Məhkəmə qərarları › İş №1(005)-202/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-202/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-202/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs (mülki cavabdeh) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki iddiaçı) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Ağcəbədi rayonu, Rəncbərlər ərazi dairəsi Rəncbərlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və 03 azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, usta işləyən, Ağcəbədi rayonu, Rəncbərlər ərazi dairəsi Rəncbərlər kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)-111/2025 saylı qərarı ilə “həbs” qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, ona Bakı şəhərində yerləşən “Ağ şəhər” binalarında tikinti işlərinə sərmaye qismində pul vəsaiti yatıracağı təqdirdə, həmin pul vəsaitini tikinti sferasında dövriyyə etdirməklə əldə olunan qazancın 50 faizini ona verəcəyinə dair yalan vəd verib aldatmaqla 2019-cu ilin əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, keçmiş tramvay dairəsi adlanan yerdə yerləşən sonuncunun işlədiyi avtomobillərin təmiri emalatxanasında 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini alıb ələ keçirdikdən sonra, vahid niyyətlə əhatə olunan cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs özünün Ağcəbədi rayonu, Rəncbərlər kəndində tikdirdiyi marketi onun mülkiyyətinə keçirəcəyinə və həmin marketin fəaliyyətindən əldə olunan gəlirə şərik edəcəyinə dair yalan vəd verərək sənədləşdirmə işlərinə məsrəf qismində 2020-ci ilin sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ünvanda tanışına 2000 (iki min) manat verdirmiş, bundan 10 gün sonra Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, keçmiş tramvay dairəsi adlanan yerdə yerləşən sonuncunun işlədiyi avtomobillərin təmiri emalatxanasında həmin vədin davamı kimi pul qismində sonuncuya məxsus ondan 1 ədəd dəyəri 13.500 (on üç min beş yüz) manat olan “Mazda” markalı nəqliyyat vasitəsini üçüncü şəxsə sataraq ələ keçirmiş, bundan 10 gün sonra həmin ünvanda vahid niyyətlə əhatə olunan cinayət əməlini davam etdirərək 1 ədəd dəyəri 11.000 (on bir min) manat olan “Nissan Sunny” markalı nəqliyyat vasitəsini üçüncü şəxsə sataraq həmin məbləğdə pul vəsaitini ələ keçirməklə verdiyi yalan vədə əməl etməyərək, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxsə məxsus 46.500 (qırx altı min beş yüz ) manat pul vəsaitini alıb ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərədə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2017-2018 illərdə 20.000 (iyirmi min) manat pulu 2 dəfəyə almış, birinci 10.000 (on min) manat pulu faizə dollar şəkilində almış, sonra da 10000 (on min) manat bir almışdır. 2020-ci ilə qədər olan müddət ərzində İlhama hər ay 2000 (iki min) manat olmaqla faiz vermişdir. İş yoldaşları da dəfələrlə İlhamdan faizə pul götürmüşdür. İlhama 3000 (üç min) manat pul verəcəyi qalmışdır. Pandemiya dövründə öz avtomobilini satmışdır. 2020-ci ilin iyul və avqust aylarında İlhamdan “Nissan” və “Mazda" markalı 2 ədəd avtomobil almışdır. Həmin avtomobillərin pulunu ödəyərək almışdır. “Nissan” markalı avtomobili 13500 (on üç min beş yüz) manata Zərərçəkmiş şəxs almış və Zərərçəkmiş şəxs ona avtomobil üzərində sərəncam vermək hüququ olmaqla avtomobilə etibarnamə vermişdir. Həmin avtomobili də 15000 (on beş min) manata satmışdır. Daha sonra yenidən Zərərçəkmiş şəxs “Mazda” markalı avtomobili 11000 (on bir min) manata pulunu ödəməklə aldığını və həmin avtomobili də satdığını söyləmişdir. Pulunu ödəmədən nəyə görə ona iki dəfə avtomobil və ya sərəncam vermək hüququnu verirdi,eyni zamanda hansı səbəbdən etibarnaməni ləğv elətdirmirdi. Çünki o avtomobillərin pulunu ödəmişdir. Avtomobillərin 1500 manat cəriməsi olmuş, İlham cəriməni ödəməsini deməsinə baxmayaraq, ödəməmişdir. Demişdir ki, onsuzda səndə pul var oradan çıxarsan. Həmin 3000 manat puldan cəriməni ödəmişdir, qalan məbləği də 2022-ci ilin sonunda Ağcabədi rayonu Rəncbərlər kəndində olan mağazasını satanda Zərərçəkmiş şəxs göndərmişdir. Bundan sonra İlhamın telefonunda oğlunu vatsapa qoyduğunu gördükdə, nə baş verdiyini ondan soruşmuş, İlham oğlunun rəhmətə getdiyini ona bildirmiş, hüzr məclisinə getmiş və ona baş sağlığı vermişdir, İlham ondan nə iş gördüyünü soruşduqda günə 25 manata taksi sürdüyünü dedikdə, İlham ona “qoy uşağın yasın yola verim, danışaq” demişdir. İlham ona avtomaşın alıb verəcəyini və ona günlük gəlir ödəyəcəyini demişdir, İlham oğlunun 40 günündən sonra ona zəng edərək havalimanında olduğunu, ağ və qara rəngdə olan 2 ədəd avtomaşın olduğunu dedikdə, İlhama qara rəngli avtomaşını götürəcəyini demişdir. Avtomaşını yuduzdurmuş, etibarnamə vermiş, avtomaşını ona verəcəyini, avtomaşını 22000 manata aldığını, ona 33000 manata verəcəyini dedikdə, baha olduğunu demiş və sonra günə 30 manat olmaqla, 32000 manata razılaşmışlar. Avtomaşına etibarnamə götürmüş, havalimanına çatanda mühərrik sıradan çıxmış, özü evakuatorla gəlib avtomaşını ustaya aparmışdır. Usta avtomaşının 2500 manat xərci olduğunu demişdir. İlham ona günə 35 manat verəcəyini dedikdə, onunla razılaşmışdır. İlhama 7 ay günü 25 manatdan pul ödəmişdir. Daha sonra havalimanına taksiləri girməyə qoymamışlar, ona görə işləyə bilməmişdir, İlhamın yanına gedərək işləyə bilmədiyini ona demişdir. Məhkəmənin sualına cavab olaraq təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs mağazanın Zərərçəkmiş şəxs heç bir aidiyyətinin olmadığını bildirmişdir. Əgər Zərərçəkmiş şəxs pul borcu var idisə, nəyə görə indiyədək istəməmişdir. Onun mağazası olmuş və pandemiya dövründə də satmışdır. Mağazanın Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsi ilə bağlı aralarında heç bir razılıq olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, avtomobillərin mühərriklərinin təmir edilməsində çilingər usta kimi çalışır. Təqsirləndirilən şəxs işlədiyi yerə gəlib gedən zamanlardan tanımışdır, “Mercedes Benz E" Class markalı avtomobilini Təqsirləndirilən şəxs satmış və aralarında normal münasibət yaranmışdır. Təxminən 5-6 il bundan əvvəl 2018-2019-cu ildə dəqiq tarix yadında deyil, Azər yanına gələrək demişdir ki, Ağ şəhərdə işlədiyi tikintidə fəhlələrin pulunu vaxtında verə bilmir, buna görə də pul lazımdır. Həmin vaxt ona 10000 (on min) manat pul vermişdir. Daha sonra təxminən 1 həftə və ya 10 gün sonra yenə də pul lazım olduğunu bildirmiş, narahat olmamasını, özünün fəhlələri olduğunu və tikinti işi gördüyünü, onun pulu qaytaracağını və gördüyü işdən gəlir verəcəyini demişdir. Həmin vaxtda Təqsirləndirilən şəxs əlavə 10000 (on min) manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs dəfələrlə pulunu qaytarmasını desə də o, market tikdiyini onun pulunu işləyib qaytaracağını bildirmişdir. Marketi yolun kənarında tikdiyini, yanında təndir tikdiyini, orada gündə 10000 (on min) manat alver edəcəyini, işləyərək pulunu qaytaracağını söyləmişdir. Daha sonra marketin tikintisinə pul lazım olduğunu bildirmişdir, təxmini tarix yadında deyil 2023-cü il idi deyəsən, həmin vaxt pulunun olmadığını, pul əvəzinə avtomobil verə biləcəyini demişdir və “Mazda” markalı avtomobili notarial qaydada Təqsirləndirilən şəxs etibarnamə əsasında vermişdir. Sonra yenə də pul lazım olduğunu bildirmiş, marketin tikintisi üçün əlavə pula ehtiyacı olduğunu söyləmişdir, həmin vaxt pullarını qaytarmadığını desə də, Təqsirləndirilən şəxs marketin sənədini onun adına rəsmiləşdirəcəyini və market açıldıqdan sonra da pulunu qaytarcağını bildirmişdir. Tarixini dəqiq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs pul əvəzinə “Nissan” markalı avtomobili notarial qaydada etibarnamə əsasında vermişdir. Daha sonra bir dəfə 2000 (iki min) manat pul vermişdi, sənədləşmə işinin aparılması üçün. Sonra marketin açılışına getmişdir. Sonradan öyrənmişdir ki, marketi satmışdır. Pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs görmüşdür, Təqsirləndirilən şəxs ona borcları olduğundan marketi satdığı pulu borclarına verdiyini söyləmişdir. İşləyə bilmədiyini ona görə pulunu qaytara bilmədiyini demişdir, həmin vaxt “Nissan” markalı avtomobilini Təqsirləndirilən şəxs vermişdir ki, taksi fəaliyyəti göstərməklə işləsin və həm borcunu qaytarsın, həm də hər gün ona pul versin. Lakin bir müddət işlədikdən sonra da avtomobilin motoru sıradan çıxmışdır. Məhkəmənin sualına cavab olaraq zərərçəkmiş (mülk iddiaçı) Zərərçəkmiş şəxs ilkin pulu verdikdən sonra dedi ki, tikinti işi görür orada şərik olacaq və pul qazanacaqdır, daha sonra pulu geri qaytarmamışdır. Həmin vaxtdan sonra atası rəhmətə getmişdir. Təqsirləndirilən şəxs ona hissə-hissə olmaqla ümumilikdə 6000 (altı min) manat pul qaytarmışdır. Sonradan marketi tikib yekunlaşdıra bilməsə onun pulunu qaytara bilməyəcəyini demişdir. Buna görə də marketdə tikinti işlərinin yekunlaşdırılması və sənədləşməni özünün adına aparılması üçün əlavə olaraq avtomobilləri vermişdir. Avtomobilləri pul əvəzinə vermişdir. Həmin vaxt pulu olmadığı üçün avtomobili vermişdir ki, satsın. O, da satmışdır, notarial qaydada satması ilə bağlı sənədləşmə mövcuddur. Taksi fəaliyyəti göstərdiyi zaman isə hissə-hissə olmaqla ona az miqdarda pullar göndərmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs tərəfindən ona 46500 (qırx altı min beş yüz) manat məbləğində ziyan vurulmuşdur. İbtidai araşdırma zamanı verdiyi ifadələrə münasibətdə bildirmişdir ki, əsəbi olduğundan onun tarixlər dəqiq yadında qalmamışdır. Həmçinin 26 500(iyirmi altı min beş yüz) manat pulu əlbəəl verməsi ilə bağlı izahatı üzrə qeyd etmişdir ki, avtomobilləri pul əvəzi hesablamışdır. Hazırda 40500 (qırx min beş yüz) manat pul borcu qalmışdır. Şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onlar Ağcabədi rayonunda yaşayırlar. Onun mağazası olmuşdur. 2016-2018-ci illərdə mağaza tikmiş, 2022-ci ildə isə mağazasını satmışdır. Qardaşının Zərərçəkmiş şəxs ilə tanışlıqları olmuşdur. Belə ki, qardaşı Zərərçəkmiş şəxs usta kimi tanımışdır. Maddi vəziyyəti ilə əlaqədar olaraq qardaşı Zərərçəkmiş şəxs borca pul almışdır və faiz vermişdir. Onda olan məlumata görə Zərərçəkmiş şəxs qardaşına həmin borc məbləğini faiz qarşılığında vermişdir. Onların arasında maşın biznesinin olması barədə heç vaxt eşitməmişdir və bu barədə məlumatı yoxdur. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ərizə ilə müvafiq orqanlara müraciət edərək Təqsirləndirilən şəxs ona qarşı dələduzluq cinayəti törətməsi faktı barədə şikayət etmişdir. Məhkəmədə tədqiq olunan “Baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs: “2017-ci ildən bəri bugün ayın 20-di, 4 ildə, 7 ildə bu mənə 6 min pul qaytarıb 46 min puldan”, “Maşın verdim vurdu dağıtdı, düzəltmədi”, “7 ayda mənə 3000 manat pul vermişdir”, “1400 borcu var idi, sürdü maşını borcunu vermədi”, “17-ci ildən bəri 20000 pul alıb vermişəm buna, arvad hələ də məndən pul istəyir”, “Təqsirləndirilən şəxs gəldi bura pula, dedi pradonu ver, götürdüm bir dənə nissan sanni verdim birdənə də buna mazda vermişəm”, “Dedim maşını sat pulunu götür”, “13 min 500, biri 11 min də biri”, “pulu ver öz halal pulumu - 24 min 500 o puldu”, “mənə dedinki gündə biznes qururam ay elə eliyəcəm ay belə eliyəcəm 24 min 500 o, 22 min də bu bugünki gündə 46 min 500 puluydu”, “mənim atam rəhmətə getdi ordan mənə qırıqqırıq gətirib, 3 min də tükanı satanda cəmi 6 min manat pul qaytarıb”, “17-ci ildən bəri mənə 46 min 500 pul borcludu”, “mənə dedin ki, marketi satıb pulunu verəcəm”, “niyə başqa adama pul verirdin mənə də pul borcun varıydı”, “pivənin pulunu borcuna verərdin”, “maşını verdim ki, işləyən pulunu verəsən, sonra da maşını satıb borcunu verəsən”. Təqsirləndirilən şəxs: “boltun, uberin faizi 25,26 faizdir, gör nə deyirəm, 100 manat işləmək üçün, nə qədər ekonom olsa 7,8 manat benzinə gedəcəkdir, 30 gündə siqaretini və çörəyini düşün”, “İmkansızlıqdı da, belə alındı da, mən istəyərdim!?”, “ondan bundan borc alıram”, “maşınların başın burax e onlar getdi”, “neçə ay işlədim, 170,160 göndərdim”, “Şərt qoydular mənə ki, marketin pulunu verməlisən”, “marketi satdım apardım 25 min verdim arvada”, “marketin pulunu borclarıma verdim”, “30 min pul qaldı 3 min də sənə pul verdim, 1000-5000 digərlərinə”, “canımı alın”. Məhkəmədə tədqiq olunan “Maddi sübut kimi tanınma haqqında” 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi, tərəflərin danışıq səsləri olan 1 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işinə əlavə edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2-16070/2025 nömrəli məktubundan görünür ki, DİN Baş X9 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Lakin, X1 məxsus «Toyota Prius» markalı **-HP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə 07.05,2023-cü il tarixdən xx.xx.2029-cu il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə DİN Baş X9 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Məhkəmədə tədqiq olunan “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2025 il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq 18ci PŞ-nə gətirilmiş və zəruri istintaq hərəkətlərini davam etdirilməsi üçün Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 4(005)-111/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 05 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə ********** VÖEN-lə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, lakin hər hansı vergi orqanının rəhbəri olması barədə vergi orqanında məlumat yoxdur. Təqsirləndirilən şəxs fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə Bakı şəhəri 6,9,30,32,41,21,27,36,38,40,18,15 saylı, Ağcabədi və Bərdə regional “Asan xidmət” mərkəzində, Sumqayıt şəhər 4 saylı, Ağsu rayonu, Şahbuz rayonu, Ağcabədi rayonu, Qobustan rayonu notariat ofislərində notariat hərəkətlərinin rəsmiləşdirilməsi müəyyən olunmuşdur. Məhkəmədə tədqiq olunan Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Rəncbərlər Kənd ərazi darirəsi üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş arayışdan və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan və AA seriyalı ******* nömrəli, AA seriyalı ******* və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç yetkinlik yaşına çatmayan - xx.xx.2011-ci il təvəllüdlü Aysu Əliyeva, xx.xx.2009-cu il təvəllüdlü Fatimə Əlizadə və xx.xx.2013-cü il təvəllüdlü Ömər Əlizadə adlı övladları vardır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə “Mazda cx-7”minik markalı **- CD-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinə sərəncam hüququ əsasında Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs verilmişdir. Məhkəmədə tədqiq olunan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə “Nissan Sunny” minik markalı **- KC-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinə sərəncam hüququ əsasında X2 tərəfindən Təqsirləndirilən şəxs verilmişdir. Məhkəmədə tədqiq olunan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə “Nıssan Sunny” minik markalı **- KC-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinə sərəncam hüququ əsasında X2 tərəfindən Təqsirləndirilən şəxs və X3 verilmişdir. Məhkəmədə tədqiq olunan müxtəlif tarixli ödəniş çeklərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs 526163****4400 saylı kart hesabına ödənişlər həyata keçirilmişdir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanan mülki iddia ərizəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində ona vurulmuş 46500 (qırx alti min beş) manat məbləğində ziyanın və mülki iddianın verilməsi üçün tərəfindən ödənilmiş 230 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin izahatını və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli törədilmədiyi üçün ona həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair verilmiş ittiham üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildiyi kimi, zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs əsəbi və gərgin olduğundan məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin əsas götürülməsini qeyd etmişdir. Təqsirləndirilən şəxs Ağ şəhərdə işlədiyi tikintidə fəhlələrin pulunu vaxtında verə bilməsi səbəbindən, ona pul lazım olmuş və ona 10000 (on min) manat pul vermişdir. Daha sonra təxminən 1 həftə və ya 10 gün sonra yenə də Təqsirləndirilən şəxs pul lazım olduğunu demişdir, narahat olmamasını, özünün fəhlələri olduğunu, tikinti işi gördüyünü, onun pulunu qaytaracağı və gördüyü işdən gəlir verəcəyini bildirmişdir. Həmin vaxt da Təqsirləndirilən şəxs əlavə 10000 (on min) manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs dəfələrlə pulunu qaytarmasını desə də o, market tikdiyini onun pulunu işləyib qaytaracağını bildirmişdir. Marketi yolun kənarında tikdiyini, yanında təndir tikdiyini, orada gündə 10000 (on min) alver edəcəyini, işləyərək pulunu qaytaracağını söyləmişdir. Daha sonra marektin tikintisinə pul lazım olduğunu bildirmişdir, təxmini tarix yadında deyil 2023-cü il idi deyəsən, həmin vaxt pulunun olmadığını, pul əvəzinə avtomobil verə biləcəyini demişdir və mazda markalı avtomobili notarial qaydada Təqsirləndirilən şəxs etibarnamə əsasında vermişdir. Sonra yenə də pul lazım olduğunu bildirmiş, marketin tikintisi üçün əlavə pula ehtiyacı olduğunu söyləmişdir, Təqsirləndirilən şəxs marketin sənədini onun adına rəsmiləşdirəcəyini və market açıldıqdan sonra da pulunu qaytaracağını bildirmişdir. Təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında ancaq faizlə bağlı borc münasibətləri olduğunu, Zərərçəkmiş şəxs ona faizə pul vəsaiti verdiyini qeyd etmişdir. Həmçinin avtomaşınlarla bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs avtomaşınları ödəniş edərək almış və satmışdır. Mağazanın Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsi ilə bağlı aralarında razılaşma olmamışdır. Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında tanışlıq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs pullar alınmışdır. Onlar arasında şifahi razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən ilk dəfə Təqsirləndirilən şəxs tikintidə işçilərin pulunu verə bilmədiyi üçün Zərərçəkmiş şəxs pul almışdır, daha sonra təkrarən pul lazım olduğu vaxt Zərərçəkmiş şəxs ilə razılaşaraq tikinti sahəsində gəlir əldə edəcəyi və ona pulunu qaytaracağını bildirərək yenidən ondan pul almışdır. Həmin müddətdən sonra yenə də pul üçün Zərərçəkmiş şəxs müraciət edilmiş, bu zaman Zərərçəkmiş şəxs tərəfindən avtomobillər etibarnamə əsasında Təqsirləndirilən şəxs verilmişdir. Məhkəmədə tədqiq edilən səs yazılarından aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəfələrlə pul alınmışdır. Səs yazılarında zərərçəkmiş şəxs tərəfindən də bildirilir ki, borc məqsədilə dəfələrlə ondan pul almış, daha sonra 2 avtomobil Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Bu münasibətlər davam etdirilərək Zərərçəkmiş şəxs tərəfindən başqa bir avtomobil Təqsirləndirilən şəxs verilərək işləyib borcunu qaytarması barədə aralarında şifahi razılıq da əldə edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir borcunun olmaması, ondan aldığı pulları tam olaraq qaytarması və avtomobillərin pulunu ödəyərək alması barədə ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş bu cür ifadə özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs ifadəsinə məhkəmə tənqidi yanaşaraq bildirir ki, məhkəmədə tədqiq edilən səs yazısından da aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında borc pul mübahisəsi vardır və həmin səs yazısında Təqsirləndirilən şəxs tərəfindən “belə alınmasını istəməzdi, canımı al, mağazanı satdım pulları qaytardım, maşınlar keçdi artıq” kimi ifadələr işlədilmişdir. Bu da Zərərçəkmiş şəxs ilə arasında pul mübahisəsinin olmasını təsdiq edir. Məhkəmə iş materiallarını və təqsirləndirilən şəxslərin təqsirli bilindiyi CM-in 178.2.4cü maddəsinin dispozisiyasını, dələduzluq cinayətinin tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan, sözügedən cinayət tərkibinin əlamətləri ilə şərtləndirilən hallarla uzlaşmadığı aydın olur. Belə ki, CM-in 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı bir səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda şəxsin belə hərəkət etməsi CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Şəxsin özgə əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti olmadığı halda həmin əmlak barəsində mülkiyyətçi (əmlaka sahiblik edən digər şəxslə) sövdələşmə zamanı onu bu cür razılaşmanı bağlamağa sövq etmək üçün yalandan istifadə etməsi də şəxsin əməlində dələduzluq cinayətinin tərkibinin olmasına dəlalət etmir. Çünki, belə vəziyyətdə şəxs mülkiyyətçini (sahiblikedəni) əmlakdan məhrum etmək niyyətində olmadığından, onun istifadə etdiyi yalan əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə deyil, müstəsna olaraq sövdələşmənin baş tutmasına yönəlmiş olur və yalnız bu məqsədə xidmət edir. Məsələn, şəxs digərindən gerçəkdən borc götürərkən yalandan qohumunun xəstəliyinə, pulun onun müalicəsi üçün lazım olduğuna istinad edirsə, şəxsin həqiqi niyyəti borc müqaviləsi bağlamaq (borcu qaytarmaq) olduğundan, burada yalan müstəsna olaraq digər tərəfi razılaşmanı bağlamağa sövq edən amil rolunu oynayır, beləliklə də əmlakı əvəzsiz olaraq ələ keçirmək niyyətinin mövcud olmaması söylənilən yalanın CM-in 178.1ci maddəsinin dispozisiyası baxımından tərkibyaradıcı hal kimi qiymətləndirilməsini istisna edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəldilməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla təqsirləndirilən şəxs ilə iş üzrə zərərçəkmiş şəxs arasında sövdələşmədən əvvəl Zərərçəkmiş şəxs əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilməmişdir. Göründüyü kimi tərəflər arasında mülki hüquq münasibətlərindən qaynaqlanmış mübahisə yaranmışdır. Cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında araşdırılmış sübutlar da həmin mübahisənin məhz mülki xarakterli mübahisə olmasını təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər.Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərardan görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakını talamanın üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan suiistifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması, həm də həqiqət haqqında susma başa düşülür. Etibardan sui-istifadə etmə zamanı isə təqsirkar onunla əmlakın sahibi və ya mülkiyyətçisi arasında yaranan müəyyən etibar, inam münasibətlərindən istifadə edir. Məhkəmə istintaqında araşdırılmış sübutlarla dələduzluq cinayətinin qeyd edilən törədilmə üsulları olan aldatma və ya etibardan sui-istifadə etmənin Təqsirləndirilən şəxs hərəkətlərində olması, yəni onun zərərçəkmiş hüquqi şəxsi aldadaraq və ya etibardan suiistifadə edərək yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olması müəyyən olunmur. Belə ki, Təqsirləndirilən şəxs pul alması və pul əvəzinə avtomobil alması daha sonradan işləyərək pulu qaytarmağa çalışması, hissə-hissə ödəniş etməsi, pulu qaytaracağı barədə vədlər verməsi, aralarındakı razılığın borc mübahisəsi olması, onun niyyətinin həmin əmlakı aldatma, əvəzsiz və qanunsuz yolla mülkiyyətinə keçirməsi olmadığını bir daha təsdiq edir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətini xarakterizə edən əlamətlərin, ümumiyyətlə cinayət tərkibinin mövcud olmamasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əsassız olaraq CM-in 178.2.4-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı ilə müəyyən edildiyi kimi təqsirləndirilən şəxsin zərərçəkmiş hüquqi şəxsin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək niyyəti olmadığı, həmçinin zərərçəkmiş şəxslə aralarındakı münasibətləri tam araşdırmadan, hətta, avtomobillərin modelini, aralarında bağlanmış əqdlərin mahiyətini dəqiqləşdirmədən, öhdəlikləri yerinə yetirməyə real imkanın olub-olmamasını araşdırmadan, ibtidai istintaq orqanı onlar arasında yaranmış və mülki hüquq münasibətlərindən qaynaqlanmış mübahisəni əsassız və qanunsuz olaraq dələduzluq əməli kimi qiymətləndirmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə arasında şifahi razılaşma əsasında borc münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs üzərinə götürdüyü öhdəliyi hər hansı səbəbdən tam yerinə yetirməməsi onun dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlməyə əsas vermir. İş üzrə dindirilmiş şəxslərin ifadəsindən, səs yazısından da görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir qədər pul ödəmiş, lakin onun Zərərçəkmiş şəxs öhdəlik münasibətlərindən irəli gələn borcu qalmışdır. Bütün qeyd edilənlər məhkəməyə mübahisə tərəfləri arasında mülki hüquq münasibətlərinin mövcud olması, həmçinin Zərərçəkmiş şəxs aldatmaq və ya etibarından sui-istifadə etmək niyyətinin istisna olunması nəticəsinə gəlməyə əsas verir. CM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılmış sübutlara cinayət-prosessual qanunverciliyin tələbləri baxımından hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mülki hüquq münasibətləri mövcud olmuş və onlar arasında mübahisə məhz mülki qanunvericiliklə tənzimlənən öhdəliyin icrası ilə bağlı yaranmışdır. Məhkəmə iclasında dələduzluq cinayətini xarakterizə edən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi əlamətlərin Təqsirləndirilən şəxs hərəkətlərində olmasını təsdiq edən sübutlar müəyyən edilmədi. Əksinə, araşdırılmış sübutlar onunla Zərərçəkmiş şəxs arasında məhz mülki münasibətlərin mövcud olmasını birbaşa təsdiq edir. CPM-in 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata kecirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə cox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. "Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 58-ci bəndinə əsasən əməldə cinayət tərkibinin olmaması (CPMin 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əməlində cinayət tərkibi olmadığından, həmin əsasla Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından və həmin ittiham üzrə toplanmış sübutlar ümumiyyətlə, dələduzluq cinayətinin mövcudluğunu istisna etdiyindən, təqsirləndirilən şəxsə həmin maddə ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməlidir. Məhkəmə, CPM-in 357-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddiasına münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 181.1, 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla bəraət hökmü çıxarıldıqda, məhkəmə müvafiq qərarı bəraət hökmünün nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Hazırki cinayət işi üzrə cinayət hadisəsinin, yəni dələduzluq cinayətinin baş verməsi müəyyən olunmadığından, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ziyanın vurulması istisna olunur və bu baxımdan verilmiş mülki iddia cinayət mühakimə icraatında həll oluna bilməz. Buna görə də məhkəmə, Zərərçəkmiş şəxs qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddiasının baxılmamış saxlanılmasını və CPM-in 180.3-cü maddəsinə əsasən baxılmadan saxlanılmış mülki iddianın sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi hüququnun Zərərçəkmiş şəxs izah edilməsini məqsədəmüvafiq hesab edir. Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi, 01 ədəd disk maddi sübut kimi tanınmalı və cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 39.1.2, 42.1.2, 42.2.2, 61, 62, 346-347, 349, 350-353 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsinə dair mülki iddiası baxılmamış saxlanılsın. Mülki iddiaçıya mülki icraat qaydasında iddia vermək hüququ izah edilsin. Zərərçəkmiş Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi, 01 ədəd disk maddi sübut kimi tanınsın və cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar