Məhkəmə qərarları › İş №1(005)-210/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-210/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-210/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 02 (iki) övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağcabədi rayonu, Boyat kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, G.Vahid küçəsində fərdi tikilmiş evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə 2024-cü ilin sentyabr-oktyabr ayları ərzində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 98 ünvanında yerləşən “Gənclik Mail” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən "xxxx" MMC-yə məxsus “Massimo Dutti” mağazasına müştəri qismində daxil olaraq satıcıların başının qarışıq olmasından istifadə edib özü ilə gətirdiyi “Aların removel” markalı siqnal çıxaran aparat vasitəsi ilə geyimlərin üzərində olan siqnalizasiyanı sökərək oradan 01 ədəd 119 manat dəyərində bej rəngli köynəyi, 01 ədəd 149 manat dəyərində mavi rəngli “Djıns” markalı şalvarı, 01 ədəd 219 manat dəyərində qəhvəyi rəngli gödəkcəni, 01 ədəd 149 manat dəyərində qırmızı rəngli gödəkcəni, 01 ədəd 519 manat dəyərində bej rəngli paltonu. 01 ədəd 519 manat dəyərində qara rəngli pencəyi, 01 ədəd 219 manat dəyərində qara rəngli qadın yubkasını vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1893 (bir min səkkiz yüz doxsan üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, zərəçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, Fəridə adlı xanımla tanış olmuşdur. Həmin xanıma istədiyi təqdirdə ona ucuz qiymətə gətirəcəyini demişdir. Fəridə ona “Massimo Dutti” mağazasında olan yubka, köynək və şalvarın şəklini ataraq həmin paltarları istədiyini bildirmişdir. O da düşünmüşdür ki, həmin mağazadan paltar çıxarmaq olmayacaq. Çünki, paltarların üstündə siqnalizasiya olmuşdur. Bu səbəbdən o, Sədərək ticarət mərkəzinə getmiş, oradan siqnalizasiya sökmək üçün olan aparatı almışdır. Mağazaya birinci dəfə gedəndə səhv etmirsə qiyməti 519 manat dəyərində olan sarı rəngdə pencək götürmüş və həmin pencəyin qiymətini ödəmədən mağazanı tərk etmişdir. Pencəyi 250 manata Fəridəyə satmışdır. Daha sonra mağazaya getməkdə məqsədi ancaq paltarın şəklini çəkməkdən ibarət olmuşdur. Paltarların şəklini çəkib onları tikdirmək fikrində olmuşdur. Bu məqsəd ilə ağ rəngli bir köynəyin şəklini çəkmişdir. Həmin köynəyi götürməmişdir. İkinci dəfə mağazadn heç nə götürməmişdir və həmin gün də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, mağazadan oğurladığı geyimləri geri qaytarmamış və ya dəymiş ziyanı ödəməmişdir. Oğurladığı əşyaların sayı və və vurulmuş ziyanın məbləği ilə razılaşmadığını qeyd etmişdir. Mağazadan geyimlərin üzərindəki siqnalizasiyanı aldığı avadanlıqla çıxarmışdır və digər geyimlərin ciblərinə qoymuşdur. Əməlindən səmimi peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını qeyd edərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, şirkətin nəzdində bir çox yerdə olan ticarət mərkəzlərində bir neçə mağazası fəaliyyət göstərir. Bunlardan biri də “Massimo Dutti” markasına məxsus mağazalar şəbəkəsidir. 2024-cü ilin sentyabr ayının sonundan oktyabr ayının ortasına kimi olan müddət ərzində ünvan 2 ünvanında yerləşən “Gənclik Mail” ticarət mərkəzində olan “Massimo Dutti” mağazasından 1893 manat dəyərində 01 ədəd bej rəngli köynək, 01 ədəd mavi rəngli “Djıns” markalı şalvar, 01 ədəd qəhvəyi rəngli gödəkcə, 01 ədəd qırmızı rəngli gödəkcə, 01 ədəd bej rəngli palto, 01 ədəd qara rəngli pencək, 01 ədəd qara rəngli qadın yubkası oğurlanmışdır. xx.xx.2024-cü il tarixdə həmin şəxs mağazaya gəldikdə saxlanılaraq polisə təhvil verilmiş, həmin oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində nümayəndəsi olduğu "xxxx" MMC-yə ümumilikdə 1893 manat maddi ziyan dəymişdir. Şikayətçi olduqlarını və ziyanın qaytarılmadığını qeyd etmişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2016-cı ildən etibarən "xxxx" MMC-də təhlükəsizlik əməkdaşı kimi işləyir. Həmin MMC-yə bir çox mağazalar daxildir. Həmin mağazalardan biridə “Massimo Duty”-dir. Onun iş fəaliyyəti şirkətə aid mağazalarda quraşdırılmış müşahidə kameralarına nəzarətdən ibarətdir. ünvan 3 ünvanında yerləşən “Gənclik Mair ticarət mərkəzinin 1-ci mərtəbəsində olan “Massimo Duty” mağazasında məlumat daxil olmuşdur ki, bəzi geyim əşyalarının üzərində 2-ci siqnal aparatı aşkar edilmişdir. Bunun mümkünsüz olması səbəbindən onlar kamera müşahidə cihazlarına baxış keçirmişlər. Çünki hər məhsulun üzərinə 1 ədəd siqnal aparatı qoyulmuşdur. Kamera müşahidə cihazlarına baxarkən müəyyən etmişlər ki, xx.xx.2024-cü il tarixdə mağazaya gələn qadın üzərində daşıdığı siqnal aparatını çıxartmaq üçün olan əşya ilə paltonu götürmüş, paltonun siqnalını çıxarıb öz gətirdiyi çantası ilə mağazadan götürüb getmişdir. Daha sonra dəqiq araşdırma aparıldıqda müəyyən olunmuşdur ki, eyni metodla bir neçə gödəkcədə oğurlanmışdır. Onlar polisə bu barədə məlumat verməmişlər. xx.xx.2024-cü il tarixdə video görüntüdə gödəkcənin siqnalını sökərək oğurlayan qadının mağazaya yenidən gəlməsini müşahidə etmişlər. Bu səbəbdən o, mağazaya məlumat verib qadını izlənməsini istəmişdir. Həmin vaxt özü mağazaya daxil olaraq həmin qadını saxlamış və polisə məlumat vermişdir. Bundan sonra həmin qadını polis şöbəsinə aparmışlar. Məhkəmə iclasının yeri və vaxtı barəsində digər Şahid1 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında adıçəkilən şahidin ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilmişdir və qeyd olunan faktları təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan, foto cədvəllərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 98 ünvanında yerləşən “Gənclik Mail” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən "xxxx" MMC-yə məxsus “Massimo Dutti” mağazasında baş vermişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Məhərrəmli - X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işinə xitam verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci, 69.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 326.2, 68.3.1, 66.2, 66.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası CM-nin. 177.2.3-1, 326.2, 68.3.1, 66.2 və 66.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəza müddəti başa çatdığından Şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 04 yanvar 2025-ci il tarixli 3-28-29/2-62/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X4 Xəstəxanası” X9 08 yanvar 2025-ci il tarixli 1/15 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs son on ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir. Məhkəmədə tədqiq olunan AA seriyalı ******* nömrəli və AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən və “Elektron məhkəmə informasiya sistemi”ndən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində X7 və X6 adlı iki yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 11 fevral 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Baxış zamanı Təqsirləndirilən şəxs əynində qırmız rəngli paltar, kürəyində bozumtul rəngli çanta, sağ qolundan iki ədəd kağız materialdan hazırlanmış paketi keçirib vitrində olan geyimlərə yaxınlaşaraq telefonu qulağına qoyaraq ətrafa boylanması, daha sonra əynində olan qırmızı rəngli gödəkcəsini çıxarıb qatlayaraq özü ilə gətirdiyi kağız paketin içərisinə qoyduqdan sonra vitrində asılmış geyimlə içərisindən qara rəngli qış gödəkcəsini götürüb əyninə geyinib mağazanın içərisində gəzərək işçilərə doğru baxması, daha sonra bcj rəngli gödəkcəni götürüb vitrinində olan paltarların arxa hissəsinə doğru keçərək paketin içərisinə qoyduğu qırmız rəngli gödəkcəni çıxarıb vitrində olan paltarların üzərinə qoyması, sonra götürdüyü bcj rəngli paltonu çantası ilə birlikdə vitrində olan paltarların üzərinə qoyduqdan sonra mobil telefonunu götürüb baxması, görüntünün davamında Təqsirləndirilən şəxs yenidən bej rəngli paltonu götürüb mobil telefonu ilə danışadanışa mağazanın içərisində gəzişdikən sonra yenidən çantasını qoyduğu yerə yaxınlaşaraq satıcıların başının qarışıq olmasından istifadə edərək telefonun cibinə qoyaraq əlində olan paltonun qolunu kağız paketin içərisində aparat vasitəsi ilə paltonun üzərində olan siqııalizasiya aparatını ayırması, daha sonra əyninə geyinmiş olduğu qara rəngli qış gödəkcəsini çıxarıb götürdüyü yerə aparıb asaraq geri qayıdıb paltonu qatlayıb götürərək işçilərin başının qarışıq olmasını görüb paketin içərisinə qoyduqdan sonra əynindən çıxarıb paltarların üzərinə qoyduğu qırmızı rəngli gödəkcəni götürüb mağazanı tərk edərək çıxıb getməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 98 ünvanında yerləşən “Gənclik Mail” ticarət mərkəzindəki "xxxx" MMC-yə məxsus “Massimo Dutti” mağazasına müştəri qismində daxil olaraq satıcıların başının qarışıq olmasından istifadə edib oğurluq edən şəxsin özü olmasını bildirmişdir. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Alarm removel” markalı siqnal çıxaran aparat maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin X8 təhvil verilmişdir. Həmçinin baş vermiş oğurluq hadisəsinin görüntüləri əks olunmuş 01 ədəd “DVD” formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus “Massimo Dutti” mağazasına müştəri qismində daxil olaraq satıcıların başının qarışıq olmasından istifadə edib özü ilə gətirdiyi “Aların removel” markalı siqnal çıxaran aparat vasitəsi ilə bir ədəd pencək oğurladığını söyləmişdir. Həmçinin təqsirləndirilən şəxs mağazadan yalnız bir dəfə oğurluq etdiyini, başqa heç bir geyim götürdmədiyi barədə ifadəsini məhkəmə məsuliyyətdən boyun qaçırmaq məqsədilə verdiyi qənaətinə gəlir. Həmçinin, təqsirləndirilən şəxsin ifadəsində yaranmış ziddiyyətlər araşdırılmış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, zərərçəkmiş hüquqi şəxsin və şahidlərin ifadəsi, həmçinin iş materiallarında olan müəssisəyə vurulmuş zərərlə bağlı akt, həmçinin video görüntü, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da məhkumluqları ödənilmiş və götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər mülkiyyət əleyhinə cinayət törətməsi ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, bununla yanaşı cinayət əməli törətməyə davam etməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq X2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində saxlanılan 01 ədəd “Alarm removel” markalı siqnal çıxaran aparat dövlət nəfinə alınaraq müsadirə edilməlidir. İş üzrə maddi sübut – oğurluq hadisəsinin görüntüləri əks olunmuş 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclasında müdafiə etmiş Təqsirləndirilən şəxs məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 6 (altı) manat və bu sahədə qanunvericiliyə edilmiş dəyişikliyin qüvvəyə mindiyi tarixdən sonrakı müddət üzrə 11 (manat) hesab edilməklə, ümumilikdə 145 (yüz qırx beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 16:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanısın. İş üzrə maddi sübut Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X8 təhvil verilmiş 01 ədəd “Alarm removel” markalı siqnal çıxaran aparat dövlət nəfinə alınaraq müsadirə edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə 20 (iyirmi) iş saatı üçün 6 (altı) manat və bu sahədə qanunvericiliyə edilmiş dəyişikliyin qüvvəyə mindiyi tarixdən sonrakı müddət üzrə 11 (manat) hesab edilməklə, ümumilikdə 145 (yüz qırx beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar