Məhkəmə qərarları › İş №1(005)-205/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-205/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-205/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1989-cu ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə Şabran rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən avtovağzalın yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 10 ədəd bükümlərdə təmiz çəkisi - 0,193 qram olan psixotrop maddə metamfetamin və 02 ədəd kibrit qutusunda təmiz çəkisi - 6,788 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2021-ci il tarixdə saat 13:30 radələrində ünvan 2 ünvanın qarşısında özünü şübhəli apardığından Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş və xidməti otaqda onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki cins şalvarının sağ yan kiçik cibindən 10 ədəd bükümlərdə, hər birinin içərisində ayrı-ayrılıqda 0,038 qram, 0,016 qram, 0,024 qram, 0,014 qram, 0,029 qram, 0,022 qram, 0,013 qram, 0,024 qram, 0,007 qram və 0,006 qram, təmiz çəkisi - 0,193 qram olan psixotrop maddə metamfetamin və qara rəngli gödəkçəsinin sol yan cibindən 02 ədəd kibrit qutusunda, hər birinin içərisində ayrı-ayrılıqda 3,007 və 3,781 qram, təmiz çəkisi - 6,788 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, narkotik vasitələri xx xxxxxx 2021-ci il tarixdə Şabran rayonu avtovağzalının yaxınlığında bir nəfər şəxsdən almışdır. Həmin narkotik vasitələri 150 manata almışdır. Psixi problemləri olduğu üçün bir müddətdir ki, narkotik vasitə olan metamfetamin və marexuana istifadə edir. xx xxxxxx 2021-ci il tarixdə saat 13:30 radələrində şəxsi işləri ilə əlaqədar Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 98 nömrəli ünvanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Ona yaxınlaşan şəxslər Nərimanov RPİ-nin 16-cı PB-nin polis əməkdaşları olmuşlar. Polis əməkdaşları özünü şübhəli apardığını bildirib narkotik vasitə istifadə edib-etməməsini şifahi olaraq soruşmuşlar. O da polis əməkdaşlarına narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ondan onlarla birlikdə 16-cı Polis bölməsinin inzibati binasına getməsini xahiş etdikdə o, heç bir etiraz etməyib onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinə gəldikdən sonra üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş maddə və ya əşya olub-olmaması soruşulmuş, o da polis əməkdaşlarına üzərində gəzdirdiyi narkotik vasitələri könüllü olaraq təqdim etmişdir. Son olaraq törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, ikinci qrup əlil olmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 13:30 radələrində 16-cı Polis bölməsinin CA üzrə baş müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri Nərimanov rayonu, X6 küçəsi 98 saylı ünvanın qarşısında bir nəfər əvvəllər tanımadıqları şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsi xahiş edilmiş, lakin həmin şəxs ona verilən suallardan yayınaraq oradan uzaqlaşmağa çalışmışdır. Bundan sonra onlar həmin şəxsin hərəkətlərindən hiss etmişlər ki, o, narkotik vasitə təsiri altındadır. Bu səbəbdən həmin şəxsdən onlarla 16-cı Polis bölməsinin inzibati binasına gəlməsini xahiş etmişlər və həmin şəxs onlara etiraz etməyərək onlarla birlikdə bölməyə gəlmişdir. Polis bölməsinin inzibati binasında həmin şəxsin şəxsiyyətini dəqiqləşdirdikdən sonra onlara məlum olmuşdur ki, həmin şəxs xx.xx.1989-cu il tarixdə Şabran rayonunda doğulmuş Təqsirləndirilən şəxsdur. Polis bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini müdafiə etmək üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ yan kiçik cibində on ədəd kağız bükümlərdə el arasında “şüşə” adlanan, psixotrop maddə metamfetaminin olmasını, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində isə iki ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunun olduğunu deyib könüllü olaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və onun üzərindən başqa qeyri-qanuni əşya, vasitə və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddə və narkotik vasitəni haradan əldə etməsi şifahi soruşulduqda o, cavab olaraq bildirmişdir ki, psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 18 radələrində Şabran rayonunda avtovağzalın yaxınlığında əvvəllər tanımadığı şəxsdən ümumilikdə qurudulmuş marixuanaya görə 100 manat, metamfetaminə görə isə 50 manat, ümumilikdə 150 manat pul ödəməklə şəxsi istifadəsi üçün alıb üzərində saxlamış, həmin psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı kiməsə satmaq və ya pay vermək niyyəti olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata götürmək haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx0003 nömrəli xx.xx.2016-cı il tarixli müayinə haqqında alan Təqsirləndirilən şəxs barədə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs təkrar ikinci qrup əlillik müəyyən edilmişdir. Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2021ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan içərisi parçası sarı rəngli olan qara rəngli gödəkçəsinin sol yan cibindən içərisində spesifik qoxuya malik, yaşıl rəngli, ot şəkilli maddə olan 02 ədəd kibrit qutusunu və qara rəngli cins parçadan şalvarının sağ yan kiçik cibindən siqaretin şəffaf sellofanına qoyulmuş içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə siqaretin ağ rəngli kağızına bükülmüş 10 ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 6/755 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Məcidov E” yazısı olan zərfdəki 10 (on) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,038 qr, 0,016 qr, 0,024 qr, 0,014 qr, 0,029 qr, 0,022 qr, 0,013 qr, 0,024 qr, 0,007 qr, 0,006 qr, ümumi təmiz çəkisi 0,193 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin qalıq qalmış hissəsi - 0,093 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatı 114,00 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 7/207 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs...” sözlər yazılmış kağız paketdə 02 (iki) ədəd kibrit qutusunda ayrı- ayrılıqda təmiz çəkiləri : 3,007 qram və 3,781 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 6,788 qramdır. Qurudulmuş marixuananın qalıq qalmış hissəsi - 6,708 qram təşkil edir. Tədqiqata təqdim olunmuş iki ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış ekspertiza tədqiqatı 89,00 manat təşkil edir. Maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi çəkisi 0.193 qram olan psixotrop maddə metamfetamin və 6.788 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalmış 0.093 qram metamfetamin və 6.708 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. AZE 10587852 və AZE 10587939 nömrəli şəxsiyyət vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cu il təvəllüdlü X2 olmaqla iki azyaşlı övladı vardır. DVD-RW diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ yan kiçik cibində on ədəd kağız bükümlərdə el arasında “şüşə” adlanan, psixotrop maddə metamfetaminin olmasını, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində isə iki ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunun olduğunu deyib könüllü olaraq iki ədəd kibrit qutusu və on ədəd bükümləri ciblərindən heç bir kənar təzyiq olmadan çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və onun üzərindən başqa qeyri-qanuni əşya, vasitə və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddə və narkotik vasitəni haradan əldə etməsi şifahi soruşulduqda o, cavab olaraq bildirmişdir ki, psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 18 radələrində Şabran rayonu avtovağzalının yaxınlığında əvvəllər tanımadığı şəxsdən ümumilikdə qurudulmuş marixuanaya görə 100 manat, metamfetaminə görə 50 manat, ümumilikdə isə 150 manat pul ödəməklə şəxsi istifadəsi üçün alıb üzərində saxlamış, həmin psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı kiməsə satmaq və ya pay vermək niyyəti olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı zərfə qoyub DİN-in 218 nömrəli möhürü ilə möhürlənmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elnur Məmmədovun xx.xx.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və onun Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsin barəsində həbslə əlaqədar olmayan digər qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2021-ci il tarixli 703 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə uyğun olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 439 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilir. Yoxlanılan şəxsdə müəyyən edilən Emosional davamsız tip şəxsiyyət pozuntusu o, dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də, ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Dəvəçi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə AR CMnin 177.2.1, 177.2.2, 177.2.3, 69.4-cü maddələri ilə təqsirli bilinib 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, 1500 manat cərimə cəzasını xx.xx.2012-ci ildə cəzasını tam ödəmişdir, Şabran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-nin 315.1ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın və qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, 01 ədəd CD diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı övladının olmasını və 2-ci qrup əlil olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 203,00 (iki yüz üç) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan narkotik vasitənin qalığı 0.093 qram metamfetamin və 6.708 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan narkotik vasitənin qalığı – 0.093 qram metamfetamin və 6.708 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 203,00 (iki yüz üç) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar