödənilməmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, həmçinin Elçin və Təqsirləndirilən şəxs2lar onun yaşadığı məhəllədə yaşayırlar. 16.08.2020-ci il tarixdə qonşusu Güldanə ilə birlikdə yaxınlığdakı mağazadan bazarlıq edib evə qayıdırmışlar. Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi 10 saylı evin qarşısından keçən zaman qonşusu Zərifin qardaşı Elçinlə birlikdə bir nəfər qadını vuraraq yerə yıxdıqlarını və yerdə əl və ayaq zərbələri ilə vurduqlarını görüb, onlara tərəf getmişlər. Yaxınlaşanda görmüş ki, Elçinlə Zərif digər qonşusu Lamiəni döyürlər. Birtəhər onları sakitləşdirib, Lamiəni onların əlindən alaraq yaşadığı evə aparmışlar. Həmin vaxt Lamiə özündə deyildi. Onlar Lamiəyə yardım edərək oradan getmişlər. Hadisə vaxtı Elçin və Zərifdən savayı onların anası da orada olmuşdur. Onlardan başqa, hadisə yerində digər bir şəxs olmamışdır. Hadisənin vaxtını tam olaraq xatırlamadığını bildirmişdir. Ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, onlar Lamiəni evinə aparmışlar, qapı açıq olduğu üçün Lamiəni evə qoymuşlar, sonra Lamiə ilə eyni həyətdə yaşayan qaynı arvadı oraya gəlmiş, sonra onlar həmin ünvanı tərk etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, həm Zərərçəkmiş şəxs, həm də Zərifə və Elçin Quliyevləri tanıyır. Hər iki tərəfin evində vaxtilə kirayədə yaşamışdır. Hadisə günü öz evindən qonşusu Fəridəgilə getmişdir. Daha sonra, Fəridə ilə birlikdə Fəridə xanımın evindən topdan satış mağazasına doğru gedərkən, Elçin və Zərifin birlikdə Lamiəni döydüklərini görmüşlər. Anaları da orada olmuşdur. Hadisə vaxtı təxminən 5-6 nəfər şəxsin orada olduğunu görmüşdür. Dalaşan şəxsləri ayıraraq Lamiəni onların əlindən alıb evlərinə aparmışdır. Lamiə huşsuz vəziyyətdə olduğu üçün onu evə aparıb sonra çıxıb getmişlər. Ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Lamiəni evə apararkən onların həyətində heç kəs olmamış, lakin Lamiəni evlərinə qoyanda evdə adamlar var idi. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə əlavə şahid qismində dəvət edilərək dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, 16.08.2020-ci il tarixdə Lamiənin qaynı yoldaşının təkidi ilə məcbur qalıb oğlu Elçin və qızı Zərif ilə birlikdə həmin əraziyə getmişlər. Saat təxminən 12 radələrində artıq orada idilər. Oraya gəlməkdə məqsədləri zirzəmini yığışdırmaq olmuşdur. Qısa müddət sonra oğlu X15 aparmış, yenidən qayıtmışdır. Həmin gün nə Lamiəni, nə də şahid qismində çıxış edən Fəridə və Güldanə adlı qadınları görməmişdir. Həmin gün nə o, nə də övladları heç kəslə mübahisə etməmişlər. Ümumiyyətlə, belə bir hadisə olmayıb. Əvvəllər Lamiənin yoldaşı ilə onlar arasında mübahisə olmuşdur. Bu qərəzli münasibət həmin mübahisədən sonra yaranmışdır. Cinayət işinin 23-24-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X10 31.08.2020-ci il tarixli, 565 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – hər iki bazunun sağ süd vəzisinin, hər iki budun qançırları küt əşyanın təsirindən törənib, müddəti qərarda göstərilən 16.08.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbə olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlərin şəxsin tərəfindən yetirilməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən tərtib edilmiş arayışda qoyulmuş “Sol dirsək sümüyünün biz çıxıntısının sınığı” diaqnozu KT diskin Birliyin ekspert-radialoqu C.T.Allahverdiyevin müayinəsi ilə öz təsdiqini tapmadığından sağlamlığa zərər vurma dərəcəsinin təyinində nəzərə alınmadı. Cinayət işinin 38-41-ci vərəqlərində olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 17 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surətinin Nərimanov RPİ-nin 18-ci PŞnə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 44-47-ci vərəqlərində olan “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 15.09.2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmasına baxmayaraq, Zərərçəkmiş şəxs ilə barışdığından, barəsində cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işinin 50-51-ci vərəqlərində olan “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması haqqında” 27 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Nərimanov RPİ-nin İŞ-in müstəntiqi Gündüz Abdulov tərəfindən qəbul edilmiş 15.09.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi qərara alınmışdır. Cinayət işinin 62-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfinən verilmiş 03.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 63-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfinən verilmiş 03.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 84-86-cı vərəqlərində olan “İş üzrə əməlin tövsif edilməsi haqqında” 13 mart 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə əməlin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən CM-nin 221.2.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin 93-cü vərəqindən olan Nərimanov rayonu 37 saylı MKİS tərəfindən verilmiş 18.03.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 95-ci vərəqindən olan Nərimanov rayonu 37 saylı MKİS tərəfindən verilmiş 18.03.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 96-cı vərəqində olan 12 iyun 2017-ci il tarixli, AZ İİİ seriyalı 972891 nömrəli və 13 iyul 2020-ci il tarixli, AZ-İV seriyalı 458779 nömrəli “Doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, X1 himayəsində 23.05.2017-ci il təvəllüdlü X5 və 03.07.2020-ci il təvəllüdlü X6 adlı iki azyaşlı övladı var. Cinayət işinin 121-ci vərəqində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 29.03.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 143-cü vərəqində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 29.03.2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyi üçün onlara həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, məhkəmə istintaqında əldə edilmiş və araşdırılmış sübutlara, o cümlədən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə hüquqi qiymət verib Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyi nəticəsinə gəlir. Əvvəla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 31.08.2020-ci il tarixli, 565 nömrəli rəyində təhqiqatçının “məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında” 16.08.2020-ci il tarixli qərarında göstərilən müddətə və şəraitə uyğun gəlməsi göstərilsə də, ilk növbədə göstərilən şəraitin, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs döyərək xəsarət yetirməsi hadisəsinin baş veribverməməsi aydınlaşdırılmalıdır. Çünki, “məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında” 16.08.2020-ci il tarixli qərarın heç bir preyudisial əhəmiyyəti yoxdur, əgər həmin hadisənin baş verməsi təsdiq edilərsə, onda qeyd edilən tibbi ekspert rəyi ittihamın əsasını təşkil edə bilər. Bundan əlavə, ümumiyyətlə, ibtidai araşdırma zamanı ekspertiza təyin edilməsi barədə qərarda xəsarətlərin zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi şəraitdə əmələ gələ bilməsini müəyyən etmək əvəzinə, xəsarətlərin yalnız döyərək yetirilməsi təsvir edilmişdir. Lakin, hazırkı ittiham üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarətlərin nə vaxt yetirilməsi və kim tərəfindən, hansı şəraitdə yetirilməsi mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs həmin tarixdə və şəraitdə xəsarətlərin məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən yetirilməsinə dair nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamışdır. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxslərin ziyanına, yəni onların vəziyyətini hər hansı formada ağırlaşdıran şəkildə qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onların xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Növbəti olaraq məhkəmə, təqsirləndirilən şəxslərin təqsirliliyinin sübuta yetirilməməsinə dair mövqeyini onunla əsaslandırır ki, ittiham tərəfindən təqdim edilmiş sübutlar həm bir-birilə, həm də məhkəmə istintaqı zamanı toplanmış sübutlarla uyğunsuzluq təşkil edir və işin əhəmiyyət kəsb edən hallarını müəyyən etməyə imkan vermir. İş üzrə toplanmış sübutlar, zərərçəkmiş şəxsin ifadəsi ilə şahid ifadələri, habelə şahidlərin ifadələri arasında ziddiyətlər mövcuddur. Belə ki, Zərərçəkmiş şəxs 16.08.2020-ci il tarixli ilkin ərizəsində qeyd edilir ki, “16.08.2020-ci il tarixdə, saat 13:00 radələrində yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir səbəb olmadan bədəninin müxtəlif yerlərinə vuraraq xəsarət yetiriblər”(i.v.9). Zərərçəkmiş şəxs 08 sentyabr 2020-ci il tarixli izahata əlavəsindən qeyd edilir ki, “həmin vaxtda və yerdə yalnız Təqsirləndirilən şəxs2 yumruq və ayaqla bədənimin müxtəlif nahiyələrinə zərbələr endirib mənə xəsarətlər yetirdi. Təqsirləndirilən şəxs1 mənə hər hansı xəsarət yetirməmişdir”(i.v.34). Bundan başqa, ittiham tərəfi Təqsirləndirilən şəxs2 ərizəsini sübut növü kimi qəbul etməklə həmin ərizəni onun təqsirliliyini təsdiq edən hal kimi qiymətləndirir. Buna münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarında olan Zərərçəkmiş şəxs 15.09.2020-ci il tarixli ərizəsində qeyd edilir ki, “Təqsirləndirilən şəxs2 ərim Məmmədəli Turabovun əmisi qızı olduğundan, mənə dəymiş ziyanı ödəyərək üzrxahlıq etdiyindən onunla barışmışam, heç bir şikayətim yoxdur”(i.v.42). İş materiallarında olan Təqsirləndirilən şəxs2 15.09.2020-ci il tarixli ərizəsində qeyd edilir ki, “Zərərçəkmiş şəxs ilə aramızda mübahisə yaranmış və biz əlbəyaxa olmuşuq. Hadisədən sonra biz barışmışıq və Zərərçəkmiş şəxs dəymiş ziyanı qaytarmışam”(i.v.43). Göründüyü kimi, Təqsirləndirilən şəxs2 həmin ərizədə əlbəyaxa olmasını bildirməsinə münasibətdə məhkəmə göstərir ki, bu hal məhkəmə istintaqı zamanı əldə edilmiş dəlillərlə təkzib edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında dindirilərkən bildirmişdir ki, həmin ərizəni müstəntiq Gündüz Abdulovun “məsləhəti” ilə yazmış, ona heç bir pul ödənilməmişdir. Zərərçəkmişin məhkəmə iclasında ona heç bir ödəniş edilmədiyini bildirməsi həmin ərizənin formal olaraq yazdırıldığını təsdiq edir. Həmçinin, Təqsirləndirilən şəxs2 da həmin ərizə ilə bağlı məhkəmə iclasında ona ünvanlanan suala cavab olaraq bildirmişdir ki, həmin ərizəni müstəntiq Gündüz Abdulovun təkidi ilə məsələnin uzanmaması və işin tezliklə bitməsi üçün belə bir həqiqətə uyğun olmayan ərizə yazmışdır. Həm də şirkətdə işlədiyi üçün bu cür söz-söhbətin tez yekunlaşmağını istəmişdir. Göründüyü kimi, həmin ərizədə göstərilənlərin mötəbərliyi və həqiqəti nə dərəcədə əks etdirməsinə dair ziddiyyətlər və şübhəli məqamlar mövcud olduğundan və təqsirləndirilən şəxs özünü qeyd edilən ittiham üzrə təqsirli bilmədiyindən həmin ərizə etirafedici sübut kimi əhəmiyyət kəsb edə bilməz. Bundan başqa, məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, “hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. Həmin vaxt küçədə çox adam olmuşdur”. Əvvəla, hadisə vaxtı çox adam olduğu halda döyülmənin 5-6 dəqiqə ərzində davam etməsi, yalnız dava-dalaş olduğunu görüb ora yaxınlaşan Fəridə və Güldanənin araya girərək onları ayırması inandırıcı hesab edilmir. Növbəti olaraq, Zərərçəkmiş şəxs məhkəmə iclasında hadisə yerində çox adam olmasını göstərsə də, istintaq zamanı verdiyi izahatında göstərmişdir ki, “həmin vaxt küçədə qonşular Fəridə və Güldanə olmuşdur. Başqa kənar adam olmayıbdır” (i.v.164). Bundan başqa, zərərçəkmiş şəxsin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə həmin ifadəni verən şəxsin barəsində ifadə verdiyi şəxsə qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında münasibətlər normal olmamış, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxslər arasında dəfələrlə münaqişələr olmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 17 aprel 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmiş, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti Nərimanov RPİ-nin 18-ci PŞ-nə göndərilmişdir. Beləliklə, cinayət hadisəsi baş verməsini bildirən ifadəni verən zərərçəkmiş şəxs ilə əleyhinə ifadə verdiyi şəxslərin bir-birləri ilə mübahisələri vardır, bir-birlərinə qarşı qərəzli mövqedədirlər. Ona görə də belə bir vəziyyətdə zərərçəkmiş şəxsin yeganə ifadəsi ittihamın əsasını təşkil edə bilməz və bu ifadə digər sübutlarla təsdiq edilməməklə birlikdə məhkəmə istintaqı zamanı əldə edilmiş mötəbər sübutlarla təkzib edilir. Belə olduğu təqdirdə, zərərçəkmiş şəxsin ifadəsinin etibarlı olmadığı da nəzərə alınaraq, iş materiallarında olan məhkəmə tibb ekspertizasının verdiyi rəydə göstərilən xəsarətlərin məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən yetirməsi təsdiq edilmir. Hazırki cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin qərəzsizliyinə əsaslı və təkzibedilməz şübhələr vardır. Məhkəmə, həmçinin şahid ifadələrinə də tənqidi yanaşır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri arasında ziddiyyətli məqamlar mövcuddur və bu məqamlar həmin ifadələrin mötəbərliyini şübhə altına alır. Belə ki, məhkəmə iclasında dindirilərkən Şahid1 ifadəsində bildirmişdir ki, “16.08.2020-ci il tarixdə qonşusu Güldanə ilə birlikdə yaxınlığdakı mağazadan bazarlıq edib evə qayıdırmışlar. Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi 10 saylı evin qarşısından keçən zaman qonşusu Zərifin qardaşı Elçinlə birlikdə bir nəfər qadını vuraraq yerə yıxdıqlarını və yerdə əl və ayaq zərbələri ilə vurduqlarını görüb, onlara tərəf getmişlər”. Digər Şahid2 isə məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, “Fəridə ilə birlikdə Fəridə xanımın evindən topdan satış mağazasına doğru gedərkən, Elçin və Zərifin birlikdə Lamiəni döydüklərini görmüşlər”. Bundan başqa, Şahid1 ifadəsində qeyd etmişdir ki, “Hadisə vaxtı Elçin və Zərifdən savayı onların anası da orada olmuşdur. Onlardan başqa, hadisə yerində digər bir şəxs olmamışdır”. Digər Şahid2 isə məhkəməyə verdiyi ifadəsində qeyd etmişdir ki, “Anaları da orada olmuşdur. Hadisə vaxtı təxminən 5-6 nəfər şəxsin orada olduğunu görmüşdür”. Bundan başqa, Şahid1 məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, “onlar Lamiəni evinə aparmışlar, qapı açıq olduğu üçün Lamiəni evə qoymuşlar, sonra Lamiə ilə eyni həyətdə yaşayan qaynı arvadı oraya gəlmiş, sonra onlar həmin ünvanı tərk etmişdir”. Digər Şahid2 isə məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, “Lamiəni evə apararkən onların həyətində heç kəs olmamış, lakin Lamiəni evlərinə qoyanda evdə adamlar var idi”. Belə olan halda, Zərərçəkmiş şəxs və şahidlər Şahid1 və Şahid2 ziddiyyətli ifadələri ittihamın əsasını təşkil edə bilməz və bu ifadələr digər sübutlarla təsdiq edilmir. Məhkəmə, zərərçəkmiş şəxsin və şahidlərin verdikləri ifadələri qiymətləndirərək qeyd edir ki, zərərçəkmiş şəxsin bəzən özlərinin leyhinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimalları mövcuddur. Belə ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərlə prosesdə qarşı tərəf olması, aralarında davam edən mübahisələri və mənafelər toqquşmasının olması, verdiyi ifadənin qərəzsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməl barədə doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Beləliklə də, zərərçəkmiş şəxsin ifadəsi artıq mövcud olan digər sübutlarla uzlaşmadığı üçün həqiqətdən uzaq hesab edilməlidir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən həddə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» (şübhədən təqsirləndirilən faydalanır) qaydasına əsasən qiymətləndirilməlidir. İşin mötəbər sübutlarla tam şəkildə aydınlaşdırılmayan, şübhəli olan məqamlarına əsaslanaraq ittihamedici hökm çıxarıla bilməz. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda göstərilən cinayət əməlini törətməsini təsdiq edən hər hansı əsaslı və mötəbər sübut olmadığı üçün, ittiham aktında göstərilən əməlin törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə, iş üzrə əhəmiyyətli olan digər bir məqamı vurğulayaraq qeyd edir ki, təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021ci il tarixli, 15 №-li Qərarı). Məhkəmə, yuxarıda göstərilən xüsusatlara diqqəti cəlb edərək bildirir ki, ittiham tərəfinin sübutları şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etmir. Məhkəmə istintaqı zamanı əldə olunmuş mötəbər, əsaslı və təkzibedilməz sübutlar isə təqsirləndirilən şəxslərin təqsirsizliyini təsdiq edir. Belə ki, məhkəmə tərəfindən qəbul edilmiş və iş materiallarına əlavə olunan “Əlavə sübutların tələb edilməsinə dair” 13 sentyabr 2021-ci il tarixli qərarın icrası nəticəsində məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 22.09.2021-ci il tarixli, BKC/LGL-17173/21 saylı məktubuna əlavə olunmuş 1 ədəd CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsi 16 avqust 2020-ci il tarixdə saat 12:15:16-da Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 19/Nasimi; saat 13:30:39-da Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi; saat 13:36:41-də Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi; saat 14:28:05-də Bakı şəhəri, Suraxanı rayonu, 1-ci Mədən olmuşdur. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 19.10.2021-ci il tarixli, AZF/LGL-28229/21 saylı məktubuna əlavə olunmuş 1 ədəd CD diskdən görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsi 16 avqust 2020-ci il tarixdə saat 12:51:14-də Bakı şəhəri, Xətai rayonu, Mehmandarov 8 ünvanı, Nepol 555 avtoservis; saat 13:12:46da, saat 13:14:09-da və saat 13:16:12-də Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi 9; saat 14:05:52-də Bakı ş. Xətai pr., Babək pr 1126-cı məh.; saat 14:07:58-də Bakı şəhəri, Xətai prospekti, 38; saat 14:09:07-də Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 30; saat 14:42:36-da Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 19 olmuşdur. Eyni zamanda həmin CD diskdən görünür ki, Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsi 16 avqust 2020-ci il tarixdə saat 12:51:28-də Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçəsi, 3024-cü məhəllə; saat 14:26:28-də Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçəsi, 3024-cü məhəllə; həmçinin saat 20:09:55-dək qısa fasilələrlə müəyyən edilmiş zaman kəsiklərində qeyd edilən ünvan olmuşdur. Beləliklə, məhkəmə istintaqında "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarına əsasən müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 16 avqust 2020-ci il tarixdə ittiham aktında göstərilən saatda cinayət hadisəsinin baş verdiyi yerdə olmamış, Bakı şəhərinin müxtəlif istiqamətlərində olmuşdur. Həmçinin, anten dairəsi barədə məlumatlar Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edir. Bundan başqa, məhkəmə istintaqında "xxxx" MMC-dən daxil olmuş Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsi məlumatları və Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsi məlumatlarına əsasən müəyyən edildi ki, Şahid1 hadisə günü Bakı şəhərinin Xətai, Nəsimi və Nərimanov rayonlarının ərazisində olmuş, digər Şahid2 isə həmin gün yalnız Bakı şəhəri Binəqədi rayonunun ərazisində olmuşdur. Qeyd edilən məlumatlar isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrini əsaslı və mötəbər sübut hesab etməyə əsas verir. Bundan başqa, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dəvət edilərək dindirilmiş X2 da ifadəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı hər hansı cinayət əməli törətmədiklərini bildirmişdir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X8 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Azərbaycan Respublikası CM-nin 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər; 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub- olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 138.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür; 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər; 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların birbiri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, ekspert rəyinin özlüyündə məhz təqsirləndirilən şəxslər tərəfindən xəsarətlərin yetirilməsi istiqamətdə sübutedici əhəmiyyət kəsb etməməsini, xəsarətlərin məhz zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi şəraitdə əmələ gələ bilməsinin ekspertiza zamanı müəyyən edilməməsini, zərərçəkmiş şəxsin ifadəsi ilə şahid ifadələri, habelə şahidlərin ifadələri arasında ziddiyətlərin mövcud olmasını, zərərçəkmiş şəxs ilə əleyhinə ifadə verdiyi şəxslərin arasında münaqişə və ədavətin mövcud olmasını, məhkəmə istintaqı zamanı toplanmış anten dairəsi barədə məlumatları, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş şəxsin ifadəsini və yuxarıda göstərilən digər xüsusatları nəzərə alaraq hesab edir ki, xəsarətlərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən yetirilməsini təsdiq edən sübutlar kifayət etmir və onlara qarşı irəli sürülmüş ittihamda onların təqsirini təsdiq edən kifayət qədər mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər; 28.1 və 28.2-ci maddələrinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxslərin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Buna görə də, ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxslərin cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxslərə istinad edilən ittiham üzrə bəraət verilməli, barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bəraət almış təqsirləndirilən şəxslər kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bəraət alması ilə əlaqədar onların cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdikləri hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində onlara vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-20/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-20/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver