Məhkəmə qərarları › İş №1(005)-207/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-207/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-207/2023 12.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Ağdam rayonunun Ətyeməzli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, idman kompleksində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il tarixdə, saat 18:39-da idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «X15» markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə 50 km/saat sürətlə «20 Yanvar» dairəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül şossesi 14/16 ünvanında yerləşən «1001 xırdavat» mağazasının qarşısında yolun solundan sağına doğru keçən xx.xx.1951-ci il təvəllüdlü piyada X12 avtomobilin qabaq sol qanad hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan Əli Vəliyevin baş beyinin ağır dərəcəli əzilməsi, beyinin mədəciklərinə və qişaları arasına qansızma, kəllə qapağı və əsası sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, sağ baldır sümüklərinin aşağı 1/3lərinin açıq qəlpəli sınıqları, başın ənsə nahiyəsinin və sağ baldırın geniş əzilmiş - cırılmış yaraları, alnın, burunun və sağ əlin sıyrılmış yaraları ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq komatoz vəziyyətlə müşayiət olunan baş beynin ağır dərəcəli əzilməsi səbəbindən 18 dekabr 2022-ci il tarixdə saat 14:00-da ünvan 2 ünvanında yerləşən X13 ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublıkası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, çörək pulu qazanmaq üçün Bakı şəhərində qeyrirəsmi olaraq elektrik kimi fərdi əməklə məşğul olmuş, eyni zamanda şəxsi istifadəsində olan «X15» minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərində taksi kimi sərnişindaşıma fəaliyyəti ilə də məşğul olmuşdur. 17 dekabr 2022-ci il tarixdə saat 18:40 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Dəməgül şossesi ilə Baksol yolu istiqamətində hərəkətdə olan zaman həmin şossedə yerləşən inşaat materialları satılan «1001 xırdavat» mağazasının qarşısında bir nəfər kişi cinsli, 60-65 yaşlarında piyadanın iti qaçışla yolu soldan sağa keçdiyini görmüşdür. Həmin piyada ani olaraq qarşısına çıxdığından heç bir reaksiya verə bilməmiş və idarə etdiyi avtomobilin qabaq sol qanadı ilə həmin piyadanı vurmuş və nəticədə piyadanın baş nahiyəsi avtomobilin qabaq alın şüşəsinə dəyərək zərbənin təsirindən asfaltın üzərinə yıxılmışdır. Hadisədən sonra o, dərhal avtomobili saxlayıb yerə düşərək həmin piyadaya yaxınlaşıb köməklik göstərmiş və bu zaman onun almış olduğu xəsarətlərdən qan içərisində və huşsuz vəziyyətdə olduğunu görmüşdür. Həmin şəxsə tibbi yardım göstərilməsi üçün mobil telefonu ilə təcili-tibbi yardım xidmətinin “103” nömrəsinə zəng vurub hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları, onların ardınca isə təcili tibbi yardım işçiləri hadisə yerinə gəlmişdir. Təcili tibbi yardım işçiləri həmin piyadaya ilkin tibbi yardım göstərdikdən sonra onu təcili tibbi yardım avtomobili ilə X16 aparmışlar. Polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirib müvafiq sənədləşdirmə apardıqdan sonra polis əməkdaşlarının dəvəti ilə Nərimanov Rayon Polis İdarəsinə gəlmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına zərərçəkmiş şəxsin hüquqi varisi qismində çağırılmış X1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, X19 ilə 1989-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. X8 təxminən 2015-ci ildən Bakı şəhərində yerləşən Dərnəgül bazarı adlanan ərazidə mühafizəçi işləmiş, işi ilə əlaqədar həmin müddət ərzində Bakı şəhərində yaşamış olsa da özü Goranboy rayonu Cinli Boluslu kəndində yaşamağa davam etmişdir. 17 dekabr 2022ci il tarixdə axşam saatlarında ona məlumat verilmişdir ki, X23i iş yerinin yaxınlığında avtomobil vurmuş və aldığı xəsarətlə əlaqədar o, «Semaşko» xəstəxanasına yerləşdirilmişdir. O, gecə ilə Bakı şəhərinə yola düşmüş və «Semaşko» xəstəxanasına getmişdir. X23 hələ reanimasiyada olmuş, həkimlər onun vəziyyətinin ağır olduğunu bildirmişlər. 18 dekabr 2022-ci il tarixdə təxminən saat 14 radələrində həkimlər məlumat vermişdir ki, Əli vəfat etmişdir. Ekspertiza müayinəsi yekunlaşdıqdan sonra elə həmin gün Əlinin meyitini təhvil alıb növbəti gün, yəni 19 dekabr 2022-ci il tarixdə Goranboy rayonu Boluslu kənd qəbiristanlığında dəfn etmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə” 17 dekabr 2022-ci il tarixli, 2/32748 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. “Meyitə baxış keçirilməsi haqqında” 18 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, X10 meyitinə baxış keçirilmişdir. Yuxarı və aşağı ətrafların uzun borulu sümüklərini əllədikdə sağ baldır sümüklərinin orta 1/3 hissəsinin açıq çox qəlpəli sınıqları qeyd edilir. Digər ətraf sümükləri tamdırlar. Meyitin xarici müayinəsi zamanı bədən səthində xəsarətlər aşkar edildi. “Baxış keçirilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, «X15» minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilin qabaq sol qanadının, o cümlədən qabaq sol farasının zədələnərək sındığı aşkar edilmişdir. Qabaq alın şüşəsi sükan istiqamətində zədələnmişdir. “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X7 tərəfindən etibar edilən Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdə «X15» minik markalı nəqliyyat vasitəsini istifadə etmək üçün etibarnamə verilmişdir. AE 012291 seriya və nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə xx.xx.2024-cü il tarixədək etibarlı olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2022-ci il tarixli Sərəncamından görünür ki, əsgər Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamından görünür ki, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Suqovuşan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. “Götürmə aparılması haqqında” 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şahid X3 götürülmüş 01 ədəd CD disk müstəntiq tərəfindən hal şahidlərinin iştirakı ilə götürülmüşdür. CD diskdə baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 18:39-da Təqsirləndirilən şəxs idarə etdiyi “X15” minik markalı nəqliyyat vasitəsi ilə Nərimanov rayonunda hərəkətdə olarkən yolun solundan sağına doğru keçən piyada X12 idarə etdiyi avtomobilin qabaq sol qanadı ilə vurması nəticəsində sonuncunun müxtəlif xəsarətlər alaraq xx.xx.2022-ci il tarixdə X13 ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin videogörüntülərinin olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 xx.xx.2022-ci il tarixli notarial qaydada yazmış olduğu ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Ölüm haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamədən görünür ki, X19 dəqiqləşdirilməmiş fəaliyyət zamanı xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X14 xx.xx.2023-cü il tarixli, 155 nömrəli ekspert rəyindən görünür ki, mərhum X11 aşkar edilmiş xəsarətlər - baş beyinin ağır dərəcəli əzilməsi, beyinin mədəciklərinə və qişaları arasına qansızma, kəllə qapağı və əsası sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, sağ baldır sümüklərinin aşağı 1/3-lərinin açıq qəlpəli sınıqları, başın ənsə nahiyəsinin və sağ baldırın geniş əzilmiş - cırılmış yaraları, alnın, burnun və sağ əlin sıyrılmış yaralan həyati olub, xəstəxanaya daxil olmazdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yolu keçən zaman şaquli vəziyyətdə olarkən avtomaşının sol qanadının qabarıq hissələrinin vurması nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. X2 ölümünə səbəb - komatoz vəziyyətlə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi olmuşdur. Ölüm xəstəxanada xx.xx.2022-ci il tarixdə saat 14:00-da baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. X2 meyitindən götürülmüş qanda məhkəmə - kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, prazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 01 mart 2023-cü il tarixli, 8-494 nömrəli ekspert rəyindən görünür ki, «X15» markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manatdır. “Sübutların qiymətləndirilməsi haqqında” 02 mart 2023-cü il tarixli qərardan görünür ki, şahid X3 götürülmüş 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 04 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 məhkəməyə elektron qaydada ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin hüquqi varisinin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 01 mart 2023cü il tarixli, 8/494 nömrəli ekspert rəyindən görünür ki, “X15” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, X5 iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxs X10 hüquqi varisi X4 ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 85,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri – 85,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar