Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-21/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüş və bu barədə cinayət işi məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 vəsatət verərək məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni CM-in 178.2.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona həmin maddə ilə də ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, ona qarşı dələduzluq əməlini Təqsirləndirilən şəxs tək törətməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Şahid1 vasitəsi ilə tanımış, məhz sonuncu, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində işlədiyini və geniş əlaqələrə malik şəxs olduğunu bildirmiş, Təqsirləndirilən şəxs həmin əlaqələri vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Mübariz İbrahimov küçəsində nömrəsiz ünvanda yerləşən 18 sot torpaq sahəsinə asanlıqla qeydiyyat şəhadətnaməsi alacağına inandırmışdır. Buna görə də o, xx.xx.2018-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Stara Praga” restoranının qarşısında Şahid1 Təqsirləndirilən şəxs çatdırılması üçün 40.000 manat məbləğində pul vermişdir. Ona qarşı dələduzluq əməlini Şahid1 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan dəstə halında birgə törətmişlər. İstintaq zamanı Şahid1 CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilsə də, sonradan əsassız olaraq onun barəsində cinayət təqibinə xitam verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni CM-in 178.2.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddə ilə, yəni ağır ittiham irəli sürülməsi məsələsinə baxılması üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi vəsatətin təmin edilməsinə etiraz etmədilər. Belə ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin günahsız olduğunu bildirərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaqla iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə etiraz etmədiklərini bildirdi. Həmçinin, Müdafiəçi vəsatət verərək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatətlərin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, vəsatətləri və ona dair proses iştirakçılarının fikrini dinləyib hesab edir ki, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatət rədd edilməlidir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən 2014-cü ilədək olan müddət ərzində Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində mühəndis vəzifəsində işləmiş, lakin sonradan öz ərizəsi ilə işdən azad olunmuşdur. 2018-ci ilin may ayının sonlarında Şahid1 ona müraciət edərək xahiş etmişdir ki, onunla birlikdə Nardaran qəsəbəsinə gedərək oradakı dostlarının torpaq sahəsinin koordinatlarını çıxarsın. O, razılaşmış, İlqarla gələn Çingiz və Dmitriy adlı şəxslərlə birlikdə Nardaran qəsəbəsinə getmiş, onların göstərdiyi torpaq sahəsinin koordinatlarını çıxarmış, əvəzində zəhmət haqqı kimi Dmitriydən 2 ədəd 50 manat olmaqla, ümümilikdə 100 manat almışdır. Daha sonra onlar Əhmədli qəsəbəsində başqa torpaq sahəsinə baxdıqdan sonra ayrılmışlar. Bundan sonra onları görməmişdir. O, İlqardan 17000 manat borc almışdır. Bir müddət keçdikdən sonra İlqar borcunu istədiyi üçün o, həmin puldan 5000 manatını taksi vasitəsi ilə ona göndərmişdir. Həmin pulu İlqara göndərməmişdən əvvəl Çingizə zəng edərək İlqara 5000 manat pul göndərəcəyini bildirmiş və həmin pulu Çingizə verə biləcəyini demişdir. Sonra onu Nərimanov RPİ-nin 18ci PŞ-yə dəvət etmişdilər. İlqar, Aydın və Tahir də orda olmuşdur. Tahir ona MTN-də işlədiyini və 30.000 manatın onun tərəfindən alınmasını etiraf etməyini bildirmiş, lakin o, imtina etmiş və pulun onda olmadığını bildirmişdir. Daha sonra o, müstəntiq Elnura İlqardan 17000 manat borc aldığını və 5000 manatını qaytardığını bildirmiş və PŞ-də olan zaman yenidən İlqara 2000 manat vermişdir. Hazırda İlqara 10000 manat borcu qalmışdır. O, Dmitriy ilə torpaq sahəsinin sənədləşdirilməsi məsləsi ilə bağlı danışmamış və Dmitriydən heç bir məbləğdə pul almamışdır. Verilmiş suala cavab olaraq bildirmişdir ki, İlqara 5000 manat pulu verməmişdən əvvəl Çingizə zəng etməsinin səbəbi Çingizin onun atası ilə tanış olması, İlqarın Çingizə borcunun olmasını bilməsi və heç olmasa kömək məqsədi ilə bu borcun bir hissəsinin ödənilməsində köməklik etmək istəməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ilin yaz aylarının əvvəllərində dostu Əbülfəz onun uzaq qohumu Əliağa adlı şəxsin Nardaran qəsəbəsi ərazisində özünə məxsus 18 sot boş torpaq sahəsini satdığını bildirmişdir. O, dostu Dmitriy ilə birlikdə gedib həmin torpaq sahəsinə baxmış və onu bəyənmişlər. Lakin torpaq sahəsi özəlləşdirilməmişdir. Dmitriy ilə razılaşmışlar ki, həmin torpaq sahəsini şərikli alaraq özəlləşdirsinlər, necə istifadə edəcəklərini sonra qərarlaşdırarlar. Torpaq sahəsinin sahibi Əliağa da dostu Əbülfəzin qohumu olduğundan etibar edərək razılaşmışdır ki, torpağı özəlləşdirib sənədlərini alsınlar və ondan sonra halallaşarlar. Razılaşmalarına görə sənədlər düzəldikdən sonra Əliağaya torpaq sahəsinə görə ümumilikdə təxminən 50000 (əlli min) manat məbləğində pul verməli idilər. Bu razılaşmalarından sonra torpaq sahəsinin özəlləşdirilməsi üçün variantlar axtarmağa başlamışlar. Həmin ərəfədə təsadüfən köhnə tanışı, bildiyinə görə, əvvəllər polis əməkdaşı işləmiş, Tahir Baxşibəyov adlı şəxslə rastlaşmış, Tahir onun bir nəfər Şahid1 adlı dostu olduğunu, həmin X1 üzrə Dövlət Komitəsində işləyən tanışlarının çox olduğunu, əmlak məsələləri ilə bağlı istənilən problemi həll edə biləcəyini demişdir. Bir neçə gün sonra Tahir özü şəhərdən kənar olduğunu bildirərək onları Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Funda” tibb mərkəzinin qarşısında İlqarla görüşməyə göndərmişdir. Tahirin dostu Şahid1 ilə tanış olmuşlar. Aralarında olan danışığa əsasən Dmitriy Şahid1 40.000 manat pul vermişdir. İlqar bu pulu alması barədə qəbz yazaraq imza etmişdir. Bildiyinə görə bu pulun yarısı İlqara, yarısı isə Fəxriyə çatmalı idi. İlqara pul verdikdən sonra verilən vədin, yəni torpaq sahəsinə sənədin düzəldilməsinin yalan olduğunu başa düşmüş və İlqardan pulu geri tələb etmişlər. İlqar onların yanında Fəxri ilə telefonla danışmış və pulu qaytarmaq lazım olduğunu bildirmişdir. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, hər dəfə İlqardan pulu tələb edən zaman sonuncu da Fəxriyə zəng edib pulu ondan istəyirdi. Həmin vaxt İlqarın Fəxriyə zəng etməsini tam əminliklə deyə bilmir. Belə ki, İlqara inanırdılar və o da Fəxri ilə danışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxx 2018-ci il tarixdə yaxın dostu Şahid4 onun telefon nömrəsini Çingiz adlı dostuna vermiş və onunla işlə bağlı əlaqə saxlayacağını bildirmişdir. O da heç bir etiraz bildirməyərək nömrəsinin Çingizə verməsinə razılıq vermişdir. Daha sonra Çingiz ona zəng edərək görüşməyi xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə Çingiz ona zəng etmiş və onlar görüşmüşlər. Görüş zamanı Çingiz dostu, əslən yəhudi olan Dmitriy ilə birlikdə olmuşdur. Çingiz ona bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində Dmitriy ilə şərikli 18 sot torpaqları vardır və həmin yeri özəlləşdirib sənəd almaq lazımdır. O isə Əmlak Komitəsində işləyən Fəxri adlı tanışının olduğunu bildirib onunla məsləhətləşdikdən sonra cavab verəcəyini demişdir. O, daha sonra Fəxriyə zəng vuraraq məsələni ona danışmış və Fəxri 35.000-45.000 manat pul müqabilində həmin torpaq sahəsini özəlləşdirə biləcəyini demişdir. Növbəti gün Çingizə zəng edərək tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə həmin torpaq sahəsinin 35.000-45.000 manat arasında özəlləşdirə bilinəcəyini demiş, Çingiz də razılaşmışdır. Daha sonra birlikdə, yəni o, Fəxri, Çingiz, Dmitriy Nardaran qəsəbəsinə getmişlər. Orada Fəxri ölçü işləri aparmış və Çingizlə Dmitriyə də bildirmişdir ki, həmin torpaq sahəsi təmiz çıxarsa və yüklü olmasa bahalı yerdə yerləşdiyinə görə təxminən 40.000-45.000 manat arası həll oluna bilər. Bunu bildirdikdə Dmitriy ilə Çingiz dəqiqləşdirib dəqiq məbləği ona demələrini demişdir. xx xxx 2018-ci il tarixdə Fəxri ona zəng vuraraq Dmitriyin torpağını 45.000 manata sənədləşdirə biləcəyini deyərək, əgər razı olarlarsa özünün şəxsi işləri olduğu üçün görüşərək pulu onlardan götürməyini, sonradan pulu ondan götürəcəyini bildirmişdir. O, etiraz etməyərək Çingizə zəng vurub görüşmələrini bildirmişdir. Dmitriy və Çingizlə həmin gün Nərimanov rayonu “Funda” Tibb Mərkəzinin qarşısında görüşmüşdür. Görüş zamanı Fəxrinin dediklərini onlara bildirərək özlərinin də danışması üçün Fəxriyə zəng vurmuşdur. Onlar Fəxri ilə telefonda danışan zaman Fəxri 45.000 manata torpaq sahəsini özəlləşdirə biləcəyini bildirdikdə, onlar bir qədər aşağı qiymətə etməsini xahiş etmişlər. Fəxri isə maksimum 40.000 manata həll edəcəyini, həmin qiymətdən aşağı mümkün olmadığını demişdir. Onlar razılaşdıqdan sonra Dmitriy pulun bir hissəsini başdan, qalan hissəsini isə sənədlər hazır olan zaman vermələrini dedikdə Fəxri razılaşmayaraq həmin pulların “yuxarıya” çatmadığı halda mümkün olmayacağını bildirmişdir. Həmin gün Dmitriy və Çingiz ilə “Funda” Tibb Mərkəzinin qarşısında görüşərək 40.000 manat pulu onlardan almış və Fəxriyə zəng vuraraq ona bu barədə bildirmişdir. Dmitriyin istəyi ilə ondan pulu götürməyi ilə bağlı qəbz də yazaraq vermişdir. Fəxri ilə razılaşmışlar ki, üç ay ərzində torpağın sənədləri hazır olacaq. Həmin günü, axşam Fəxri ilə ünvan 2 ünvanında yerləşən “Stara Praga” restoranının qabağında görüşərək 40.000 manatı ona vermişdir. Həmin vaxtı yanında iş yoldaşı Şahid3 və Şahid4 da olmuşdur. Bir aydan sonra Fəxri ilə əlaqə saxlayaraq torpağın sənədinin nə vaxt hazır olmasını maraqlandıqda o, səbrli olmağı, yaxın müddətdə həll edəcəyini demişdir. Növbəti ay, yəni iyul ayında yenidən onunla əlaqə saxlamışdır. O isə ondan pul almadığını və hara istəyirsə şikayət edə biləcəyini demişdir. Daha sonra Fəxri ona 5000 manat taksi ilə pul göndərmiş, o da həmin pulu Çingizə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 ifadələrində həmçinin göstərmişdilər ki, xx xxx 2018-ci il tarixdə iş yoldaşları Şahid1 Fəxri adlı şəxslə ünvan 2 ünvanında yerləşən “Stara Praga” restoranının qabağında görüşərkən onlar da orda olmuşlar. Onlar Şahid1 paketdə Fəxriyə nəsə verməsini görmüşlər. Şahid1 həmin paketdə pulun olduğunu onlara demiş və həmin pulu Fəxriyə torpaq sənədinin düzəltməsi üçün verdiyini bildirmişdir. Lakin, Şahid1 Fəxriyə verdiyi paketin içərisində olan pulu tam görməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməlini törətməsi ilə bağlı verilmiş ittihamdan və məhkəmə istintaqında araşdırılan sübutlardan göründüyü kimi, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Mübariz İbrahimov küçəsində nömrəsiz ünvanda yerləşən 18 sot torpaq sahəsinə asanlıqla qeydiyyat şəhadətnaməsi alacağına inanaraq xx.xx.2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Stara Praga” restoranının qarşısında 40.000 manat pulu Şahid1 vermişdir. Cinayət işinin İİİ cildinin 20-ci vərəqəsində olan və Şahid1 əlyazma ilə yazdığı və imzaladığı xx xxx 2018-ci il tarixli qəbzin surətindən görünür ki, o, Zərərçəkmiş şəxs1 40000 manat pul aldığını təsdiq edir və bildirir ki, həmin pulu Nardaran qəsəbəsində yerləşən 18 sot torpağa sənəd düzəltmək xidmətinə görə almış və 2 aya sənədi hazır etməyə söz verir, xx xxxx 2018-ci il tarixdə torpağın sənədi hazır olmalıdır. Sənəd dedikdə həmin torpağa çıxarış düzəltməsini nəzərdə tutur. Məhkəmə, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməlinin törədilməsi ilə bağlı verilən ittihama dair münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs1 ona məxsus əmlak (40.000 manat pul) Şahid1 tərəfindən alınmış və sonuncu, əlyazma qəbz yazaraq bunu təsdiq etmişdir. Yəni, məhkəmə istintaqında araşdırılmış sübutlar Zərərçəkmiş şəxs1 qarşı törədilməsi ehtimal olunan dələduzluq əməlinin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərin Şahid1 tərəfindən də edilməsinə dəlalət edir. Göstərilənlər isə törədilməsi ehtimal olunan dələduzluq cinayətinin məhz Təqsirləndirilən şəxs və Şahid1 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini istisna etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir; 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər; 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin (178.2.1- dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) mövcudluğu müəyyən olunur, buna görə də Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qanuni və əsaslıdır. Məhkəmə, təqsirləndirilən şəxsin barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı onun müdafiəçisi tərəfindən verilmiş vəsatətə dair qeyd edir ki, ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla cəmiyyətdən təcrid edilməsinə zərurət olmadığı qənaətinə gəldiyi halda məhkəmə həbsi ev dustaqlığı ilə əvəz edə bilər. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini mümkün hesab etmir. Belə ki, CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə əsas ola biləcək, yəni təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasına zərurətin olmaması kimi hallar məhkəmə iclasında müəyyən olunmamışdır. Bu səbəbdən də onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməməlidir. CPM-in 159.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti işin mürəkkəbliyi ilə əlaqədar müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 1 (bir) aydan, az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 4 (dörd) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Məhkəmə nəzərə alır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş və o, xx.xx.2020-ci il tarixdə tutularaq istintaq təcridxanasına yerləşdirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay, yəni xx xxxx 2021-ci il tarixədək uzadılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 318-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxs1 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Müdafiəçi Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatəti rədd edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay, yəni xx xxxx 2021-ci il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma hissəsində qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Qərar qətidir, şikayət verilə bilməz. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-21/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-21/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver