Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-208/2022 04.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq bir ədəd sellofan kəsiyi bükümündə, təmiz çəkisi 0,229 qram miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəni əldə edib, üzərində saxlayaraq, daşımış və 04 dekabr 2021-ci il tarixdə saat 19 radələrində Nərimanov rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 14 saylı ünvanda yerləşən 18-ci Polis Şöbəsinin inzibati binasına gətiriləndən sonra, üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan bükümdə və çəkidə narkotik vasitə-heroin onun əynindəki qara rəngli şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 03 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində Sabunçu rayonu ərazisində yerləşən “Sabunçu Bazarı” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi “Rıjı” kimi müraciət olunan şəxsdən 10 manata bir bükümdə narkotik vasitə olan heroin (kakos) almışdır. Bundan sonra həmin narkotik vasitəni əynində olan qara rəngli şalvarının cibinə qoymuşdur ki, onu daha sonra istifadə etsin. Belə ki, 04.12.2021-ci il tarixdə özü tək Nərimanov rayonu, X8 küçəsi 14 saylı ünvanda sökülmüş olan binada olarkən polis əməkdaşları ona yaxınlaşaraq, nə səbəbə həmin binaya daxil olduğunu soruşduqda o, üzərində narkotik vasitə olduğundan özünü itirib, onlara düzgün cavab verə bilməmişdir. Polis əməkdaşları onun hərəkətlərindən şübhələnmiş və onu Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə dəvət etmişdilər. O etiraz etmədən polis şöbəsinə gəldikdən sonra özünü təqdim edib bundan sonra xidməti otaqların birində onun hüquqlarının müdafiə edilməsindən ötrü vəkil təqdim edilmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. O, qara rəngli şalvarının sağ cibindən “Noki” markalı mobil telefonunu, iki ədəd açarları, 40 qəpik pulunu və sol cibinə qoyduğu sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılsa da heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən qablaşdırılıb üzəri möhürlə möhürləndikdən sonra protokol tərtib olunaraq, onun özü və iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Daha sonra onun üzərindən aşkarlanmış narkotik vasitə ekspertizaya göndərilmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 04 dekabr 2021-ci il tarixdə saat 19 radələrində postaçı yoldaşı polis nəfəri Şahid2 ilə xidmət aparan zaman Nərimanov rayonu X8 küçəsi 14 saylı ünvanda yerləşən yarım sökülüdə bir nəfər şəxs onları görüb davranışı ilə özünü şübhəli apardığından ona yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyəti haqqında maraqlanmışdırlar. Bu vaxt həmin şəxs həyəcanlanıb verilən suallara qeyrımuəyyən cavab verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratını onlarda yaratdığından onun yayınaraq getməsinə imkan verməyib, onu Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nə dəvət etmişdirlər. Həmin şəxs narazılıq etmədən polis əməkdaşları ilə birlikdə 18-ci PŞ-nə gəlmişdir. Polis Şöbəsində müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və bununla bağlı müvafiq raport yazandan sonra, araşdırmanın aparılması bölmənin baş təhqiqatçısı Emin Quliyevə həvalə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, 04 dekabr 2021-ci il tarixdə saat 09 radələrindən 05 dekabr 2021-ci il tarixə saat 09 radələrinədək Nərimanov RPİ-nin 18-ci PŞ-də növbədə olduğu zaman 04 dekabr 2021-ci il tarixdə saat təxminən 19 radələrində Nərimanov RPİ-nin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid1 raportla Nərimanov RPİ-nin 18-cı PŞ-nin rəisinin adına müraciət edərək bildirmişdirlər ki, ünvan 4 ünvanda yerləşən yarım sökülüdə bir nəfər şəxsi üzərində narkotik vasitə olmasından şübhələnərək gətirmişdirlər. Həmin raport üzrə araşdırmanın aparılması şöbənin baş təhqiqatçısı Emin Quliyevə həvalə edilmişdir. Bundan sonra məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Daha sonra baş təhqiqatçının dəvəti ilə həmin şəxsə vəkil gələndən sonra, onun hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif edəndə, o, əynindəki qara rəngli şalvarının sağ yan cibindən “Nokia” markalı mobil telefonu, iki ədəd açarları, 40 qəpik pulu və sol yan cibindən isə 01 ədəd sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik maddəni təqdim etmişdir. Həmin təqdim edilmiş bükülünün içərisində nə olduğu Təqsirləndirilən şəxs soruşulanda, o, bükümün içərisində “heroin” olduğunu və həmin narkotik vasitəni bir gun əvvəl saat 18 radələrində “Sabunçu bazarı” adlanan ərazidə anket məlumatlarını bilmədiyi, “Rıjı” adlı şəxsdən 10 manata özünün istifadə etməsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin onun üzərində şəxsi axtarış aparılsada başqa qanunsuz heç bir əşya aşkar olunmamışdır. Bundan sonra, baş təhqiqatçı Emin Quliyev onların iştirakı ilə protokol tərtib etmiş, həmin narkotik vasitəni ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırıb möhürləmiş və orada olan şəxslər protokolun düzgünlüyünü və zərfin üstünu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid4 digər Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 21-22-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 04 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 23-24-cü vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 04 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-cı Polis Şöbəsinin baş tədqiqatçısı X5 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, 04 dekabr 2021-ci il tarixdə saat 19 radələrində Nərimanov rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün yuxarıda adları qeyd edilmiş əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 14 saylı ünvanda sökülməkdə olan binanın içərisində Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 18-cı Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. 18-ci Polis Şöbəsində ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. İştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibində 01 ədəd Nokia markalı mobil telefon, 02 ədəd açarları, 40 qəpik pulunu və sol yan cibindən isə sellofan kəsiyinə bükülmüş işərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etdi. Cinayət işinin 31-33-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2021-ci il tarixli, 6/5378 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №224” dairəvi möhr əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,229 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 90-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 16.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 69-71-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 06 dekabr 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Cavanşir Mayılovun 06.12.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət İşinin 72-73-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 06 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 77-78-ci vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 06 dekabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,229 qram qəhvəyi rəngli maddi kustar üsulla hazırlanmış narkotik vasitə heroinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,229 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,179 qram heroinin saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 79-cu vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” 06 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı diskin maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 101-102-ci vərəqələrində olan “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” verilmiş 01 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və onun olduğu yer müəyyən ediləcəyi təqdirdə tutularaq Nərimanov RPİ-nin İstintaq Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 107-ci vərəqində olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 114-cü vərəqində olan “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında” 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində tutulmuşdur. Cinayət işinin 123-128-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.01.2022-ci il tarixli, 4(005)-76/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 2 (iki) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 24 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 134-135-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin Ambulator X1 dair 25.01.2022-ci il tarixli, 328 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş narkotik vasitəni təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,229 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə cəmi 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 2 (iki) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (4 ay 26 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlanına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,179 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə cəmi 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-208/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-208/2022
04.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver