Məhkəmə qərarları › İş №1(005)-207/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-207/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-207/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1994-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, H.Həmidov küçəsi ev 114A-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə "Şahbaz” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və xx xxxx 2020-ci il saat 22:30 radələrində ünvan 1 ünvanın yaxınlığında olan zaman davranışları şübhə doğurduğu üçün ərazidə xidmət aparan Nərimanov Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən RPİ-nə dəvət edilmiş, RPİ-də Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sol yan cibindəki qara rəngli plastmas qabın içərisindən 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,171 qram, 0,085 qram, 0,177 qram, 0, 087 qram təşkil edən, ümumi təmiz çəkisi 0,520 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, üzərindən çıxan psixotrop maddəni xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Qız qalası" ərzaq mağazasının yanında İran İslam Respublikasının vətəndaşı Şahbaz adlı şəxsdən 30 (otuz) manata almış və əynində olan gödəkcənin cibinə qoymuşdur. O, Şahbazdan narkotik maddəni almaq üçün onunla "WhatsApp" vasitəsi ilə əlaqə saxlamışdır. Daha sonra bildirmişdir ki, Şahbaz ona hesab nömrəsi göndərmiş, o isə “Milli ön” aparatından həmin hesaba 30 manat pul qoymuşdur. Bundan sonra isə Şahbaz ona narkotik vasitəni qoyacağı ünvanı bildirmişdir. O da Şahbazın qeyd etdiyi ünvana yaxınlaşaraq onun qoyduğu yerdən narkotik vasitəni götürərək özü üçün istifadə edir. Təxminən 7-8 aydır ki, “Patı" adı ilə tanıdığı şüşə kimi olan psixotrop maddədən istifadə edir. O, Şahbaz adlı şəxsdən 3-4 dəfə psixotrop maddə almış, lakin həmin şəxsi əyani görməmişdir. Şahbaz adlı şəxs psixotrop maddəni haradan əldə etdiyini və ya necə göndərdiyini bilməmiş, Şahbazla bu barədə danışıqları olmamışdır. Həmçinin bildirmişdir ki, o, əldə etdiyi həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməmişdir. O həmin psixotrop maddəni yalnız öz istifadəsi üçün əldə etmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 22:30 radələrində Nərimanov rayonu, A.Neymətulla 62 saylı ünvanın qarşısında olduğu zaman ona mülki geyimdə olan iki nəfər polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edib ondan harada işlədiyini, nə işlə məşğul olduğunu və bu kimi digər suallar vermişlər. O, üzərində psixotrop maddə olduğundan narahat olub onların suallarına cavab verməkdən yayınmaq və onlardan ayrılıb getmək istəmişdir. Həmin polis əməkdaşları ondan şübhələnərək Nərimanov RPİ-nə getməyini xahiş etmişlər. O da polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə gəlmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, narkotik maddə qəbul etməyində və özündə saxlamaqda şübhələnirlər. Ona görə də hüquqlarını müdafiə etmək üçün vəkil siyahısı təqdim etmişlər və dəvət edilmiş müdafiəçinin iştirakı ilə onu şübhəli şəxs qismində tutduqdan sonra video çəkilişlə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Axtarış aparılan zamanı ona təklif elmişlər ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa təqdim etsin. O da əynində olan tünd yaşıl rəngli gödəkcənin sol cibinə qoyaraq saxladığı, qara rəngli plastik materialdan olan qabı və həmin qabın içərisində olan 02 (iki) ədəd şəffaf rəngli polietilenə bükülmüş bükülünü və 02 (iki) ədəd üzəri şəffaf rəngli polietilenlə, siqaretin gümüşü rəngli kağızı ilə bükülmüş bükülünü könüllü təqdim etmişdir. Bundan əlavə əynində olan gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd “Xİomi’' modelli mobil telefon cihazını təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi maddələri zərfə qoyub qablaşdıraraq möhürləmişdir. Sonda məhkəməyə müraciət edərk barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin CAŞ-nin kiçik inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində iş yoldaşı Şahid2 ilə birlikdə xidməti zərurətlə əlaqədar ünvan 2 ünvanın yaxınlığında olduqları zaman bir nəfər şəxsin hərəkətləri onların diqqətlərini cəlb etmişdir. Belə ki, həmin şəxsin yeriyərkən səndələdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslə danışarkən özünü təqdim etməyini bildirsələr də, həmin şəxs suallara qeyri-müəyyən cavab verməyə başlamış və danışarkən gözlərinin axmasını, onlardan uzaqlaşmağa cəhd etmək istədiyini müşahidə etmişlər. Həmin şəxsin narkotik vasitələrin və ya digər maddələrin istifadəsi nəticəsində təsiri altında olmasından şübhələndikləri üçün həmin şəxsə nədən şübhələndiklərini bildirib onlarla birlikdə Nərimanov RPİ-nə gəlməsini dəvət etmişlər. Həmin şəxs tərəflərindən saxlanılaraq RPİ-nə gətirilib Növbətçi Hissəyə təqdim edilmiş və orada şəxsiyyəti müəyyənləşdirilmişdir. Həmin şəxs narkotik vasitələrin və ya digər güclü təsiredici maddələrin istifadə etməsində şübhəli olduğu üçün barəsində müvafiq tədbirlər görülməsi üçün tərəflərindən RPİ-nin rəhbərliyinə raportla müraciət olunmuşdur. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə Nərimanov rayon X5 Sadiq İman oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə şübhəli şəxs qismində tutulmuşdur. RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Samir İslamov tərəfindən müdafiəçinin, onun və CAŞ-nin kiçik inspektoru Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılan zaman video çəkilişdən istifadə edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etmək təklif olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkcəsinin sol yan cibindən qara rəngli plastik materialdan olan qabı çıxartmış və qabı açaraq içərisindən ümumilikdə 4 ədəd olan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə «Patı» adı ilə bildiyi narkotik maddə olduğunu bildirmişdir. Bundan başqa həmin qabın içərisindən yuxarısı dairəvi kağız boru, aşağısı isə işıq lampasından ibarət olan 01 ədəd əşya da aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun Şahid1 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata götürmək haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v.1) Şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 13); “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-də polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sol cibinə qoyaraq saxladığı, qara rəngli plastik materialdan olan qabı və həmin qabın içərisində olan 02 ədəd şəffaf rəngli polietilenə bükülmüş bükülünü və 02 ədəd üzəri şəffaf rəngli polietilenlə siqaretin gümüşü rəngli kağızı ilə bükülmüş bükülünü könüllü olaraq təqdim edərək həmin bükülülərin hamısının içərisində olan maddələrin “Patı” adı ilə bildiyi narkotik tərkibli maddə olduğunu bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd “XİOMİ MİAZ LİGT” modelli mobil telefonu çıxardaraq könüllü təqdim etmişdir. (i.v. 22-23); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 6/37 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ ... İştirak etdilər 1) (imza) ...” sözləri olan zərfdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,171 qr., 0,085 qr., 0,177 qr., 0,087 qr., ümumi təmiz çəkisi 0, 520 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi - 0,520 qram olub, 0.080 qram tədqiqata sərf edilmiş, 0,440 qram isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 manatdır. (i.v. 29-32); “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. (i.v. 42-43); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi, həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin X1 azad edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Elşən Zamanov tərəfindən verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin X1 azad edilməsi qərara alınmışdır. (i.v.59-61); Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.63-65); Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə Nərimanov RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskə köçürülərək şəxsi axtarış və götürmənin aparılması haqqında protokola əlavə edilmişdir. İş üzrə CD diskə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində olan əşyaları təqdim etməsi xahiş olunur. Təqsirləndirilən şəxs bundan sonra əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd qara rəngli plastmas qabı, həmin qabın içində 04 ədəd ayrıayrılıqda sellofana bükülmüş bükümləri və yuxarısında dairəvi kağız boru, aşağısında isə işıq lampası olan əşyanı təqdim edir. (i.v. 67); Maddi sübut kimi tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,520 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd yuxarısı dairəvi kağız boru, aşağısı isə işıq lampasından ibarət olan əşya sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut qismində tanınmış və tədqiqatdan sonra qalan qalıq, yəni 0,440 qram metamfetamin və həmin əşya saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc kamerasına təhvil verilmişdir. (i.v. 68-69) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (i.v. 71); Telefon məlumatlarına baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “X8'’ markalı mobil telefonundakı “Whatsapp" faylına baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin proqram +99***-***-**-** nömrəsi və Təqsirləndirilən şəxs adı ilə qeyd edilmiş, “whatsapp" poqramında Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** nömrəsindən ***-***-**- **, “Nicat Məhlə uşaqı” adı ilə qeyd edilmiş ***-***-**-**, “Afa" adı ilə qeyd edilmiş 055-233- 26- 63 vo ***-***-**-** mobil nömrə istifadəçiləri arasında olan yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs həmin mobil nömrə istifadəçilərinə psixotrop maddə satışı ilə bağlı sms mətinləri göndərdiyi, həmin mobil nömrə istifadəçiləri müxtəlif pul müqabilində Təqsirləndirilən şəxs “patı" kimi tanınan psixotrop maddəni almaq istədikləri müəyyən edilmişdir. Bundan başqa, həmin məlumatlarda “DOSS" adı ilə qeyd edilmiş +98 905 *** ** ** mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** nömrəsi arasında yazışmalardan görünür ki, tərəflər arasında xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan müddət ərzində səsli mesaj yazışmaları olduğu, həmin səsli mesaj yazışmalarında “DOSS" adı ilə qeyd edilmiş +98 905 *** ** ** mobil nömrə istifadəçisinin adının Şahbaz olduğu, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 16:18-də həmin şəxsə göndərdiyi səsli mesajda patı və tiryək lazım olduğunu bildirdiyi, Şahbaz adlı şəxs isə Təqsirləndirilən şəxs "İsa Allahverdiyev" adına 6768 6753 8999 7428 seriyalı “Kapital Banka” məxsus kart şəkli göndərdiyi və Təqsirləndirilən şəxs həmin kart hesabına xx.xx.2020-ci il saat 22:37-də 180 manat pul köçürdüyü, həmin köçürmə qəbzinin fotoşəklini Şahbaz adlı şəxsə göndərdiyi, sonradan Sadiqin Şahbaz adlı şəxsdən "malı" almaq üçün xx xxxx 2020-ci il saat 01 radələrində Binəqədi rayonu. Qız Qalası marketin yanına gəldiyi, sonuncunun həmin ünvanın yaxdığında kiminsə vasitəsi ilə malı göndərdiyi müəyyən edilmişdir. (i.v. 83-97); Maddi sübut kimi tanınma haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “X9” markalı mobil telefondakı məlumatlar sübut əhəmiyyəti kəsb etdiyindən həmin mobil telefon iş üzrə maddi sübut qismində tanınmış və təqsirləndirilən şəxs cinayət işi materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc kamerasına təhvil verilmişdir. (i.v. 98); Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 100- 101); Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələr edilməklə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. (i.v.104-105); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. (i.v.114-115); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2020-ci il tarixli 979 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 126-127); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 4(005)-554/2020 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti xx.xx.2020-ci il tarixədək və həbs etmənin əvvəli isə xx.xx.2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. (i.v. 160-165); Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə etmə, saxlama, daşıma cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşır və həmin psixotrop maddəni satış məqsədilə əldə etməməsinə, saxlamamasına və daşımamasına dair ifadəsini onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən çıxan psixotrop maddəni xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Qız qalası” ərzaq mağazasının yanında İran İslam Respublikasının vətəndaşı Şahbaz adlı şəxsdən 30 manata almış və əynində olan tünd yaşıl rəngli gödəkcəsinin sol yan cibinə qoymasını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan “X8'’ markalı mobil telefonundakı “Whatsapp" faylından çıxarılmış məlumatlardan müəyyən edilir ki, “DOSS" adı ilə qeyd edilmiş +98 905 *** ** ** mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** nömrəsi arasında yazışmalar aparılmışdır. Tərəflər arasında xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan müddət ərzində səsli mesaj yazışmaları olduğu, həmin səsli mesaj yazışmalarında “DOSS" adı ilə qeyd edilmiş +98 905 *** ** ** mobil nömrə istifadəçisinin adının Şahbaz olduğu, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 16:18-də həmin şəxsə göndərdiyi səsli mesajda patı və tiryək lazım olduğunu bildirdiyi, Şahbaz adlı şəxs isə Təqsirləndirilən şəxs "İsa Allahverdiyev" adına 6768 6753 8999 7428 seriyalı “Kapital Banka” məxsus kart şəkli göndərdiyi və Təqsirləndirilən şəxs həmin kart hesabına xx.xx.2020-ci il saat 22:37-də 180 manat pul köçürdüyü, həmin köçürmə qəbzinin fotoşəklini Şahbaz adlı şəxsə göndərdiyi, sonradan Sadiqin Şahbaz adlı şəxsdən "malı" almaq üçün xx xxxx 2020-ci il saat 01 radələrində Binəqədi rayonu, “Qız Qalası” marketin yanına gəldiyi, sonuncunun həmin ünvanın yaxdığında kiminsə vasitəsi ilə malı göndərdiyi müəyyən edilmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan “X8'’ markalı mobil telefonundakı “Whatsapp" faylından çıxarılmış məlumatlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** nömrədən xx.xx.2020-ci il tarixdə ***-***-**-** nömrə arasında yazışmalar aparılmışdır. Həmin yazışmalar aşağıdakı məzmunlarda olmuşdur: ***-***-**-** - “Qağa gor nə deyrem qadan alım 5 m var duz qos elemey olar?” +99***-***-**-** - “Ata basna donerem”, “Hecneyim yoxdur”, “Yzanmisam evde” ***-***-**-** - “10 manatdix gətirib mənə verərsən” ***-***-**-** - “Qardasm indi gəlsəm verə bilərsən mənə brdamci” +99***-***-**-** - “He vere bilerem” ***-***-**-** - “28 deyem” +99***-***-**-** - “Bi 5 m vere bilersen sene dobru verim” ***-***-**-** - “Qaqa canı pulum yoxdu”, “Sən biraz ver”, “ Mən axşama qədər dvj eliyib sənə verecem 5m” +99***-***-**-** - “Bes veer dobru verecem” ***-***-**-** - “Qağa demirem e dobru ver”, “Deyirem gəlim sən mənə birdamci ver”, “vezyetden çıxım”, “Dobru verme” +99***-***-**-** - “Gel qaqa”, “Gel”, “Qaqas 2m varr ustunde” ***-***-**-** - “Brat qaqa canı 30 qəp pulum var aygam deyə eliyə bilmirəm dvj”, Qaqa əvəzini cxacam narahat olma”, “Mən gəlmiyacam orda gəlib götürüb gedecem” +99***-***-**-** - “Yox qaqa”, “Burda cek”, “Hara gedsen ged”, “Ozune falqa tap amma”. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** nömrədən xx.xx.2020-ci il tarixdə “Nicat Məhlə uşaqı” adı ilə qeyd edilmiş ***-***-**-** nömrə ilə yazışmalar aparılmışdır. Həmin yazışmalar aşağıdakı məzmunlarda olmuşdur: “Nicat Məhlə uşaqı” - “aslan gile 10 manatig pati”, “düzeltde”, “bizi gördüler draznit oldular”, “varindi pato” Təqsirləndirilən şəxs - “Amma bahali malda yetim”, “O birinden az qalib” “Nicat Məhlə uşaqı” - “bahali olsin ucuzdu olsin ferqi yozdu”, “yaxwi duzelt onlarcin”, “10 manatdig”, “xeber ele” Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** nömrədən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə “Afa” adı ilə qeyd edilmiş ***-***-**-** nömrə ilə yazışmalar aparılmışdır. Həmin yazışmalar aşağıdakı məzmunlarda olmuşdur: Təqsirləndirilən şəxs - “Senede o qiymetdi isdediyin vaxt”, “Bir denede götursen o qiymetdi” “Afa” - “Can çoxnsağol lboy vremya olurda almaq”, “0,5 i 35 azn” Təqsirləndirilən şəxs - “Yoxx”, “25 de var 30 da var tay orasin soruşma niye” “Afa” - “Qram??” Təqsirləndirilən şəxs - “Qrami 45” Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** nömrədən xx.xx.2020-ci il tarixdə ***-***-**-** nömrə ilə yazışmalar aparılmışdır. Həmin yazışmalar aşağıdakı məzmunlarda olmuşdur: ***-***-**-** - “Gelib deyib getmey olar)) 10 manatig göturerdim, ad günümdü ganagim var” Təqsirləndirilən şəxs - “30m 0.5 veren adam taniyiram” ***-***-**-** - “Yaniki alindirsan gelib senen 0.5 goturecem 30 manata”, “0.5 rovnidi orda?”, “Onda ne vaxt xeber eliye bilersen gelim götürdüm?” Təqsirləndirilən şəxs - “Qaqa gozde”, “Gorumm oyaqdi”, “Usaq”, “Oyaqdisa gorusey pulu gotuem”, “Ya sen gel bizde gözle”. (i.v 85-97). Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsi baxımından qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-cimaddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə də, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Muradov X6 Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən, yəni xx xxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6., CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM- 93.1.2), cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-nin Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 0.440 qram çəkidə metamfetamin və 1 ədəd yuxarısı dairəvi kağız boru, aşağısı isə işıq lapmasından ibarət əşya hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd “X8” markalı mobil telefon qanuni sahibinə qaytarılmalı, cinayət işi üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı 2 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası DİN-nin Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 0.440 qram çəkidə metamfetamin və 1 ədəd yuxarısı dairəvi kağız boru, aşağısı isə işıq lapmasından ibarət əşya hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “X8” markalı mobil telefon qanuni sahibinə qaytarılsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar