Məhkəmə qərarları › İş №1(005)-209/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-209/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-209/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Xocalı rayonu, Xocalı şəhərində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,730 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlamaqla 10 yanvar 2025-ci il tarixdə ünvan 1 ünvanın qarşısına daşımış, 10 yanvar 2025-ci il tarixdə saat 03 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Nərimanov rayonu, N.B.Yusifbəyli küçəsi 39 ünvanın yaxınlığında dayanıqlı vəziyyətdə olan “Lada Qranta'’ markalı **-VM-*** qeydiyyat nişanlı avtomobildə saxlanılaraq, üzəri yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0,730 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2-3 ildir ki, hərdən olanda psixotrop maddələrdən və narkotik vasitələrdən istifadə edir. Həmin maddələri Bakı şəhər ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alıb istifadə edir. Həmçinin sosial şəbəkədə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxslə tanış olmuş, həmin şəxs ona narkotik vasitə və psixotrop maddə lazım olanda narkotik vasitə və psixotrop maddəni qoyduğu yerin konumunu “whalsapp” tətbiqində ona göndərməklə, həmin yerə gedib götürüb əldə etmişdir. Pulunu isə həmin şəxsin M10 nömrəsinə göndərmişdir. Sonuncu dəfə tutulmazdan təxminən 2-3 gün əvvəl həmin şəxsdən bir büküm psixotrop maddə olan metamfetamin istəmiş, bunun üçün onun M10 nömrəsinə 40 manat pul göndərmişdir. Həmin şəxs də psixotrop maddəni qoyduğu yerin konumunu göndərmiş, özü də gedib Gənclik metrostansiyasının yaxınlığında yerdən bir ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamini götürmüşdür. Həmin maddəni şalvarının cibinə qoymuşdur ki, sonra istifadə edər. 10 yanvar 2025-ci il tarixdə gecə saat 03 radələrində ünvan 3 ünvanın yaxınlığında yolun kənarında idarə etdiyi Lada Qranta” markalı **-VM-*** qeydiyyat nişanlı avtomobilin içəşrisində dayanmışdı. Həmin zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin zaman polis əməkdaşları ona üzərində qanunsuz əşya varsa təqdim etməyini təklif etdiklərində əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü zərfə qablaşdırmış, həmçinin avtomobilinə baxış keçirmişlər, lakin avtomobilindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu Nərimanov RPİ-nin 16-cı PŞ-nə aparmışlar. Polis şöbəsində ona dövlət hesabına müdafiəçi təyin olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərində vəkilinin və onu saxlayan iki nəfər polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Onu saxlayan polis əməkdaşları içərisində təqdim etdiyi büküm olan həmin zərfi təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı tərəfindən zərf açılmış, içərisində təqdim etdiyi bir ədəd bükümdə olan psixotrop maddə melamletamin aşkar olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən həmin büküm yenidən zərfə qablaşdırılaraq götürülmüşdür. Üzərinə baxış və şəxsi axtarış keçirilməsi barədə protokollar tərtib olunmuş, tərtib edilmiş protokollar ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə Elməddin adlı şəxsin mütəmadi olaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, N.B.Yusifbəyli küçəsində olacağı barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra xx.xx.2025-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri X2 və Şahid2 ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saat 03 radələrində Nərimanov rayonu, N.B.Yusifbəyli küçəsi 39 ünvanın qarşısında Elməddin adlı şəxsə idarə etdiyi “Lada Granta” markalı **-VM-*** qeydiyyat nişanlı avtomobildə olarkən yaxınlaşıb özlərini təqdim etmişlər. Həmçinin ondan da özünü təqdim etməsini xahiş etdiklərində həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra ondan üzərində narkotik vasitə, psixotrop maddə və ümumiyyətlə qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə “daş” olduğunu bildirmiş və əynindəki göy rəngli cins şalvarının sağ cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə içərisində ağ rəngli, kristal halında maddəni təqdim etmişdir. Həmin psixotrop maddəni tanımadığı İran vətəndaşından özü istifadə etmək məqsədilə əldə etdiyini bildirmişdir. Qeyd olunan büküm zərfə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmçinin onun qeyd olunan avtomobilinə baxış keçirilmiş, lakin üzərindən və avtomobilindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs 16-cı PŞ-nə aparılmış, qeyd olunan polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra özünün, 16-cı PŞ-nin əməliyyat müvəkkili Ramin Hüseynovun və müdafiəçinin iştirakları ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub- olmadığı soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs üzərində bir ədəd bükümdə metamfetamin olduğunu və həmin bükümü saxlanılarkən polis əməkdaşlarına təqdim etdiyini, həmin maddəni üç gün əvvəl İran vətəndaşından 40 manata aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və zərfə qablaşdırılmış büküm təhqiqatçıya təqdim olunmuş, təhqiqatçı tərəfindən zərf açılmış, içərisindəki bir ədəd gümüşü rəngli kağız büküm açıldıqda həmin bükümün içərisində ağ rəngli, kristal halında maddə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində ağ rəngli, kristallardan ibarət maddə olan büküm təhqiqatçı tərəfindən yenidən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Qeyd olunanlar barədə ayrı-ayrılıqda protokollar tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 və X5 oglunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 10 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə, saat 03 radələrində şübhəli şəxs qismində tutulmuşdur; 10 yanvar 2025-ci il tarixli "əməliyyat axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün və idarə etdiyi avtomobilin yoxlanılmasına dair” protokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Nərimanov RPİ-nin 16-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və polis kapitanı X2 dayanıqlı vəziyyətdə olan qara rəngli “Lada Granta” markalı **-VM-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşır, özlərini təqdim edərək həmin avtomobilin içərisində qabaq sol oturacaqda əyləşmiş şəxsdən özünü təqdim etməsini və üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunur. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir və əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü təqdim edir. Həmin büküm açıldıqda içərisində ağ rəngli, kristal halında maddə olması aşkar olunur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin “daş”, psixotrop maddə metamfetamin olduğunu, İran vətəndaşından özü istifadə etmək məqsədilə aldığını bildirir. Bundan başqa iş materiallarına əlavə edilmiş 10 yanvar 2025-ci il tarixli "şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu saxlayan zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd bükümdə psixotrop maddə metamfetamini həmin polis əməkdaşlarına təqdim etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakin Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilmir. Daha sonra Nərimanov RPİnin 16-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs götürülmüş içərisində büküm olan bir ədəd zərfi təqdim edir, təqdim edilmiş zərf təhqiqatçı tərəfindən açılır, içərisində bir ədəd gümüşü rəngli kağız büküm, həmin bükümün də içərisində ağ rəngli, kristal halında maddə olması aşkar olunur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin “daş”, psixotrop maddə metamfetamin olduğunu, İran vətəndaşından özü istifadə etmək məqsədilə 40 manata aldığını bildirir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2025-ci il tarixli, 6/98 saylı rəyindən görünür ki, tədiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası DİN Zəflər üçün №218” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs(imza) yazısı və imzalar zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,730 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixorop maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,730 qr, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,680 qram.ekspertiza xərci 114 manat təşkil edir. -“Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 11 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-in İstintaq Şöbəsinin müstəntiqi Fuad Babayevin xx.xx.2025ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. -“Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 11 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsada, hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə-narkoloji ekspertizasının 13 yanvar 2025-ci il tarixli 136A nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 03 mart 2025-ci il tarixli qərarla görünür ki, təqsirləndirilən şəxs X1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,730 qram psixotrop maddə olan metamfetamin iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 0,680 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxıanc yerinə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,730 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra - 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1- 1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (1 sutkadan çox olmuşdur) həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qismində” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 0,680 qram psixotrop maddə metamfetamin məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (gün) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xankəndi şəhəri və Xocalı rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Xocalı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 0,680 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - “Şəxsi axtarış və götürmə aparılması” haqqında 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114(yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar