Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-202/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci il ildə Ağsu rayonunun Qaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Ağsu rayonu, Qaraqoyunlu ərazi idarəsi, Qaraqoyunlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 7,554 qram çəkidə narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla ünvan 1 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 noyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 13:00-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 2 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ cibindən üç ədəd sellofan bükümdə ayrı-ayrılıqda 1,816 qram, 2,789 qram və 2,949 qram olmaqla ümumilikdə 7,554 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 noyabr 2020-ci il tarixdə səhər evdən çıxıb idman zalına getmişdir. İdman zalı bağlı olduğu üçün dostu Anar Abıyev ilə idman zalından çıxıb avtomobilinə yaxınlaşdıqda 7-8 nəfər ona ərəf gələrək dostu Anar Abıyevin yanında onu döyə-döyə üstünü axtarmışlar. Axtarış zamanı üstündən 108 manat pul və 2 ədəd telefon çıxmışdır. Ona Baş İdarəyə getməli olması bildirilmişdir. O, Baş İdarənin hara olmasını bilməmişdir. Daha sonra bilmişdir ki, həmin şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini nəzərdə tuturlar. İdarədə ona təzyiq göstərilmiş, döyülmüş və ona xəsarət yetirmişlər. Belə bir təzyiqlərin və zorakılığın təsiri altında o, etirafedici ifadə vermişdir. Əslində isə onun üzərində narkotik vasitə olmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşlarının narkotik vasitəni üstünə qoymaqda məqsədlərinin nə olmasını bilmir. Narkotik vasitəni polis əməkdaşları onun cibinə qoymuşdur. Onu çəkilişdən qabaq döymüşlər. Belə ki, Baş İdarədə 20 saata yaxın saxlayıb onu döymüş və bildirmişlər ki, bu narkotik vasitəni üstünə götürməsə, ailəsini ora gətirəcəklər. Ümumiyyətlə o, narkotik vasitənin nə istifadəçisidir, nə də həmin maddələrdən xəbəri olan insandır. Dindirilən şahidlər ifadələrində narkotik vasitənin guya onun əynində olan pencəyin cibindən çıxmasını göstərsələr də, onun əynində həmin gün pencək olmamışdır. Ümumiyyətlə o, heç vaxt pencək geyinmir. Təqsiri olmadığı və ona qarşı irəli sürülmüş ittiham uydurma, əsasssız olduğu üçün məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 05 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq sonuncunu Baş İdarəyə dəvət etmişlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə baxış təhqiqatçının və vəkilin iştirakı ilə keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs pencəyinin cibində olan 3 büküm heroini təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 1 gün əvvəl Novruz adlı şəxsdən 150 manat qarşılığında öz istifadəsi üçün aldığını bildirmişdir. Axtarış və götürmə zamanı videoçəklişdən istifadə edilmişdir. Bundan sonra şəxsi axtarış və götürülmənin keçirilməsi nəticələrinə dair protokol tərtib edilmiş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, saxladıqları və baxış keçirdikləri zamanı Təqsirləndirilən şəxs təzyiq və ya hər hansı zorakılıq göstərilməmişdir. Narkotik vasitənin Təqsirləndirilən şəxs pencəyinin cibindən çıxmasını texniki səhv olaraq demişdir. Belə ki, hadisənin baş verməsindən uzun müddət keçmiş, həmçinin tərəfindən tez-tez bu cür əməliyyat tədbirləri keçirildiyindən, ola bilsin ki, səhv etmişdir. Şəxsi axtarış zamanı çəkilmiş videogörüntüdə hər şey aşkar görünür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişlər. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, 05 noyabr 2020-ci il tarixdə dostu Təqsirləndirilən şəxs ilə birlikdə idman zalından çıxıb evə gedən zaman 5-6 nəfər onlara yaxınlaşmışdır. Həmin vaxt onlara yaxınlaşan şəxslər Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, amma onun üzərindən heç nə çıxmamaışdır. Təqsirləndirilən şəxs uzun illərdir tanıyır, onun narkotik vasitələrlə heç bir əlaqəsini görməmişdir. Verilən suallara cavab olaraq şahid X8 bildirmişdir ki, hadisə günü saat təxminən 11- 12 radələrində polis əməkdaşları onları saxlamışlar. Həmin vaxt polois əməkdaşı Hətəm orada olmamışdır. Onları saxlayan zaman Zamiqin əynində pencək olmamışdır. Əvvəlki məhkəmə iclasına gələn zaman Hətəmi məhkəmənin inzibati binasının qarşısında ona göstərmişlər. O, həmçinin qorxduğu üçün Təqsirləndirilən şəxs kənarda dayanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli olan şəxsin tutulması haqqında” 05 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 noyabr 2020-ci tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis mayoru X3, əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3, Təqsirləndirilən şəxs, müdafiəçi - “Yusifbəyli və Partnnyorları” Vəkil Bürosunun vəkili X6 iştirakları ilə protokol tərtib etmişdir. Daxil olmuş məlumat əsasında 05 noyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 13:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 noyabr 2020-ci il tarixli qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 05 noyabr 2020-ci il tarixdə saat 14:33də şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələ psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 03 ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibində olan bir ədəd “Nokia” və bir ədəd “İphone” markalı mobil telefonları və 8 manat pulu çıxardıb təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edildi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 04 noyabr 2020-ci il tarixdə axşam vaxtı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Novruz” adlı şəxsdən bir bükümünü 50 manat olmaqla ümumilikdə 150 manat müqabilində şəxsi istifadəsi məqsədi ilə aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd şəffaf sellofon bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublika Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş 8 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Nokia” və “İphone” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni və təbii işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış 05 noyabr 2020-ci il tarixdə saat 14:55-də başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkiliş aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.11.2020-ci il tarixli, 6/2405 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan zərfdəki 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,816 qram, 2,789 qram və 2,949 qram olmaqla ümumi təmiz çəkisi 7,554 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi: ümumi 0,15 qram, qalıq 7,404 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manatdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1249/2020 nömrəli, 06.11.2020-ci il tarixli qərarından görünür ki, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 noyabr 2020-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; “Maddi sübut hesab edilməsi haqqında” 06 noyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş bir ədəd paketdə qablaşdırılan, tədqiqatdan sonra qalıq qalan 7,404 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19.11.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 14 dekabr 2020-ci il tarixli, 3439 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə yoxdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.01.2021-ci il tarixli, 11/393 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (insanın psixi fəaliyyətlərinin xarici aləmə yönəlməsi) daha yaxındır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə ünsiyyətçilik, aktivlik, laqeydlik, etibarlılıq və dəyişkənlik kimi əlamətlər müşahidə olunur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur. 05 noyabr 2020-ci il tarixdə videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs qarşı başqa şəxslər tərəfindən psixoloji təsir (hədə-qorxu, şantaj, təhdid, manipulyasiya) və təlqin əlamətləri müşahidə olunmur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir; “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 26 fevral 2021-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd “CD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına tikilməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 7,554 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 05 noyabr 2020-ci tarixli protokoldan və həmin əməliyyat tədbirinin videoçəkilişindən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 03 ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibində olan bir ədəd “Nokia” və bir ədəd “İphone” markalı mobil telefonları və 8 manat pulu çıxardıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 04 noyabr 2020-ci il tarixdə axşam vaxtı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Novruz” adlı şəxsdən bir bükümünü 50 manat olmaqla ümumilikdə 150 manat müqabilində şəxsi istifadəsi məqsədi ilə aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı iştirak edən polis əməkdaşları ifadələrində 03 ədəd şəffaf sellofan bükümün təqsirləndirilən şəxsin əynində olan pencəyinin cibindən çıxmasını bildirsələr də, məhkəmə hesab edir ki, göstərilən şahidlərin narkotik vasitələrin Təqsirləndirilən şəxs əynində olan paltarlarından aşkar edilmə yerinin detalları barədə səhv etmələri “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 05 noyabr 2020-ci tarixli protokolun iş üzrə sübut əhəmiyyətinə, mötəbərliyinə təsir edəcək, həmin sübutu, ümumiyyətlə təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar olunması faktını şübhə altına ala biləcək bir fakt kimi qiymətləndirilə bilməz. Belə ki, “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 05 noyabr 2020-ci tarixli protokoldan və həmin əməliyyat tədbirinin videoçəkilişindən göründüyü kimi, Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 03 ədəd şəffaf sellofan bükümü çıxardaraq təqdim edir; - Şübhəli şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs etirafedici ifadə vermişdir. Həmin ifadədən görünür ki, o, 04.11.2020-ci il tarixdə axşam vaxtı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi, özünü Novruz kimi təqdim edən şəxsdən bir bükümünü 50 manat olmaqla ümumilikdə 150 manat müqabilində öz şəxsi istifadəsi üçün üç büküm narkotik vasitə heroin almışdır. 05 noyabr 2020-ci il tarixdə saat 13:00-da ünvan 3 ünvanının yaxınlığında olduğu zaman ona üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etdikdə, o, özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə getmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib əynindəki göy rəngli cins şalvarının sağ yan cibində olan üç ədəd sellofan bükümü, şalvarının sol yan cibində olan bir ədəd “Nokia” və bir ədəd “İphone” markalı mobil telefonları və 8 manat pulu çıxarıb təqdim etmişdir. O, təqdim etdiyi üç ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim etdiyi üç ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş üç ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmişdir. O və başqa iştirakçılar tərəfindən qablaşmanın üzəri imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 8 manat pul özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir ədəd “Nokia’' və bir ədəd “İphone” markalı mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüşdür; - Təqsirləndirilən şəxs məhkəmə iclasında istintaq zamanı ona təzyiq göstərildiyini, döyülməsini bildirsə də, onun bu dəlilləri məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq və təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru X4, CM-in 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs əlavə ifadəsində törətmədiyi cinayəti etiraf etməsi üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla İdarəsinin əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması barədə müraciəti üzrə araşdırma aparmış və 26 fevral 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X1 16 dekabr 2020-ci il tarixli 251/MEŞ nömrəli rəyində göstərilmişdir ki, məhkəmə-tibbi müayinə anı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Həmçinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 23 noyabr 2020-ci il tarixli 17/388847 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Təqsirləndirilən şəxs bədəninin dəri səthinə baxış keçirilərkən zədə aşkar edilməmişdir. Həmçinin məhkəmə-psixioloji ekspertizasının 14.01.2021-ci il tarixli, 11/393 nömrəli rəyindən də göründüyü kimi 05 noyabr 2020-ci il tarixdə videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs qarşı başqa şəxslər tərəfindən psixoloji təsir (hədə-qorxu, şantaj, təhdid, manipulyasiya) və təlqin əlamətləri müşahidə olunmur; - Təqsirləndirilən şəxs və şahid X8 ifadələrində hadisə günü Təqsirləndirilən şəxs saxlanılarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 orada olmaması barədə bildirdikləri dəlilləri aydınlaşdırmaq məqsədi ilə məhkəmə tərəfindən qeyd edilən əməliyyat müvəkkilinin istifadəsində olan mobil telefonun həmin vaxta anten dairə məlumatları dəqiqləşdirilmiş və “xxxx” MMC-dən daxil olmuş müştəri zənglərinin detallaşdırılmasına əsasən həmin mobil nömrənin anten dairəsinin 05.11.2020-ci il tarixdə saat 12:58 dəqiqədə Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarının əhatəsində dəyişdiyi müəyyən edilmişdir; - Müdafiə tərəfinin şahid X5 hadisə günü Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması zamanı yanında olması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin faktın təsdiq olunması hazırki cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı halı müəyyən etmir. Belə ki, 05.11.2020-ci il tarixdə polis əməkdaşları barəsində əməliyyat məlumatı daxil olmuş şəxsə yaxınlaşmış və onun barəsində müvafiq tədbir görmüşlər. Şahid X8 da ifadəsində qorxduğu üçün Təqsirləndirilən şəxs kənarda dayandığını bildirmişdir. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşıması ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Ağsu RİHB-nin Qaraqoyunlu kənd inzibati ərazi idarəsi nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə) yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), təyin edilən cəzanın həbsdə saxlanıldığı müddət həcmində olması nəzərə alınaraq, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, qalıq çəkisi 7,404 qram olan narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 05 noyabr 2020-ci il tarixdən (7 (yeddi) ay 17 (on yeddi) gün) həbsdə saxlanılması nəzərə alınaraq cəzasını çəkmiş hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş 7,404 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 194 (yüz doxsan dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-202/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-202/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver