Məhkəmə qərarları › İş №1(005)-201/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-201/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-201/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Qubadlı rayonu, Əfəndilər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 1 saylı yataqxanada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 noyabr 2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin dəhlizindən həmin ünvanda 51 nömrəli mənzildə qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 550 (beş yüz əlli) manat dəyərində 26 ölçülü «Raleigh» markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 550 (beş yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 noyabr 2022-ci il tarixdə saat 19:00 radələrində ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısından Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 350 (üç yüz əlli) manat dəyərində yeniyetmə üçün nəzərdə tutulmuş «Format» markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 350 (üç yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 noyabr 2022-ci il tarixdə saat 15:00 radələrində yaşadığı ünvandan çıxaraq Ayna Sultanova adlanan ərziyə getmiş, orada məhəllələrin birində olarkən 9 mərtəbəli binaya yaxınlaşaraq liftə minib və 9-cu mərtəbəyə qalxmışdır. Oradan pilləkənlərlə aşağı istiqamətdə düşən zaman 7-ci mərtəbənin dəhlizində divara söykənmiş vəziyyətdə olan velosiped görmüş və ətrafa nəzər yetirdikdən sonra ilk əvvəl divarda kamera olduğunu görmüş, bir qədər sonra velosipedi götürərək oradan uzaqlaşmışdır. Aşağı düşdükdən sonra velosipedi idarə edərək evə aparmışdır. Bir gün sonra yəni, 20 noyabr 2022-ci il tarixdə velosipedi idarə edərək Nəsimi rayonu, 20 yanvar dairəsi adlanan yerə gəlmiş və biraz orada gəzdikdən sonra saat təxminən 17:00 radələrində taksi şoferlərinə yaxınlaşaraq velosiped satılan yer soruşduqda həmin vaxt bir nəfər taksi şoferi “satırsansa mən alıram” demiş, onunla 70 manat müqabilində razılaşdıqdan sonra oğurladığı velosipedi tanımadığı taksi şoferinə sataraq yaşadığı ünvana qayıtrmışdır. Təkrar xx.xx.2022-ci il tarixdə yaşadığı evdən çıxıb Nərimanov rayonu Həsənoğlu küçəsinə getmiş, orada biraz gəzdikdən sonra saat 19:00 radələrində iri tikili bir binanın girişində bayır tərəfdə saxlanılan bir velosipedin olduğunu görmüşdür. Ətrafa nəzər yetirdikdə heç kəsin olmadığını görmüş və həmin velosipedi oradan götürüb idarə edərək uzaqlaşmış, pula ehtiyacı olduğu üçün oğurladığı velosipedi satmaq qərarına gəlmişdir. 29 noyabr 2022-ci il tarixdə velosipedi idarə edərək 20 yanvar dairəsi yaxınlığında yerləşən rayona gedən taksilərin olduğu yerə yaxınlaşaraq tanımadığı şəxslərə velosiped satmaq istədiyini bildirmiş və təxminən 35-37 yaşlarında olan bir nəfər oğlan ona yaxınlaşaraq velosipedi almaq istədiyini və ona məxsus olub-olmadığını soruşmuşdur. O isə cavabında velosipedin özünə məxsus olmasını və 80 manata satdığını bildirərək həmin şəxslə razılaşmış və velosipedi ona 80 manata satmışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, nəvəsi Ömər Ağalarlıya ad günü hədiyyəsi olaraq 2020-ci ildə 1000 manata “Raleigh” markalı velosiped almışdır. Nəvəsinin hal-hazırda Hollandiyada təhsil aldığını və ara-sıra Bakıya gələndə velosipedi istifadə etdiyini qeyd edərək, velosipedi daima yaşadığı ünvan 4 ünvanının giriş qapsının qarşısında dəhlizdə saxladığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasına getmiş, 10 gün Türkiyədə qaldıqdan sonra xx.xx.2022-ci il tarixdə yenidən Azərbaycan Respublikasına qayıtmış, Bakıya qayıtdıqdan sonra birbaşa Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən bağ evinə gedərək 2 həftə bağda qaldıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində yaşadığı ünvan 5 ünvanına qayıtmışdır. Binanın 7-ci mərtəbəsinə qalxıb dəhlizə daxil olan zaman velosipedin orada olmadığını aşkar etmiş, ilk öncə qudası Mayilə xanımın götürdüyünü düşünmüş, lakin ondan soruşduqda xəbəri olmadığını bildirmişdir. O, binanın komendantına kamera görüntülərinə baxmaq üçün yaxınlaşmış, lakin kameranın saxlama müddəti bir həftə olduğu üçün görüntülərin silindiyini üçün baxmaq mümkün olmamışdır. Daha sonra qapı qonşusu Nəsib adlı şəxsin kamerası olduğu üçün ondan görüntüyə baxmağı xahiş etmiş və görüntüyə baxan zaman velosipedi xx.xx.2022-ci il tarixdə saat 16:08-də naməlum şəxsin oğurladığını aşkar etmişdir. Görüntüdə həmin şəxsin əvvəlcə binanın yuxarı mərtəbəsindən 7-ci mərtəbəyə düşdüyünü və biraz sağa sola baxdıqdan sonra velosipedi götürüb oradan uzaqlaşdığı görünmüş, görüntüyə baxdıqdan bir qədər sonra DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və biraz keçmiş polis əməkdaşlarının yaxınlaşıb müvafiq sənədləşmə aparmışlar. Məhkəmə iclasında zərəçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 yazılı ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan ödənilməmişdir. Lakin onun cavan olmasına görə onu bağışlayır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, bir müddət əvvələ kimi Bakı şəhərində yaşayırdı və özünə 2022-ci ilin noyabr ayında aldığı velosiped ilə “Wolt” şirkətində kuryer işləyirdi. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində “Elvet” restoranından bir nəfər şəxs yemək sifarişi vermiş və həmin sifarişi ünvan 6 ünvana yaxınlaşıb velosipedi binanın qarşısında saxlayaraq kilidləmiş və sifarişi mənzilə aparmış, təxminən 3-4 dəqiqə sonra aşağı düşüb binanın qarşısına yaxınlaşdıqda velosipedin orada olmadığını aşkar etmişdir. Dərhal 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermiş və onu 18-ci polis şöbəsinə dəvət edərək orada müvafiq sənədləşmə aparılmışdır. Əlavə olaraq velosipedi tanımadığı şəxsdən aldığı üçün markasını bilmədiyini və velosipedi 600 manata aldığını bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 yazılı ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan ödənilməmişdir. Lakin onun cavan olmasına görə onu bağışlayır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə olan video görüntüdə baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 16:07-də ünvan 7 ünvanda yerləşən 7-ci blokun, 7-ci mərtbəsində divara söykənmiş vəziyyətdə olan velosipedə 1 nəfər əynində qara şalvar, qara gödəkçə, başında qara idman papağı olan şəxsin yuxarı mərtəbədən düşərək yaxınlaşması, müşahidə kamerasına baxması, daha sonra isə velosipedi əlinə götürərək aşağı mərtəbəyə yenməsi təqdim edilmiş videogörüntüdə müşahidə olunmuşdur. Baxış keçirilən 01 ədəd Disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən götürülərək protokola əlavə olunur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:45-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də iki dəfə məhkum olunsada məhkumluğu ödənilmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin CD diskdə olan görüntülərə baxış keçirilməsi üçün kompyüterin prosessoruna qoyulmuş və ekranda açılmış VİD-20221207-WA0042 yazılı fayla baxış keçirilən zaman müəyyən olunmuşdur ki, fayldakı görüntü 35 saniyə davam edir. Görüntüdə Təqsirləndirilən şəxs pilləkənlərdən aşağı düşərək velosipedə tərəf yaxınlaşdığı və ətrafa nəzər yetirdikdən sonra velosipedi götürərək oradan uzaqlaşdığı görünür. Diskə baxış zaman Təqsirləndirilən şəxs görüntüdə velosipedi oğurlayan şəxsin özü olduğunu etiraf etdi. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/832 №-li, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, “Format” markalı və bir ədəd 26 ölçülü “Raleigh” markalı velosipedlərin respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcüd olan qiymətlərə, və elecə də Mərkəzdə olan məlumatlardan və təqdim edilmiş fotoşəkildən istifadə edilməklə, analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 900 manat müəyyən olunur. O cümlədən: -01 ədəd yeniyetmə üçün nəzərdə tutulmuş “Format” markalı velosiped – 350,0 manat; -01 ədəd 26 ölçülü “Raleigh” markalı velosiped – 550,0 manat. Ekspertiza tədqiqatı dəyəri 50 manatdır. “cinayət işi üzrə toplanmış sübutların qiymətələndirilməsi haqqında” 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, ünvan 8 ünvanının qarşısında dəhlizdə yerləşən Zərərçəkmiş şəxs1 məxsus velosipedin oğurlanmasının baş vermə anlarını fiksə edən kameradan görüntünün köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diski maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 mart 2023-cü tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işinin icraatı dayandırılmış, onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qismində qətimkan tədbiri seçilmiş və yeri müəyyən edildikdə dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Nərimanov RPİ-nin 16-cı PB-nin 08 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1(005)-201/2023 saylı cinayət işi üzrə təqsirləndirilən, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə Nərimanov rayon məhkəməsinin qərarına əsasən barəsində açılmış 61028 saylı Al üzrə axtarışda olan, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş, Qubadlı rayonu, Əfəndilər kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 1 saylı yataqxanada yaşayan Təqsirləndirilən şəxs saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunması üçün Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov rayon məhkəməsinin qərarına əsasən barəsində açılmış 61028 saylı Al üzrə axtarışda olan, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş, Qubadlı rayonu, Əfəndilər kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 1 saylı yataqxanada yaşayan Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə saat 12:00 radələrində yaşadığı ünvanın qarşısında saxlanılarlaq Nərimanov RPİ-nin 16 PB-nə qətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, (Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsi) cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 08 aprel 2023-cü il tarixdən hesablanmalı, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 gün (13-15 dekabr 2022-ci il), ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli,(CM-nin 69.3 maddəsi), cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən)manat məbləğində vəsait dövlət büdcəsi hesabına «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına ödənilməlidir. Eyni zamanda məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsi hesabına «Presedent» Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq «Presedent» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim :Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar