Məhkəmə qərarları › İş №1(005)-204/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-204/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-204/2023 05.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, tərcüməçi – X2 iştirakları ilə, xx.xx.1993-cü ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 25 dekabr 2022-ci il tarixdə, saat 01 radələrində ünvan 3 ünvanda yerləşən aptekin içərisində bacısı X1 əri Zərərçəkmiş şəxs ilə söhbət edərək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ona ailədaxili məsələlərinə qarışmamağı deməsini əsas gətirib, başı ilə sonuncunun sağ qaş nahiyəsinə bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs sağ qaş nahiyəsinin əzilmiş yarası kimi xəsarət yetirib dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bacısı X7 Abdullayev ilə rəsmi nikaha daxil olmuş və onların birgə nikahından hazırda 4 azyaşlı uşaqları vardır. Belə ki, son vaxtlar onların ailəsində olan söz söhbətə görə bacısı və uşaqları Eminlə birgə yaşamır, kirayədə qalırlar. Bacısına və uşaqlarına əsasən o və valideynləri baxır. Bacısı ilə Emin arasında sözsöhbət olsa da və birgə yaşamasalar da Təqsirləndirilən şəxs Eminlə münasibətini pozmamış, onların şəxsi ailədaxili münasibətlərinə müdaxilə etməmiş və arabir telefonla danışmışlar. Belə ki, hadisə baş verməmişdən bir neçə gün əvvəl bacısı Beycət ona demişdir ki, o, azyaşlı uşağını məktəbə apararkən Emin avtomobillə gələrək, küçədə uşağı görüb uşağına pul vermiş, lakin uşağı məktəbə çatdırmamışdır. Bacısı Beycət də yağışda uşağı özü aparmışdır. Daha sonra o, telefonda Eminlə danışarkən demişdir ki, dörd uşağın problemləri bacısının və onların üzərində qalmışdır, uşaqlarına qayğı göstərsin. Həmçinin onlar danışmışlar ki, birgə oturub söhbət etsinlər, uşaqların qayğısı barədə söhbətləşsinlər. Belə ki, 24 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Eminlə telefonda danışıb qərara gəlmişlər ki, oturub birgə bacısı ilə arada olan mübahisəni sakitləşdirsinlər. Ona görə də 25 dekabr 2022-ci il tarixdə saat təxminən 01 radələrində Təqsirləndirilən şəxs Eminlə atasının satıcı işlədiyi ünvan 4 ünvanda yerləşən aptekin qarşısında görüşmüşlər. İlk əvvəl Eminin avtomobilində 3-5 dəqiqə söhbətdən sonra avtomobildən düşərək atası Kamranın işlədiyi aptekə daxil olmuşlar. Gecə vaxtı olduğundan aptekdə atasından başqa heç kim olmadığından atası Kamranın iştirakı ilə normal Eminlə söhbət etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt Eminə sual vermişdir ki, onun bacısı ilə münasibəti yaxşı olmaya bilər, ailə daxili söhbətlərinə qarışmaq istəmir, lakin “niyə görə yağışlı havada bacısı uşağı məktəbə apararkən uşağını görmüş, ona pul vermiş, lakin uşağı məktəbə çatdırmamışdır” və bir neçə dəfə bu sualı ona təkrar vermişdir. Atası isə Eminə irad bildirmişdir ki, ailəni dağıtmasın, dörd uşaqları var. Təqsirləndirilən şəxs bir daha Eminə eyni sualı verdikdə Emin ona demişdir ki, sən qarışma uşaqsan, sakit dur, otur yerində. Eminin bu sözündən sonra Təqsirləndirilən şəxs əsəbiləşib, özündən asılı olmayaraq anidən bir dəfə baş nahiyəsi ilə Eminin sifətindən bir zərbə vurmuşdur. Bundan sonra Eminin sağ qaş nahiyəsindən qan gəldikdə atası Kamran aptekdən tibbi sarğı gətirib onun vurduğu yeri sarımışdır. Atası Kamran bundan sonra Təqsirləndirilən şəxs etdiyi əmələ görə danlamışdır. Təqsirləndirilən şəxs özü də etdiyi əməldən peşmançılıq hissi keçirmişdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2016-cı ildə X3 ilə rəsmi nikaha daxil olmuş və birgə nikahdan dörd uşağı var. 2018-ci ildə isə arvadı Beycət ilə aralarında olan ailə daxili münasibətlərə görə boşanmış, lakin yaxın qohumların tənbehindən sonra yenidən arvadı ilə barışmışdır. Birgə yaşadıqları müddətdə arabir ailədaxili mübahisələri olsa da sonuncu 2022-ci ilin dekabr ayının əvvəllərində evdə söz söhbətləri olmuşdur. Ona görə də artıq qərara gəlmişdir ki, boşanmaq lazımdır. O, arvadının hərəkətlərindən onun atasına qardaşına və anasına dəfələrlə zəng vurub demiş, atası Kamranla görüşmüşdür. Belə ki, 24 dekabr 2022-ci il tarixində axşam saatlarında o, qaynı Orxanla telefonda ailə daxili söhbətlər etmiş və qərara gəlmişlər ki, birgə üz-üzə söhbət edib arada yaranmış problemi çözsünlər. Ona görə də onlar 25 dekabr 2022-ci il tarixdə saat təxminən 01 radələrində ünvan 5 ünvanda yerləşən Su Sonası restoranı yaxınlığında görüşmüşlər. Təxminən 5 dəqiqəyədək o, Orxanla özünə məxsus avtomobilin içərisində görüşüb söhbət etdikdən sonra qayını Orxan onu orada atası Kamranın satıcı işlədiyi aptekə dəvət etmişdir. O da onunla birlikdə aptekə gedib qayınatası Kamranla görüşmüşdür. Orada onlar təxminən 10 dəqiqəyə kimi ailə daxili söhbət edərkən gözləmədiyi anda qaynı Orxan baş nahiyəsi ilə onun sağ qaş nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Həmin zərbənin təsirindən qaş nahiyəsindən qan gəlmişdir. Qayınatası Kamran ona tibbi sarğı vermiş və oda yarasının üzərinə qoyub apteki tərk etmişdir. Almış olduğu xəsarətlə bağlı polisə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, ünvan 4 ünvanda yerləşən aptekdə saat 19 radələrindən səhər 05 radələrinədək satıcı işləyir. Qeyd etmişdir ki, onun qızı X7 Abdullayev ilə rəsmi nikahdadır və onların birgə nikahdan 4 uşaqları vardır. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində işdə olduğu zaman oğlu Orxanla Zərərçəkmiş şəxs aptekə gəlmiş, birgə söhbət etmiş və nəticədə oğlu Orxan Emini baş nahiyəsi ilə sifət nahiyəsindən vurmuşdur. Bundan sonra o, tibbi ləvazimatla sarımış və oğlu Orxanı danlamışdır. Həmin vaxt gecə vaxtı olduğundan kənar şəxslər olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 4 ünvanda yerləşən aptekdə baş vermişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən maddi sübut aşkar edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin Nərimanov rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 05 yanvar 2023cü il tarixli, 385 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət – sağ qaş nahiyəsinin əzilmiş yarası – küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından 20 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar