Məhkəmə qərarları › İş №1(005)-207/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-207/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-207/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “A.İ.M” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Cəbrayıl rayonu, Quyçaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonu, Quyçaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində müvəqqəti yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 02 oktyabr 2021-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində axşam saatlarında “Azərbaycan X7”nin ünvan 1 ünvanında yerləşən mərkəzin köhnə inzibati binasına qanunsuz daxil olaraq oradan hər biri 130 manat olan 50 ədəd iri həcmli alüminium pəncərələri, hər biri 50 manat olan 7 ədəd kiçik həcmli alüminium pəncərə çərçivələrini və hər bir metri 5 manat olan 50 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs “Azərbaycan X7”nə ümumilikdə 7100 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 02 oktyabr 2021-ci il tarixdə Nərimanov rayonuna gəlmiş və gündüz saatlarında Ş.Mustafayev küçəsi ilə hərəkətdə olarkən həmin küçədə istifadə olunmayan bir inzibati binanın üzərində şüşələri sınmış vəziyyətdə olan aluminium pəncərələr görmüşdür. O, qərara gəlmişdir ki, həmin aluminium pəncərələri oğurlayıb satıb pul əldə etsin. Həmin günün axşamı mağazadan vintaçan və kisə alıb həmin yerə gəlmiş, artıq saat 21 radələri olmuşdur. O, binaya pəncərədən daxil olub hissə-hissə aluminium pəncərələri oradan tapdığı dəmir alətlə çıxıarıb sındıraraq özü ilə gətirdiyi kisələrə yığmışdır. Daha sonra kisələri hissə-hissə çıxarıb binanın arxasına yığmış və tanımadığı taksi avtomaşını saxladaraq həmin aliminium pəncərələri Zabrat qəsəbəsinə gətirib orada xatırlamadığı metal qəbulu məntəqəsinə verib, əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin bildirmək istəyir ki, həmin binada 50 ədəd aluminium pəncərələri olmamışdır, pəncərələrin sayı az olmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, 24 oktyabr 2021-ci il tarixdə «X7»nin komendantı işləyən Şahid mərkəzə məlumat verərək bildirmişdir ki, «Azərbaycan X7nin ünvan 2 ünvanında yerləşən mərkəzin köhnə və istifadəsiz binasında olarkən 50 ədəd böyük həcmli aluminium pəncərələr, 7 ədəd kiçik həcmli aluminium pəncərə çərçivəsi və 50 metr uzunluğunda olan kabel naməlum şəxs tərəfindən oğurlanmışdır. Bu məlumatı aldıqdan sonra həmin köhnə inzibati binaya baxış keçirmiş, baxış zamanı 50 ədəd aluminium pəncərələrin, 7 ədəd aluminium pəncərə çərçivəsinin və 50 metr uzunluğunda olan kabelin oğurlanmasını müəyyən etmişər. «Azərbaycan X7nin» ünvan 3 ünvanında yerləşən mərkəzin köhnə və istifadəsiz binasından hər biri 130 manat olan 50 ədəd aluminium pəncərələr, hər biri 50 manat olan 7 ədəd aluminium pəncərə çərçivəsi və hər bir metri 5 manat olan 50 metr uzunluğunda kabel oğurlanmışdır. Belələliklə «Azərbaycan X7»nə ümumilikdə 7100 manat məbləğində ziyan dəymişdir. Sonda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5 «Azərbaycan X7»nə vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 24 oktyabr 2021-ci il tarixdə «X7»nin ünvan 3 ünvanında yerləşən mərkəzin köhnə və istifadəsiz binasına gəlmişdir ki, binaya baxsın. Bu zaman binanın 50 ədəd aluminium pəncərələrinin, 7 ədəd aluminium pəncərə çərçivəsinin və 50 metr uzunluğunda olan kabelin naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Buna görə də o, mərkəzin şöbə müdiri Rauf Hüseynova zəng edib məlumat vermişdir. Bundan sonra həmin köhnə inzibati binaya baxış keçirilmiş və baxış zamanı 50 ədəd aliminium pəncərələrin, 7 ədəd aliminum pəncərə çərçivəsinin və 50 metr uzunluğunda olan kabelin oğurlanmasını müəyyən etmişlər. Cinayət işinin 10-13-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PBnin təhqiqatçısı X4 tərtib etmişdir həmin protokolu Azərbaycan Respublikası CPM-nin 51 və 236-cı maddələrinin tələbinə əsasən ondan ötrü ki, ünvan 4 ünvanında baş vermiş oğurluq hadisəsi yerinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Ş.Mustafayev küçəsi ev 27/12A ünvanında yerləşən “Azərbaycan X7”nin hal-hazırda istifadə edilməyən, köhnə tikilmiş, iki mərtəbəli inzibati binasıdır. İnzibati bina uzun müddət istifadə edilmədiyinə görə binada heç bir işıqlandırma və digər kommunal xidmətlər mövcud deyildir. Binanın hər iki mərtəbəsində oğurluq faktı təsdiqini tapır. Baxış zamanı 4 ədəd fotoşəkil çəkilmişdir. Hadisə yerinə baxış küçə şəraitində, təbii işıqlanmada gündüz vaxtı aparılmışdır. Cinayət işinin 57-58-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 22 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22.01.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 90-94-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.01.2022-ci il tarixli, 4(005)-77/2022 saylı qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin istintaqın sonuna kimi, yəni 01 mart 2022-ci il tarixədək müəyyən edilməsi və həbsetmənin əvvəlinin 22 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 97-99-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.11.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 20 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 102-107-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.11.2017-ci il tarixli, 1(006)-469/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 22 aprel 2017-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması hökm edilmişdir. Cinayət işinin 108-111-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli, 7(011)-324/2021 saylı qərarından görünür ki, ərizənin təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.11.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 20 (iyirmi) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, qərarın dərhal icra edilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.11.2017-ci il tarixli, 1(006)-469/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli, 7(011)-324/2021 saylı qərarına əsasən, məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 20 (iyirmi) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 02 oktyabr 2021-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli, 7(011)-324/2021 saylı qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaya Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.11.2017-ci il tarixli, 1(006)-469/2017 saylı hökmü təyin olunmuş cəzanın çəkilməmiş qalan hissəsi qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.11.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 20 (iyirmi) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına birləşdirilərək, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.11.2017-ci il tarixli, 1(006)-469/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 20 (iyirmi) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. “A.İ.M” Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar