Məhkəmə qərarları › İş №1(005)-208/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-208/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-208/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 15 ədəd kibrit qutusunda olmaqla ümumilikdə 57,929 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla qanunsuz olaraq Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində fəaliyyət göstərən “Təndir” restoranının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə saat 12:30-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 14:26-dan üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlindəki “Polo” markalı əl çantasından satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 12 ədəd kibrit qutusunda ayrılıqda çəkiləri 4,189 qram, 3,402 qram, 3,907 qram, 3,940 qram, 3,896 qram, 3,459 qram, 4,087 qram, 3,676 qram, 4,053 qram, 3,780 qram, 4,185 qram və 3,753 qram olmaqla ümumilikdə 46,327 qram çəkidə və əynindəki cins şalvarın sol yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 03 ədəd kibrit qutusunda ayrılıqda çəkiləri 3,636 qram, 3,458 qram və 4,508 qram olmaqla ümumilikdə 11,602 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə yazılı vəsatət təqdim edərək cinayət əməlinin Sumqayıt şəhərinin ərazisində törədilməsini nəzərə alaraq, cinayət işinin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs çıxış edərək cinayət işinin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı çıxış edərək bildirdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində fəaliyyət göstərən “Təndir” restoranının qarşısında saxlanılsa da, o elə həmin gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin gün üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlindəki “Polo” markalı əl çantasından satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 12 ədəd kibrit qutusunda ümumilikdə 46,327 qram çəkidə və əynindəki cins şalvarın sol yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 03 ədəd kibrit qutusunda ümumilikdə 11,602 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu baxımdan ittiham tərəfi olaraq hesab edirlər ki, aidiyyət məsələsi pozulmamışdır və hazırki cinayət işi məhkəmə baxışına təyin olunmalıdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, cinayət işinin baxılmasının Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Layıcov Azərbaycana qarşı” məhkəmə işi üzrə xx xxxxx 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyil. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində fəaliyyət göstərən “Təndir” restoranının qarşısında saxlanılmış, elə həmin gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin gün üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlindəki “Polo” markalı əl çantasından 12 ədəd kibrit qutusunda ayrılıqda çəkiləri 4,189 qram, 3,402 qram, 3,907 qram, 3,940 qram, 3,896 qram, 3,459 qram, 4,087 qram, 3,676 qram, 4,053 qram, 3,780 qram, 4,185 qram və 3,753 qram olmaqla ümumilikdə 46,327 qram çəkidə və əynindəki cins şalvarın sol yan cibindən 03 ədəd kibrit qutusunda ayrılıqda çəkiləri 3,636 qram, 3,458 qram və 4,508 qram olmaqla ümumilikdə 11,602 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə qeyd edir ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin hansı səbəbdən Sumqayıt şəhərində yox, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında aparıldığı aydın deyil. Yəni başqa sözlə desək, cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən axtarış və götürmənin Təqsirləndirilən şəxs saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlilin olmaması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 12:30-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində fəaliyyət göstərən “Təndir” restoranının qarşısında saxlanıldıqdan sonra tamamilə polisin nəzarəti altında olmuşdur və əl çantasında, həmçinin üzərində daşıdığı 15 ədəd kibrit qutusunda olan ümumilikdə 57,929 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satmaq və ya hər hansı bir formada realizə etmək iqtidarında olmamışdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, ittihamda qeyd olunan əməl Təqsirləndirilən şəxs tərəfindən Sumqayıt şəhər ərazisində törədildiyindən, hazırki cinayət işinə aidiyyəti üzrə həmin cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır; 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Yuxarıda göstərilənləri və cinayət prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Cinayət işinin 32-34-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-255/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 01 ay həddində, yəni xx xxxxx 2021-ci il tarixədək uzadılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay olmaqla, xx xxxx 2021-ci il tarixədək uzadılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı qərarın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına tapşırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 74.1, 75.1, 300.1.4-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay olmaqla, xx xxxx 2021-ci il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı qərarın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına tapşırılsın. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar