Məhkəmə qərarları › İş №1(005)-201/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-201/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-201/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1966-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “xxxx” X3 Şirkətində menecer vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15000,00 manat məbləğində pulun və ödənilmiş 30,00 manat dövlət rüsumunun Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(003)-92/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 3(005)-1260/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona 05 oktyabr 2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə borcunu tələbkara ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1997-ci ildən 2016-cı il tarixədək Binə Ticarət Mərkəzində bir neçə geyim mağazaları işlədirmiş. 2008-ci il tarixdə Sədərək Ticarət Mərkəzindən mağaza almaq qərarına gəlmiş və həmin vaxtı orada Azad Həsənovla tanış olmuşdur. Azad Həsənov ona hər birinin sahəsi 40 kvadrat metr olan iki ədəd geyim mağazalarını 44000,00 manata şərikinə alaraq həmin məbləği ticarət mərkəzinin hesabına ödəyərək mağazaları öz adına sənədləşdirmişdir. Aldıqları mağazalar onun adına sənədləşdirilsə də, qeyd olunan məbləğin çox hissəsini Azad Həsənov ödədəyi üçün orada sonuncunun da payı var idi. Həmin vaxtdan bir müddət keçəndən sonra gördüyü biznes fəaliyyəti zəiflədiyi üçün mağazaları satmaq qərarına gəlmiş və hər iki mağazanı Zərərçəkmiş şəxs aldıqları qiymətə yəni 44000,00 manata satmağa razılıq vermişdir. 2008-ci ilin mart ayında Lökbətan qəsəbəsində yerləşən notariat kontoruna gedərək Zərərçəkmiş şəxs ilə aralarında bağlanmış müqaviləyə əsasən sonuncunun istifadəsinə verilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs həmin mağazaları işlətməyə başlayaraq geyim əşyalarının satışı ilə məşğul olmağa başlamışdır. Həmin vaxtdan təxminən bir neçə il keçəndən sonra Zərərçəkmiş şəxs həmin mağazaları bir başa onun adına keçirilməsi barədə sənədləşmə aparılmasını onlardan tələb etməyə başlamışdır. Bununla əlaqədar olaraq Sədərək Ticarət Mərkəzinin rəhbərliyinə müraciət etsələr də, mağazaları bir başa Zərərçəkmiş şəxs adına sənədləşdirilməsi mümkün olmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs hər iki mağazanı onlara geri qaytarmaq qərarına gələrək onlardan verdiyi məbləği və mağazaları işlətdiyi dövr ərzində təmirə xərclədiyi pulu tələb etməyə başlamışdır. Həmin vaxtı tanışı Azad Həsənov öz üzərinə düşən məbləği Zərərçəkmiş şəxs ödəsə də, o üzərinə düşən payı ödəyə bilmədiyi üçün sonuncu 2019-cu ilin əvvəllərində iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan rayon məhkəməsi tərəfindən 15000,00 manat məbləğində pulun və ödənilmiş 30,00 manat dövlət rüsumunun ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair 30 yanvar 2019-cu il tarixli qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsindən sonra, o, Zərərçəkmiş şəxs olan borcundan 8100,00 manat məbləğində ödəniş etmiş və 6900,00 manat məbləğində pul borcu qalmışdır. Hazırda o, Zərərçəkmiş şəxs olan borcunu tam ödəmişdir. Ona görə də, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2008-ci il tarixdə X5 ilə tanış olmuş və sonuncu ona Sədərək Ticarət Mərkəzində iki ədəd geyim mağazaları satdığını bildirmişdir. O, mağazaların qiyməti ilə maraqlanmış və mağazaların hər ikisini aralarında 44000,00 manata almağa razılaşmışlar. Bundan sonra Azad ona bildirmişdir ki, Ticarət Mərkəzi işə dəşənə qədər ona mağazaları işlətməkdən ötrü etibarnamə veriləcək, mağazalar işə düşəndən sonra bir başa onun adına rəsmiləşdirilərək çıxarış verəcəkdir. O, Azadla razılaşmış və notariat kontorunda Azad Həsənov mağazaları ona icarəyə verməkdən ötrü 6 aylıq müqavilə vermiş və həmin müqaviləyə sonuncu ilə birlikdə gələn adını və soyadını orada bildiyi Təqsirləndirilən şəxs imza atmışdır. Bundan sonra o, 44000,00 manat məbləğində pulu sayaraq Azad Həsənova vermiş, sonuncu isə həmin məbləği Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtdan sonra bilmişdir ki, Azad Həsənov ilə birlikdə gələn Təqsirləndirilən şəxs sonuncunun şərikidir və hər iki mağaza həmin qadının adına ticarət mərkəzinin rəhbərliyi tərəfindən sənədləşdirilmişdir. Bundan sonra o, həmin mağazaları təmir etdirərək hər mağazanın təmirinə 3000,00 manat, ümumilikdə 6000,00 manat məbləğində pul xərcləyərək təmiri başa çatdırmışdır. Aralarında bağlanmış müqavilədən 6 ay müddət keçməsinə baxmayaraq Azad Həsənov və Təqsirləndirilən şəxs ona müqavilə əsasında verdikləri mağazaların çıxarışını vermədikləri üçün onların hər ikisindən mağazaların çıxarışlarını tələb etməyə başlamışdır. Onun tələbindən sonra hər ikisi müxtəlif bahənələr gətirərək ona yalandan vədlər verərək yaxın günlərdə mağazalara çıxarış verəcəklərini bildirmişlər. Onların hər ikisinin ona qarşı yalandan söz verdiklərini və onu aldatdıqlarını hiss edərək həmin mağazaları Təqsirləndirilən şəxs təhvil verərək onlara verdiyi 44000,00 manat məbləğində pulu geri tələb etməyə başlamışdır. Azad öz üzərinə düşən məbləği ona geri qaytarmış, Reyhan isə bir hissəsini qaytarmasına baxmayaraq yerdə qalan məbləği qaytarmaq əvəzinə müxtəlif bəhanələr gətirərək ona ödəməli olduğu məbləği ödəməkdən yayındığı üçün məcburiyyət qarşısında qalaraq 2019-cu ilin əvvələrində sonuncunun barəsində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd olunan rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs 15000,00 manat və ödənilmiş 30,00 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair 30 yanvar 2019-cu il tarixli qətnamə çıxarılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsi qeyd olunan rayon məhkəməsinin qətnaməsini qüvvəsində saxlamışdır. Məhkəmə qətnaməsi icra olunmasından ötrü icra şöbəsinə göndərilmiş və orada Təqsirləndirilən şəxs qətnaməni iki ay müddət ərzində könüllü olaraq icra olunması üçün 10 gün müddət verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs icra şöbəsinə arayış təqdim edərək Nərimanov rayonunun ərazisində yaşadığı üçün icra işinin Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini tələb etmiş və icra işi sonuncunun tələbinə əsasən həmin şöbəyə göndərilmişdir. Bununla əlaqədar olaraq onun barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmə tərəfindən Təqsirləndirilən şəxs 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul olunmuşdur. Sonda Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edib icra sənədinin tam icrasının təmin edildiyini bildirərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, icra sənədi 04 oktyabr 2019-cu il tarixdə Xəzər Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraya yönəlmiş və həmin tarixdə tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Məlum icra sənədi 09 yanvar 2020-ci il tarixli qərarla borclu Təqsirləndirilən şəxs Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 50, mənzil 70 ünvanında yaşamasına görə Nərimanov rayon İcra Şöbəsinə göndərilərək 23 yanvar 2020-ci il tarixdə icraata daxil olmuşdur. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrası ilə əlaqədar olaraq şöbəyə dəvət edilməsinə baxmayaraq çağırışdan yayındığına görə barəsində icra məmurunun 26 fevral 2020-ci il tarixli qərarı ilə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı BP-nin 03 mart 2020-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşamasına baxmayaraq, həmin ünvana dəfələrlə polis əməkdaşları tərəfindən gedilmiş, lakin borclu mənzilin qapısını açmamış, icra və probasiya şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən borclu Təqsirləndirilən şəxs barəsində 03 mart 2020-ci il tarixdə icra məmuru tərəfindən axtarış elan edilməsi haqqında qərar qəbul edilərək icra olunması üçün Bakı şəhəri Xəzər RPİ-nə göndərilmiş və müvafiq axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs 08 iyul 2020-ci il tarixdə Xəzər RPİ-si tərəfindən şöbəyə təqdim edilmiş və borcludan izahat alınmış, borc məbləğinin tam ödənilməsi ondan tələb olunmuş, ödənilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən xəbərdarlıq edilmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində 08 iyul 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə edilmişdir. Məlum inzibati xəta haqqında qərardan borclu Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayət Bakı Apelyasiya Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs adına olan əmlakları müəyyən etmək məqsədi ilə “Elektron İcra” İnformasiya sistemi vasitəsi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş və borclu Təqsirləndirilən şəxs mülkiyyətində olan daşınar və daşınmaz əmlak olmadığı aşkar edilmişdir. Bundan əlavə borclu Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən həmin ünvanda borcluya məxsus tələbin yönəldiləcəyi əmlakın olmadığı müəyyənləşdirilərək buna dair müvafiq akt tərtib edilmişdir. Borclu Təqsirləndirilən şəxs birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlakların müəyyən edilməsi məqsədi ilə həyat yoldaşı X4 barəsində Baş Dövlət Yol Polis İdarəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə “Elektron İcra” İnformasiya sistemi vasitəsilə elektron sorğular göndərilmiş, lakin X2 adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün təqdimatla Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin 28 iyul 2020-ci il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs tərəfindən məlum icra sənədi üzrə hissə-hissə ödənilməyə dair qərardad olmamasına baxmayaraq borc məbləğindən müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 3100,00 manat Nərimanov Rayon İcra və Probasiya şöbəsinin hesabına ödənilmişdir. “Elektron İcra” İnformasiya sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs “xxxx” İKŞ-də menecer qismində çalışdığı və 290,00 manat məbləğində əmək haqqı eldə etdiyi müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs tələbin ödənilməmiş hissəsinin onun əmək haqqısına yönəldilməsinə dair ərizə ilə şöbəyə müraciət etmişdir. Tələbkar Zərərçəkmiş şəxs ərizə ilə şöbəyə müraciət edərək, hazırda borclu tərəfindən borc tələbinin təmin edilmədiyini bildirərək onun barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmasını xahiş etmişdir. Bundan əlavə 19 oktyabr 2020-ci il tarixli müraciətində isə tələbin ödənilməmiş hissəsinin borclu Təqsirləndirilən şəxs əmək haqqısına yönəldilməsinə etiraz etdiyini bildirmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrası ilə bağlı 05 oktyabr 2020-ci il tarixdə şöbəyə dəvət olanaraq izahatı alınmış, borc məbləğinin tam ödənilməsi ondan tələb olunmuş və ödənilmədiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən təkrar xəbərdarlıq edilmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 12-14-cü vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(003)-92/2019 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 15.000 (on beş min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumuun tutulması qət edilmişdir. Cinayət işinin 15-ci vərəqində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(003)-92/2019 saylı icra vərəqəsinin surətindən görünür ki cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 15.000 (on beş min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumuun tutulması müəyyən edilmişdir. Cinayət işinin 16-cı vərəqində olan “İcraata başlamaq haqqında” 04.10.2019-cu il tarixli qərarın surətindən görünür ki, iş üzrə icraata başlanılması, borclu Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü təmin etməsi üçün bildiriş göndərilməsi, icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması qərara alınmışdır. Cinayət işinin 17-ci vərəqində olan 04.10.2019-cu il tarixli, 13352-12-1 nömrəli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 yanvar 2019cu il tarixli, 2(003)-92/2019 saylı İcra sənədində göstərilmiş tələbin könüllü icrası üçün “10” gün müddətində vaxt verilməsinə dair bildirişin surəti borclu Təqsirləndirilən şəxs göndərilmişdir. Cinayət işinin 95-99-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli, 3(005)-1260/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Cinayət işinin 124-cü vərəqində olan “xxxx” ASC-nə məxsus 07.09.2020-ci il tarixli və 11.10.2020-ci il tarixli qəbzlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə nəzarəti qaydasında müvafiq olaraq 600 manat və 500 manat ödəniş etmişdir. Cinayət işinin 125-ci vərəqində olan “xxxx” ASC-nə məxsus 10.02.2020-ci il, 12.08.2020-ci il, 19.08.2020-ci il və 21.08.2020-ci il tarixli qəbzlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə nəzarəti qaydasında müvafiq olaraq 300 manat, 800 manat, 700 manat və 200 manat ödəniş etmişdir. Cinayət işinin 179-cu vərəqində olan “xxxx” ASC-nə məxsus 14.12.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə nəzarəti qaydasında 2000 manat ödəniş etmişdir. Cinayət işinin 186-cı vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 14.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 aprel 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128 və 132-ci maddələri təqsirli bilinrək barəsində 10% dövlət nəfinə tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına və 550.000 manata cərimə cəzasına məhkum olunmuşdur. Təyin olunmuş cəriməni tam ödəmiş və islah işləri cəzasını tam çəkib qurtarmışdır. Cinayət işinin 211-212-ci vərəqələrində olan “Qətimkan tədbiri seçmək haqqında” 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 07.01.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02.10.2019-cu il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs hesabına 7100,00 manat ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 05.04.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02.10.2019-cu il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs hesabına 1000,00 manat ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “xxxx” ASC-nə məxsus 11.04.2021-ci il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə nəzarəti qaydasında 2000, 00manat ödəniş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “xxxx” ASC-nə məxsus 20.04.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə nəzarəti qaydasında 3000,00 manat ödəniş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 01.05.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02.10.2019-cu il tarixli icra sənədi üzrə borclu tərəfindən ümumilikdə 13100 (on üç min yüz) manat icra şöbəsinin hesabına ödənilərək, daha sonra həmin vəsait onun bank hesabına köçürülmüşdür. Ödənilməmiş qalan 1930 (min doqquz yüz otuz) manat vəsait isə nağd şəkildə tərəfindən qəbul edilmişdir. Bununla da məlum icra sənədinin tam icrası təmin edilmişdir. Sadalananları nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(003)-92/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 306-cı maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş Təqsirləndirilən şəxs tərəfindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 yanvar 2019cu il tarixli, 2(003)-92/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra edildiyini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş Təqsirləndirilən şəxs tərəfindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(003)-92/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra edildiyini, cinayət və cinayət-prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası CM-in 306-cı maddəsinin qeyd hissəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 39.1.11, 40.1, 43.1.2, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar