Məhkəmə qərarları › İş №1(005)-200/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-200/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-200/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi -Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs,onun vəkili və nümayəndəsi 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs, X7 Şahinqızının iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında yerləşən binanın giriş hissəsində yerləşən liftin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, Zərərçəkmiş şəxs binanın həyətində olan ağacların budaqlarının kəsilməsinə çəkilmiş xərclərə köməklik etməməsini əsaslı səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan, özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə, özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, şəxslərin gözü qarşısında, eləcə də uzun müddət ərzində cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının pozulmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs təpiklə ayaq nahiyyəsindən vurmuş, daha sonra öz xuliqanlıq hərəkətlərini davam etdirərək həmin binanın qarşısında Zərərçəkmiş şəxs yumruqla baş və sinə nahiyələrindən qəsdən vuraraq ona, başın sol gicgah təpə nahiyyəsinin şişkin, əllədikdə kəskin ağrılı hematomaları, döş qəfəsinin sol yarısının sol epiqastral nahiyyənin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, aralarında mübahisənin yaranmasının əsası ilk olaraq onun yaşadığı binanın yaxınlığındakı binada yaşayan qonşusu Zərərçəkmiş şəxs özünə məxsus avtomobili onun yaşadığı binanın giriş hissəsində saxlayaraq binaya giriş-çıxış yolunu bağlaması olmuşdur. Bununla bağlı Nüsrətə o və digər bina sakinləri iradlarını bildirmişlər. Buna baxmayaraq Nüsrət həmin yerdə avtomobil saxlamağa davam etmişdir. Nüsrətlə söhbət zamanı avtomobilini saxlamağa yer olmadığı üçün həmin ərazidə saxladığını, ona avtomobilini saxlamaq üçün yer hazırlamalarını xahiş etmişdir. Bu məqsədlə ərazidəki quru ağaclar kəsilmiş və avtomobil saxlamaq üçün Nüsrətə yer hazırlanmışdır. Ağac kəsilməsində Əli, Ruslan, Elay, Nüsrət özü iştirak etmişdir. Ağacların kəsilməsinə sərf olunan pulu komendant Əli vermişdi. Sonrada Əli ona boş yerə xərcə düşdüyünü bildirmiş, o da həmin pulun bir hissəsini özü verəcəyini, bir hissəsini də Nüsrətlə danışıb ondan alacağını bildirmişdir. Bu məqsədlə Nüsrətə yığıb onu binanın həyətinə söhbət etməyə çağırmışdır. Ağacların kəsilməsi üçün vəsait xərcləndiyini, Nüsrətdən də köməklik etməsini xahiş etmişdir. Bundan sonra Nüsrət pulu verməyəcəyini bildirmiş və ona qarşı nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən onun arxasınca gedərək binanın liftinin önündə ona çatmış və aralarında mübahisə başlamışdır. Mübahisə zamanı Nüsrətə bir təpik zərbəsi vurmuşdur. Həmin zərbə ilə Nüsrətin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər dəyə bilməsini ağlabatan hesab etmir. Mübahisə zamanı komendant Əli və Nüsrətin qonşusu Rüfət orada olmuş, onları aralamışdır. Daha sonra binanın önündə yenidən aralarında mübahisə davam etmiş, bu zaman da Əli və Rüfət onları aralamışdır. O, Nüsrətə hər hansı yumruq zərbəsi vurmamış, bunun əksi olaraq Nüsrət ona zərbə vurmağa çalışmış, zibil qutusunu yerdən qaldıraraq başına vurmağa cəhd etmişdir. Hazırda da zərərçəkənlə barışığa razıdır, peşmandır, himayəsində yetkinlik yaşına çatmayan övladı var, ailəsinə yeganə qazanc gətirən şəxsdir.Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman qonşuluqda yaşayan Ruslan ona zəng edərək işi olduğunu və aşağı düşməsini bildirmişdir. O da binanın qarşısına düşmüşdür. Ruslan ilə binanın qarşısında söhbət edən zaman Ruslan ona binanın həyətində olan ağacların kəsilməsinə 300 manat pul xərcləndiyini, buna görə 50 manat pul verməli olduğunu bildirmişdir. O da ağacın kəsilməsinin ona nə dəxli olduğunu, özü kəsdiyini, ona deyib kəsmədiyini bildirmişdir. Ruslan da avtomobilini rahat saxlamağı üçün kəsildiyini, buna görə də payına düşən 50 manatı verməli olduğunu demişdir. O, 50 manat verməyə razı olmadığı üçün Ruslanla aralarında mübahisə yaranmışdır. O, Ruslanın içkili olduğunu görüb onunla söhbət etmək istəməmiş və ondan uzaqlaşıb binanın dəhlizinə daxil olub liftə minməyə çalışmışdır. O, liftə minən zaman Ruslan onun arxasınca gəlib onu liftdən çıxartmışdır. Həmin vaxt səs küyə binanın komendantı Əli və qonşuluqda yaşayan tanımadığı şəxs onların yanına gəlmişlər. Onlar Ruslanla bir birlərinin yaxasından tutub dartışmışlar. Həmin vaxt Ruslan təpiklə onun ayağından vurmuşdur. Əli və tanımadığı şəxs onları aralaşdırmağa çalışmışlar. Lakin Ruslan onun üzərinə hücum etmək istəmişdir. Sonra o, aralaşıb çölə çıxmış, Ruslan da onun arxasınca çıxmışdır. O, binanın giriş hissəsində dayanmış, Ruslan isə bir az kənara getmişdir. Bir neçə dəqiqədən sonra yenidən onun yanına gələrək üzərinə hücum etmişdir. Ruslan yumruqla onun sinə və baş nahiyyəsidən vurmuşdur. Komendant Əli və tanımadığı qonşuluqda yaşayan həmin şəxs onları aralaşdırmışlar. Sonra Ruslan oradan getmişdir. O, hadisə günündən bir gün sonra bədənində ağrılar olduğu üçün 102 xidmətinə məlumat verib şikayətçi olduğunu bildirmişdir. Son olaraq təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun barəsində həbslə bağlı olan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2018-ci ildən ünvan 3 ünvanında yerləşən yeni tikilidə komendat vəzifəsində çalışır. Nüsrət onun komendatı olduğu binada yaşayır. Ruslan isə həmin binanın yanında olan binada yaşayır. O da Ruslan ilə qonşudur. Nüsrət özünə məxsus “Lexus” markalı avtomobili yaşadıqları binanın giriş hissəsində saxladığına görə binaya giriş-çıxışda narahatçılıq olmuş, bununla bağlı Ruslan Nüsrətə bildirmiş, Nüsrət də avtomobilini saxlamağa yer olmadığı üçün məcbur orada saxladığını bildirmiş, Ruslan da Nüsrətlə danışdıqdan sonra o, öz hesabına fəhlə tutub binanın giriş hissəsində olan bir neçə ağacın budaqlarını kəsərək avtomobillərin saxlanması üçün yer düzəltmişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində o və Rüfət Ruslan ilə yaşadığı binanın həyətində olan zaman Ruslan ondan Nüsrətin mobil nömrəsini alıb onunla söhbət etmək üçün həyətə çağırmışdır ki, ağacların kəsilməsinə çəkilən xərclərə görə Nüsrət də maddi köməklik göstərib pul versin. Nüsrətə zəng etdikdən sonra Nüsrət onların yanına gəlmiş və Ruslan ilə söhbət etməyə başlamışdır. O da onlar öz aralarında söhbət etdikləri üçün komendatı olduğu binanın qarşısında ona aid olan otağa getmişdir. Rüfət də onların yanından aralaşmışdır. O, otaqda oturub binanın təhlükəsizlik kameralarına baxan zaman Nüsrət ilə Ruslan mübahisə etdiyini görmüş və dərhal onların yanına getmişdir. Həmin vaxt Rüfət də onların yanına gəlmişdir. Nüsrət ağacların kəsilməsi üçün pul verməyəcəyini bildirmiş və Nüsrət onlardan aralaşıb gedən zaman əli ilə işarə edib Ruslana “əl çək məndən” deyib binaya daxil olmuşdur. Ruslan Nüsrətin nə dediyini, onu təhqir edib- etmədiyini soruşduqda o, eşitmədiyini bildirmişdir. Ruslan da Nüsrətin arxasınca getmiş, binaya daxil olmuşdur. O və Rüfət də onun arxasınca getmişlər. Ruslan liftdən Nüsrəti çıxardıb nə üçün onu təhqir etdiyini bildirmiş, Nüsrət isə onu təhqir etmədiyini bildirmişdir. Bundan sonra binanın giriş hissəsində liftin qarşısında Nüsrət ilə Ruslanın arasında sözlü mübahisə başlamışdır. Onlar dartışmağa başlamışlar, mübahisə zamanı Ruslan Nüsrəti təpiklə ayaq nahiyyəsindən vurmuşdur. O və Rüfət onları aralaşdırmışlar. Sonra Nüsrət binadan çölə çıxmışdır. Ruslan da onun arxasınca çıxmış və oradan bir az kənarlaşmışdır. Lakin onlar sözlü mübahisə etməyə davam etmişlər. Həmin vaxt Ruslan da kənardan gələrək Nüsrətin üzərinə gəlmiş və onlar dava etmişlər. Bundan sonra o və Rüfət onları aralaşdırmışlar. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, cinayət işi üzrə təqsirləndirilən və zərərçəkmiş şəxsi tanıyır. Onlarla qonşuluq münasibətləri vardır. Yaşadığı bina Ruslanla Nüsrətin yaşadıqları binalara yaxın məsafəsindədir. Hadisə günü saat təxminən 22:00 radələrində ailəsilə evə gələrkən övladını qucağına alıb yuxarı qalxmağa hazırlaşdıqda Ruslanla Nüsrətin arasında mübahisə olduğunu görmüşdür. Bir-birlərinə qarşı nalayiq ifadələr işlədirdilər. Hətta icimai yerdə olduqlarına görə buna dair onlara iradını da bildirmişdir. Bu zaman Nüsrət Ruslanın ünvanına təhqiramiz ifadələr işlədərək öz yaşadığı binanın blokuna tərəf getdiyini görmüşdür. Evə qalxdıqdan sonra maşında qalmış bəzi əşyaların götürmək üçün yenidən həyətə düşmüş bu zaman Ruslanla Nüsrətin arasındakı mübahisənin böyüdüyünün şahidi olmuşdur. Hər iki tərəf bir-birlərini qarşı nalayiq ifadələr işlətmiş, ətrafdakı şəxslər isə onları bir-birindən ayırmağa çalışmışlar. Daha sonra Nüsrətin tanışları da gəlmiş, qonşular olaraq hər iki tərəflə söhbət aparıb məsələni böyütməmələrini xahiş etmişlər. Hadisə zamanı Ruslanın spirtli içkinin təsiri altında olduğunun şahidi olmamışdır. Mübahisənin ilkin yaranma səbəbləri kimi Nüsrətin Ruslanın yaşadığı binanın girişində maşın saxlaması olmuşdur. Ruslandan savayı digər qonşular da buna dair narazılıqlarını Nüsrətə bildirmiş, lakin Nüsrət həmin yerdə maşın saxlamağa davam etmişdir. Sonradan Nüsrətə maşın saxlamaq üçün yer düzəltmək məqsədilə binanın həyətindəki quru ağacları budaqları kəsmişlər. Bu zaman Nüsrət özü də orada olmuş və ağacların kəsilməsində köməklik göstərmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, hadisə günündən 10-15 gün əvvəl əməliyyatdan çıxmışdı. Həyətə düşən zaman qonşusu Elayı görmüş, Elayla söhbət edən zaman kiminsə söyüş söydüynü eşitmişlər. Elay da uzaqdan onlara öz iradını bildirmişdir ki, ailə uşaq var söyüş söyməsinlər. O, səs-küy gələn tərəfə getdikdən sonra görmüşdür ki, Nüsrət və Ruslan sözlə mübahisə edirlər. Tərəflərdən hansısa birinin digərinə zərbə vurmasının şahidi olmamışdır. O gələndə yalnız sözlə mübahisə getmişdir. Nüsrətlə Ruslanın, eləcə də digər bina sakinlərinin arasında Nüsrətin maşınını onların yaşadığı binanın girişində saxlayaraq binaya girişi bağlaması səbəbindən olmuşdur. Belə ki, Nüsrət avtomobili saxlayan zaman həmin əraziyə giriş-çıxış dayanır. Narazçılıq bildirən şəxslərdən biri də özü olmuşdur. Belə ki, o, əməliyyat olan zaman da Nüsrət həmin girişdə avtomobilini saxladığından onu təcili tibbi yardım maşını binanın həyətinə daxil ola bilmədiyi üçün gəlib qapıdan apara bilməmişdir. Binanın digər girişi də var. Lakin həmin giriş hündür avtomobillərin keçməsi üçün uyğun deyil. Sonradan Nüsrətə avtomobilini saxlamağa yer açmaq üçün ərazidəki köhnə qurumuş ağaclar kəsilmişdir. Ağacların kəsilməsində birbaşa iştirak etməsə də, həmin vaxt orada olmuşdur. Ağac kəsilməsində Əli, Ruslan, Elay, Nüsrət özü iştirak etmişdir. Nüsrətin xahişi ilə ona avtomobil saxlamaq üçün yer hazırlanmışdır. Həmin ərazidə ağacların kəsilməsində nə qədər pul xərclənməsi barədə məlumatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyə dəvət olunsada məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə gödərərək səhhəti ilə bağlı iştirak edə bilməməsini və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Diskin yaddaşında olan video görüntüyə baxış keçirilməsi barədə 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs binanin liftində olan Zərərçəkmiş şəxs yaxasından tutub binanın dəhlizinə çıxardır, bir-birlərinin yaxasından tutub dartışırlar, aralarında mübahisə olur, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə təpiklə vurur, yanlarında olan şəxslər onları aralaşdırır, daha sonra Zərərçəkmiş şəxs binadan çölə çıxır, binanın giriş qapısının qarşısında çöldə Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs üzərinə hücum edərək yumruqla onu vurur. İş üzrə 01 ədəd CD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli 1224 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində başın sol gicgah təpə nahiyyəsinin şişkin, əllədikdə kəskin ağrılı hematomaları, döş qəfəsinin sol yarısının sol epiqastral nahiyyənin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X2r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X3r. İşdə olan 30 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 09 fevral 2023-cü il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və əməlini qismən etiraf edib peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Eyni zamanda onun barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1.000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə hadisənin görüntüsünü əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 24 (iyirmi dörd) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar