Məhkəmə qərarları › İş №1(005)-210/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-210/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-210/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sabirabad şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 5,516 qram psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 25 noyabr 2020-ci il tarixdə saat 17:30-da ünvan 4 ünvanında yerləşən «Qız Qalası» adlı çay evinin qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış aparılan zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı ayrı-ayrı təmiz çəkisi 1,808 qram və 3,708 qram olmaqla iki ədəd şəffaf sellofan bükümdə ümumilikdə təmiz çəkisi 5,516 qram psixotrop maddə metamfetamin əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 noyabr 2020-ci ildə günorta saatlarında Zabrat qəsəbəsində Rüfət adı ilə tanıdğı şəxsdən istifadə etmək məqsədi ilə 100 manata iki bükümdə «şüşə» kimi tanıdığı psixotrop maddə olan metamfetamin almış və üzərində saxlamışdır. Elə həmin gün saat 17:30 radələrində Sabunçu rayonu, Məmmədli qəsəbəsindəki «Qız qalası» çay evinin qarşısında olan zaman Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin üç nəfər mülki geyimdə olan əməkdaşları onu saxlamış və polis əməkdaşlarının dəvəti üzrə onlarla birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə getmişdir. Orada müdafiəçinin iştirakı və videoçəklişlə üzərində şəxsi axtarış aparılarkən əynində olan idman şalvarının sağ yan cibində olan iki ədəd şəffaf sellofan bükiimdəki metamfetamini polis əməkdaşalrına təqdim emişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra imzası ilə təsdiq etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 25 noyabr 2020-ci il tarixdə Sabunçu rayonu, Məmmədli qəsəbə sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat daxil olduqdan sonra bu barədə BMCMİ-in rəhbərliyinə məruzə edilmiş və müvafiq qaydada tədbilərin görülməsinə dair göstəriş aldıqdan sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra əldə edilmiş məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı qəsəbədəki «Qız Qalası» adlı çayxanada olması tərəflərindən müəyyənləşdirilmiş, bundan dərhal sonra əməliyyat qrupunun üzvləri olaraq həmin yerə gedib çayxananın girişini müşahidə altına almışlar. Həmin gün saat 17:30 radələrində Təqsirləndirilən şəxs çayxanadan çıxandan sonra çayxananın qarşısında sonuncuya yaxınlaşaraq özlərini təqdim edib onu saxlamış, sonra Təqsirləndirilən şəxs saxlanmasının əsaslarını izah edərək onu tərəfindən qəbul edilmiş qərarla tanış etmiş, sonra isə sonuncuya onlarla birlikdə Baş İdarəyə getməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da buna etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə getmişdir. Baş İdarəyə getdikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunvericiliyə uyğun olaraq axtarış aparılması üçün araşdırmanın aparılması Baş İdarənin Təhqiqat bölməsinin təhqiqatçısı Mirata Seyidova həvalə edilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulub hüquqlarının müdafiəsi üçün Təqsirləndirilən şəxs vəkil dəvət olunaraq ona təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı ilk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa könüllü olaraq təqdim etməsi təklif etdilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirib əynində olan qara rəngli idman şalvarın sağ yan cibində olan iki ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan büküm açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdəki metamfetamini həmin gün günorta saatılarında Sabunçu rayonu, Zabrat qəsəbəsində «Rüfət» adlı şəxsdən öz şəxsi istifadəsi üçün 100 manata aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin 23-cü vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 25 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli 25 noyabr 2020-ci il tarixdə saat 17:30-dan hesablanmışdır. Cinayət işinin 26-27-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı X2 Azərbaycan Respublikası CPMin 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid1 barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi X3 iştirakları ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 25 noyabr 2020-ci il tarixdə saat 19:11də şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində psixotrop maddə olan metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu, 20 manat pulu, bir ədəd siqaret qutusunu və özünə məxsus olan şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin şəffaf sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli ağ rəngli qəhvəyi rəngli, psixotrop maddə olan metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə olan metamfetamini bu gün, yəni 25 noyabr 2020-ci il tarixdə günorta vaxtı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Rüfət” adlı şəxsdən öz istifadəsi üçün 100 manata aldığını, psixotrop maddəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə olan metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 20 manat pul və bir siqaret qutusu iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış 25 noyabr 2020-ci il tarixdə saat 19:34-də başa çatmışdır. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır. Cinayət işinin 40-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2020-ci il tarixli, 6/2591 nömrəli rəyindən görünür ki, tətqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 02 ədəd sellofan bükümdə...” yazısı olan paketdəki, 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,808 qram və 3,708 qram, ümumi təmiz çəkisi, 5,516 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 58-ci vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” 27 noyabr 2020-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə hərəkətlərində həyata keçirilən videoçəkilişin qeydə alındığı bir ədəd DVD diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin 79-81-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1342/2020 saylı, 27.11.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 4 (dörd) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 25 noyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 107-109-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 22.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Rusiya Federasiyası Moskva Şəhəri Puşkin Rayon Məhkəməsinin 18.03.2013-cü il tarixli hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 12.05.2014-cü ildə cəzasının sonu il azad edilmişdir. Cinayət işinin 110-cu vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” 29 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşakr edilərək götürülmüş bir ədəd kağız paketdə qablaşdırılmışhalda tədqiqatdan sonrakı qalıq qalan 5,416 qram metamfetaminin maddi sübut kimi tanınması və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 127-128-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 X4 X5 22 fevral 2021-ci il tarixli, 569 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 132-138-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 11 mart 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunması, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon aparatı maddi sübut olmadığından müdafiəçinin vasitəsi ilə Təqsirləndirilən şəxs qohumlarına qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd bükümdə psixotrop maddə metamfetaminin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metafetaminin təmiz çəkisi 5,516 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.) İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 25 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 5,416 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114,0 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar