Məhkəmə qərarları › İş №1(005)-209/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-209/2022

07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-209/2022 07.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, həmçinin iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili X1, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs, həmçinin mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, elektrik ustası işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Bünyadzadə küçəsi, keçid 2, ev 4-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək üçün tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib ucuz qiymətə elektrik naqilləri alıb baha qiymətə sataraq əldə olunan gəliri böləcəyi adı ilə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs 2021-ci ilin fevral ayının sonlarından həmin ilin mart ayının sonunadək müddət ərzində ünvan 1 ünvanında yerləşən binanın ofisində vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə ümumilikdə 27.000 manatı ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununlada Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 5 ilə yaxın müddətdir ki tanıyır. O, təxminən 2016-cı ildən 2021-ci ilin yay aylarınadək ünvan 1 ünvanda yerləşən binada elektrik vəzifəsində işləmişdir. Təbriz isə həmin binanın komendantı vəzifəsində işləmişdir. Binanın tikintisi zamanı onun sahəsi üzrə lazım olan bütün avadanlıqların alışı ona həvalə edildiyindən o, bu vəziyyətdən istifadə edib pul qazanmaq qərarına gəlmişdir. Belə ki, niyyəti tikinti üçün lazım olan kabel və digər naqillərin bazar qiymətindən daha ucuz qiymətə alıb bina sahibinə orta bazar qiymətinə satıb pul əldə etmək olmuşdur. Qeyd olunan tikinti materiallarını daha ucuz qiymətə almağı üçün ona nağd pul vəsaiti lazım olmuşdur. Lakin alınan malların pulu bina sahibi tərəfindən ayın sonunda ödənildiyindən o, binanın komendantı Təbrizə müraciət edərək Təbrizdən ona bu işləri görməyi üçün nağd pul verməsini xahiş edib, əldə etdiyi gəlirin bir hissəsini Təbrizə verəcəyini bildirmişdir. Təbriz onun təklifini qəbul etdiyindən növbəti günlər ərzində o, Təbrizə müraciət edib naqil almağı üçün Təbrizdən ona pul verməsini xahiş etmişdir. Təbriz ona 2021-ci ilin yanvar-fevral aylarında hissə-hissə olmaqla 7000 manat pul vermiş, həmin pulun müqabilində o, tikinti üçün lazım olan naqilləri alıb bina sahibinə təhvil vermişdir. Əldə etdiyi qazancdan əsas puldan başqa Təbrizə 3000 manat gəlir kimi pul ödəmişdir. Bundan sonra Təbrizin ona etibarı artmış və o, Təbrizə təkrar müraciət edərək daha çox naqil almaq və gəlir əldə etmək məqsədi ilə əlavə pul verməsini xahiş etmişdir. Bu minvanla o, Təbrizdən 2021-ci ilin fevral ayının sonlarından həmin ilin mart ayının sonunadək hissə-hissə olmaqla ümumilikdə 27000 manat pul almışdır. Aldığı 27000 manat pulun müqabilində Təbrizə vəd etmişdir ki, həmin pula ucuz qiymətə elektrik naqili alıb baha satmaqla əldə edilən gəlirdən Təbrizə verəcəyini, yəni əlavə olaraq 9000 manat gəlir verəcəyini vəd etmişdir. Həmin pulların az bir məbləğinə, yəni təxminən 13000 manat dəyərində Dərnəgül bazarında tanımadığı mağazadan elektrik naqili almış, lakin həmin naqillər binaya lazım olmadığı üçün tərəfindən Dərnəgül bazarında yerləşən mağazaya yarı qiymətinə qaytarmışdır. Digər yerdə qalan 14000 manatı isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin yeri hazırda dəqiqliyi ilə xatırlamır. Təbriz ondan hər dəfə pul barədə maraqlandığı zaman o, Təbrizə müxtəlif yalanlar danışaraq pulu qısa müddətə geri qaytaracağını bildirmişdir. Lakin Təbrizdən aldığı pulları övladı xəstə olduğu üçün onun müalicəsinə xərclədiyindən və naqillərin alınması üçün pulunun olmaması səbəbindən o, Təbrizdən birgə iş görmək üçün almış olduğu pulların qaytarılmasında çətinlik çəkməyə başlamışdır. Buna baxmayaraq, bir müddət sonra o, işlədiyi bina sahibindən əvvəlki işlərinə görə ona verməli olduğu 11000 manat pulu alaraq həmin puldan 5000 manatını Təbrizə ödəyib borcunu 22000 manatadək azaltmışdır. Qalan pulu isə ödəyə bilmədiyindən tədricən Təbrizlə aralarında sözlü mübahisələr yaranmağa başlamışdır. O, Zərərçəkmiş şəxs bütün pulları ünvan 2 ünvanda yerləşən binanın ofisində almışdır. Təbrizdən aldığı pulun bir qisminin müqabilində elektrik naqili alsa da, sonradan həmin elektrik naqilini geri qaytarmış, geri qaytardıqdan sonra əldə etdiyi naqilin pulunu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, həmin pulu qızının doğuşdan ayaqlarında problem olduğu üçün qızının mülacisinə xərcləmişdir. O, elektrik naqillərini Dərnəgül bazarında tanımadığı yerlərdən alırdı. Zərəri hissə-hissə ödəyəcəkdir. Onunla zərərçəkmiş arasında mülki-hüquq münasibətlərinin mövcud olması, zərərçəkmiş şəxsin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirməməsi, üzərinə götürdüyü öhdəliyi ondan asılı olmayan səbəbdən yerinə yetirə bilməməsini bildirir. Etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs həmçinin ifadəsində mülki iddianı qəbul etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Təqsirləndirilən şəxs Nadir oğlunu təxminən 5 ildir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Nadir oğlu ünvan 1 ünvanında yerləşən binada elektrik vəzifəsində işləmiş, o isə həmin binada komendant vəzifəsində işləyir. 2021 -ci ilin təxminən yanvar-fevral ayında Səfərəli ona ucuz qiymətə elektrik naqilləri alıb baha qiymətə sataraq pul qazanmalarını, lakin əlində nağd vəsaiti olmadığını demişdir. Danışıq zamanı Səfərəli tikinti üçün nəzərdə tutulan elektrik naqillərini birbaşa zavoddan dəyərindən ucuz qiymətə alıb həmin elektrik naqillərini baha qiymətə satmaqla qazanc əldə edəcəklərini, əldə edilən gəliri bərabər şəkildə böləcəklərini ona bildirmişdir. Səfərəli bu işi görmək üçün nağd pul lazım olduğunu, özünün pulu olmadığını, buna görə həmin işi şərikli şəkildə görmələrini, pul verməyini, özü də həmin pulla qeyd edilən işləri görüb ona əsas pulundan başqa, əlavə qazanc verəcəyini söyləmişdir. O, Səfərəlidən elektrik naqillərini haradan əldə edəcəyini soruşsa da, ona ümumi şəkildə elektrik naqili istehsal edən zavoddan alacağını bildirmiş, yəni konkret olaraq hansı zavoddan alacağını bildirməmişdir. O da Səfərəliyə fikirləşib bir söz deyəcəyini bildirmişdir. Bu danışıqdan bir neçə gün sonra Səfərəli onun işlədiyi ünvan 1 ünvanında yerləşən binanın ofisinə gələrək təcili pul verməyini, həmin pulla zavoddan ucuz qiymətə elektrik naqilləri alacağını bildirmişdir. O, Səfərəliyə onunla birlikdə gedib zavoddan elektrik naqili almağı bildirsə də, Səfərəli onunla birlikdə zavoda gedə bilməyəcəyini, həmin zavodda yalnız Səfərəliyə dəyərindən ucuz qiymətə elektrik naqili verdiklərini, onunla gedəcəyi təqdirdə həmin malları verməyəcəklərini söyləmişdir. Həmçinin danışıq zamanı Səfərəli onu inadırmışdır ki, verəcəyi pulu qazancı ilə birlikdə bir neçə günə qaytaracaqdır. O, Səfərəlini çoxdan tanıdığından və dediyi sözlərə inanaraq Səfərəliyə 2021 -ci ilin təxminən yanvar ayının sonunda ünvan 1 ünvanında yerləşən binanın ofisində 9000 manat pul vermiş və bundan bir müddət sonra, yəni 2021-ci ilin fevral ayının əvvəlində Səfərəli ofisə gələrək ona verdiyi pulla birlikdə ümumilikdə 10000 manat, yəni 9000 manat əsas pul, 1000 manat da qazanc kimi qaytarmışdır. Səfərəli ona həmin 1000 manatının elektrik naqilinin satışından əldə edilmiş qazanc olduğunu bildirmişdir. Danışıq zamanı Səfərəli daha çox qazanc əldə etmək üçün daha çox pula ehtiyac olduğunu söyləmişdir. O da Səfərlinin ona qazanc verməsini görüb dediyi sözlərə inanmış və buna görə 2021-ci ilin fevral ayının sonlarından həmin ilin mart ayının sonuna qədər Səfərəliyə ünvan 1 ünvanında yerləşən binanın ofisində hissə-hissə olmaqla ümumilikdə 27000 manat pul vermişdir. Pulu verən zaman orada o və Səfərəli olmuşlar. Qeyd etmişdir ki, hətta Səfərəli ona vatsap proqramı vasitəsi ilə istifadəsində olan 070- ***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə 2021-ci ilin mart ayında müxtəlif mesajlar yazaraq ondan 1000, 3700, 2800, 3000, 5200, 2800, 700 manat məbləğində pullar istəməyi və həmin pullara görə qazancla birlikdə verəcəyi məbləğlər barəsində mesajlar göndərmişdir. Həmin yazışmalar istifadəsində olan telefondadır və istintaqa təqdim edə bilər. Səfərəli ondan aldığı 27000 manat pulun müqabilində guya təxminən 5000 manat qazanc olmaqla, 32000 manat pul verəcəyini söyləmişdir. Lakin, 2021-ci ilin aprel ayından Səfərəlidən iş barəsində maraqlandıqda ona narahat olmamağını, elektrik naqillərini aldığını, harasa satmaq üçün verdiyini, satılan kimi onun əsas pulunu və qazancını verəcəyini bildirmişdir. O, Səfərəlinin bu işi yubatdığını görüb Səfərəlidən verdiyi 27000 manat pulu geri qaytarmağını tələb etmişdir. Buna görə Səfərəli təxminən 3-4 ay sonra ona ofisdə 5000 manat pul vermiş və bildirmişdir ki, həmin pul onun verdiyi 27000 manat pulun qazancıdır. O isə Səfərəliyə qazanc lazım olmadığını, yerdə qalan 22000 manatını gətirib verməyini tələb etmişdir. Səfərəli pulu ona qaytaracağını bildirsə də, vaxtı uzatmağa başlamışdır. Hətta 2021-ci ilin iyun ayının 18-də Səfərəli onunla görüşüb pulu axşama qədər gətirəcəyini bildirsə də, sonradan ona məlum olmuşdur ki, həmin gün Səfərəli gedib dərman içmiş və guya onun Səfərəliyə hədə qorxu gəlib pulunu istədiyi üçün bu hərəkəti etdiyini bildirmişdir. Bu barədə Xəzər rayon prokurorluğunda araşdırılma aparılmış və həmin araşdırma üzrə qəbul edilmiş qərarın surətini ifadəsinə əlavə edir. Səfərəlinin ondan aldığı pulu verməmək üçün bucür yollara əl atdığını görüb başa düşmüşdür ki, Səfərəli onu aldatmışdır. Buna görə də o da 2021-ci ilin iyun ayında Səfərəlinin onu aldatması ilə bağlı Nərimanov rayon Polis idarəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs “pul” tələbinə dair verdiyi mülki iddia ərizəsini müdafiə edərək məhkəmədən təqsirləndirilən şəxs (cavabdeh) Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 22.000 manat məbləğin və ödənilmiş 156 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 08.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 17.04.2016-cı il tarixli, AZE № 12970884 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əhmədzadə Yusif 25.02.2014-cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Əhmədova Ziyafətdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi – Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışdan görünür ki, Əhmədzadə Yusif Səfərəli oğlu sağlamlıq imkanları məhduddur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 08.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. 15.12.2021-ci il tarixli könüllü təqdim etmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Musayev X3 Səfərəli Nadir oğlu ilə aralarında olan "vatsapp” yazışmaları olan telefona baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş mobil telefon “Samsung Note 21" markalı mobil telefondur, həmin telefonda ***-***-**-** mobil nömrəsinin istifadə edildiyi, həmin nömrə ilə də “Vatsapp” proqramının işlədiyi, qeyd edilən mobil telefonun “Vatsapp” proqramına baxış keçirilən zaman ***-***-**-** mobil nömrəsinin "Eli Elektrik" adı ilə qeyd edildiyi və həmin şəxslə 7 mart 2021-ci il tarixdən 30 mart 2021-ci il tarixədək müddətdə sms yazışmaları olduğu, həmin yazışmalarda ***-***-**-** mobil nömrəsinin istifadəçisi 1000, 3700, 2800, 3000, 5200, 2800, 700 manat məbləğində pullar istəməsi və həmin pullara görə qazancla birlikdə qaytaracağı məbləğlər barəsində mesajlar göndərildiyi müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 10 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08.02.2022-ci ildə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında “vatsapp” proqramı vasitəsilə qeydə alınmış sms yazışmalarının iş üzrə mötəbər sübut növü kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın təsviri hissəsində ələ keçirilmiş pul məbləğinin 27000 manat əks edilməsinin nəzərə alınması, 5000 manat pulun Zərərçəkmiş şəxs qaytarması isə dəymiş maddi zərərin ödənilməsi kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi, Zərərçəkmiş şəxs ifadəsi, könüllü təqdim etmə və baxış keçirilməsi haqqında protokol, üzləşdirmə protokolu, zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması protokolu və ilkin təhqiqat materialları iş üzrə mötəbər sübut növü kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs ilə pul məsələsi ilə bağlı aralarında olan mübahisələrin birində Təbriz onu uşaqları ilə bağlı təhdid etdiyindən 18.06.2021-ci il tarixdə 45-50 ədəd dimedrol həblərini ataraq canına qəsd etdiyini bildirsə də, həmin xüsusat üzrə cinayət tərkibinin əlamətləri olmadığından Xəzər rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Həsən Əliyev tərəfindən 02.08.2021-ci ildə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsinin nəzərə alınması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özü tərəfindən qismən etiraf edilmiş, eləcə də mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi, yəni zərərçəkmiş şəxsin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs ifadəsində irəli sürdüyü - onunla zərərçəkmiş şəxs arasında mülkihüquq münasibətlərinin mövcud olması, həmin münasibətlərə əsasən üzərinə götürdüyü öhdəliyi ondan asılı olmayan səbəbdən yerinə yetirə bilməməsi barədə dəlillər tam təkzib olunur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə onun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi əməli qismən etiraf etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, uşaqlarından birinin sağlamlıq imkanları məhdud olmasını yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, təqsirləndirilən şəxsdən vurulmuş zərərə görə 22.000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 156 manat zərərçəkmiş şəxsin xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 34 saat üçün nəzərdə tutulan 204 manat pul ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə verilmiş mülki iddia təmin edilsin. Vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 22.000 (iyirmi iki min) manat pul, habelə dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 156 (bir yüz əlli altı) manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 34 iş saatı üçün cəmi 204 (iki yüz dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar