Məhkəmə qərarları › İş №1(005)-205/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-205/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-205/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Güney Qışlaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib qardaşı oğlu Şahid5 Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin Yardımlı rayon şöbəsində yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verib aldatmaqla, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov adına İstirahət Park”-da 5000 manat məbləğində pulu ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onu Fövqəladə Hallar Nazirliyində operator vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verib aldatmaqla, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “X7”-nin qarşısında 700 manat məbləğində pulu ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib onu Fövqəladə Hallar Nazirliyində sürücü vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verib aldatmaqla, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov adına İstirahət Park”da 2000 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, 2022- ci ilin fevral ayında tanışı Şahid1 ona bir dostunun yaxını üçün iş axtardığını bildirib, onlara kömək edib-edə bilməyəcəyi barədə soruşmuşdur. O isə əlavə gəlir əldə edə biləcəyini düşünüb bu məqsədlə Şahid1 yalandan həmin şəxsi Fövqəladə Hallar Nazirliyində işlə təmin edə biləcəyini və bu işin təxminən 5000 manat qarşılığında həll oluna biləcəyini bildirmişdir. Şahid1 isə dostuna bu işi danışa bilmək üçün onun nömrəsini verəcəyini bildirmişdir. O isə heç bir problem olmadığını Fövqəladə Hallar Nazirliyində işləyən tanışlarının vasitəsi ilə bu işi rahatlıqla həll edəcəyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlamış və o, sonuncunun qardaşı oğlu Şahid5 Fövqəladə Hallar Nazirliyində işə düzəlməsi məsələsilə bağlı Zərərçəkmiş şəxs1 ilə danışıb, sonda Şahid5 5000 manat qarşılığında Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin Yardımlı rayon şöbəsində yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyinə vəd vermişdir. xx.xx.2022-ci il tarixdə isə o artıq pulu ələ keçirtmək üçün Zərərçəkmiş şəxs1 zəng edib guya qardaşı oğlunun Fövqəladə Hallar Nazirliyində işə düzəlməsini danışıb razılıq aldığına inandıraraq görəcəyi işin qarşılığında 5000 manat pulun təcili olaraq çatdırılmasını deyib görüşməyi təklif etmişdir. xx.xx.2022-ci tarixdə o, Zərərçəkmiş şəxs1 ilə Bakı şəhəri Nərimanov rayonu, ‘‘Nərimanov adına İstirahət Park”-da görüşmüşdür. Zərərçəkmiş şəxs1 qardaşı Şahid4, qardaşı oğlu Şahid5, tanışları Şahid2 və Şahid3 ilə ilə birlikdə gəlmişdir. Lakin, onun yanında heç kim olmamışdır. Zərərçəkmiş şəxs1 Şahid4, Şahid5, Şahid2 və Şahid3 iştirakı ilə ona bu işin qarşılığında 5000 manat vermiş, o, Zərərçəkmiş şəxs1 pulu verməyini və xx.xx.2022-ci il tarixdə Şahid5 işə düzəldəcəyinə söz, verməyini vərəqə yazaraq imzası ilə təsdiqləmişdir. Eyni zamanda onun yazısını Şahid2 və Şahid4 imzaları ilə təsdiqləmişlər. Hətta həmin vaxt o, onları tam olaraq inandırmaq üçün artıq Şahid5 təqdimatının hazır olmasım belə bildirmişdir. Dediyi müddət tamam olduqda Zərərçəkmiş şəxs1 onunla əlaqə yaratmış, o isə vaxt qazanmaq üçün yalandan xx.xx.2022-ci il tarixdə əmrin imzalanacağını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 və sonuncu ilə görüşə birlikdə gələn şəxslər onun onları aldatdığını bilib pulun qaytarılmasını tələb etmişlər. O isə yenə vaxt qazanmaq üçün pulu Fövqəladə Hallar Nazirliyinin Kadrlar şöbəsinə verdiyini və geri alıb qaytaracağına söz vermişdir. Daha sonra, o, müxtəlif bəhanələr gətirərək yenə aldatmağa davam etmişdir. Hazırkı vaxtadək isə verilmiş pulu geri qaytarmamışdır. Bundan başqa, 2022-ci ilin fevral ayında tanışı Zərərçəkmiş şəxs2 ilə aralarında olan danışıq zamanı o, sonuncudan pul ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Fövqəladə Hallar Nazirliyində operator vəzifəsi üzrə vakansiya olmasını bildirərək, onu həmin vəzifəyə işə düzəltməyi təklif etmişdir. Onun bu təklifi Zərərçəkmiş şəxs2 maraq yaratdığından sonuncu bu barədə ondan maraqlanmışdır. O, Zərərçəkmiş şəxs2 operator vəzifəsinə işə düzəlməyini 2000 manat qarşılığında həll edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 isə ona o qədər pulu olmadığını bildirmişdir. O, bu işi 700 manata həll edə biləcəyini qalan pulu isə hər ay əmək haqqından tutulacağını bildirmişdir. Onlar razılaşmışlar. xx.xx.2022-ci il tarixdə o, yenidən Zərərçəkmiş şəxs2 zəng edib işə düzəlməyini danışıb razılıq aldığına sonuncunu inandıraraq guya görəcəyi işin qarşılığında 700 manat pulun təcili olaraq çatdırılmasını deyib görüşməyi təklif etmişdir. Onlar xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “X8”-nin qarşısında görüşməyə razılaşmışlar. Qeyd olunan tarixdə və yerdə o, Zərərçəkmiş şəxs2 ilə görüşmüşdür. Bu zaman onların yanında heç kim olmamışdır. O, Zərərçəkmiş şəxs2 700 manat pul almış və yalandan 10 gün ərzində əmrin imzalanacağını bildirmişdir. Dediyi müddət tamam olduqda Zərərçəkmiş şəxs2 onunla əlaqə yaratmışdır. O, vaxt qazanmaq üçün işlərdə ləngimə olduğunu deyib 2 gün sonra əmrin imzalanacağını bildirmişdir. Onun dediyi vaxt tamam olduqda əlbəttə ki, yenə də, vermiş olduğu vədə əməl etmədiyindən artıq Zərərçəkmiş şəxs2 ona qarşı inam qalmamışdır. Bu səbəbdən Zərərçəkmiş şəxs2 ondan pulunun qaytarılmasını tələb etmişdir. O isə yalandan pulu işi düzəltməyi üçün başqa şəxsə verdiyini və geri alıb qaytaracağına söz vermişdir. Daha sonra o, vaxt qazanmaq üçün yenə Zərərçəkmiş şəxs2 qızma müxtəlif bəhanələr gətirərək aldatmağa davam etmişdir. Hazırkı vaxtadək isə o, Zərərçəkmiş şəxs2 vermiş olduğu pulunu geri qaytarmamışdır. Bundan başqa, 2022-ci ilin sentyabr ayında tanışı Zərərçəkmiş şəxs3 ilə aralarında olan danışıq zamanı o, pul ələ keçirmək məqsədi ilə sonuncuya Fövqəladə Hallar Nazirliyində sürücü vəzifəsi üzrə vakansiya olmasını bildirərək həmin vəzifəyə işə düzəltməyi təklif elmişdir. Təklifi Zərərçəkmiş şəxs3 maraq yaratdığından ondan bu barədə maraqlanmışdır. O, sürücü vəzifəsinə işə düzəlməyini 5000 manat qarşılığında həll edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs3 isə o qədər pulu olmadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs3 üçün bu işi 2000 manata həll edə biləcəyini qalan pulun isə hər ay əmək haqqından tutulacağını bildirmişdir. Onlar razılaşmışlar. xx.xx.2022-ci il tarixdə o, yenidən Zərərçəkmiş şəxs3 zəng edib işə düzəlməyini danışıb razılıq aldığına inandıraraq guya görəcəyi işin qarşılığında 2000 manat pulun təcili olaraq çatdırılmasını deyib görüşməyi təklif etmişdir. Onlar həmin tarixdə Bakı şəhəri Nərimanov rayonu, ‘‘Nərimanov adına istirahət Park”-da görüşməyə razılaşmışlar. Qeyd olunan tarixdə və yerdə o, Zərərçəkmiş şəxs3 ilə görüşmüşdür. Bu zaman onların yanında heç kim olmamışdır. O, Zərərçəkmiş şəxs3 2000 manat pulu almış və yalandan 3 gün ərzində əmrin imzalanacağını bildirmişdir. Dediyi müddət tamam olduqda Zərərçəkmiş şəxs3 onunla əlaqə yaratmışdır. O, vaxt qazanmaq üçün işlərdə ləngimə olduğunu deyib 2 gün sonra əmrin imzalanacağını bildirmişdir. Dediyi vaxt tamam olduqda əlbəttə ki, vermiş olduğu vədə əməl etmədiyindən artıq Zərərçəkmiş şəxs3 ona qarşı inam qalmamışdır. Bu səbəbdən, Zərərçəkmiş şəxs3 ondan pulunun qaytarılmasını tələb elmişdir. O isə yenə vaxt qazanmaq üçün Zərərçəkmiş şəxs3 pulu Fövqəladə Hallar Nazirliyinin Kadrlar şöbəsinə verdiyini və geri alıb qaytaracağına söz vermişdir. Daha sonra, o, Zərərçəkmiş şəxs3 müxtəlif bəhanələr gətirərək yenə aldatmağa davam etmişdir. Hazırkı vaxtadək isə o, Zərərçəkmiş şəxs3 vermiş olduğu pulu geri qaytarmamışdır. Sonda əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2022-ci ilin fevral ayında tanışı Təqsirləndirilən şəxs ilə aralarında olan danışıq zamanı sonuncu ona Fövqəladə Hallar Nazirliyində operator vəzifəsi üzrə vakansiya olmasını bildirərək həmin vəzifəyə işə düzəltməyi təklif etmişdir. Təqsirləndirilən şəxs bu təklifi onda maraq yaratdığından o, bu barədə maraqlanmışdır, Təqsirləndirilən şəxs operator vəzifəsinə işə düzəlməyini 2000 manat qarşılığında həll edə biləcəyini demişdir. O isə Təqsirləndirilən şəxs o qədər pulu olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs onun üçün bu işi 700 manata həll edə biləcəyini qalan pulun isə hər ay əmək haqqından tutulacağını bildirmişdir. O, razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən ona zəng edib işə düzəlməyini danışıb razılıq aldığına inandıraraq görəcəyi işin qarşılığında 700 manat pulun təcili olaraq çatdırılmasını deyib görüşməyi təklif etmişdir. Onlar xx.xx.2022-ci il tarixdə işlədiyi ünvan 2 ünvanda yerləşən “X7”-nin qarşısında görüşməyə razılaşmışlar. Qeyd olunan tarixdə və yerdə o, Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Bu zaman onların yanında heç kim olmamışdır. O, Təqsirləndirilən şəxs görməli olduğu işin qarşılığında 700 manat vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 10 gün ərzində əmrin imzalanacağını bildirmişdir. Dediyi müddət tamam olduqda Təqsirləndirilən şəxs ilə əlaqə yaratmış sonuncu işlərdə ləngimə olduğunu deyib 2 gün sonra əmrin imzalanacağını bildirmişdir. Təqsirləndirilən şəxs dediyi vaxt tamam olduqda yenə də, vermiş olduğu vədə əməl etmədiyindən artıq onda bu işin alınacağına inam qalmamışdır. Bu səbəbdən o, Təqsirləndirilən şəxs pulunun qaytarılmasını tələb etmişdir. Təqsirləndirilən şəxs pulu işi düzəltməyi üçün başqa şəxsə verdiyini və geri alıb qaytaracağına söz vermişdir. Daha sonra Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirərək yenə aldatmağa davam etmişdir. Hazırkı vaxtadək isə Təqsirləndirilən şəxs onun nə işə düzəlməyində kömək etmişdir, nə də ki, vermiş olduğu pulunu geri qaytarmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki uzun müddətdir qardaşı oğlu Şahid5 işə düzəltmək istəyir. Bu səbəbdən Təqsirləndirilən şəxs ilə qonşusu Şahid2 dostu Şahid3 tanışı Şahid1 vasitəsilə tanış olub telefon vasitəsi ilə əlaqə saxlamışdır. O, Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə danışan zaman sonuncu qardaşı oğlu Şahid5 barəsində sorğu-sual edərək təhsili, boyu, hərbi vəziyyəti ilə maraqlandıqdan sonra Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin Yardımlı rayon şöbəsində yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyinə vəd vermişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib qardaşı oğlunun işə düzəlməsini danışıb razılıq aldığına inandıraraq görəcəyi işin qarşılığında 5000 manat pulun təcili olaraq çatdırılmasını deyib görüşməyi təklif etmişdir. Onlar xx.xx.2022-ci tarixdə Bakı şəhəri Nərimanov rayonu, “Nərimanov adına İstirahət Park”-da görüşməyə razılaşmışlar. Qeyd olunan tarixdə və yerdə o, Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Bu zaman onların yanında Şahid2, Şahid3, Şahid5 və qardaşı Şahid4 olmuşdur. Onların iştirakı ilə o, Təqsirləndirilən şəxs bu işin qarşılığında 5000 manat vermiş, sonuncu pulu verməyini və xx.xx.2022-ci il tarixdə Şahid5 işə düzəldəcəyinə söz verməyini vərəqə yazaraq imzası ilə təsdiqləmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs yazısını Şahid2 və Şahid4 imzaları ilə təsdiqləmişlər. Həmçinin, həmin vaxt Təqsirləndirilən şəxs artıq Şahid5 təqdimatının hazır olmasını belə bildirmişdir. Təqsirləndirilən şəxs dediyi müddət tamam olduqda sonuncu ilə əlaqə yaratmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qardaşı oğlunun əmrinin imzalanacağını bildirmişdir. Təqsirləndirilən şəxs dediyi vaxt tamam olduqda yenə də, vermiş olduğu vədə əməl etmədiyindən artıq onlarda inam qalmamışdır. Bu səbəbdən onlar Təqsirləndirilən şəxs pulunun qaytarılmasını tələb etmişlər. Təqsirləndirilən şəxs pulu Fövqəladə Hallar Nazirliyinin Kadrlar şöbəsinə verdiyini və geri alıb qaytaracağına söz vermişdir. Daha sonra Təqsirləndirilən şəxs onlara müxtəlif bəhanələr gətirərək yenə aldatmağa davam etmişdir. Hazırkı vaxtadək isə Təqsirləndirilən şəxs qardaşı oğlu Şahid5 nə işə düzəlməyində kömək etmişdir, nə də ki, ona vermiş olduğu pulunu geri qaytarmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə aralarında olan danışıq zamanı sonuncu ona Fövqəladə Hallar Nazirliyində sürücü vəzifəsi üzrə vakansiya olmasını bildirərək həmin vəzifəyə işə düzəltməyi təklif etmişdir. Təqsirləndirilən şəxs bu təklifi onda maraq yaratdığından o, bu barədə maraqlanmışdır. Təqsirləndirilən şəxs sürücü vəzifəsinə işə düzəlməyini 5000 manat qarşılığında həll edə biləcəyini demişdir. O isə Təqsirləndirilən şəxs o qədər pulu olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs onun üçün bu işi 2000 manata həll edə biləcəyini qalan pulun isə hər ay əmək haqqından tutulacağını bildirmişdir. O razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən ona zəng edib işə düzəlməyini danışıb razılıq aldığına inandıraraq görəcəyi işin qarşılığında 2000 manat pulun təcili olaraq çatdırılmasını deyib görüşməyi təklif etmişdir. Onlar həmin tarixdə Bakı şəhəri Nərimanov rayonu, “Nərimanov adına İstirahət Parkf’-da görüşməyə razılaşmışlar. Qeyd olunan tarixdə və yerdə o. Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Bu zaman onların yanında heç kim olmamışdır. O, Təqsirləndirilən şəxs görməli olduğu işin qarşılığında 2000 manat vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 3 gün ərzində əmrin imzalanacağını bildirmişdir. Dediyi müddət tamam olduqda Təqsirləndirilən şəxs ilə əlaqə yaratmış, sonuncu işlərdə ləngimə olduğunu deyib 2 gün sonra əmrin imzalanacağını bildirmişdir. Təqsirləndirilən şəxs dediyi vaxt tamam olduqda yenə də, vermiş olduğu vədə əməl etmədiyindən artıq onda bu işin alınacağına inam qalmamışdır. Bu səbəbdən o, Təqsirləndirilən şəxs pulunun qaytarılmasını tələb etmişdir. Təqsirləndirilən şəxs pulu Fövqəladə Hallar Nazirliyinin Kadrlar şöbəsinə verdiyini və geri alıb qaytaracağına söz vermişdir. Daha sonra Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirərək yenə aldatmağa davam etmişdir. Hazırkı vaxtadək isə Təqsirləndirilən şəxs onun nə işə düzəlməyində kömək etmişdir, nə də ki, ona vermiş olduğu pulunu geri qaytarmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında dostu Şahid3 ilə aralarında olan danışıq zamanı sonuncu yaxını Şahid5 işə düzəltmək istəməsini bildirmişdir. O, dostuna kömək etmək məqsədi ilə bu məsələsini tanışı Təqsirləndirilən şəxs ilə danışacağını bildirmişdir. Bir neçə gün sonra o, Təqsirləndirilən şəxs ilə danışmışdır. Təqsirləndirilən şəxs ona həmin şəxsin Fövqəladə Hallar Nazirliyində işə qəbulunda köməklik edə biləcəyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs bu işin təxminən 5000 manat qarşılığında həll oluna biləcəyini bildirmişdir. O, bu barədə Şahid3 bildirib Təqsirləndirilən şəxs ilə əlaqə saxlaya bilmək üçün mobil nömrəsini vermişdir. Bundan sonra o, onlar arasında olan söhbətlərin heç birində iştirak elməmişdir. Sonradan ona məlum olmuşdur ki, Şahid3 dostunun tanışı Musayev X3 Ramin Akif oğlu ilə Şahid5 Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin Yardımlı rayon şöbəsində yanğınsöndürən vəzifəsinə işə düzəltməyə razılaşmışlar. Qarşılığında isə Təqsirləndirilən şəxs 5000 manat pul vermişlər. Təqsirləndirilən şəxs da, vermiş olduğu vədə əməl etməyərək onları aldatmışdır. Bu səbəbdən o, Təqsirləndirilən şəxs pulun qaytarılmasını tələb etmişdir. Təqsirləndirilən şəxs pulu Fövqəladə Hallar Nazirliyinin Kadrlar şöbəsinə verdiyini və geri alıb qaytaracağına söz vermişdir. Daha sonra Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirərək yenə aldatmağa davam etmişdir. Hazırkı vaxtadək isə Təqsirləndirilən şəxs Şahid5 nə işə düzəlməyində kömək etmişdir, nə də ki verilmiş pulu geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 iş üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid4 və Şahid5 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlər Şahid4 və Şahid5 ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 18 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 şikayət ərizəsi əsasında ünvan 4 ünvana baxış keçirilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 1(101)-458/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4,312.2-ci maddələri ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza şərti məhkum etmə sayılmaqla 02 il sınaq müddəti müəyyən edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1433/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4, 310, 32.4,312.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 178.2.2, 178.2.4, 29,178.2.2, 29.178.2.4-cü maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 310-cu maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4,312.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki 18 fevral 2022-ci il tarixli, 1(101)-458/2022 nömrəli hökmü müstəqil icra edilməsi qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 02 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)- 1433/2022 nömrəli hökmü ilə 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 1(101)-458/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza şərti məhkum etmə sayılmaqla 02 il sınaq müddəti müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində Xəzər Rayon Polis İdarəsin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla AR CPM-nin 40.2-ci maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs barəsində Xətai Rayon Polis İdarəsinin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaq edilən cinayət işi xx.xx.2023-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1433/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4, 310, 32.4,312.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs barəsində Xəzər Rayon Polis İdarəsinin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən cinayət işi xx.xx.2023-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 1(003)- 427/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələri ilə təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi hökm edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olması (əsas: portaldan çıxarış), əməlindən səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmaması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza şərti məhkum etmə sayılmaqla 02 il sınaq müddəti müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə verilmiş ittihamın birinci və ikinci epizodu üzrə əməlləri Təqsirləndirilən şəxs xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə birinci və ikinci epizodlar üzrə əməlləri Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü qanuni qüvvəyə minməmiş törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməllərində həmin epizodlara münasibətdə cinayətlıərin residivi yaranmamış olur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə verilmiş ittiham üzrə üçüncü, yəni sonuncu epizodla bağlı isə qeyd edir ki, ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Bununla da aydın olur ki, Təqsirləndirilən şəxs üçüncü epizoda münasibətdə zərərçəkmiş şəxsə 2000 manat maddi ziyan vurduğundan həmin epizod üzrə əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 yanvar 2021-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin tələbləri baxımından təkrarlığa daxil olan cinayətlərdən biri məhkumluğun ödənilmədiyi dövrdə törədildikdə və bu zaman cinayətlərin residivi yaranmadıqda, digər cinayətlər isə məhkumluq ödənildikdən sonra törədildikdə, şəxsin əməlində cinayətlərin residivi müəyyən edilə bilməz. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittihamın birinci və ikinci epizodu üzrə əməlləri Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü qanuni qüvvəyə minməmiş törətdiyindən, üçüncü epizod üzrə isə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan onun əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə mülkiyyət əleyhinə cinayət əməlləri törətdiyinə görə məhkum olunmasını, buna baxmayaraq onun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-427/2023 nömrəli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Həmçinin cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 02 noyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(003)-427/2023 nömrəli hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmü ilə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 1(003)-427/2023 nömrəli hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmü ilə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar