Məhkəmə qərarları › İş №1(005)-21/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-21/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-21/2024 31.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə, saat 19:45-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-yə məxsus «BMC PROCİTY» markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində sağdan ikinci hərəkət zolağı ilə saatda 72 kilometr sürətlə 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə hadisənin qarşısım almağa texniki imkanı olduğu halda buna əməl etməyərək, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 2096 ünvanında yerləşən «Tosoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığında yolun sağından soluna doğru keçən xx.xx.2003-cü il təvəllüdlü piyada X3 avtobusun qabaq hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan Seyfəddin Mustafazadənin komatoz vəziyyətlə müşayiət olunan açıq kəllə-beyin travması, kəllə tağı və əsası sümüklərinin açıq sınıqları, baş beyin və qişalarına qansızma, ənsə nahiyəsinin əzilmiş cırılmış yarası, hər iki tərəfli hemopnevmotoraksla müşayiət olunan sağ və sol tərəfli qabırğaların çoxsaylı sınıqları, ağciyərlərin cırılmış yaraları, sol gicgah nahiyəsinin, sol bazunun, döş qəfəsinin arxa səthinin, sol aşıq - baldır oynağının sıyrılmış yaraları ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq komatoz vəziyyətlə müşayiət olunan kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının ağır dərəcəli əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma səbəbindən 11 noyabr 2022-ci il tarixdə saat 05:00-da ünvan 3 ünvanında yerləşən X16 ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 10 noyabr 2022-ci il tarixdə saat 19:40 radələrində «Koroğlu» metrostansiyası yaxınlığında yerləşən sonuncu dayanacaqdan idarə etdiyi "xxxx" MMC-yə məxsus ** JU *** dövlət qeydiyyat nişanlı «BMC PROCİTY» markalı avtobusa əyləşib hərəkətə başlamışdır. Saat 19:45 radələrində Ziyadov Bünyadov prospektində 6 zolaqlı yolun sağ tərəfdən ikinci zolağı ilə 20 Yanvar dairəsi istiqamətində saatda 60-70 kilometr sürətlə hərəkətdə olan zaman həmin prospektdə yerləşən «Tosoil» yanacaqdoldurma məntəqəsinə təxminən 20 metr məsafə qalmış sağ tərəfdən markasını dəqiq bilmədiyi avtomobilin hərəkət etdiyini görmüşdür. Həmin avtomobil ötmə əməliyyatını icra etdikdən sonra yolun sağ tərəfindən sol tərəfinə doğru qaçaraq yolu keçmək istəyən şəxsi görmüş və həmin an avtobusu tormozlayaraq sola tərəf çəkmişdir. Onu da qeyd etmək istəyir ki, avtobuslar üçün ayrılmış zolağı əsas yoldan ayıran qırıq-qırıq xəttə çatan piyada, qəflətən hərəkət tempini tam dəyişərək, iti qaçışla prospektin əsas hərəkət hissəsinə daxil olmuş və yolu avtobusun hərəkəti istiqamətdə sağdan sola qətt etməyə başlamışdır. Lakin buna baxmayaraq həmin piyadanı yolun sağ tərəfdən ikinci cərgəsi ilə üçüncü cərgəsinin birləşdiyi yerdə idarə etdiyi avtobusun ön hissəsi ilə vurmuşdur. Hadisədən sonra avtobusu saxlayıb düşərək xəsarət alan şəxsə yaxınlaşmışdır. Bir qədər sonra hadisə yerinə yol-patrul xidməti əməkdaşları yaxınlaşmışdır. Təcili tibbi yardım xidməti ilə əlaqə saxlaya bilmədiyi üçün hadisə yerində olan tanımadığı taksi sürücüsündən xəsarət alan şəxsi xəstəxanaya çatdırmasını xahiş etmişdir. Ətrafdakıların köməkliyi ilə xəsarət alan şəxsi həmin taksiyə yerləşdirib X19 yola salmışdır. Bundan sonra "xxxx" MMC-dən nümayəndələr gələrək avtobusu polislərin icazəsi ilə götürüb duracağa yerləşdirmişlər. 10 noyabr 2022-ci il tarixdə saat 20:30 radələrində X19 getmiş və həmin piyadanın X5 olduğunu öyrənmişdir. 11 noyabr 2022-ci il tarixdə saat 06:00 radələrində həmin piyadanın almış olduğu xəsarətlərdən X16 öldüyünü öyrənmişdir. Sonda Təqsirləndirilən şəxs, barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən zərəçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, 10 noyabr 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq ölmüş X5 onun övladıdır. 10 noyabr 2022-ci il tarixdə saat təxminən 23:30 radələrində qaynı X7 ona zəng vuraraq oğlu Seyfəddin Mustafazadəni avtobus vurduğunu və X17 reanimasiya şöbəsinə yerləşdirildiyini bildirmişdir. Dərhal evdən çıxıb xəstəxanaya getmiş və xəstəxanada qaynı Ağakərimin deməsinə görə oğlu X15 prospektində avtobusun vurduğunu öyrənmişdir. 11 noyabr 2022-ci il saat 03:00 radələrinə qədər xəstəxanada qaldıqdan sonra evə getmişdir. 11 noyabr 2022-ci il tarixdə saat 05:00 radələrində qaynı Ağakərim ona zəng vuraraq oğlunun öldüyünü bildirmişdir. Bununla əlaqədar dərhal arvadı ilə birlikdə xəstəxanaya getmişdir. Məhkəmə-tibbi ekspertiza müayinəsindən sonra meyiti qəbul edib həmin gün Saray qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Sonda zərəçəkmiş şəxsin hüquqi varisi X6 Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Cinayət işinin 6-11-ci vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2096-cı məhəllə, “Tosoil” yanacaq doldurma məntəqəsinin yaxınlığıdır. Yol işlək hissəsi – düz, yolun örtüyünün növü – asvalt beton, yolun örtüyünün vəziyyəti – quru, yolun örtüyünün hər iki istiqamət üçün eni – 50 metr, işlək hissəsinin eni – 41 metr, ehtiyyat hissəsinin eni – 8 metr, ayrıcı zolağın eni – 1 metr, hərəkət zolaqlarının sayı -12. Cinayət işinin 12-14-cü vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, avtobus sərnişindaşıma üçün nəzərdə tutulmuş, Türkiyə Respublikasının BMC Otomativ Sənaye Ticarət» şirkəti tərəfindən istehsal olunmuş «BMC PROCİTY» markalı ** JU *** dövlət qeydiyyat nişanlı, qırmızı rənglidir. Avtobusun uzunluğu 12 metrdir. Qapıları avtomatik açılıb-bağlanma mexanizminə malikdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusun qabaq alın şüşəsi zədələnmişdir. Avtobusun kuzovu üzərində adi gözlə görünən digər hər hansı zədə yoxdur. Avtobusun sükan, əyləc, sürət qutusu və işıqlandırma sistemi tamamilə saz və işlək vəziyyətdədir. Cinayət işinin 17-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ QİŞ tərəfindən xx.xx.2015-ci il tarixdə Təqsirləndirilən şəxs «BCED» kateqoriyalı AD 117373 seriya nömrəli sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2025-ci il tarixədək aktivdir. Cinayət işinin 23-24-cü vərəqələrində olan “Meyitə baxış keçirilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, X1 meyiti təşrih masası üzərinə uzadılmışdır. Meyit paltarsızdır. Meyitin boyunun uzunluğu 178 santimetrdir, düzgün bədən quruluşlu, kafi qidalıdır. Meyitin bədən səthi solğundur, əllədikdə soyuqdur. Meyit qacıması müayinə olunan bütün əzələ qruplarında zəif inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa və yan səthlərində yerləşməklə, solğun qırmızımtıl rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir, 40-50 saniyəyə öz əvvəlki rənginə bərpa olunur. Başın tükləri qara rəngdə olub, qanla bulaşmışdır, uzunluqları 3-4 santimetrə qədərdir. Gözləri qapalıdır, bəbəkləri dairəvi formada olub, bir-birinə bərabərdirlər, diametrləri 0,5 santimetrdir. Burun və qulaq keçəcəkləri sərbəstdir, qanlı ifrazatlıdır. Üz skelet sümüklərini əllə yoxladıqda tamdırlar. Ağzı qapalıdır, dişləri təbiidir, tamdır, zədəsizdir. Boynu bədənə müvafiq olub, hərəkətlidir. Döş qəfəsi silindrik formalı olub, simmetrikdir. Qarnı qabırğa qövsü səviyyəsində yerləşmişdir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf edib, kişi tiplidir, zədə və xəstəlik əlamətləri yoxdur. Arxa keçəcək qapalıdır, ətraf dərisi təmiz və dəyişiksizdir. Meyitin xarici müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: Ənsə nahiyəsində kənarları nahamar 3x1,5 santimetr ölçüdə mənfəzində sınmış sümük fraqmentləri və beyin toxumasının görünən əzilmiş-cırılmış yara və gicgah nahiyəsində 4x2 santimer, 4,5x1,5 santimetr, sol bazunun yuxarı səthinin arxa səthində 2x1 santimetr, döş qəfəsinin arxa səthinin sol 3,5x1,5 santimetr, sol aşıq-baldır oynağının bayır səthində 2x0,5 ölçülərdə qırmızımtıl rəngli sıyrılmış yaralar. Meyitin xarici müayinəsi zamanı bədən səthində başqa xəsarətlər aşkar edilmədi. Cinayət işinin 47-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X20 tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli 137 nömrəli rəydən görünür ki, 2003-cü il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- komatoz vəziyyətlə müşayiət olunan açıq kəllə-beyin travması, kəllə tağı və əsası sümüklərinin açıq sınıqları, baş beyin və qişalarına qansızma, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, hər iki tərəfli hemopnevmotoraksla müşayiət olunan sağ və sol tərəfli qabırğaların çoxsaylı sınıqları, ağciyərlərin cırılmış yaraları, sol gicgah nahiyəsinin, sol bazunun, döş qəfəsinin arxa səthinin, sol aşıq-baldır oynağının sıyrılmış yaraları həyati olub, xəstəxanaya daxil olmazdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, göstərilən şəraitdə və müddətdə, xx.xx.2022-ci il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi zamanı avtomobilin qabarıq hissələrinin (qabaq ön) şəxsin şaquli vəziyyətdə bədənin arxa nahiyəsindən vurması nəticəsində əmələ gələ bilərdi, ilkin zərbə başın sol ənsə nahiyəsindən və döş qəfəsinin arxa səthindən olmuşdur, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. X1 ölümünə səbəb komatoz vəziyyətlə müşayiət olunan kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının ağır dərəcəli əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma olmuşdur. Ölüm xəstəxanada xx.xx.2022-ci il tarixdə saat 05:00-da baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. X1 bədən səthində sürünməyə xarakterik əlamətlər aşkar edilmədi. X1 meyitindən götürülmüş qanda məhkəmə - kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 57-ci vərəqində olan “Diskə baxış keçirilməsi barədə” 01 dekabr 2022ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X12, tərəfindən ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan, Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinə əsasən və göstərilən maddənin tələblərinə riayət etməklə cinayət işinə əlavə edilmiş CD diskin baxışını apararaq göstərilən protokolu tərtib edilmişdir. Tərəfindən Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə istintaqı ********* nömrəli cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə 1 ədəd diskin yerləşdirildiyi qablaşdırmanı sökərək baxışını aparmağa başlamışdır. Həmin disk dairəvi formasında olmaqla "Grundig" markalı komputerdə baxılarkən diskin yaddaşında 1 ədəd qovluq və qovluğun içərisində 8 ədəd fayl vardır. CH07-20221110-194000-195500, CH03-20221110-194000-195500 adlı fayllara baxan zaman hadisənin baş verdiyi vaxt avtobusun içərisində 14 sərnişin olması müəyyən edilmişdir. Həmçinin CH01-20221110-194000-195500 adlı fayla baxış zamanı saat 19:47-də piyadanın vurulması müəyyən edilmişdir. Cinayət işinin 59-cu vərəqində olan “Diskə baxış keçirilməsi barədə” 04 dekabr 2022ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X12, tərəfindən ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan, Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinə əsasən və göstərilən maddənin tələblərinə riayət etməklə cinayət işinə əlavə edilmiş CD diskin baxışını apararaq göstərilən protokolu tərtib etmişdir. Tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə 1 ədəd diskin yerləşdirildiyi qablaşdırmanı sökərək baxışını aparmağa başlamışdır. Həmin disk dairəvi formasında olmaqla "Grundig" markalı komputerdə baxılarkən diskin yaddaşında 3 ədəd fayl olması müəyyən edilmişdir. Həmin fayllar açılıb içərisinə baxış keçirilmiş və baxış zamanı 05 dəqiqə 25-ci saniyədə şəxsin yolun hərəkət hissəsinin sağ tərəfindən sol tərəfinə doğru hərəkətə başlayaraq tədricən yeriş surətini artıraraq qaçdığını və 4 saniyə sonra yəni 05 dəqiqə 29-cu saniyədə nöqtəsinə çatdığı və "xxxx" MMC-yə məxsus avtobus tərəfindən vururlduğu aşkar olunmuşdur. Cinayət işinin 60-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 82-84-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli 8/178 nömrəli rəydən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən «BMC PROCİTY» markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 114-115-ci vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirnin seçilməsi haqqında” 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 118-119-cu vərəqələrində olan “Videogörüntünün əks olunduğu DVDyə baxış keçirilməsi haqqında” 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin istintaq şöbəsinin müstəntiqi X12, xidməti iş otağında Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə baş vermiş yol-nəqliyyat hadisəsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi hissələri idarəetmə xidmətinin xx.xx.2022-ci il tarixli 003-21068-1222 nömrəli məktubu ilə istintaqa təqdim olunmuş Təhlükəsiz şəhər xidmətinin TŞ 9-033 nömrəli kameraları vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 19:40-dan 19:55-dək olan müddət ərzində qeydə alınmış videogörüntülərin əks olunduğu DVD-R formatlı 1 (bir) ədəd diski «HP» markalı kompüterin disk yuvasına daxil etməklə diskdə mövcud olan videogörüntüyə monitorda baxış keçirmişdir. Müəyyən edildi: Baxış zamanı həmin diskdə 10 noyabr 2022-ci il tarixdə, saat 19:45-də Təqsirləndirilən şəxs idarə etdiyi "xxxx" MMC-yə məxsus BMC PROCİTY» markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə «20 Yanvar» dairəsi istiqamətində hərəkətdə olan zaman həmin prospektdə 2096 ünvanında yerləşən "Tosoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yolun sağından doğru keçən piyada X3 idarə etdiyi avtobusun qabaq hissəsi ilə vurması nəticəsində sonuncunun müxtəlif xəsarətlər alaraq 11 noyabr 2022-ci il tarixdə ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsini özündə əks etdirən videogörüntülərin olması müəyyən edildi. Cinayət işinin 129-134-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli, 8/719-4/399 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş «TŞ9-033 3_Sabunçu və Nərimanov- 2022-11-10_19h40min00s000m» və «CH01-20221110-194000-195500» adlı videoyazılara görə piyada X2 hərəkət hissəsinin kənarında dayandığı yerdən hərəkətə başladığı andan «BMC PROCİTY» markalı avtobus tərəfindən vurulma anına kimi t=4,040 saniyə vaxt keçmişdir. Tədqiqata təqdim olunmuş «TŞ9-033 3_Sabunçu və Nərimanov- 2022-11-10_ 19h40min00s000m» və «CH01-20221110-194000-195500» adlı videoyazılara görə tədqiqi hissədə göstərilmiş məsafədə «BMC PROCİTY» markalı avtobusun orta sürəti V = 72 km/saat olmuşdur. «BMC PROCİTY» markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 146-cı vərəqində olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 150-157-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 02 may 2023-cü il tarixli qərardan görünür ki, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən baş vermiş yol-nəqliyyat hadisəsinə dair "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Ç-DO/2352 nömrəli məktubu ilə istintaqa təqdim olunmuş videogörüntülərin əks olunduğu DVD-R formatlı 1 (bir) ədəd diskin maddi sübut hesab edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi hissələri İdarəetmə xidmətinin xx.xx.2022-ci il tarixli 003-21068-1222 nömrəli məktubu ilə istintaqa təqdim olunmuş Təhlükəsiz şəhər xidmətinin TŞ 9-033 nömrəli kameraları vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 19:40-dan 19:55-dək olan müddət ərzində qeydə alınmış videogörüntülərin əks olunduğu DVD-R formatlı 1 (bir) ədəd diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş X4 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərzəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarı heç bir şikyət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 sentyabr 2023-cü il tarixli, 8/2415-4/1366 nömrəli ekspert rəyindən görünür ki, obyektin sürücünün görünüş sahəsinə düşməsi və təhlükə anının müəyyən olunması məsələsi videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından piyada X2 yolun hərəkət hissəsinin hansı nöqtəsində sürücü Təqsirləndirilən şəxs görünüş dairəsinə düşməsi və həmin andan piyadanın vurulmasına qədər keçən zamanın müəyyən olunması, müəyyən olunan zamanda piyadanın neçə metr məsafə qət etməsi sualları üzrə tətqiqat aparılmadı. BMC Procity markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, 8/3616-4/1978 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “TŞ9-033 3_Sabunçu və Nərimanov-2022-11-10_19h40min00s000m” və “CH01-20221110-194000-195500” adlı videoyazılara görə piyada X2 hərəkət hissəsinin kənarında dayandığı yerdən hərəkətə başladığı andan “BMC Procity” markalı avtobus tərəfindən vurulma anına kimi t = 4,040 san vaxt keçmişdir. Tədqiqata təqdim olunmuş “TŞ9-033 3_Sabunçu və Nərimanov-2022- 11-10_19h40min00s000m” və “CH01-20221110-194000-195500” adlı videoyazılara görə tədqiqi hissədə göstərilmiş məsafədə “BMC Procity” markalı avtobusun orta sürəti V = 72 km/saat olmuşdur. Videoyazının keyfiyyəti və yazı qurğusunun ayırdetmə qabiliyyəti videoyazıdakı görüntülərə görə piyadanın yolun hərəkət hissəsinə tərəf hərəkətə başladığı anda olduğu yerin real məkanda dəqiq müəyyən olunmasına imkan vermədiyindən piyadanın olduğu yerdən “BMC Procity” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı avtobusla vurulana kimi qət etdiyi məsafəni müəyyən etmək mümkün olmadı. Piyada yolun hərəkət hissəsinə tərəf hərəkətə başlayandan ilk 3 addımı aşağı sürətlə hərəkət edərək daha sonra “BMC Procity” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı avtobusla vurulana kimi daha yüksək sürətlə bərabərsürətli hərəkət etmişdir. Videoyazının keyfiyyəti və yazı qurğusunun ayırdetmə qabiliyyəti real məkanda piyadanın ilk olduğu yerin dəqiq müəyyən olunmasına imkan vermədiyindən piyadanın aşağı və daha yüksək sürətli hərəkətdə olduğu məsafələri müəyyən etmək mümkün olmadı. Obyektin sürücünün görünüş sahəsinə düşməsi və təhlükə anının müəyyən olunması məsələsi videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından piyada Mustafazadə Sədrəddin oğlunun yolun hərəkət hissəsinin hansı nöqtəsində sürücü Təqsirləndirilən şəxs görünüş dairəsinə düşməsi və həmin andan piyadanın vurulmasına qədər keçən zamanın müəyyən olunması, müəyyən olunan zamanda piyadanın neçə metr məsafə qət etməsi sualları üzrə tədqiqat aparılmadı. 1 b.3b. İş materiallarında olan diskdəki videogörüntülərdən belə məlum olur ki, hadisə zamanı yol şəhər elektrik işıqları ilə işıqlandırılmış vəziyyətdə olmuş və yolda hərəkət hissəsinin sağ kənarında dayanmış piyadanın hərəkətə başlamasını BMC Procity markalı avtobusun sürücüsü tərəfindən görünməsini məhdudlaşdıran obyekt olmamış, yəni hərəkət hissəsinin sağ kənarında dayanmış piyadanın yolun soluna doğru hərəkətə başlaması BMC Procity markalı avtobusun sürücüsünün görünüş dairəsində olmuşdur. Piyada hərəkətə başladığı anda sürücü tərəfindən görünməsini məhdudlaşdıran obyekt olmadığından və yəni hərəkət hissəsinin sağ kənarında dayanmış piyadanın yolun soluna doğru hərəkətə başlaması BMC Procity markalı avtobusun sürücüsünün görünüş dairəsində olduğundan sürücünün hərəkəti üçün təhlükənin yaranma anı hərəkət hissəsinin sağ kənarında dayanmış piyadanın yolun soluna doğru hərəkətə başladığı andan yaranmağa xarakteriktir. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən qeyd olunan sual üzrə tədqiqat aparılmır. Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokoldan və iş materiallarından məlum olduğu kimi, hadisə yerində tormoz və təkər izləri qalmadığından və piyadanı vurduqdan sonra BMC Procity markalı avtobusun dayandığı yerin piyadanın vurulma yerinə nəzərən koordinatları təqdim edilmədiyindən BMC Procity markalı avtobusun sürücüsünün təhlükə yarandıqdan sonra tormozdan istifadə edib-etməməsini müəyyən etmək mümkün deyildir. Yuxarıda aparılmış hesabata əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanın vurulma yerindən 75,2 - 80,8 metr aralı məsafədə olmuşdur. 7b,8. BMC Procity markalı, 99JU385 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunmasını, zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan - baş vermiş yol-nəqliyyat hadisəsinə dair "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Ç-DO/2352 nömrəli məktubu ilə istintaqa təqdim olunmuş videogörüntülərin əks olunduğu DVD-R formatlı 1 (bir) ədəd disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi hissələri İdarəetmə xidmətinin xx.xx.2022-ci il tarixli 003-21068-1222 nömrəli məktubu ilə istintaqa təqdim olunmuş Təhlükəsiz şəhər xidmətinin TŞ 9-033 nömrəli kameraları vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 19:40-dan 19:55-dək olan müddət ərzində qeydə alınmış videogörüntülərin əks olunduğu DVD-R formatlı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - baş vermiş yol-nəqliyyat hadisəsinə dair "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Ç-DO/2352 nömrəli məktubu ilə istintaqa təqdim olunmuş videogörüntülərin əks olunduğu DVD-R formatlı 1 (bir) ədəd disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi hissələri İdarəetmə xidmətinin xx.xx.2022-ci il tarixli 003-21068-1222 nömrəli məktubu ilə istintaqa təqdim olunmuş Təhlükəsiz şəhər xidmətinin TŞ 9-033 nömrəli kameraları vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 19:40-dan 19:55-dək olan müddət ərzində qeydə alınmış videogörüntülərin əks olunduğu DVD-R formatlı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 735 (yeddi yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X10, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar