Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-21/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1984-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Tovuz rayonu, Alakol kəndində qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək faktiki olaraq heç bir səlahiyyəti olmadığı halda ünvan 1 ünvanında inşa edilmiş yeni tikili binadan Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun xətti ilə güzəştli şərtlərlə mənzil alınmasında köməklik edəcəyinə dair Zərərçəkmiş şəxs2 yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan sonuncunun 24 avqust 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Mado” restoranında 1000 manat, 26 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 36 ünvanında 1000 manat, 29 avqust 2020-ci il tarixdə Abşeron rayonu, “Masazır dairəsi” adlanan ərazidə yerləşən “Araz Supermarket” mağazasının qarşısında 1800 manat, 02 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri ərazisində istintaqa dəqiq məlum olmayan ünvanda 800 manat, sonuncu dəfə 06 sentyabr 2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən “Kristal Supermarket” mağazasına quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə cinayətə aidiyyəti olmayan Şahid1 məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid **********106232 nömrəli plastik karta 150 manat, həmçinin həmin tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Elmar Market-2” mağazasına quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə Şahid1 yuxarıda qeyd olunan plastik kartına 350 manat pulun köçürülməsini təmin etməklə ümumilikdə Zərərçəkmiş şəxs2 5100 manat pulunu vahid niyyətini əhatə edən qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs2 5100 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək faktiki olaraq heç bir səlahiyyəti olmadığı halda ünvan 1 ünvanında inşa edilmiş yeni tikili binadan Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun xətti ilə güzəştli şərtlərlə mənzil alınmasında köməklik edəcəyinə dair Zərərçəkmiş şəxs1 yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan sonuncunun 2020-ci ilin avqust ayının ortalarında ünvan 1 ünvanında 500 manat, 08 sentyabr 2020-ci il tarixdə isə Bakı şəhəri, Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində yerləşən adsız kafedə 1500 manat olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 manat pulunu vahid niyyətini əhatə edən qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun İpoteka və Kredit Zəmanəti Fondunda işləyən heç bir tanışı yoxdur, sadəcə olaraq internet vasitəsilə müəyyən etmişdir ki, həmin fond vasitəsilə qalmaq şərtilə kirayə mənzillərin verilməsindən xəbər tutmuş, həmin vaxtlarda «Topaz» mərc oyunlarına pul yatırdığı üçün asan yolla pul qazanmaq məqsədilə ona müraciət edən şəxslərə fond vasitəsilə qalmaq şərtilə mənzil satacağını demişdir. Həmçinin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Romance Palace» şadlıq evi ilə üzbəüz yeni tikili binaya gedərək orada kamendantla danışaraq mənzil satışı ilə məşğul olması barədə yalan məlumat verərək onu inandırmışdır ki, müştəri göndərəcək həmin müştərilər gəlib mənzilə baxandan sonra satışını həyata keçirəcəkdir. Komendantı inandırandan sonra ona müraciət edən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 pul alaraq həmin binadan İpoteka və Kredit Zəmanəti fondunun xətti ilə mənzil satacağını deyərək pullarını alıb ələ keçirmişdir, Zərərçəkmiş şəxs2 3500 manat pul almış, həmin pulun 3000 manatını əlbəəl alaraq götürmüş, qalan 500 manat pulu isə ödəmə terminalı vasitəsilə əmisi oğlu Şahid1 bank kartına göndərmişlər, Elvində həmin pulu çıxarıb ona vermişdir. Şahid1 həmin pulun hansı səbəbdən onun bank kartına göndərilməsindən xəbəri olmamışdır. Bundan başqa eyni üsulla Zərərçəkmiş şəxs1 də 2000 manat pul götürmüş, həmin pulların hamısını «Topaz» mərc oyunlarına qoyaraq orada uduzmuşdur. Sonradan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 telefon zənglərinə cavab verməyərək gizlənmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında rəfiqəsi X1 demişdir ki, tanışı vardır, həmin şəxsin adı Təqsirləndirilən şəxsdur, İpoteka və Kredit Zəmanəti Fondunda işləyir, Təqsirləndirilən şəxs vasitəsilə qalmaq şərtilə kirayə mənzil götürülməsi mümkündür. Bundan sonra Vüsalə onlara Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrini vermiş, əri Etibar öz istifadəsində olan mobil telefonu ilə Aslanla danışmış, Aslan bir daha Vüsalənin dediklərini təsdiq edərək bu layihənin dövlət tərəfindən kirayə qalan şəxslərə köməklik məqsədilə həyata keçirildiyini və sonradan mənzilin həmin şəxsə qalacağını bildirmişdir. Bundan sonra 24 avqust 2020-ci il tarixdə yenidən Təqsirləndirilən şəxslə əlaqə saxlanıldıqda iki və ya üç otaqlı mənzil istədiklərini bildirmişlər. Aslan da onlara demişdir ki, mənzilə baxandan sonra qiyməti deyəcəkdir və onları Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Romance Palace» yaşayış kompleksinə göndərmiş və demişdir ki, oraya gedib oranın komendantı Mikayıl adlı şəxslə görüşsünlər və Mikayıl onlara mənzilləri göstərsin. Bundan sonra onlar həmin yerə getmişlər və özünü Mikayıl kimi təqdim edən şəxslə görüşmüşlər. Mikayıla Təqsirləndirilən şəxs onları göndərdiyini bildirmişlər, Mikayılda Aslanı tanıdığını və yaxşı insan olduğunu bildirmiş və onlara demişdir ki, binada cəmi 3 ədəd 2 otaqlı mənzil boş vardır, həmin mənzillərdən biri ikinci mərtəbədə, biri yeddinci mərtəbədə digəri isə on üçüncü mərtəbədədir. Əri Etibarın da yüksəklik qorxusu olduğu üçün onlar razılaşmışlar ki, ikinci mərtəbədəki mənzili götürsünlər. Bundan sonra onlar mənzilə baxmışlar, mənzil ümumilikdə 88 kvadrat metr ölçüdə və orta təmirli vəziyyətdə olmuşdur, mənzilə baxandan sonra Mikayıla mənzili necə alacaqları barədə məlumat vermişlər, yəni Aslanın telefonda onlara dediyi qaydanı deyəndə Mikayıl da Aslanın dediklərini bir daha təsdiq edərək mənzilin müəyyən məbləğdə ilkin ödəniş etmək şərtilə aylıq ödənişlər etdikdən sonra alıcıya qalacağını təsdiq etmiş və bu işin İpoteka və Kredit Zəmanəti fondunun xətti ilə həll olunacağını bildirmişdir. Bundan sonra Aslanla əlaqə saxlayıb görüşmək istədiklərini dedikdə onları Nərimanov metrostansiyasının yaxınlığında yerləşən «Mado» kafesinə dəvət etmiş, o rəfiqəsi Vüsalə və əri Etibar həmin yerə getmişlər. Orada Aslanla görüşmüşlər, binanın ikinci mərtəbəsində yerləşən 88 kvadrat metr ölçüdə iki otaqlı mənzili bəyəndiklərini demişlər. Həmin vaxt Aslan o binada mənzilin hər kvadrat metrinin 1200 manatdan olduğunu, ümumilikdə 106000 manat təşkil etdiyini, ilkin ödəniş olaraq 5000 manat pul verməli olduqlarını, aylıq iyirmi beş il müddətinə 419 manatdan ödədikdən sonra mənzilin onlara qalacağını bildirmişdir. Həmin vaxt həmçinin Aslan demişdir ki, mənzili götürmək üçün rəsmi iş yeri olmalıdır və banklarda kredit gecikməsi olmamannldır. O da rəsmi qaydada işlədiyi üçün və rəsmi olaraq 600 manat əmək haqqı aldığından qərara gəlmişlər ki, mənzil onun adına rəsmiləşdirilsin. Bundan sonra onlar orada söhbət zamanı Aslana 500 manat beh vermək istəsələr də Aslan razılaşmamış və minimum 1000 manat beh vermək lazım olduğunu bildirmiş və onlara demişdir ki, şəxsiyyət vəsiqəsi, nikah haqqında və doğum haqqında şəhadətnamələr, əmək haqqı kartı, iş yerindən arayışı verməlidirlər, həmçinin sənədləri verəndə əlavə də 1000 manat ödəniş etmək lazımdır. Bundan sonra onlar ilkin olaraq 1000 manat behi Aslana vermişlər. Səhəri gün dediyi sənədləri hazırlayandan sonra bütün sənədlərin şəkillərini VVhatsapp proqramı vasitəsilə Aslana atmışdır. 26 avqust 2020-ci il tarixdə Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən Asan Xidmət mərkəzinin qarşısında Aslanla görüşmüşlər və əlavə 1000 manat pulu o cümlədən sənədlərin kserosurətlərini Aslana təqdim etmişlər. Aslan onlardan pulu və sənədləri götürəndən sonra 29 avqust 2020-ci il tarixdə əri Etibara zəng edərək bəs götürdükləri telefon krediti ilə bağlı iki aylıq gecikmə yaranmışdır, bu səbəbdən evin alınmasında müəyyən problemlər yaranmış və həmin məsələni sistemdən sildirmək üçün əlavə olaraq 1800 manat pul verilməlidir. Onlar da məcbur olub razılaşmışlar və həmin gün Abşeron rayonu, Masazır dairəsində yerləşən Araz marketin qarşısında Aslanla görüşərək 1800 manat pulu Aslana vermişlər. Aslan onlardan pulu götürəndən sonra heç bir problem olmayacağını bildirmiş və çıxıb getmişdir. 02 sentyabr 2020-ci il tarixdə əlavə olaraq 800 manat da pul istəmiş, onlarda həmin pulu Sumqayıt şəhərindən taksi ilə Aslana göndərmişlər və təxminən bir saat sonra Aslan onlarla əlaqə saxlayaraq pulu götürdüyünü bildirmiş və demişdir ki, artıq ev məsələsi alınır. Buna görə də bir neçə mebel ustası və pərdə tül ustası bir neçə dəfə götürüb həmin mənzilə getmişlər və Mikayıldan mənzilin açarını götürüb ölçü götürmüşlər. 06 sentyabr 2020-ci il tarixdə Aslan yenidən əri Etibarla danışaraq əlavə olaraq 500 manat da pul lazım olduğunu və həmin pulu əmisi oğlu Şahid1 adına olan "xxxx" kartına göndərmək lazım olduğunu bildirmiş və demişdir ki, 09 sentyabr 2020-ci il tarixdə səhər saatlarında saat 10 radələrində İpoteka və Kredit Zəmanəti fondunun qarşısında görüşərək sənədləşmə işini tamamlasınlar. Onlar da Aslana inanıb 500 manat pulu Sumqayıt şəhəri, 6 mikrorayonda yerləşən mağazanın daxilində olan aparat vasitəsilə Aslanın göndərdiyi karta qoymuşlar və sonra Aslan həmin pulunda ona çatdığını bildirmişdir. Bundan sonra 09 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində onlar Bakı şəhərinə gəlib İpoteka və Kredit Zəmanəti fondunun qarşısında Aslanı nə qədər gözləsələr də, Aslan gəlib çıxmamış və onunla əlaqə saxlamaq istəsələrdə mümkün olmamışdır. Bundan sonra onlar 102-yə zəng etdikdən sonra onlarla İpoteka və Kredit Zəmanəti Fondundan əlaqə saxlamışlar və həmin fondda Aslan adlı şəxsin işləmədiyini, onların sənədlərinin fonda təqdim olunmadığını bildirmişlər. Bundan sonra Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinə ərizə ilə müraciət etmişlər. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayından tanıyır, əvvəllər heç bir tanışlığı olmamışdır. Bakı şəhərində özü üçün ev almaq istəmiş, lakin maddi imkanı yaxşı olmadığı üçün ev ala bilməmişdir. 2020-ci ilin avqust ayında tanışlarından bir nəfər ona demişdir ki, Təqsirləndirilən şəxs vardır, Aslan qalmaq şərtilə İpoteka və Kredit Zəmanəti fondu tərəfindən təşkil edilən kirayə evlərin satışı ilə məşğul olur və ucuz qiymətə mənzillər satır. O da ev almaq istədiyi üçün Təqsirləndirilən şəxs hazırda yadında olmayan nömrəsini götürmüş və danışandan sonra onlar görüşmüşlər. Həmin vaxt Aslan ona demişdir ki, ilkin olaraq 5000 manat ödəniş etmək şərtilə onun üçün 3 otaqlı Qara Qarayev metrostansiyasının yaxınlığında «Romance Palace» şadlıq evi ilə üzbəüz binalardan mənzil təşkil edə bilər. Həmçinin ona Aslan demişdir ki, pulun 2000 manatını əvvəlcədən verəcək, qalan 3000 manat pulu isə sənədləşmə düzəlib hazır olandan sonra ona verəcəkdir. Onu da Aslanın təklifi qane etdiyi üçün mənzillərə baxmaq istədiyini bildirmiş, Aslanda ona etiraz etməyərək, razılaşmışdır ki, əgər mənzilə baxanda xoşuna gəlsə beh olaraq 500 manat pul verəcək. Bundan sonra 2020-ci ilin avqust ayının ortalarında arvadı Səlimə və baldızı Samirə ilə birlikdə həmin yerə getmişlər. Aslan orada binanın komendantını çağırmış, iki nəfər şəxs gəlmiş, həmin şəxslərdən biri təxminən 50 yaşlarında ağ saqqallı olan əlində binanın mənzillərinin açarı olmuşdur. Onlar mənzilə baxmışlar, mənzilin orta təmirli olduğu xoşuna gəlmiş, həmin mənzili almaq istədiyindən baxandan sonra elə binanın qarşısında bisetkada əyləşərək Aslanla ətraflı söhbət edib 500 manat pulu ona beh olaraq vermiş, həmin vaxt kənardan arvadı onları telefon vasitəsilə videoçəkiliş etmişdir. Aslanla danışmışlar ki, 1500 manat pulu da düzəldib Aslana verəcək, Aslanda da mənzilin bütün sənədləşmə işini həll edəndən sonra qalan 3000 manat pulu da verəcək. O Şirvan şəhərində evdə olan zaman Aslan onunla əlaqə saxlamış və işi tezləşdirmək üçün ailə üzvlərinin şəxsiyyət vəsiqələrini, o cümlədən nikah şəhadətnaməsini Vvhatsapp proqramı vasitəsilə atmağını bildirmiş, o da bütün ailə üzvlərinin o cümlədən nikah şəhadətnaməsinin şəklini ona göndərmiş, həmçinin Aslan ona demişdir ki, qalan 1500 manat pulu da tez düzəldib ona versin ki, sənədləşmə təxminən 10 gün müddətində başa çatsın. O da razılaşmış və 1500 manat pulu da düzəldib 2020-ci ilin sentyabr ayının 8-də Bakı şəhərinə gəlmiş, Aslanla telefonla danışaraq Nərimanov rayonu ərazisində Korporasiya Universiteti və Cıdır Düzünün yerləşdiyi küçədə yerləşən çayxanada görüşmüşlər, Aslan ona bir daha demişdir ki, 2020-ci ilin sentyabr ayının 18-20 aralığında onu çağıracaq Bakı şəhərinə və sənədləşmə işi tamamlanacaq. O da əlavə 3000 manat pul verəcək, bundan sonra Aslanın özünün razılığı əsasında mobil telefonu vasitəsilə video çəkiliş etmiş və çəkiliş zamanı Aslana verməli olduğu 1500 manat pulu da ona vermişdir. Həmçinin o, Aslanın şəxsiyyətini dəqiqləşdirmək üçün şəxsiyyət vəsiqəsini də istəmiş, həmin görüntü zamanı şəxsiyyət vəsiqəsini də çəkmişdir. Aslandan ayrılandan sonra təxminən 18-20 sentyabr 2020-ci il tarixdə Aslanla nə qədər əlaqə saxlamaq istəsə də onun telefonuna zəng çatmamış, bundan sonra ümumiyyətlə onunla əlaqə kəsilmiş və Aslanın onu aldatdığına əmin olmuşdur. Belə olan halda qeyri rəsmi olaraq Asan xidmətə getmiş, çünki Aslan ona demişdir ki, bütün sənədləşmə işləri orada olacaqdır, lakin Aslanı orada da tanıyan olmamışdır. Sonradan isə ona məlum olmuşdur ki, İpoteka və Kredit Zəmanəti Fondu özü Təqsirləndirilən şəxs və qeyrilərinin onun kimi vətəndaşları aldadıb guya mənzil satacağını deyərək pullarını alması ilə bağlı müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, əvvəllər 2019-cu ilin aprel və ya may ayından 2020-ci ilin sentyabr ayının 09-dək Nizami rayonu, Mehdi Abbasov küçəsində «Romance Palace» şadlıq evi ilə üzbəüz İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən inşa edilən mənzillərdə usta və nəzarətçi kimi işləmişdir. Orada yerləşən mənzillərin açarları onda və bir də başqa iş icraçısında olmuşdur. Bu səbəbdən fond tərəfindən onlara qeyri rəsmi olaraq deyilmişdir ki, mənzili almaq üçün müraciət edən müştərilərə mənzillərin qapısını açaraq göstərsinlər, digər işlərə qarışmasınlar. Bu səbəbdən gələn müştəri onlara yaxınlaşmış və binadan mənzil almaq istədiyini deyəndə onlar müştəriyə mənzilin qapısını açıb göstərmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi binaya gələrək demişdir ki, İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən inşa edilən mənzillərin satışı ilə məşğul olur, həmçinin demişdir ki, müştəriləri vardır, müştəri göndərəndə ona məlumat verəcək və müştəriyə mənzilləri göstərsin. Onsuzda onlar istənilən müştəriyə mənzillərin qapısını açıb göstərdikləri üçün razılaşmışlar, amma bunun müqabilində Aslan ona hər hansı bir məbləğdə pul verəcəyinə dair bir söz deməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs onun istifadəsində olan yuxarıda qeyd etdiyi nömrələrdən birinə bir neçə dəfə zəng vuraraq mənzilə baxmaq üçün müştəri göndərdiyini bildirmiş, o da heç bir etiraz etmədən razılaşmışdır. Həmin şəxslərdən biri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olmuşdur. Mənzilin qapısını açaraq göstərmiş, mənzilə sadəcə olaraq baxmışlar, başqa heç bir söhbət etməmişlər, onların mənzili hansı şərtlərlə almasından onun xəbəri olmamışdır. Ümumiyyətlə götürəndə onlar mənzilə baxıb bəyənəndən sonra İpoteka və Kredit Zəmanəti fondu ilə əlaqə saxlayıb danışmalıdır və bütün digər məsələləri onlarla danışmalıdır, bu səbəbdən heç kimə heç bir söz deməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona mənzili hansı şərtlərlə Zərərçəkmiş şəxs2 və ya Zərərçəkmiş şəxs1 satması barədə heç bir söz deməmişdir. 09 sentyabr 2020-ci il tarixdə Aslana pul verən şəxslər fonda şikayət etdikləri üçün onu işdən azad etmişlər, ancaq onun Aslanın hərəkətlərindən xəbəri olmamışdır, Aslan ona heç bir məbləğdə pul verməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin, Bakı şəhəri Suraxanı RPİ-nin xx.xx.2022-ci il tarixli, 097-10371-1222 nömrəli məktubundan görünür ki, Şahid3 məhkəməyə məcburi gətirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid3 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 184-cü vərəqində olan xx.xx.2020-ci il tarixli, əməliyyat nömrəsi **********, qəbz nömrəsi 10488, terminal nömrəsi 108 olan ödəmə qəbzindən görünür ki, Şahid1 "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki ******************** nömrəli hesabına ünvan 8 ünvanında yerləşən «Kristal Supermarket» mağazasına quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə 06 sentyabr 2020-ci il tarixdə saat 21:21:12 dəqiqədə 150 manat göndərilmiş, əməliyyat nömrəsi **********, qəbz nömrəsi 144635, terminal nömrəsi 1123 olan ödəmə qəbzindən görünür ki, Şahid1 "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki ******************** nömrəli hesabına Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən «Elmar Market-2» mağazasına quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə 06 sentyabr 2020-ci il tarixdə saat 21:28:22 dəqiqədə 350 manat göndərilmişdir. Cinayət işinin 195-198-ci vərəqələrində olan “Hadisə yerinə baxış haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən “Dənizçi” restoranı ilə üzbəüz “ATF” adlanan əmlak ofisi yerləşir. Baxış zamanı iştirak etmiş Şahid1 bildirdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 21:30 radələrində ona məxsus kapital bank tərəfindən verilmiş karta Zərərçəkmiş şəxs2 tərəfindən göndərilmiş 500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Cinayət işinin 242-ci vərəqində olan “Kompakt diskə baxış keçirilməsi haqqında” 15 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmiş CD-yə baxış keçirilmişdir. Baxış keçirilməsi üçün CD xidməti istifadədə olan «HP» markalı kompüterin disk qəbul edicisinə yerləşdirildi. CD-yə baxış zamanı içərisində 3 ədəd videogörüntü faylı olduğu müəyyən olundu. Birinci «İMG 3669» adlı görüntü faylında artıq şəxsiyyəti istintaqla müəyyən edilmiş Təqsirləndirilən şəxs 15 ədəd 100 manatlıq pul əskinaslarından ibarət 1500 manat pulu sayaraq götürür, ümumilikdə 2000 manat pul götürdüyünü, qalan 3000 manat pulu isə 18 sentyabr tarixində sənədlər təqdim olunan zaman götürəcəyini bildirir. İkinci «İMG 3670» adlı görüntü faylında Zərərçəkmiş şəxs1 5 ədəd 100 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 500 manat pulu sayaraq Təqsirləndirilən şəxs təhvil verir, Təqsirləndirilən şəxs pulu götürərək narahatçılıq üçün heç bir əsas olmadığını bildirir. Üçüncü «İMG 3671» adlı videofayla baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 08 sentyabr tarixində ümumilikdə 2000 manat pulu götürdüyünü, 18 sentyabrda güşətli şərtlərlə kirayə evin sənədlərini təqdim edəcəyini, bu zaman qalan 3000 manatı da götürəcəyini bildirir, həmçinin mənzilin qaz, işıq su problemlərini də həll etməyi öz öhdəsinə götürür, qalan bütün proseslərin sosialda hansı qayda nəzərdə tutulubsa həmin qaydada davam edəcəyini bildirir. Görüntünün son saniyələrində masanın üzərində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi görünür. Cinayət işinin 248-255-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-313/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş və ödənilməmiş 1.100 manat cərimə cəzası ilə birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1.100 manat cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 1.100 manat cərimə cəzasının müstəqil icra edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının 24 fevral 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsilri bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 1.100 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Tovuz rayon İcra və Probasiya Şöbəsinin 06 mart 2023-cü il tarixli, CB/212/2023 nömrəli məktubundan görünür ki, 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs şəxsi işi xx.xx.2021-ci il tarixdə aidiyyəti üzrə Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisənə göndərildiyi üçün Tovuz rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Qeydiyyatda olduğu dövrdə cərimə cəzasından heç bir ödəniş etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən ödənilməmiş 1.100 manat cərimə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tamamilə birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1.100 (bir min yüz) manat cərimə cəzasının təyin edilməsi hökm edilmişdir. Tovuz rayon İcra və Probasiya Şöbəsinin 06 mart 2023-cü il tarixli məktubundan isə aydın olur ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu dövrdə cərimə cəzasından heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilsə də, həmin hökmlə təyin edilmiş əlavə cəzanı çəkib qurtarmamışdır. Belə olan təqdirdə Təqsirləndirilən şəxs çəkilməmiş əlavə cəzası olduğundan hazırki cinayət işi üzrə əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.4 və 66.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-313/2021 nömrəli hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən, 1100 (bir min yüz) manat cərimə cəzası isə tam toplanılmaqla qəti cəza təyin edilməli (CM-66.4, 66.5), Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilməli, cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), onun hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-313/2021 nömrəli hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 1.100 (bir min yüz) manat cərimə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən, cərimə cəzası ilə tam toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1.100 (bir min yüz) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin əvvəli 24 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-21/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-21/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver